“Doğanaqdan keçən həyat” – Rəşid Bərgüşadlının hekayəsi

“Doğanaqdan keçən həyat” – Rəşid Bərgüşadlının hekayəsi
5 fevral 2016
# 15:53

Kulis Rəşid Bərgüşadlının “Doğanaqdan keçən həyat” hekayəsini təqdim edir.

Yetimi həyata bağlayan tellər az olduğundan onun günü-saatı da başqalarınınkından gödək olurmuş. Əslində günü, saatı bitmək bilməz, amma sonda ovcunda dərd-ələmdən qeyri bir şey qalmaz talesiz binəvaların. Bizim qəhrəmanımız da, sanki, ahıl kişi ömrü yaşamışdı – yorğun, bezgin, ağrılar içində sızıldayan bir qoca ömrü. Dərdini dəvəyə yükləsən dizləri qatlanar, yerə yatardı. Hansı ki, 21 yaşı təzəcə tamam olmuşdu, indi-indi həyatı anlamağa maraq göstərirdi.

Kimsəsizlər evində böyümüşdü. 8-də oxuyanda ilk şərə uğradı. Yaşıdları ondan bir sinif aşağı oxuyan Nuranənin bəkarətini pozmuşdular. Müəllimlər söz qoparmaq üçün qızı xeyli döymüşdülər. Tərbiyəçi Təvəkkül onun üstünə gələndə ağlına heç nə gəlmirdi. O, belə şeyləri anlamırdı hələ. Ancaq sillə-təpiklərin arasında anladı ki, hər şeyi onun üstünə yıxıblar. Axı o Nuranəylə yaxın dost idi, bütün günü birlikdə olurdular... Müdriyyət məsələnin üstünü ört-basdır elədi – eşidən olsaydı, müəssisənin adına ləkə ola bilərdi. Düzdür, sonradan dostları onun xəcalətindən çıxdılar – üzr istədilər. Nuranə də xeyli vaxt ondan xəcalətli gəzdi. “Məni qoxutdular, dedilər ki, sənin elədiyini desəm daha yaxşı olar. Axı sən məni alacaqsan...” – dostları, qızı onun yanına minnətə göndərən gün belə demişdi. Nuranə hamıdan çox onu istəyirdi, – “Onlar hamısı mənim qardaşlarımdır, xətirlərini çox istiyirəm, ancaq sən onların hamısından daha əzizsən mənə”. Şər-şəmətə, iblisin fitnələriylə hələ o vaxtdan tanış idi.

Kimsəsizlər evini tərk edəndən sonra peşə məktəbinə düzəldi. Gecələməyə yeri olmayanda karate məktəbinin müəllimi Elşadla tanışlığı işinə yaradı – gecələri zalda tataminin üstündə sərilib yatdı. Məşq olmayan vaxtlarda bütün idman ləvazimatları və zal onun sərəncamındaydı. İdman zalını, duş, ayaqyolunu silib-süpürürdü, əvəzində, uşaqların, Elşadın gətirdiyi pay-püşlə qarnını doyururdu. Elşad onun xətrini çox istəyirdi, hətta bəzi döyüş fəndlərini öyrətmişdi ona. Elə sonradan bu zibil fəndlərin altını çox çəkəsi oldu. Maşınyuma məntəqəsində işləyib qazandığı qəpik-quruşla dinc yaşamağa başlamışdı ki, pul verməyib aradan çıxmaq istəyən şefi onun qolunu şüşənin arasında sıxıb əzmək istədi. O da oğlanın üç barmağını qanırıb kökündən qırmışdı. Elşad onu polislərin əlindən qurtarmaq üçün hərbi komissarlığa təhvil vermişdi və tələsik hərbi xidmətə yollamışdı, yoxsa onu tutasıydılar. Amma həbs həyatı onu hərbi xidmətdə gözləyirdi – onu “çumo” etmək istəyən taqım komandirinin biləyini, çiynini xıncım-salxaq elədi. İki il iş vermişdilər ona. Bir il içəridə yatdı. Sonra əfv olundu və bir həftəlik evə buraxmışdılar. Evi yox idi başını soxmağa, qohumu yox idi ürək qızdırmağa. Bir həftəni sovmaq lazım idi ki, təkrar hərbi xidmətə yollansın, – “Heç olmazsa, orda müftə yemək-yatmaq verirlər” – yeməyin, yatacağın xatirinə gedirdi xidmətə. Yoxsa, – “Bu vətən mənə nə verib, kimin üçün qorumalıyam bu torpağı?” – deyirdi.

