Həqiqət minalanmış ərazidir – AD GÜNÜ

Həqiqət minalanmış ərazidir – AD GÜNÜ
28 dekabr 2015
# 10:05

Bu gün tanınmış şair Əlizadə Nurinin doğum günüdür. Kulis bu münasibətlə şairi təbrik edir və onun bir neçə şeirini oxucuların diqqətinə çatdırır.

Kim deyir, yaz olmur bir güldən, gülüm...

Sən gəldin ömrümə bahar gətirdin
Kim deyir yaz olmur bir güllə, Gülüm?
Dünyanın hər yükü ağırdı sənsiz, -
Lap elə yapışım yüngüldən, Gülüm!

Sən qanad vermisən, quş olmuşam mən,
O xoşbəxt quşlara qoşulmuşam mən...
Bir yol kipriyinə tuş olmuşam mən, -
Min dəfə keçmişəm süngüdən, Gülüm...

...Od göndər könlünə sazaq düşmüşə,
Payına tənha bir bucaq düşmüşə...
...Sənin gözlərindən uzaq düşmüşəm, -
Haçan qaytararsan sürgündən, Gülüm?!


Yaz

İldırım öpər dağı,
Qaçar gülün dodağı...
Ağacların budağın,
Yarpaq-yarpaq gəzər yaz.

Gəlib biz tərəflərə,
Çiçək düzər rəflərə.
O qönçə qədəhlərə,
Hərdən yağış süzər yaz.

Bülbül xoş avaz eylər,
Bir güllə təmas eylər.
Məndən iltimas eylər, -
Deyər: “Mənə əsər yaz ”


Minalanmiş sahə

Həqiqət minalanmış
ərazidir,
Həqiqəti demək
minalanmiş sahəyə
girmək qədər
çətindir, oğlum...


Şəcərə

“Haralısan?” - deyirsən, -
Tənha oğlu təkdənəm.
Ulu eşq nəslindənəm,
Söz yaranan kökdənəm.
Əkizik, - bu qəm ilə
Mən eyni bələkdənəm.
Həm dünənəm, həm bu gün,
Həm də gələcəkdənəm...


Ekvivalent

Tanrının bir adı da
Söz,
Sözün bir adı da
Tanrıdır, -
Söz haqqı belədir,
Tanrı haqqı belədir!

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #