Yaz oğrusu – Seyran Səxavətdən hekayə

Yaz oğrusu – Seyran Səxavətdən hekayə
24 noyabr 2016
# 21:00

Kulis.az Seyran Səxavətin “Yaz oğrusu” hekayəsini təqdim edir.

Müharibədən sonra bu kəndə birinci dəfə yaz gəlmişdi. Günəşin istisi adamların iliyinə işlədikcə onların qanı qızırdı. Bütün kənd çöldə-bayırda idi. Kənd nəhəng qarışqa yuvası kimi qaynayırdı. Hərə bir işin qulpundan yapışmışdı. Qədimalı kişi də həyətinin həndəvərinə çəpər çəkirdi. Səhər tezdən durmuşdu. Günortaya qədər çəpəri çəkib qurtarmalı idi. Başına dəsmal bağlamışdı. Yorulub oturdu. Sonra göy otun üstünə uzandı. Gərnəşdi. Heç vaxt gərnəşməkdən belə ləzzət almamışdı. Arvadı Güləndam qapıda paltar yuyurdu. Gözünün ağı-qarası bircə qızı Gülçöhrə paltar qazanının altını qalayırdı.

– Günün yağlı olsun, ay Güləndam.

Güləndam arvad qonşu qadının belindəki səhəngi görə-görə soruşdu.

– Hara belə, aaz?

– Bulağa gedirəm.

– Gedərsən, bəri gəl.

Qonşu qadın gəldi. Güləndam dedi:

– Gəl otur sən qardaşının canı, bir az söhbət eliyək.

– İndi otura bilmərəm, kişi evdədi: deyib ki, tez gəl.

– Hə, yaxşı da, di get... Ocağın altına odun qoy. Bu niyə tüstüləyir belə, gözümüz çıxdı.

Gülçöhrə əyilib ocağı üfürdü. Tüstü onun gözlərinə dolub yaşartdı.

– Aaz, tay gözlərin çıxdı, bala.

Gülçöhrə oturduğu yerdə dikəldi. Ocaq öz-özünə alışdı.

– Aaz, dur get gör xamır acıyıbmı?

Qədimalı kişinin evi əmisi oğlanlarının evinin əhatəsində idi. Güləndam nehrə çalxayan günü həmişə ayrandan dovğa bişirir. Qədimalı kişi də əmisi oğlanlarını çağırır. Dörd bir tərəfdən tökülüşürlər dovğanın üstünə. Bu gün də Qədimalı kişinin könlünə dovğa düşmüşdü.

Güləndam ayağa durub paltar qazanını götürdü. Dolu bədənini yırğalaya-yırğalaya gedib evin böyründən sacı gətirdi. Çörək bişirməyə başladı. Gülçöhrə indi də sacın altını qalayırdı.

Güləndam sacı düşürəndə Qədimalı kişi çəpəri çəkib qurtardı. Yabanı da, beli də götürüb içəri tərəfə atdı.

– Güləndaam!

– Hııı.

Qədimalı kişi onun səsini eşitmədi:

– Güləndaam!

– Əşi, əşi, nədi? – Güləndam təzə çəkilmiş çəpərə tərəf bir-iki addım atıb dayandı.

– Aaz, ayağını bir bəri qoy!

– Gəldim, gəldim.

Güləndam evin böyründən hərlənib silkələnə-silkələnə ərinin yanına gəldi:

– Nədi, əşi?

Qədimalı kişi başdan-ayağa onu süzdü. Gözlərini döyə-dəyə dedi:

– Yanını yerə qoy.

– Nə?

– Deyirəm yanını yerə qoy.

Güləndam çəpərdən həyətə boylanıb dedi:

– Deyəsən, kefin durub...

– Sən dədənin goru otur yanımda.

Güləndam özünə məxsus əda ilə keçib ərinin yanında çökdü, sonra dedi:

– Özü də bəri bax, dədəmin qırxı hələ dünən çıxıb ee, o saa and yeri deyil – narazılıq elədi.

Qədimalı kişi ayağa durub qılınçasını yerə saldı:

– Sən mənim canım bunun üstündə otur... – Qədimalı kişinin səsi titrədi. Ərinin səsinin titrəməsi Güləndama xoş gəldi. Durub qalınçanın üstündə oturdu.

– Güləndam.

– Hıı.

– Güləndam, axşama bir dovğa bişirərsən?

– Bişirərəm.

– Güləndam, bu il yaz yaxşı gəlib.

– Hə, yaxşı gəlib.

– Güləndam, bu il bolluq olacaq.

– Hə, bolluq olacaq.

Qədimalı kişi sağ əli ilə arvadının dizinin aynasından yapışdı. Uzandığı yerdə bir az arvadına tərəf sürüşdü.

– Güləndam, paltarı yudun qurtardın?

– Hə...

– Güləndam, çörək bişirdin?

– Hə...

– Güləndam bu gün nehrə çaxlıyassan?

– Hə, ee hə…

– Güləndam...

– Hıı...

– Güləndam, qızı göndər suya...

– Nə?!

– Deyirəm qızı göndər suya, sən dədənin goru...

– Dədəmin yanına gedəsən səni.

Güləndamın bədəni gizildədi. Qədimalı kişi arvadının boynunun dalından tutub özünə tərəf çəkdi. Ürəyi ağzı sarılı quş balası kimi çırpındı. Güləndam onun güclü qollarının arasında nə qədər çırpındısa da çıxa bilmədi.

– Əşi, əşi, səni biabır olasan əşi...

Qədimalı kişi yenə onu buraxmadı.

– Əşi, sən Səfəralının itkin adı burax, əşi.

– Aaaz, mən nağayrıram ki...

– Heç zad ee, burax... Mən nə deyirəm ki...

Qədimalı kişi onu buraxdı. Güləndam saçını sığalladı, guya özünü düzəltdi. Qədimalı kişi dedi:

– Güləndam, maa heylə deyirsən, nə təhər ürəyin gəlir?

– Nə deyirəm ki? Deyirəm sən Səfəralının itkin adı burax dayna, biabır olarıq. Hələ dədəmin qırxı dünən çıxıb... – Dodağını büzdü.

– Güləndam.

– Hı...

– Dədənə də qurban olum, onun qırxına da. Onu demirəm.

– Bəs nəyi deyirsən?

Qədimalı kişi incik-incik dedi:

– Maa deyirsən ki, dədəmin yanına gedəsən...

– Bəs, elə bil nə deyim, görrəm əl çəkmirsən dayna...

Qədimalı kişi kədərli görkəm alıb dedi:

– Bəs mən dədənin yanına getsəm sən nağayrarsan?

– Heç zad... Nağayrajam.

– Sən heylə qanırsan?

– Sən allah tay az danış.

Qədimalı kişi ayağa durdu. Güləndam da durmaq istəyəndə onu qoymadı. Özü də təzədən onun yanında oturdu. Söhbəti dəyişdi:

– Gələn bazar gedəcəm bazara.

Güləndam arvad əvvəl bu sözün fərqinə varmadı. Sonra soruşdu:

– Nəyə?

– Deyillər gələn cümə bazarda yaxşı paltarlıq satacaqlar.

– Kişi paltarlığı?

– Mən neynirəm, əə, paltarlığı.

– Maa almaq istəyirsən?

– Bəs kimə alacam.

Güləndam sevinən kimi oldu:

– Sən Səfəralının itkin adı, gör olsa qara ipək...

– Elə deyirlər qara ipək olacaq...

Güləndam soruşmadı ki, kim deyir, nə vaxt eşitmisən, eləcə inandı. Sonra ərindən soruşdu:

– Bəs pulun var?

– Bənövüş qoyunun pulu durur.

– Heyləmi?

– Hə... Allah ömrünü uzun eləsin, əşşi.

Qədimalı kişi incik-incik dedi:

– Bəs bayaq deyirdin ki, dədəmin yanına gedəsən?

