Qadınını qurban verən Kişinin nağılı – HƏDİYYƏ ŞƏFAQƏT

Qadınını qurban verən Kişinin nağılı – HƏDİYYƏ ŞƏFAQƏT
24 fevral 2017
# 17:30

Kulis.az Hədiyyə Şəfaqətin “Qurban” hekayəsini təqdim edir.

İzdihamın hüzurunda iki Adam dayanmışdı - Qadın və Kişi. Hər ikisi bir-birinin özü idi. Qadının gözlərinə Kişinin, Kişinin gözlərinə Qadının əksi hopmuşdu. Bu hopmaq o hopmaqdan deyildi, bir-birilərinin qarşısından çəkiləndə də o əks yerində dururdu, baxanlar elə bilirdilər Qadının gözlərindən Kişi, Kişinin gözlərindən Qadın onlara baxır...

Hər ikisinin gözlərində nəhayətsiz göy üzü köçüb dayanmışdı. Qadının yanaqları boyunca büllur yaş damlaları süzülür, torpağın köksünə sancılırdı. Düşdüyü yürdən ağ-ağ çiçəklər göyərirdi. Ağ-ağ çiçəklərin də gözlərində göylər görünürdü...

Kişi Qadının əlini buraxmamışdı, Qadının incə barmaqları onun güclü əlini hiss edib sakitləşmişdi. Əlinin sakitliyi qəlbinə hopmuşdu, köksü qalxıb enir, amma qorxunun nə olduğunu unutmuşcasına dinc görünürdü...

İzdiham göm-göy dənizin sahilini qap-qara kölgə kimi bürümüşdü. Buludların kölgəsi heç zaman nə Göydə, nə Yerdə belə dayanıb durmur. Sürünür, gedir, öləziyir, itir. İzdiham bulud deyildi, heç yerə tərpənmək istəmirdi...

İzdihamın qarşısında taxtında qərar tutub oturmuş Ağsaqqallar aylar əvvəl Qadını və Kişini nikahlamışdılar, şənliklərinə qoşulmuşdular, Məskənin orta meydanındakı ocağın başında sevgi məqamına əyləşdirib başlarına ağ-ağ çiçəklərdən çələng qoymuşdular...

...Qadının göz yaşları yanağı boyunca axıb torpaqda ağ-ağ çiçəklərə çevrilirdi...

...Kişinin əlləri Qadının barmaqlarını bərk-bərk sıxmaqdaydı...

Tanrının məskənə qəzəbi tutmuşdu...

Küləklər tufana, sular selə çevrilmişdi, əkinlər məhv olmuş, ov dolu meşələr cəngəlliyə çevrilib keçilməzliyə dönmüşdü...

- Tanrımız qurban istəyir!

Ağsaqqallar belə qərar vermişdilər... Tanrı ən gözəl şeylərə layiqdir... Tanrı gözəllikləri sevir...

Məskənin gözü Qadına çevrilmişdi, məskənin ən gözəli Qadına. Hami bilirdi ki, burda Məskən Məskən olandan bu yana Kişinin qurban verilməsi nə görünmüş, nə eşidilmişdi. Nə əfsanələrdə vardı bu, nə nəğmələrdə, nə ağılarda, nə laylalarda... Olsaydı olardı... Kişi döyüşçüydü, qoruyucuydu, keşikçiydi, başçıydı, ərdi. Amma Qurban deyildi...

- Tanrı onu özü üçün yaradıb, onu Kişiyə təslim edərək Tanrıya xəyanət etmişik, qəzəbinə gəlmişik, günahımızı yumalıyıq!

Ağsaqqallar belə qərar vermişdilər... Ağbirçəklər başlarını aşağı salıb razılıqla qımışmışdılar, baxışmışdılar, toxunuşmuşdular...

Qadın dillənməmişdi.. Nə deyə bilərdi? Eləcə qara-qara gözlərini qaldırıb kişinin üzünə baxmışdı... Qadın Kişiyə qarşı çıxa bilməzdi... Kişi Ağsaqqallara qarşı çıxa bilməzdi... Ağsaqqallar Tanrıya qarşı çıxa bilməzdi...

Tanrı Qadını geri istəyirdi...

Dəniz dalğalanır, köpüklənir, sahilə çırpınıb geri qayıdırdı. İzdiham dənizin dilini anladığını:

- Verin onu, verin onu, verin onu... - deyildiyini zənn edirdi.

Əvvəl Göyün üzünü qap-qara buludlar tutdu. Qadının gözlərində mas-mavi səma əks olunmuşdu, üstünü qap-qara örtük örtdü, Kişinin gözlərində mas-mavi dənizin ortasındakı ağ çiçəyə bənzəyən Qadının üstünə qap-qara kölgə endi.

Kişi Qadınına bu izdihamın - Məskənin qarşısında söz vermişdi, əhd-peyman bağlamışdı, yuxarı boylanıb: “Göy haqqı!” - demişdi, yerə baxıb “Torpağa and olsun!” - söyləmişdi, onu kimsəyə verməyəcəkdi...

Hamı susub dayanmışdı. Təkcə dəniz yorulmadan sahilə çırpılırdı:

- Verin onu... Verin onu... Verin onu...

Hamı sevinc və ümid duyurdu. Hamı Göyün qəzəbindən qurtarıb rahat nəfəs almaq istəyirdi. Hamı tələsirdi.

Qadın və Kişi üzü dənizə dayandılar. Kişi Tanrıya, Qadın Ərə inanırdı.

Tanrı Həmişəki kimi susurdu, Tanrı həmişəki kimi heyrətlənirdi, Tanrı həmişəki kimi kədərlənirdi. Məskən həmişə etdiyini edirdi - “O”-nun yerinə qərar verirdi.

Tanrı Kişinin duasını gözləyirdi... Kişi Qadını qoruyacağına, ona sahib çıxacağına söz vermişdi.

Kişi Məskənə boyun əymişdi, Tanrının dili olduğunu deyən Ağsaqqallara boyun əymişdi, Taleyinə boyun əymişdi, amma Qadından vaz keçməmişdi...

Ağsaqqallardan biri üzünü kişiyə tutub bir daha yəqinləşdirmək istədi:

- Bəlkə sən getməyəsən? Sənə başqa qadın tapılar, tək qalmayacaqsan. Özünü ölümə vermə.

“Ölümmü?” - Kişi düşündü. Qadınınkı Qurban getməkdi, Kişininki Ölümmü sayılacaqdı?

Kişi sərt baxışlarını ağsaqqalların üzündə bir an saxlayıb sonra İzdihama yönəltdi, daha sonra onların başı üzərindən uzaqlarda zirvəsində qar işıldayan dağlara. Qadının əlini elə sıxdı ki, ağrı və gizilti qadından da keçib özünə qayıtdı:

- Onunla gedirəm...

Ağsaqqallar başlarını buladılar, kişi məskənin ən güclü, qüvvətli, ağıllı döyüşçüsü, qoruyucusu, keşikçisi idi. Amma arzusuna “yox” deyəmməzdilər.

Təbillər vurulmağa başladı. Kişi əlini sinəsinə qoyub ağsaqqalın qarşısında əyildi:

- Bir istəyim var...

Təbillər susdu. Ağsaqqal “söylə” - dedi.

- Səssiz olun, Dənizin səsini eşitmək istəyirik...

Ağsaqqal əlini qaldırdı:

- Susun!

Tanrı gülümsədi. Kişi onu yanıldırdı. Adamlar onu nə tanıyır, nə duyurdular. Kor bir ehtirasla qurduqları oyunun içində itib-batmışdılar, iştirakçısına, tamaşaçısına çevrilmişdilər. Tanrı gözləyirdi. Qadının və Kişinin, elə beləcə, əl-ələ nə zaman Sulara batacağını gözləyirdi. O bilirdi...

Qadının yeri artıq Yer Üzü deyildi...

İzdiham, Məskən, uzun saçlarının nə zaman sularda yox olacağını gözləyən gənc qadınlar, əlini-əlinə toxundurmağı heç yuxusunda görə bilməyən gənc kişilər, Tanrının vəkili olduğunu iddia edən Ağsaqqallar, ürəyində keçmiş zamanların boğulmuş azadlığının qisasını gəzdirən Ağbirçəklərin qəzəbi buna sevinirdi...

Kişi Qadınıyla üzbəüz dayandı. Qadın onu sıxan əli qaldırıb dodaqlarına yaxınlaşdırdı, başını əyib kişinin köksünə qoydu. Kişi onu özünə sıxdı, sonra bir azca aralanıb dodaqlarını qadının alnına yaxınlaşdırdı.

Dəniz susmurdu:

- Gəlin, Gəlin, Gəlin...

Məskən susmuşdu:

- Gedin, Gedin, Gedin...

Qadın və Kişi, hər ikisi eyni anda, sakit addımlarla irəliləyib sulara toxundular, qadının göz yaşları axaraq yenə çiçək-çiçək açırdı.

Tanrı baxırdı...

Kişi qədd-qamətliydi, Qadını onun çiyninə ancaq boy verirdi, Sularda irəlilədikcə Qadın daha tez əriyir, itir, daha tez qərq olurdu.

Və o yerdə, o yerdə ki, qadının əvvəl çiyinləri, sonra boynu, sonra başı sulara yayılıb gəlin örpəyi kimi dalğalanan saçlarının arxasında itdi, Kişi Qadınının əlinin əlindən çıxdığını hiss etdi...

Durdu, ayağı hələ suların dibində, Torpaqdaydı. Boynunu döndərib geriyə, sahilə baxdı, orda İzdiham dayanıb səbrlə gözləyirdi...

Kişi orda həmyaşıd kişilərin gözündəki işartını və silahlarındakı qələbəni, gənc qadınların sinəsindən qopan ahı və ehtirası, Ağsaqqalların gizli təbəssümünü və məmnunluğunu, Ağbirçəklərin təzə əfsanə quraşdıran dodaqlarını duydu.

Son dəfə qarşıya, sulara baxdı, dənizin dalğaları Qadının saçlarını aparıb getmişdi.

Əvvəl bir addım atdı, sonra ikincini, sonra üçüncünü...

Sonra Suların məngənə əllərindən ayaqlarını dartıb qopara-qopara geriyə, Sahilə qaçmağa başladı...

İndi gözlərinə izdihamın əksi düşmüşdü...

# 1151 dəfə oxunub

Müəllifin son yazıları

# # #