Məktub - Səidə Haqverdiyevanın hekayəsi

Məktub - <span style="color:red;">Səidə Haqverdiyevanın hekayəsi
18 oktyabr 2016
# 16:25

Üç ay olardı Aişəylə görüşmürdü Vasif. O, nə zəng edir, nə də zənglərə cavab verirdi. Üç ay bundan əvvəl çox mənasız bir sözün üstə Vasifdən küsmüşdü. Ancaq üç aydan sonra ilk dəfə məktub yazıb, onunla görüşmək istədiyini bildirdi. Vasif sevincindən özünə yer tapa bilmirdi, telefonu götürüb Aişəyə zəng vurdu. Aişə onun zənginə cavab verməyib qısa bir mesaj yolladı: “Danışa bilmirəm, məktub yaz.”

Oğlan əlləri əsə-əsə yazdı: “Mən səni harda gözləyim?”. Qızın cavabı gecikmədi: “Dördə on beş dəqiqə qalmış parkda olarsan.” Vasif cırıq-sökük fəhlə paltarını tələsik dəyişib Aişənin görüşünə qaçdı. O, heç vaxt Aişə ilə görüşə gecikməmişdi. Üç aydan sonra o Aişənin gözünə baxacaq, əlindən tutacaq və hətta Aişə onu bağışlayıbsa bağrına basıb öpəcəkdi, qoxusunu ciyərinə çəkəcəkdi. Payız fəsli olduğu üçün hava bir az soyuq idi. Ağacların qızılı yarpaqları bir-bir qopub yerə düşürdü. Aişə payız fəslinə aşiq idi. Düşünürdü ki, bu fəsil ona sevinc bəxş edir. Göydən düşən hər damla yağış üçün ovcunu açardı. Ağacdan düşən yarpaqlardan toplayıb evlərinə aparardı. Əsla saralmış, qızıla bənzər yarpaqları tapdamazdı. Buna görə də Vasifə acıqlanardı. ”Heç bir rəssam bu saralmış ağac yarpağı kimi gözəl tablo çəkə bilməz. Sən yarpaqları tapdaladıqca elə düşünürəm ki, dəyərli rəsm əsərlərini tapdalayırsan.”

Vasif yerdən ən gözəl yarpaqlardan bir neçəsini seçib əlində saxladı ki, Aişə gələndə ona versin. Əmin idi ki, bu yarpaqları görəndə çöhrəsi güləcək. Sonra Vasif əlini cibinə aparıb pulunu çıxardı, diqqətlə baxdı. Üç manatlığı, bir beşliyi, iki də onluğu var idi. Bu, başqaları üçün o qədər çox pul olmasa da, onlar üçün heç də az pul da deyildi. O Aişə ilə yaxındakı kafelərin birində oturub pizza yeyə biləcəkdi. Balaca ölçülü pizza sifariş versələr kofe də içə biləcəkdilər.

Artıq bir saatdan çox idi ki, Vasif Aişəni gözləyirdi. Onun üçün çox darıxmışdı. Ürəyində fikirləşirdi ki, daha bəsdir, mütləq nişanlanmaq lazımdır. Sonra da bir az pul yığıb toy etməlidir. Vasifin ayaqları ağrıdığı üçün skamyada oturdu. Gəlib-gedən sevgililərə baxır, onlar haqqında ürəyində fikirləşirdi. Və bu an Aişənin arxadan səsi eşidildi:

- Bağışla, dərsdən çıxa bilmirdim. Yəqin çoxdan burdasan?

Vasif:

- Yox, beş-on dəqiqə olar gəldiyim.

Aişə diqqətlə Vasifin üzünə baxıb:

- Səninlə vacib bir məsələ haqqında danışmalıyam.

Vasif ürəyində fikirləşdi ki, Aişə yenə deyəcək qohum-əqrəba səni məndən soruşurlar. Deyirlər nə vaxta qədər gözləyəcəksən? Və mən də deyəcəm ki, get, evdəkilərə de, hazırlaşsınlar. Bizimkilər sizə gələcəklər, səni istəməyə... O, da buna sevinəcək, dodaqların çeynəyəcək, yanaqları allanacaq və o məqamda ayrı qaldığım bu üç ayda yazdığım məktubları ona verəcəm. Doxsan iki məktub. Onun gözləri dolacaq, deyəcək ki, olar evdə oxuyum? Oxuduqca əslində onu bir gün belə unutmadığımı anlayacaq. Məni əvvəlkindən daha çox sevəcək...

- Hava yaman soyuqdu - Aişə barmaqları ilə oynaya-oynaya- gəl yaxında bir yerdə oturaq, onsuz da vaxtım azdı, təcili evə getməliyəm, - dedi. - Bura yaxın kiçik bir kafe var. Gedək orda oturaq.

Vasif başını aşağı salıb üzü kafeyə doğru gedərkən əlində tutduğu yarpaqları Aişəyə tərəf uzatdı:

- Bunları sənin üçün toplamışam- dedi.

Aişə yarpaqları onun əlindən alıb yerə atdı. Yarpağın üstündəki yağış damcıları onun ağ gödəkcəsini ləkələdiyi üçün bərk qəzəbləndi. Vasif Aişəni qəzəbləndirdiyinə görə məyus olmuşdu. Amma hardan biləcəkdi ki, artıq qızılı yarpaqları sevmirdi Aişə...