Güləndam gülümsədi, əlini ərinin çiyninə qoyub dedi:

– Rəhmətliyin oğlu, elə bil uşaqsan... mənim alqışımnan yaranmamısan ki, mənim qarğışımnan da öləsən. – Bir az da ərinə yaxın oturdu. Əri də özündən asılı olmayaraq ona yaxın oturdu. Qədimalı kişi gözünü bir nöqtəyə zilləmişdi. Güləndam fikrə getmişdi: «Birdən kişi məndən dönər ee...»

– Əşi zarafat eləyirdim dayna... Bıy...

Qədimalı kişi hiss elədi ki, Güləndam yumşalıb, dedi:

– Adam adamın qəlbin sındırmaz... – Sonra ah çəkdi.

Güləndam bir az da ərinə yaxınlaşdı:

– Qədimalı... – Səsini tamam dəyişmişdi:

– …

– Qədimalı sən Səfəralının itkin adı, gör olsa belə bir dəst də qırmızı ipək...

Qədimalı kişi başını ona tərəf çevirdi:

– Qırmızı?

– Hə...

Qədimalı kişi qəsdən dedi:

– Qırmızı saa yaraşmaz.

– Nə?!

– Deyirəm qırmızı saa yaraşmaz.

– Niyə əşi?

– Heylə.

– Niyə dayna?

– Aaz, bu yaşında qırmızı geyinəzsən?

– Bıy, başına xeyir. Əşi, əşi sən Səfəralının itkin adı, neçə yaşın var?

– Mənim?

– Hə...

– Mənimmi?... – Qədimalı kişi başını qaşıdı. – Mənim düz əlli yaşım var.

Güləndam elə bil sevindi. Ərinin gözünün içinə baxa-baxa dedi:

– Atan oldu rəhmətlik. Mən də səndən on yaş balacayam, dayna. Sən Səfəralının itkin adı gör olsa bir dəst də qırmızı ipək al.

Qədimalı kişi ağzına su aldı. Güləndam gözünü onun ağzına zilləmışdi. Bir az bu vəziyyətdə oturandan sonra Qədimalı kişi dedi:

– Yaxşı... Bir dəst də qırmızı ipək alaram neynək.

– Allah qardaşın Səfəralıya rəhmət...

– Kəs səsini! – Qədimalı kişi özündən çıxdı.

– Nə dedim əşi mən saa?

– Dedim ki kəs? Bəlkə Səfəralı heç ölməyib. Öldüsünü eşitmisən?

– Yox…

– Bəs onda nə sarsaqlayırsan?!

Susdular. Güləndam üzünə tökülən saçını geri sığalladı. Ərinin ona qırmızı ipək almağa da razılıq verdiyi bir vaxtda bu cür söhbət salmağına peşman olmuşdu. Bilmirdi sakitliyi necə pozsun. Sakitlik davam elədikcə Güləndam əlini qara ipəkdən də üzürdü. Birdən Güləndam soruşdu:

– Çəpəri qurtardın?

– Görmürsən?

Güləndam yenidən məğlubiyyətə uğradı. Ərinin sifəti dəyişmişdi.

– Niyə bikefsən bu gün? – Güləndam dilləndi.

– Guya hər gün çalıb oxuyurdum.

– Qədimalı...

Qədimalı kişi arvadına baxdı. Güləndam dedi:

– Tay yaxşı dayna, bilmədik... Gedim çolpa kəsdirim?

– Yox.

– Dovğa bişirim?

– Yox.

– İsti çörəknən pendir gətirim?

– Yox.

– Bəs onda niyə zəhər tuluğuna dönmüsən.

– …

– Hıy?

– …

Güləndam durub getmək istəyəndə Qədimalı kişi dedi:

– Otur, işim var.

– Oturdum.

Qədimalı kişi dedi:

– Güləndam...

– Hı...

– Güləndam, qızı göndər suya sən dədənin goru.

– Dedim olmaz. – Onun sifəti tamam dəyişdi.

– Niyə olmur ey?

– Əşi, mənim heç gözlərim qurumamış, sənin kefin durub deyəsən...

Qədimalı kişi uzandığı yerdən durub oturdu. Sağ ayağını qatladı. Sağ əlini dizinə çırpıb dedi:

– Güləndam, allah cəmi ölənlərə rəhmət eləsin.

– Allah rəhmət eləsin.

– Hə, qulaq as, bax, qoca nənən ölmüşdü, saa bir söz dedim?

– Yox.

– Qoca nənənin də qırxı çıxmamış dədən öldü, heyləmi?

– Hə…

Güləndam diqqətlə ərinə qulaq asır, onun suallarına qısa cavab verməyə çalışırdı. Qədimalı kişi dedi:

– İndi də əmin xəstədi, bəlkə də elə sabah da o öldü.

– Allah eləməsin.

– İndi allah elədi, eləmədi. İş olanda olur. Hə… Elə səninkilər bir-bir dünyadan gedəcək deyibən qalax belə?

Güləndam ayağa durdu. Gedə-gedə dedi:

– Deyəsən, kefin durub...

Qədimalı kişi uzandığı yerdə onun dalınca dedi:

– Yaxşı, baxarıq!

Güləndam gedə-gedə qanrılıb cavab verdi:

– Yazı yazanın qələmi sınsın!

– Yaxşı saa bildirərəm yazı yazanı!

– Qələmi sınaydı onun, səni maa ürcah elədiyi yerdə.

Qədimalı kişi qəzəbləndi:

– Şaam marş burdan! – Bunu da müharibədə öyrənmişdi.

Güləndam evin böyründən burulub evə gəldi. «Zayıl oğlu zayıl, nə ölü qanır, nə diri...» Səhərdən hazırladığı nehrəni balaca döşəkçənin üstünə uzadıb çalxalamağa başladı. Dədəsinin üzü gəlib durdu gözünün qabağında. Dədəsi doxsan yaşında öləndə Güləndam özünü yeyib tökürdü ki, «ay dədə, məni yetim qoyub hara gedirsən...»

– Bura gəl aaz. – Gülçöhrəni çağırdı. Yerini ona verdi. Bir-iki addım atıb dayandı. Qayıdıb nehrənin tıxacını çıxartdı, nehrənin köpünü aldı.

– Allah sənin köpünü alsın, kişi.

Qızı soruşdu:

– Nə?!

– Heç nə, əlində işini gör.

Güləndam tumanın balağını yığışdırıb getdi qonşuya. Qədimalı kişi çəpərin dibində nə təhər uzanmışdısa da o təhər qalmışdı. Bayaq arvadının altına sərdiyi qalınca başının altında idi. Mürgü döyürdü. Təzəcə yuxulamışdı ki, səs-küyə oyandı. Başını qaldırıb baxanda qonşusu Gülpərini gördü. O quzuları, çəpişləri güneyə çıxardırdı. Gülpəri boylu-buxunlu, əndamlı, göyçək qadın idi. Əri kolxozdan çıxıb rayon mərkəzindəki tikinti idarəsində fəhlə işləyirdi.

– Gülpəri, nə var, nə yox?

– Sağlığın, ay Qədimalı.

– Balam, çoxdandır görmürəm səni.

Gülpəri ayaq saxladı. Əlindəki kiçik ağacı bir tərəfə atıb Qədimalıya tərəf gəldi.

– Heç uşaqlar başımı elə qatır ki, başımı qaşımağa macalım olmur?

– Hə, vallah. – Qədimalı cavab vermək xatirinə dedi: – Gəl otur.

– Yox, yaxşıdır.

Qədimalı kişi Gülpəridən soruşdu:

– Kişin nə təhərdi?

– Kişidi dayna, səhər gedir, axşam gəlir. İt kimi yorulur. Elə gələn kimi çörəyini yeyir, küt düşür.

Qədimalı ürəyində Gülpərinin əri ilə özünü müqayisə elədi. Üstünlüyü özünə verdi. Doğrudan da Gülpərinin ərinin yanında üzü çil-çil Qədimalı Alen Delon kimi bir şey idi. «Sən biçin biçeydin, mən də saa bafa bağlayaydım, ay Gülpəri...»

Qədimalı istəmirdi ki, Gülpəri getsin. Soruşdu:

– Sarı kürə qoyunun doğmadı?

Gülpəri çox həvəssiz cavab verdi:

– Yox.

– Bəs boz kərə nə təhər?

– Boz kərə qoyun bu il qısır qaldı.

– Niyə balam?

– Nə bilim vallah, nə isə qısır qaldı.

– Qoçunuz yoxdu?

Gülpəri guya utana-utana dedi:

– Yoox. Qoç varıdı. Gələn il də qısır qalsa kəsəcəm uşaqlar yesin.

Qədimalı kişi ətrafına baxıb dedi:

– Mənimkilər hamısı doğdu. Bircəciyi qalıb.

– Hansı?

– Qızıl qoyun. Hə, deyəsən, əkizdi.

– Oxşayır.

– Otur dayna, gedərsən.

Gülpəri gülə-gülə oturdu:

– Gedirəm ee, işim var.

Gülpəri oturan kimi Qədimalı kişi bir an özünü unutdu:

– Qoyunları babat otara bilirsiniz?

– Eh... Kim otaracaq ey. Kişi yorğun-arğın gəlir, mən də ki...

– Axşam əl-ayaq yığışandan sonra qoyunları aparacam Taxtaya, ot dizdəndir.

Gülpəri ərkyana dedi:

– Onda bizimkiləri də qoşaram... Aparmazsan?...

– Apararam ey...

– Bəs nədi?..

– Yoldaşlı getsək yaxşıdı...

Qədimalı kişi gözləməsə də Gülpəri dedi:

– İkimiz də gedək deyirsən?

– Hə, nolajax...

– Yaxşı...

Sonra Qədimalı kişi Gülpərinin biləyindən yapışıb barmağındakı gümüş üzüyə baxdı. Gülpəri dedi:

– Görüb eləyən olar...

Qədimalının hövsələsi bir tikə olmuşdu. Özünə yer tapa bilmirdi. Gün günortadan hələ indi əyilmişdi. Axşama bir axşam da qalmışdı. Qədimalı durub evə getdi. Fikirləşdi yatsa axşam tez düşər. Pal-paltarlı taxtın üstünə uzandı. Nə qədər əlləşdi gözünə yuxu getmədi. Qədimalı kişi ömründə bu kənddə qız-gəlinə kəm baxmamışdı. Onun belə bir imkanı da olmamışdı. Yadına müharibədə onların dəstəsində xidmət eləyən dolubədənli tibb bacısı düşdü. Müharibə qurtaranda onlar bir yerdə qayıtdılar. Tibb bacısı elə qəşəng geyinmişdi ki, heç deməzdin bu həmin adamdı. Qədimalı kişi həmişə o tibb bacısını qalife şalvarda, uzunboğaz çəkmədə, sırıxlıda görmüşdü. Elə bilirdi ki, tibb bacısı da bu kişilərin biridir. Amma kupedə onu qadın paltarında görəndə ağzı açıq qalmışdı. Ünvanını da almışdı ki, gələrik siz tərəfə gəzməyə, öz ünvanını da ona vermişdi ki, «gəlin biz tərəflərə sizə qoyun kəsim». Tibb bacısının mil-mil nazik parçadan geydiyi don indi də onun yadında idi.

***

Toran qovuşmuşdu. Güləndam sərnic ağzınacan köpüklənənə qədər inəyi sağıb ayağa durdu. Qədimalı kişi də qoyunları sağıb qurtardı, quzular əmişdilər. Sonra quzuları ayırıb quzuluğa saldı. Süfrə başında Güləndam ondan soruşdu.

– Cümə günü bazara gedəzsən?

Qədimalı kişi özünü bilməməzliyə vurdu:

– Bazarda nə var aaz, həftə səkkiz, mən doqquz.

– Özün demirdin ki, qara ipək satacaqlar...

– Yalan sözmüş...

Gülçöhrə dilləndi:

– Dədə, mən də istəyirdim ee, qırmızısından.

Qədimalı kişi ona cavab vermədi. Çönüb tərs-tərs arvadına baxdı.

– Qoyun bir tikə zəhrimar yeyək, dayna.

Dinmədilər. Qədimalı kişi durub müharibədən gətirdiyi enli zabit toqqasını belinə bağladı. İplik corabını qalife şalvarının üstündən dizinə qədər çəkdi. Yükün üstündən tənbəki kisəsini götürdü. Uzunboğaz çəkməsini geydi. Qapının dalına söykədiyi əl ağacını götürüb evdən çıxdı. Gülpərinin evinə tərəf baxdı. Tüstüləri çıxırdı. Qapıda qazan asmışdılar. Əri həyət-bacada görünmürdü. Gülpərigil də heyvanları rahatlamışdılar. Ay çoxdan doğmuşdu. Aydınlıq süd kimi tökülmüşdü çöllərə. Kəndin səs-küyü kəsilmişdi. Hardasa bir it yoğun, kal səsi ilə hərdən hürürdü. Qədimalı qoyunları güneyə çıxartdı. Evlərdən aralanan kimi qoyunların üzünü Taxtaya tərəf çöndərdi. Tənbəki kisəsini çıxardıb siqaret eşdi. Qədimalı kişi siqareti çəkib qurtarandan sonra çırpı yığdı. Sonra yığdığı çırpıya dirsəkləndi. Qədimalı kişi darıxırdı. Bilirdi ki, Gülpəri gələcək və onlar gecənin yarısına qədər qoyun otaracaqlar. O Qara Quzeyin başında qara bulud gördü. Gözünü buluda zillədi. Bulud get-gedə böyüyürdü. Şimal tərəfdən zəif külək əsirdi. Buludlar çoxalırdı. Bir azdan kəndin üstünü ağlı-qaralı bulud bürüdü. Ətrafa qaranlıq çökdü. O durub qoyunların səmtinə hərləndi. Hənirti eşitdi. Hənirti tərəfdən qoyunlar göründü. Qoyunların dalınca Gülpərinin qaraltısını tanıdı. Gülpəri düz Qədimalının üstünə gəlirdi. Birdən dayanıb geri baxdı. Yalın başından Gülpərinin qaraltısından iki-üç dəfə balaca bir qaraltı çıxan kimi Gülpəri yenə Qədimalıya tərəf gəldi. Qədimalı Gülpərinin kiçik oğlunu tanıdı. Qoyunlar qorxularından Gülpəri ilə Qədimalının qaraltısından o tərəfə getmirdilər. Qədimalı qalınçasını çırpı topasının yanında yerə saldı. Uşaq da gəlib çıxdı:

– Qədimalı dayı, nə təhərsən?

– Sağ ol bala, yaxşıyam... Neçədə oxuyursan?

– İkincidə.

– Müəllimin kimdir?

– Usub... Tonqal qalayajıx?

– Hə, bir azdan sonra.

Qədimalı kişiyə bıçaq vuran olsaydı qanı çıxmazdı. «Bəlkə Gülpəri namusludu?» Qədimalı kişi uşaqdan soruşdu:

– Gülpəri gətirdi səni?

Elə bil Gülpəri birdən-birə Qədimalı kişidən qorxdu. Bədəni gizildədi və sonra hər şey keçib getdi.

– Yox, özüm gəldim. Qoymurdu gələm. Dedim ki, qorxarsan.

Elə bil Qədimalı kişi uşaqdan qorxdu. Lakin bu da bir an çəkdi.

Qədimalı kişi çırpıdan bir çəngə götürdü. Gülpəri onun qalınçasının üstündə oturmuşdu. Çırpını gətirib Gülpərinin qənşərində yerə qoydu. Çırpıya od vurdu. Sonra keçib tonqalın böyründə oturdu. Uşağı da çağırıb dizinin üstündə oturtdu. Çönüb Gülpərinin sifətinə baxdı. Deyəsən uşağı dizinin üstündə oturtması Gülpəriyə xoş gəldi. Çırpının yarısı yanıb qurtardı. Qədimalı kişi uşağı dizinin üstündən durğuzub dedi:

– Get bir az çırpı yığ... Bu tərəfdən get qoyunları hürküdərsən.

Uşaq getdi. Qədimalı kişi boynunu çöndərib gözdən itənə qədər onun dalınca baxdı. Ayağa durdu. Dizi üstə iki addım atıb Gülpəriyə yaxınlaşdı. Ocağın işığı tamam kəsilmişdi. Qədimalı kişi Gülpəridən soruşdu:

– Qızıl ayparan boynundadı?...

– Boynumdadı.

– İstəyirəm ayparaya baxım.

Gülpəri də dizi üstə durdu. Sinəsini qabardıb dedi:

– Bax...

Qədimalı dizi ilə bir addım da atdı. Gülpərinin boynundakı ayparanın sapından tutdu. Ayparanın sapı uzun idi, Qədimalı sapdan tuta-tuta aşağı endi. Ayparanı götürdü. Qaranlıqda xeyli tamaşa elədikdən sonra ayparanı yerinə qoydu. Uşağın gəldiyini hiss eləyən kimi ikisi də keçib əvvəlki yerində əyləşdi.

Uşaq qucağındakı çırpını tonqalın üstünə atıb dedi:

– Tay yoruldum.

Onlar üçü də xeyli oturdular. İsti vurduqca uşaq xumarlandı. Əsnədi. Başını anasının çiyninə söykədi. Bir azdan onun başı Gülpərinin sinəsinə əyiləndə Qədimalı kişi astadan dedi:

– Yatdı...

Hava bərk qaralmışdı. Qədimalı kişi durub qoyunları bir yerə yığdı. Havadan yağış qoxusu gəlirdi. Birdən Gülpəri sağ əlinin üstünə düşən damcını Qədimalı kişiyə göstərib dedi:

– Deyəsən yağacaq.

Qədimalı kişi göyə baxan kimi bir damcı da onun gözünün içinə düşdü.

– Hə... Hava yaman qaralıb. Bərk yağacaq. Uşağı durquz. Onlar evə çatanda üçü də cumculuq olmuşdular. Gülpərinin paltarı islanıb əyninə yapışmışdı. Qədimalı kişi qaranlıqda bunu görmədi və yağışı söyə-söyə qoyunları ağıla salıb ağzını bağladı. Qapını açıb evə girəndə neft çırağının zəif işığı onun ikiotaqlı daş evinin divarlarına hopmuşdu. Arvadı yatmışdı. Onun üstündən yorğan düşmüşdü. Dizinin aynası görünürdü. Qədimalı kişi soyunub öz yerinə girdi. Yorğanı başına çəkdi. O gecə dünyada neçə adamı ilan vurmuşdusa hamısı yatdı, Qədimalı kişi yata bilmədi. O, əllərini başının altında daraqladı. Gözlərini qaranlıq tavana zilləmişdi.

Qədimalı kişi ayağa durdu. Ayağının ucunda yeriyə-yeriyə arvadının yanına gəldi. Əli Güləndama dəyən kimi arvadı qorxub yuxulu-yuxulu qışqırdı. Qədimalı kişi geri atıldı. Orta qapı cırıldadı. Qızının gəldiyini hiss edən kimi Qədimalı kişi tuman-köynəkli özünü çölə atıb başladı qışqırmağa:

– Ay köpək oğlunun oğrusu, qaçma. Ay köpək oğlunun oğrusu, qaçma.

Qədimalı kişi necə qışqırdısa qızı yüz faiz inandı ki, evlərinə oğru gəlib. Qədimalı kişinin səsini eşidən əmisi oğlu tüfəngi qapıb iki güllə atdı. Kimsə kəndin o başında Qədimalı kişinin əmisi oğluna cavab verdi. Bütün kənd bir-birinə dəydi. Qədimalı kişinin əmisi oğlanları, qonum-qonşuları tökülüb gəldilər. Qədimalı kişi əlində yaba ağzıaşağı yüyürürdü. Əli ilə tut bağını göstərirdi. Camaat da onun dalınca tökülmüşdü. Hamı tut bağına tərəf cumdu. Bağın ucu-bucağı yox idi. O gecə səhərə qədər camaat tut bağında oğrunu axtara-axtara əldən-ayaqdan düşdü...

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

# # #