Böyük çilənin sırsırası adamın ayaq barmaqlarını dondururdu. Ayağına azca gen olan əsgər botinkasının içində barmaqlarını yığıb-açırdı ki, az da olsa qan getsin. Amma barmaqları corabı cırıb çıxdığından keçə içliyə sürtünüb keyimişdi.

Elşadı axtardı, tapmadı, karate məktəbinin yerində indi mağaza idi. Bu dünyada kimi-kimsəsi olmayan yetim hara getməliydi, kimi axtarmalıydı... Alnına yetimlik yazan Allaha sığınmalı deyildi ki… Onda ilk ağlına gələn Nuranə oldu. İki il qabaq təsadüfən rastlaşdığı köhnə tanışlarından biri demişdi ki, qız “20-ci sahə” tərəflərdə, neft buruqlarına yaxın köhnə gözətçi daxmalarından birində yaşayır. “Ərə getmiş olar yəqin…” – Nuranənin qapısını döymək, xidmətə qayıdanadək burda qalmağı düşündü. Nə qədər olmasa da, bir-biriylə bacı-qardaş kimi olmuşdular. Uşaq vaxtı xatakar yaşıdlarından çox Nuranəylə keçirdiyi, birgə oynadığı, dərdləşdiyi günlər kino lenti kimi gözünün qabağından keçdi.

Nuranəni çox soraqladı, yerini bilən, tanıyan olmadı. “Yetimin üzünə bəxt nə vaxt gülüb ki...” – əli ətəyindən uzun şosse yola tərəf çıxanda arxası ona tərəf çöməltmə oturub əyiş-üyüş teştdə paltar yaxalayan qız diqqətini çəkdi. “Heç oxşamır, amma yüz faiz odur – Nuranədir” – azca tərəddüd, bir az da inamla qıza yaxınlaşdı. O, şüurunun altındakı nəsnəyə həmişə inanırdı və əmin idi ki, indiyədək zənni onu heç vaxt aldatmayıb. “Nuranə..?” – ehmalca qızı səslədi. Qız əvvəlcə yanpörtü çönüb onu süzdü, devikdi, sonra kəsilməyə aparılan öküz kimi gözləri böyüdü, – “Sən!?” – dikəlib ona sarıldı, – “Yassarın biri, yassar!” – gözündən yaş axmağa macal tapmamış onun biləyindən tutub arxasınca daxmaya sürüdü. Qapını ayağıyla itələyib örtdü. Tələm-tələsik özünün, Loğmanın paltarlarını az qala cırıb çıxartdı, botinkaların ipini açmağa səbri çatmadı. Bir-birinə sarmaşıb paltar yükünün üstünə sərildilər, coşduqca coşdular. Tövşədikcə nəfəslərindən buğ qalxırdı. Çarpayı bu cür ehtirasa tab gətirmirdi, dəmir ayaqları az qalırdı qarmaqdan çıxıb yıxılsın. Loğman yataqdan aşmamaq üçün bir əliylə tez-tez torpaq döşəməyə dayaq verməli olurdu. Başını dikəldib qaytan kimi gəriləndə qarşı açıq qapıdan yan otaqda uzanmış yaşlı kişinin hüznlü nəzərləriylə qarşılaşdı. Gec idi – utanmağın, sıxılmağın özü belə gec idi… Kişi düz ona baxırdı. Baxışları Loğmanı qamçılayırdı. Gözlərini qıydı, dişlərini qıcadı, sonra ulduzlara hürən it kimi boş-boşuna hıqqanıb udqundu, nəsə demək istədi, amma uddu demək istədiklərini. Üzünün rəngi saralıb-solmuş, gözləri çuxurunda tutqunlaşmış, üzünü ağ tük basmış bu adam ölüvay titrək əlini yan köhnə tumbanın küncünə dirəyib barmaqlarının ucuyla “iməkləyir”, balaca bürünc zəngi tutmaq istəyirdi.

Nuranə isə hələ də altda ehtirasla qurcuxur, Loğmanın belini, çiyinlərini, əndamını cırmaqlayıb özünə sıxırdı. Qoca baxışlarıyla Loğmanı tilsimləmişdi. Qız inildədi, – Mənim kişi qırığım, insan səninçün nə qədər darıxarmış...

– Bu kişi kimdir? – Loğman pıçıltıyla yan otağı çənəsiylə işarə elədi. Nurana qanrılıb açıq qapıya baxdı, – Key Mahmudu tanımadın yoxsa! Narahat olma, iflicdir, nə danışa bilir, nə də ağlı başını girləyir. Adam-zad da tanımır daha.

