“Alo, mən səni görürəm” – Bazar Oxusu

“Alo, mən səni görürəm” – <span style="color:red;">Bazar Oxusu
7 aprel 2019
# 12:14

Kulis.az “Bazar oxusu” layihəsindən Əlisəmid Kürün “Alo, mən səni görürəm” şeirini təqdim edir.

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içindən
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

# 2509 dəfə oxunub

Müəllifin son yazıları

# # #