O, qızın qarşıdan gələn əl-ələ tutmuş sevgililərə həsrətlə baxdığını görüb barmaqlarını onun əlinə toxundurmaq istədi. Aişə dərhal əllərini cibinə soxdu. Onlar kafeyə gəldilər. Vasif çay, Aişə kofe sifariş elədi. Ancaq o, bu kofeden cəmi bir qurtum aldı. Həmin qurtumdan sonra dərin bir nəfəs alıb birinci sinif uşağının əlifba bayramı üçün hazırladığı mətn kimi birnəfəsə danışmağa başladı. O danışır, Vasif isə susub diqqətlə ona baxırdı. Üç ay bundan əvvəlki Aişədən əsər-əlamət belə qalmamışdı. Vasif əvvəl düşündü ki, yəqin o əsəbindən belə danışır. Axı o da haqlıdı. Beş il də sevgili qalmaq olar?! Mütləq nişan olmalıdı. Camaatın ağzını yığmaq çətindi. Kim nə bilir mənim hansı qayğılarım var?! Deyirlər yəqin evlənmək istəmirəm.

- Aişə, canım, mən gedim evə, anamla danışım, gəlsinlər sizinkilərin yanına...

- Of!.. Anlamırsan? Mən səndən ayrılıram. Bizimki tutmur. Alınmayacaq bizdə. Sən pis oğlan deyilsən, amma bir-birimizin tayı deyilik. Baxışlarımız, zövqümüz, istəklərimiz, düşüncələrimiz fərqlidi. Mən artıq səninlə özümü rahat hiss etmirəm.

- Axı, sənə noolub belə? Əvvəllər heç belə deməzdin, canım.

- Xahiş edirəm mənə canım demə, ətim tökülür bu sözü eşidəndə. Canım, aşkım... iyrənirəm bu sözlərdən... hə, bir daha, bir daha əmin oldum ki, biz ayrı adamlarıq. Bilirsən, keçən dəfə mənə yazdığın məktubları oxuyurdum. İnan, mən hələ də başa düşmürəm ki, necə olub mən beş il sənin kimi bir oğlanla sevgili olmuşam. Sən zövqsüz, kobud, pintisən. Heç vaxt dırnaqların təmiz olmur- bu an Vasif barmaqlarını yumaraq gizlətməyə çalışdı- ayaqqabılarını silmirsən, saçlarını vaxtında vurdurmursan. Sən universitetə gələndə mən səndən utanıram.

- Bilirsən axı, mən gecənin yarısına kimi işləyirəm. Özümə baxmağa vaxtım olmur. Amma bundan sonra səliqəli olmağa çalışaram.

- Hə səliqəli ol, ancaq mənə görə deyil, özün üçün, gələcək sevgilin üçün. Mən artıq sənin həyatında yoxam. Bəlkə də nə vaxtsa səni sevmişəm, belə bir səhvimə gözə səndən üzr istəyirəm. Lakin indi səndən utanıram.

- Axı, mən sənin üçün...

Aişə onun sözünü yarıda qoydu:

- Hə, indi mənə elədiklərini vur başıma. Belə eləməklə məni yanında saxlaya bilməzsən. Nə vaxt işləyərəm, qaytararam... Bir də sənə heç nə borclu deyiləm. Sən mənim adımı bədnam eləmisən. Səndən zəhləm gedir. - Ayağa qalxıb-indi səndən bir xahişim var, arxamca gəlmə, - deyib getdi.

Aişənin danışıqlarından heç nə anlamayan Vasif elə payız yarpağı kimi titrəyirdi. Nə deyəcəyini bilmirdi. Danışmağa söz də tapmırdı. Amma Aişənin arxa çevirib getdiyini görəndə anladı ki, onu saxlamalıdı. Çünki onu kafenin qapısından çıxdığı anda əbədi itirə bilər. Qeyb olar, yox olar...

Vasif dərhal onun arxasınca çıxdı. Aişə yox idi. Axı bu saniyə qapıdan çıxdı. Tez bir vaxta hara gedə bilərdi, deyə sağa-sola boylandı. Həyəcanla yerində var-gəl edib hara gedəcəyini bilmədiyi vaxtda tanka bənzəyən bir maşın onun qarşı tərəfə baxmağına mane oldu. Avtomobil sürücüsünün başı yanında əyləşən qızla öpüşməyə qarışmışdı. Əgər o bu qızı buraxıb yola rəvan olsaydı Vasif qarşı tərəfi görəcəkdi. “Tank”ın arxasında dayanan maşınlar siqnal verirdilər ki, svetaforun iyirmi saniyəlik qırmızıdan istifadə edib öpüşən cütlüyü ayırsınlar... Onlar ayrılanda ani olaraq Vasifin gözü oğlana, sonra da dodağını silən qıza sataşdı. Bu o idi, tanka bənzəyən avtomobilə minib yeni sevgilisinin öpüşlərinə qərq olan Aişə...

Vasif yerində donub qaldı.

Bu vaxt ofisinat onu çağırdı:

- Bəlkə hesabı ödəyəsiz, ey sizinləyəm...

Vasif hesabı ödəyib yenidən küçəyə çıxdı və cibindəki doxsan iki məktubu çıxardıb zibil qutusuna tulladı. Onun arxasınca kafedən çıxan gənc oğlanlardan biri həmin zibil qutusuna tüpürdü.

# 1555 dəfə oxunub

Müəllifin son yazıları

# # #