İmza günlərindən imtina etmişəm - Sorğu

İmza günlərindən imtina etmişəm - <span style="color:red;">Sorğu
6 may 2019
# 15:38

Kitab təqdimatlarında yenilik etmək lazımdır? Çoxları şikayət edir ki, oxucu gəlmir, yalnız yazarın yaxınları təqdimatda iştirak edir. Nə düşünürsünüz bu haqda? Bu günün yazıçısı oxucunun təqdimata gəlməsi üçün nə etməlidir?

Kulis.az bu mövzuda yazarlar arasında sorğu keçirib.

Image result for nəriman əbdülrəhmanlı kulis.az

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Hər şeydən əvvəl Azərbaycan yazıçılarını, daha doğrusu, ciddi imzaları mətbuatda geniş təbliğ eləmək lazımdır, oxucunun üzünü öz ədəbiyyatımıza çevirmək üçün məqsədyönlü iş görmək gərəkdir. Əlbəttə, ədəbiyyata yenicə qədəm qoymuş, elə ilk kitabını da təqdim edən qələm sahibinin kitab təqdimatı geniş oxucu auditoriyası toplayacağını gözləmək olmaz. Üstəlik, təqdimatların çoxluğu və yeknəsəqliyi, bütün tədbirlərdə də təxminən eyni simaların - yalnız müəlliflə şəkil çəkdirmək üçün gələnlərin olması ciddi oxucuya mənfi təsir eləyir. Dünyanın sivil ölkələrində təqdimatları nəşriyyatlar və ədəbi agentliklər peşəkar səviyyədə keçiririrlər, ona görə də səviyyəsi yüksək olur. Bizdə isə hələ belə bir ənənə formalaşmadığına görə, hələ yalnız təəssüflənə bilərik.”

Image result for Elçin Hüseynbəyli kulis.az

Yazıçı Elçin Hüseynbəyli: “Əlbəttə, vacibdir. Biz belə bir təşəbbüsü 2010-cu ildə göstərmişik. Həmin il mən, Səlim Babullaoğlu və Elxan Zal almanların kirxasında - Kapellhausda yaradıcılıq geçəsi keçirmişik. Aktyorların və musiqiçilərin iştrakıyla. Çox özəl bir gecə oldu. Oturmağa yer də yox idi. Xeyli tanınmış adam da gəlmişdi. Avropada kitab təqdimatları təxminən bu cür keçirilir. Bu yaxınlarda mənim Vilnüsdə kitabımın təqdimatı nəzərdə tutulur. O da mən dediyim formatda olacaq. Düzdü, bunun üçün müəyyən maliyyə vəsaiti və volontyorluq lazımdı və bunun öhdəsindən cavanlar asanlıqla gələ bilər. Çünki daha çevik və kreativdirlər. İndiki halda təqdimatlar sönükdür. Amma ədəbi prosesin inkişafını göstərmək baxımından bu da lazımdır, amma vacib deyil. Mən imza günlərindən tamam imtina eləmişəm. Çünki toya çevrilib, hətta bəziləri siyahı da tutur. Ayıbdır.”

Related image

Yazıçı Mirmehdi Ağaoğlu: “Mən bir müddət əvvəl bu barədə köşə-pyes yazmışdım. Doğrudan da acınaqlı vəziyyətdir. Kitab təqdimatlarına oxucular gəlmirlər. Daha çox müəllifin qələm dostları və qohum-əqrabası gəlir. Belə təqdimatı keçirməkdənsə keçirməmək yaxşıdır. Mən özümə söz vermişəm ki, növbəti kitabıma təqdimat keçirməyəcəm. Çünki təqdimat mərasimləri artıq toy ab-havasına bürünüb: mən sənin kitabını almışdım, sən də gəl mənim kitabımı al. Belə ədəbiyyat olmur. Təklifimsə budur ki, müəlliflər kitablarının piar-reklam işlərini yaxşı qursunlar, daha çox sıravi oxucuya aksent etməyə çalışsınlar. bu da müəyyən maliyyə xərci tələb edir. İnanmıram hər adamın buna gücü çatsın. Amma bir ümudverici halı da qeyd etmək istəyirəm. Son vaxtlar Vüsalə Məmmədovanın kitabının təqdimatı, İlbər Ortaylı ilə görüş, Kəramətin parkda kitab satması göstərdi ki, oxucu var. Sadəcə onlara ulaşmaq lazımdır.”

Related image

Şair-essesit Əli Şirin Şükürlü: “Doğrusu, kitab təqdimatlarında, hətta bir çoxunda iştirak etməyi arzulasam da, tez-tez iştirak etmək imkanım olmur. İştirak etdiklərimin bir çoxunda oxucuya da rast gəlmişəm, qohuma da, dosta da, yazara da və s. Mənə elə gəlir ki, müəlliflərin öz kitab təqdimatlarını keçirməsi normal haldı, baxmayaraq, özüm heç vaxt təqdimat keçirməmişəm. Çünki, hesab edirəm, təqdimata təşkilati məsələlərlə bağlı müəyyən vaxt sərf etmək lazımdır. Həm də mətnlərimin formatı elədi ki, çoxluğun zövqünü oxşamır və belə olan halda kiməsə əziyyət vermək mənim əxlaqıma ziddir.

Qaldı ki, kitab təqdimatlarında yenilik məsələsinə, yeniliyə elə yazılan əsərlərin özündən başlamaq lazımdır. Əsərlər yazılarkən yorğun ədəbi-bədii estetikadan, oturuşmuş formalardan, bəsit fəlsəfədən imtina olunmalıdır. Düzdür, belə olan halda da, bir də gördün, Mörfi qanunları işə düşdü: bir işdə tərslik yaşanması ehtimalı varsa, deməli, bu ehtimal yaşanacaq. Yəni, yüksək bədii-fəlsəfi dəyərə malik əsərlərin təqdimatı, əgər təbliğatı, texniki, təşkilati və s. məsələlər həll olunmayıbsa, qeyd etdiyiniz kimi, iştirakçı tərəfdən qıtlıq yaşanacaq.

Əgər, mənim fikrim maraqlıdırsa, doğrusu, mən bütün kütləvilikdə bir bəsitlik görürürəm əslində və xüsusilə, ədəbiyyatı da düşüncə məsələsi hesab etdiyimdən, bu sahədə də kütləviliyi - çoxluğun bəyəndiyini əsas hesab etmirəm. Bu mənada, əsər qeyd etdiyim parametrlərə malikdirsə, onun təqdimatına az və ya çox adam gəlməsi mənimçün bir elə önəm kəsb etmir.”

Image result for Rəbiqə Nazimqızı

Yazar Rəbiqə Nazimqızı: “İlk növbədə, kitaba olan ƏDV ləğv olunmalıdır, qiymətlər ucuz deyil, təsəvvür edin ki, ay boyu neçə təqdimat olur, bir kitabında qiyməti minimum beş manatdan başlayır. Almaq, çatdırmaq olmur. Mən hələ çalışıram ki, seçmə tədbirlərdə olum, yenə çatdıra bilmirəm - bu, məsələnin bir tərəfidir. İkincisi, piar məsələsidir, PR məsələsi yoluna qoyulmasa, belə də davam edəcək. Məsələ burasındadı ki, bizdə kitab marketologiyası yoxdur. Yazıçı yazıq da bilmir, kitab yazsın, onu nəşriyyata aparsın, satış məntəqələrinə paylasın, təqdimat barədə info yazıb KİV-ə ötürsün, ya sosial şəbəkədə event eləsin,tədbirə çağırmaq üçün adamlara bir-bir zəng vursun, ya məktub yazsın.”

Related image

Yazar Günel Natiq: “Kitab təqdimatlarında gülməli vəziyyət yaranır, ancaq yazarların qohumları və dostları iştirak edir. Halbuki təqdimatlar əsas etibarilə oxucular üçün nəzərdə tutulur. Xarici ölkələrdə oxucular yazardan imza ala bilmək üçün növbəyə düzülür. Bizdə isə oxucu barmaqla sayılacaq qədər olur. Şəxsən bir oxucunu mən tanıyıram,- hətta bu barədə yazmışam, - bu oxucuya “fəxri oxucu” adını verərdim, ayrı-seçkilik etmədən bütün təqdimatlarda iştirak edir. Yəqin ki, kitab təqdimatlarında oxucuların yetərli qədər olmamasının əsas məsuliyyəti yazıçının üstünə düşür, o yaxşı yazmalıdır ki, oxucu da çox olsun. Amma digər tərəfdən, elə yaxşı yazanlar var ki, onların da kitab təqdimatında seyrəklik olur. Demək təbliğat yaxşı aparılmayıb. Oxucuları cəlb etmək üçün onlarla görüşlər təşkil olunmalıdır. Belə görüşləri Şəhriyar del Gerani təşkil edirdi, şərt deyil ki, oxucularla görüşlər rəsmi yerlərdə baş tutsun. Parklarda, hansısa kitab evlərində kiçik görüşlər keçirmək olar. Bu, yazıçıyla oxucu arasında səmimiyyət və dostluq yaradar, yazıçını həm də mənəvi cəhətdən tanıdar. Yazıçı kitab təqdimatlarında əsas həzzi oxucularla ünsiyyətdən alır, yaxşı olardı ki, oxucular da insaflı olsunlar, bu zövqü yazıçıya çox görməsinlər. “

# 2325 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #