Məhəmməd Qaraşov: “Közə dönən ümidlər”-Ən qısa hekayə

Məhəmməd Qaraşov: “Közə dönən ümidlər”-Ən qısa hekayə
18 dekabr 2013
# 13:00

Kulis.az Məhəmməd Qaraşovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Közə dönən ümidlər” (498 işarə) hekayəsini təqdim edir.

Cəlil tezcə evə qaçdı. Yer büsbütün qar idi. Nuranədən məktubuna cavab gəlmişdi. Evə gəldi, kağızı masanın üzərinə atdı və paltosunu asmaq üçün qonşu otağa keçdi.

Geri qayıdanda kağızı qoyduğu yerdə görmədi.

- Ana, stolun üstünə kağız qoymuşdum, hanı?

- Üstündə rəngli yazılar olan? Dedim yararsızdır, onunla sobanı yandırdım.

- Ana, sən neylədin?!

Cəlil cəld soba olan otağa qaçdı. Sobanın önünə gəlib, əlləri ilə başını sıxdı. Kağızın bir hissəsi hələ yanmamışdı və üzərindəki “Cəlil, əlvida” sözləri aydınca oxunurdu. O da yanmağa başladı, amma Cəlilin ürəyi ondan da tez közərdi...

# 2483 dəfə oxunub

Müəllifin son yazıları

# # #