Nuranə ondan əl çəkmək istəmirdi, inildəyir, ufuldayır, Loğmanı “çağırırdı”. Loğman isə xəcalət çəkirdi, – Bəs o burda nə gəzir? – məəttəl qalmışdı Mahmudu burda görməyinə.

– Uzun söhbətdir, yeri deyil, sonra danışaram, gəl davam edək, mən yenə istəyirəm… – Nuranə çılğın istəyini gizlədə bilmirdi. Onun əsl təbiəti yataqda üzə çıxırdı. Bu halını Loğman yaxşı bilirdi. Dostları qızın yanından növbəylə çıxıb dəli dana kimi sevincək tızırıqlananda, o, qızı hamıdan daha yaxşı tanıdığından fərəhlənirdi. Qız hələ o vaxtlar dostundan heç nəyi gizlin saxlamazdı – bir az əvvəl olan görüşü ən xırda detallarınadək Loğmana danışmaqdan xəcalət çəkməzdi.

– Sonra.., sonraya qalsın. Bunun gözünün qabağında heç nə edə bilmərəm, –durub şalvarını çəkdi. Qız da kor-peşiman, naəlac yaxasını-başını səhmana salıb qalxdı. Loğman Mahmudun otağına keçdi. Qan daman yanaqlarından bir əsər-əlamət qalmamışdı. Xəstənin tanış gözləri, titrəyən dodaqları ona lənət oxuyurdu. O bu lənəti qoxusundan, tamından tanıyırdı, – bunun yuxusunu görmüşdü. Əmin idi ki, onu bu həyatda yetim qoyan da eyni lənət olub. Qara qarğa səs-küylə göy üzündə səmanın qapılarına özünü nə qədər çırpırdısa, üzünə qapı açılmırdı. Yerə şığıyırdı, yer üzünün qapıları ona bağlanırdı, daha sonra sağa-sola boylanıb qonmağa bir yer axtarırdı. Onda Loğman qaranlıq kahada atasını səsləyirdi – atasının hənirtisini təzəcə almışdı. Qəfildən lənət onun səsini tanımışdı və qara qarğa çaynaqlarını onun çiyninə keçirib içində əbədi məskən salmışdı. O lənətli yuxudan sonra Loğman atası barədə düşünə bilmirdi. İndi Mahmudun dodaqlarında o qara qarğanın çırpıntılarını görürdü. Mahmud başını yana əyəndə gözünün yaşı yanağında diyirlənib tüklü üzündə yox oldu. Loğman qarğış dolu qan-yaşın duzunu udlağında duyurdu – eynən caynağın batdığı yaradan axan qanın tamı idi…

Nuranə onu arxadan qucaqladı, barmaqlarını göbəyində daraqladı, çənəsini çiyninə qoyub qulağından öpdü. Loğman qızın barmaqlarını aralalayıb yanına saldı.

– Yaxşı, sən doyunca Mahmuda bax, mən də yeməyə bir şey hazırlayım, – qız onu otaqda qoyub könülsüz eşiyə çıxdı.

Ayaqları laxlayan stulu altına çəkdi, azca əyilib xəstədən soruşdu, – Məni tanıdın, Mahmud dayı? – xəstənin nəzərləri indi tavanda bir nöqtəyə zillənmişdi. Bu susqunluğun yaşı çox idi, bu təpimiş dodaqlardan axırıncı dəfə söz, Allah bilir nə vaxt çıxıb. Lənət onun dodaqlarında sönüb səngiyirdi...

Mahmud onlara qarşı pis olmamışdı. O da kimsəsiz idi və deyəsən qocalar eviylə körpələr evinin yerini dəyişik salmışdı. Həm bağban işlərinə baxırdı, həm də qızdırıcı qazanxanaya nəzarət edirdi. Uşaqlar hərdən yer belləmək, suvarma işlərində ona yardım edir, arada cırnadırdılar. Mahmudun yaman iştahı vardı – uşaqların qabağından qalan xörəyi də yeməkdən ərinməzdi. Həmişə uşaqlar ona keks, ya peçenye verəndə məmnuniyyətlə alar, iştahla yeyərdi. Elə bil yetimlər evinin ən böyük yetimiydi key Mahmud. Yanaqları qıpqırmızı olan Mahmuda, fərsiz, fağır olduğu üçün qoymuşdular bu “key” ayamasını…

Cavab gözləmək havayı söhbət idi, – “Xəstəlik və zəiflikdən başqa bütün hisslər onda çoxdan ölüb, qalan bircə ruhunun ölməyidir” – Loğman qızın dalınca həyətə çıxdı. Nuranə hörgü daşlarının arasında ocaq qalayırdı.

– Nə bişirirsən? – indicə elədiyi zinadan sıxılırdı. Qazanın qapağını qaldırıb baxdı – kartof idi.

– İstəsən soyutma kimi bişirim, ya da püre eliyim… – qızın isə heç nə vecinə deyildi. Azca kallaşmış səsinə gülümsündü:

– Hansını bacarırsansa onu bişir, mənimçün təfavütü yoxdur. Yekə qız olmusan, amma hələ də ağlın topuğundadı. Böyümüsən, maşallah…

– Gör neçə il keçib, deyirsən həmişəlik uşaq qalım?

– Mahmudla hardan cütləşmisiniz belə..?

Nuranə əlinin hisini kirli dəsmala silib qazanı alovun üstünə qoydu. Elə bil üzünə boz pərdə çökdü, – Keçək içəri, hava soyuqdur çöldə. Biri-birimizə danışaq indiyədək başımıza gələnləri… – qoluna girib otağa apardı. Bayaqkı yataqda yanaşı oturdular. Loğmanın gözü gah Mahmudda, gah da qızın ağzındaydı. Bilirdi ki, bu illər ərzində çox şey olub və Mahmudla elə-belə göydən düşməyiblər bu neft mancanaqlarının arasına. Handan-hana qız dilləndi, – Sənə bir şey desəm inanarsan? – utanan görməmişdi Nuranəni, amma bu dəfə yanağı azca qızarmışdı və üzü ciddi idi.

– Həyat bizi nələrə inandırmayıb ki… – amma əlacı olsaydı, – “Heç nə demə, bunu eşitmək istəmirəm!” – deyərdi. Çünki ürəyinə dolmuş qara qan təlatümdəydi yenə…

– Key Mahmud mənim ərimdir. Həm də sənin atandır… Təsəvvür edirsən, biz sənin atanla ər-arvadıq?..

Elə bil Loğmanın üstünə qaynar qazan aşırdılar, – Nə ər, nə ata!? – yıxılmamaq üçün divardan yapışdı.

***

İki saatdan çox idi ki, Loğman qızın onun boynuna qoymaq istədiyi yükü götürməmək üçün can çəkişirdi. Qışqırmaqdan dil-ağızı təpimişdi. Nuranənin şappıltıyla – birbaşa dediyi xəbər, hələ, üstəlik, bunu əsaslandırmağa çalışması onun əhədini üzmüşdü. Azı əlli dəfə Mahmudun yaxasından tutub silkələmiş, – “Danış, atamsanmı?!”, “Onda niyə məni atmısan?!”, “Anam kimdir, sağdırmı, qohum-əqrəbamızdan tanıdığın varmı?!” – əlinə kağız-qələm vermiş, quruca söz qoparmaq üçün yetərincə əsib-coşmuşdu. Amma daşdan səs çıxırdı, key Mahmuddan yox... Nuranəni sillələmişdi, – Niyə dili tutulub bu şərəfsizin, neyləmisən bu əclafa!? – iş orasındadır ki, heç vaxt onu yanıltmayan zənni də Nuranə deyəni deyirdi. Çığırmaqdan, hirsindən içi titrəyirdi Loğmanın. Nuranə əllərini göynəyən yanaqlarından götürüb Loğmanın boynunu qucaqaldı. Gözünün yaşı durmaq bilmirdi:

– Qurbanın olum, Loğman, yetimlər evindən mənə qalan bircə Mahmud oldu. O da bizim kimi kimsəsiz idi... Yetimin Allahı olsaydı, nə vardı... – Loğman onu özündən itələdi. Qız divaran dibinə çöküb əlləriylə üzünü örtdü. İçin-için hıçqırdı:

– Məni həyata bağlayan siz oğlanlar idiniz, sizinlə keçən xatirələrimdir. Gördüyün Nuranədən məndə əsər-əlamət yoxdur, mənimçün heç bir əyləncə, keyf hissi də qalmayıb. Siz dağılışandan sonra Mahmudla tək qaldım və ona sığındım. Yoxsa, kimim var mənim. Bu yaşımadək Allahın bir yardımını görməmişəm. Deyirlər başqa yerlərdə çəmənliklər, gül-ciçəkli düzlər, bulaqlar axan dağlar-dərələr var. Bunların mənə heç dəxli yoxdur, bunlar mənimçün yaradılmayıb. Allah o güllükləri sevdiyi bəndələri üçün yaradıb – mən o bəndələrin arasında olmadığımı çoxdan anlamışam, o, məni sevdiklərinin sırasında görmək istəmir. Allahın məni görməyə gözü yoxdur, zəndeyi-zələsi gedir məndən... Görünür bizim kimilərin gözlərindən yaş axmasaymış həmin çöllər, güllər də olmazmış. Öyrənib-bacardığım bircə sizinlə sevişmək idi, onu da arvad olandan sonra tərgizdim.

– Mən səninlə heç vaxt sevişməmişdim! Bir tək mən qalmışdım, amma bu gün məni də zorladın!

– Hə, zorladım. Səni gördüm, neçə ildən sonra yenidən özüm oldum. Məni siz belə öyrətmisiniz, bundan başqa heç nə gəlmir əlimdən... Nolar yetim olanda, yetim də sevməyi bacarır, onun da arzuları var. Amma Allah mənə yorğanı yerli-dibli verməyib, versəydi, ayağımı yorğanıma görə uzadardım. Elə bilirsən hər gün eyni boz torpağı, yarıuçuq daxmanı, iflic olmuş Mahmudu, neft quyularını görməkdən bezməmişəm?

Bu dünyada tək simsarı Nuranə idi və onun göz yaşına yavaş-yavaş yumşalırdı, – “Yetimin acı göz yaşı adamın yarasını zoqquldadır”. Mahmuda zərrə qanı qaynamasa da, qızın, onun qayğısına qalmağına haqq qazandırmağa başlayırdı. “Amma niyə ona arvad olmalıydı ki?” – bax bunu bilmək istəyirdi. Qızın dili açılmışdı, səsi titrəyirdi:

– Səni bilmirəm, amma mən özümü adam siyahısında görmürəm. Ölüm sırası ən tez bizə çatacaq, bircə bundan əminəm. Ölüm gələnədək saman çöpü də olsa yapışmaq istəmişəm, yaşamaq istəmişəm. Birlikdə keçirdiyimiz günləri xatırlayanda ölümü unuduram, yorğunluğumu atıram. Xatirələrimdə iyrənc də olsa qalan tək şey, detdom divarları arasında, iylənmiş yan otaqlarda, soğan anbarında, ayaqyolundakı sevişmələrimizdir. Sizsiz necə dinc bir həyat yaşadığım özümə də qəribə gəlir. Səni gördüm və anladım ki, bu dinc həyat dərd və kədərmiş. Göydəki ayı sizin gözləriniz kimi təsəvvür etmək bilirsən nədir? Ulduzların hərəsinə birinizin adını qoymuşam...

Elə bilmə ki, nəsə uydururam, key Mahmud sənin dost-doğmaca atanmış. Mən buna tam əminəm. Bunu çox dəqiqləşdirmişəm. Bir gün onu acılayanda məni vurdu və dedi ki, – “Bilirsənmi kimə cavab qaytarırsan!? Mən Loğmanın atasıyam, qoymaram daha başqasıyla yatasan!” – o vaxt bir cavan oğlanda gözüm vardı və Mahmud bunu bilmişdi... Hər şeyiniz uyğun gəlir – xallarınızadək. Nə qədər alçaqlıq sayılsa da, öz hisslərimi güdməyimə baxma sən, ona sənin atan kimi, yadigarın kimi, əmanətin kimi baxmışam. Hər onunla yatanda gözlərimi qapayıb xəyallarımda sənin dostlarınla sevişmişəm. Amma üç il olar ki, bu ləzzətdən də məhrumam. Onu birdən-birə iflic vurdu... Ona sevişməyi öyrətmişdim, o sizi yamsılayırdı – sən demə bizim soğan otağında sevişməyimizi izləyibmiş...

Loğmanın səsi qaranlıq kahadan gəlirdi elə bil:

– Ax.., Nuranə, Nuranə... Bu xəbərin yalan, zarafat olması belə adamın belini qırır... Atam varmış – bunu bilmək nə qədər ağır imiş... Həm də kim, ha, – key Mahmud, inanmalı deyil! Amma niyə inanmayım? O məni heç vaxt gözündən kənar qoymayıb, həmişə yanımda olub. Elə bilirsən mən ağgünlüyəm? Mənim mənasız gündüzüm qaradırsa, axşamım gecədən də qaradır... Heç olmazsa sənin üçün bir təsəlli olub, – xətrini istədiyin birinin atasına baxmısan, onun qulluğunda durmusan...

Nuranə ürəkləndi. Qalxıb onun yanaqlarını ovcuna aldı, üzündən öpdü, – Bir şeyin həqiqət olduğunu anladınsa, demək bu həqiqətdir, ta gerisi yoxdur. Bizim tək təsəllimiz həqiqətə sarılmaqdır. Yetimik – bu həqiqətdir, çox şey istəməyə haqqımız yoxdur – bu həqiqətdir. Key Mahmud dediyimiz sənin atandır və mən onunla üç ildir ki birlikdəyəm – bu da həqiqətdir. Yalan danışmağı detdomda bir dəfə səni şərləməklə tərgizmişəm.

– Sən mənim tək həyanım idin bu qəhbə dünyada. Səni bacım kimi əzizləməyə, sənə sarılmağa daha çox ehtiyacım vardı. İstiyirdim ki, burnumdakı tək və əziz qoxunu yenidən alım. Amma sevişdik, günahın, əzabın lap dibinə batdıq. Bu da həqiqətdir...

– Mahmuddan qabaq sən vardın, çıxar beynindən bu yöndəmsiz fikirləri.

– Məndən əvvəl isə Mahmud vardı... Sən vecinə almaya bilərsən. Mən “atam”ın arvadıyla onun gözünün qabağında sevişdim. Onun nələr çəkdiyini gözlərindən oxumaq çətin deyil, Nuranə. Heç ata arzulamadığım bir vaxtda qarşıma “atam” çıxır. Sənə bacı deməyə gəlmişdim, nəfsim şərəfimi qabaqladı – altıma aldım səni, bacım atamın arvadı – “analığım” imiş... Bu dərd bir fili öldürər. Mən hələ bu cür yetim olmamışdım. Qismətim də yetim çıxdı, arzum da. Mən belə yaşamaqdan bezmişəm. Ömrüm nəmişlik böcəyi kimi nəm divarlar arasında, qara ruhlar məmləkətində keçdi. Qadınla heç sevişməmiş Loğman, siftə olaraq, öz bacısı qədər sevdiyi biriylə sevişir – bu dəhşətdir! Keçmişimiz olmadığı kimi gələcəyimiz də yoxdur bizim. Hər addımda günah, günah, günah... – Loğman onu özündən aralayıb alnını divara dayadı, başını qapazladı, – Həqiqəti təkbaşına bilmək necə çətinmiş... Nəyəsə lazım olmadığını bilmək nə ağır zülm imiş...

– Torpağın üstündə günaha batmayan insan varmı, Loğman? Xəyanətlə murdarlanmayan torpaq harda var görəsən… Allahın günahı yoxdurmu səncə? Sənədək heç nə arzulamırdım və xoşbəxt idim. Amma andi arzularım yaranıb. Gəl həyatın nə olduğunu birgə anlamağa çalışaq, – onu özünə tərəf çöndərmək, ona sarılmaq istəyirdi.

– Yatdığım “bacım”lamı, yoxsa atamın arvadıyla – analığımlamı anlayacağıq bu murdarlığı..?

– Bilmirəm... Tırlığın tutub yenə... Şəhvət, ehtirasdan başqa heç nə verə bilmərəm sənə, onu da siz öyrətmisiniz, belə tələb etmisiniz məndən. Mən detdomda kədər, göz yaşı deyilən şey görmədim. Burda insanlar həyatdan danışanda mən heç nə anlamırdım. İnsanlar arın-arxayın əllərindəki xoşbəxtliyin dadını çıxarır, sonra da səbrsizliklə növbəti xoşbəxtlik paylarını gözləyirlər. Hərdən fikirləşirəm ki, insanlara qarşı nifrətimdə haqsızam – onara layiq deyiləm, günah özümdədir. Bir bilsən onlar necə rahat yatırlar... Bəs biz nəyi gözləyək? Bircə dəfə də olsun xoşbəxt olduqmu? Mənim gördüyüm xoşbəxtlik detdomda qaldı. Hər gecə məni öpüb sonra yatırdınız. Üstünüzü örtürdüm gecələr, qucağınıza girib isidərdim özümü. Məni təriflədikcə, məndən ləzzət aldıqca özüm öz gözümdə böyüyürdüm.

– Bəs key Mahmud?! Axı sən necə yata bilərsən onunla? Axı bu fahişəliyə oxşuyur...

– Atana nifrət etməsəm sevişə bilməzdim. O bu işdə də fərsiz idi. Bir gün onu atacağımdan qorxurdu. Səni itirmək istəməyən bir insanın olması... – bir yetim üçün bundan dəyərli nə ola bilər? Başa düşürsən? Amma gözümün odunu aldıqca ona alışırdım – sən demə, zora tabe olmaq daxili istəyim imiş, – Nuranə indi acı-acı gülürdü, ürəklənmişdi və ağız-burnunun suyunu yığıb-yığışdıra bilmirdi. Gözünü qarşı divarda bir nöqtəyə zilləyib film kimi keçən xatirələrinə baxır, sanki öz-özünə danışırdı:

– İş ondadır ki, detdomdakı oğlanların hamısını mən yoldan çıxarmışdım. Mənədək hamınız ata-ana yolu gözləyən bədbin, kədərli yetimlər idiniz. Mən sizə ata-ana həsrətini unutdurdum, sizə ana, başınızı qatmağa oyuncaq, həm də bacı oldum. Sizi ləzzətə yoluxdurdum – özüm əziyyət çəksəm də. Yalan danışmağı birlikdə öyrəndik, alışdıq yalana. Hər birinizə təklikdə deyirdim, – “Ən çox səni istiyirəm” və siz də bunu hulğumunuzdan rahatca içəri ötürürdünüz. Bu xoşuma gəlirdi. Bəlkə də şəfqətdən daha çox naz, məhəbbət oyunu oynuyurdum sizinlə. Oyunum sizin də xoşunuza gəlirdi. Əvəzində nazımın əvəzini canınızdan çıxarırdım – hərənizin bir dünyası vardı və o dünyanızda mən əvəzolunmaz, şəriksiz baş qəhrəman idim...

Sizdən balacaydım, amma sizinlə birlikdə böyüyürdüm, hətta sizdən böyük və ağıllı olanda sevinirdim. Qısqanclığınızdan qorxanda ikinizlə birlikdə yatırdım – lap qısqanc övladlarını ovunduran, kiridən analar kimi. Mənim də gəlinciyim sizlər idiniz...

Sizdəki ilk kişilik işartılarını mən göstərdim sizə. Siz kişiləşdikcə mən həyanın nə olduğunu anladım. Həya qısqanclığı doğdu içimdə. Siz də həyalanırdınız, həyanı ləyaqətə çevirirdiniz və məni bacınız kimi sevməyə başlayanda namus barədə düşündünüz. İnsanlıqdan söhbət etməyə başlamışdınız, əqidələriniz formalaşırdı. Ana qarışqa kimi tən ortada qalmışdım. Ədalət icad etdiniz, mənə dair qaydalar qoydunuz, məni bölüşə bilmədiniz, hərəniz məni bir cür istəyirdiniz. Artıq cinayət və hədələr cücərəndə çıxdıq o evdən. Bax onda artıq biz böyük uşaqlar idik. Sonra həyatla mübarizə başladı. Bir az da qalsaydıq bu mübarizəni sizdə dostluq-qardaşlığa çevirəcəkdim. Mən özümə güvənirdim, mən sizdən tez böyümüşdüm və cilovlarınız mənim əlimdəydi. Hardadırlar görəsən, xoşbəxtliyi tapa biliblərmi? Nə qədər pak, məsum uşaqlar idi... Hər qucağımdan durub qaçanda özlərinə təəccüblənirdilər, körpə uşaq kimi sevinirdilər, dəhşətə gəlirdilər... Onlar nəyi itirdiklərini görəsən anlayırlarmı? Yoxsa xoşbəxtliyin mümkünlüyünə hələ də ümid edirlər, bəlkə onlardan kimsə xoşbəxt olub? Birgə keçirdiyimiz o günlərə tən gün olmayacaq gələcəyimizdə, Loğman.

...Bilirəm, yetimxanadakı davranışlarıma görə məni əxlaqsız hesab edirsən, mənə dəli deyirsən ürəyində. Amma mənim seçimimi və fikirlərimi ancaq mənim hisslərimi və ağrılarımı yaşaya bilənlər mühakimə edə bilərlər! Sən qadın kimi, sizi canı qədər sevən Nuranə kimi düşünə bilməzsən. Mən sizə canımı qurban vermişəm, sizin yolunuzda hər şeyə hazır olan bacınız olduğumu sübut etmək istəmişəm. Bu fahişəlik deyil, günah deyil, yetimin olanıdır... Bu günədək elə ölmək istəyirdim... İstəmirdim ki, o illərim nabələd olduğum gələcəyimlə kirlənsin, qorxuram ki, gələcəyim əsl günahlara soxsun, fahişəliyə sürüsün məni. Onsuz da bu yaxınlarda özümü asıb öldürəcəydim. Bax, divardakı kəndiri də bunun üçün hazırlamışam, tavanda asılqan da var... Yaxşı ki gəldin. Bundan sonra yaşamağa dəyər. Özümüzə bu buruqların arasında xoşbəxt dünya yaradarıq. Sən də həqiqəti olduğu kimi qəbul et, boşla kişi-kişi düşünməyi. Bu dünyada yalnız ikimiz varıq, bir də, bu gün-sabahlıq key Mahmud...

Kartof qazanı qaynayırdı – qapağı danqıldıyırdı. – Sən bir hovur otur, mən qaçaraq çörək alıb gəlirəm. Nə yaxşı ki atanın pensiyası varmış, əməllicə əlimdən tutur. Sən də deyirsən belə kişiyə niyə arvad olmusan – irişdi və Loğmanın üzündən bir də öpüb otaqdan çıxdı. Deyəsən qız əmin olmuşdu ki, Loğman onun fikirləriylə razılaşıb, bəlkə də, onun bir müddət tək qalmasını, “həqiqət”i həzm etməsini istəyirdi.

Amma Nuranənin bu qədər soyuq mühakiməsi onun qanını durultmurdu. Bulanıq fikirlərdən beyni uğuldayırdı. Var-gəl edəndə divardan asılmış köhnə kapron kəndiri gördü. Götürdü, sığalladı. Nəmdən kifləmiş kəndirdə çabalayan qara qarğanı aydınca görürdü.

– Çətini ölüncədir. Öləndən sonra əzablar da bitər... – Görəsən neçə dəqiqə çəkər can verməyim? Çox incidirmi?.. Cəhənnəmə incitsin, yetər ki, canım qurtarsın bu murdarlıqdan! – Mahmudun yanından stulu götürüb asılqanın altına qoydu.

Guya çilçıraq asmaq üçün nəzərdə tutulmuş polad asılqan onu götürərdi və qarmağı çöldəydi – İlgəyi keçirmək asan olacaq – indi Mahmudla danışırdı. Mahmudun yorğanı tərpənirdi, – deyəsən duymuşdu olacaqları – yeganə canlı orqanları olan göz və barmaq ucları diricələnmişdi. Kəndirin ucunu doğanaq kimi düydü. Doğanağı boynunda yoxladı, – Yaxşıdır, – ilğəyi düyünlədi. Susadı. Kəndiri arxasınca su krantının yanınacan sürüdü, ağzını kranta dayadı. Vaxt udurdu – su dişindən arxaya getmədən ağzından şarhaşar geri tökülürdü...

– Yox! Başqa cür mümkün deyil, Mahmud kişi. Daha heç nəyin mənası qalmayıb! O məni dinc buraxmayacaq, mən isə başqa cür bacarmayacağam...

İnamla kətilin üstünə çıxdı, ilgəyi asılqana, doğanağı boynuna keçirdi. Kəndiri bir-iki dəfə möhkəm dartıb yoxladı. Kətilin ucuna tərəf gəlib qabağa doğru əyildi, – İndi necəsən, rahat oldun?! – açıq qapıdan key Mahmudun tüklü üzü arasında parıldayan gözünün içinə bağırdı – ipdən ikiəlli yapışdı.

– “Yox, gərək bunu eləmiyəydin...” – bildi ki, belə deyir və belə deyirsə, demək, artıq qocanın içi rahatdır. Bu dəfəki göz yaşının sevinc dadını damağında hiss edirdi, – “Məni namus yükündən təmizlə, onda rahat ölərəm...” – deyirdi qocanın nəmli gözləri.

– Bağışla, bilsəydim ki, arvadın olub, əlimi də vurmazdım... Mən bu lənəti özümlə aparıram. Səni iflic edən də bu qara qarğadır. Dilin açılsa, ayağa qalxsan onu tək qoyma... Hər şeyi Allaha deməyə gedirəm. Bu dünyada mənlik nə ömür var, nə də xoş gələcək, qoy yalnışlığı özü düzəltin.

Kətil ayağının altından çıxıb tappıltıyla döşəməyə aşan kimi boynu qanrıldı, bədəni havadan asılı qaldı, – “Gərək son dəfə siqaret çəkib sonra öləydim”... – key Mahmud ölüvay barmağının ucuyla zəngə güclə çatmışdı ki, zəng cingiltiylə yerə düşdü. Beyni, eşitmə mərkəzinin aldığı bu səsi analiz edəcək halda deyildi artıq. Çabalamağın yeri yox idi, getdiyi yol, dönəcəyi yoldan daha qısa və ağrısız idi. Onu əzabsız bir həyat gözləyirdi irəlidə...

05 fevral 2016

# 1306 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #