Türk serial ssenaristləri tətil edir

Türk serial ssenaristləri tətil edir
3 aprel 2017
# 12:39

Türkiyənin serial ssenaristləri tətil edirlər. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə 97 aktiv ssenarist “Yerli serial, yersiz uzun” şüarıyla 60 dəqiqədən uzun serial yazmayacağını bəyan edib.

Ssenaristlər bəyanatda bildiriblər ki, 120-150 dəqiqlik ssenarilər yazmaq istəmirlər: “Dünyanın heç bir yerində seriallar bu qədər uzun olmur. Təkcə Türkiyədə belədir. Serialın uzun olması onun yazılmasını çətinləşdirməklə yanaşı baxılmasını da çətinləşdirir”.

Onlar bildiriblər ki, yazdıqları seriallar xarici ölkələrə satılırkən üç hissəyə bölünür. Serialların belə uzun çəkilməsi onların keyfiyyətinə də təsir göstərir. Nəticədə ssenaristlər uzun baxışlardan, tempsiz səhnələrdən, fləşbəklərdən istifadə etməyə məcbur olurlar. Beləliklə kino dilindən uzaq, gündəlik həyat ritmində axan ssenarilər ortaya çıxır.

140 dəqiqəlik seriallar çəkmək ssenaristləri yormaqla yanaşı, onların tezliklə “sıradan çıxmasına” da yol açır.

Bəyanata imza atan ssenaristlər bundan sonra 60 dəqiqədən uzun olmayan ssenarilər yazacaqlarını bildiriblər. Onlar serial və kanlal rəhbərlərinə də tətilə qoşulmağı, reklam büdcələrini buna uyğun formalaşdırmağı təklif ediblər.

Bəyanatın sonunda bildirilib: “Türkiyə serial sektorunun intiharına mane olmaq üçün bu qərar və fəaliyyətimizin dəstəklənməsini bütün aktyor, çəkiliş heyəti, rejissor yoldaşlarımız və prodüserlərimizdən rica edirik.”

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

# # #