Nişanlısı biləndə ki, əsgərlikdə başına nələr gəlib...

Nişanlısı biləndə ki, əsgərlikdə başına nələr gəlib...
7 oktyabr 2013
# 12:01

Kulis.Az rejissor Cavid Təvəkkülün hekayəsini təqdim edir.

Onlar öz kəndlərindən əlavə rayon mərkəzində, bütün məmləkətdə hətta məmləkət hüdudlarından kənarda da tanındılar. Dildən dilə düşdülər, nağıllar, əfsanələr qoşdular adlarına. Gənclər onların əhvalatlarını eşidəndən sonra bir neçə müddət bu hekayənin təsirdən çıxa bilmirlər. Müxtəlif millətlərdə, müxtəlif dillərdə nəql olunur bu əhvalat. Hər dəfə də ürəkləri fəth edir bu sevgi hekayəsi, daş ürəkləri əridə bilir, laqeyd insanların qəlbində iz buraxır.

Erik Satinin “Gnossienne N3” əsəri qulaqlarımda səslənir hər dəfə bu əhvalat yadıma düşəndə. Mənə bu olmuş hekayəti bir jurnalist dostum danışıb və o vaxtdan bu əhvalat çıxmır yaddaşımdan. Film belə çəkmək istəyirəm bu əhvalatla, öz yozumumda, ssenari də yazmışam. Aktyorlarım da var, amma...

Erik Sati – “Gymnopedie N1”. Fon musiqisi.

Bütün kənd onların sevgisindən danışırdı. Bütün kənd onların toyunu gözləyirdi. Kənddə toy olanda bu nişanlı iki gəncin rəqsiylə toy bağlanardı. Sevirdilər bir-birlərini, bu müasir zamanda, maddiyatın hər sahədə, hər qəlbdə kök atdığı bir dövrdə mənəvi təmizliklə, ürəklərindəki, saf məhəbbətlə sevirdilər bir-birlərlərini. Hamı qibtə edirdi bu iki gəncə, hamı örnək sayırdı özünə bu sevgini, bu aşiqliyi.

Kasıbçılıq bir yana qalsın, zəmanə də onlara qarşı idi. Siz təsəvvür etmədiyinizdən də gənc idilər, amma bir birlərinə olan sevgiləri yüz illərin sevgisinə bərabər idi.

Oğlanın hərbi xidmətdən gəlməyini gözləyirdilər. Qız günləri sayırdı, gecələr xəyal qururdu. Evdəkilər hamı hazır idi toya.

Oğlan əsgərlikdən gəldi. Bir müddət evdən çölə çıxmadı, heç kimlə dialoqa girmədi. Ata-anası ona nə olduğunu anlaya bilmirdilər. Gələn gündən bəri hər gün meşəyə oduna gedərdi, axşama kimi də meşədə tək tənha oturub nə haqdasa fikirləşərdi.

Qız onun hərbi xidmətdən qayıtdığını özündən yox kəndin qızlarından eşitdi. Elə eşidən gündən halı dəyişdi, axı qızlar onun bir həftədir qayıtdığını demişdilər. Qız çox götür-qoy etdi, amma bir şey anlamadı. Axı niyə Oğlan ondan qaçırdı? Bir həftədir gəlib, amma xəbər eləmir, niyə? Əcəba sevgi bitdimi? Bu 18 ay çoxmu dəyişdi onu? Qız suallar qarşısında aciz qalmışdı. Qız oğlana qonşu uşağıyla bir neçə ismarıc göndərəndə oğlanın gəlməməyi vəziyyəti daha da gərginləşdirdi. Qız yenə gecələr yata bilmədi, yenə gündüzləri düşüncələrdə keçirdi. Burda nə isə mən bilməyən bir şey var deyə düşündü və qərara gəldi ki, özü hər şeyi həll etsin.

Oğlan hər gün olduğu kimi səhər saat səkkizdə evdən çıxıb meşəyə getdi. Yol boyu fikirləşirdi, necə edəcəyini düşünürdü, bundan sonra necə yaşayacağını təsəvvür belə eləmirdi. Nişanlısından nə vaxta kimi qaçacaqdı? Nə vaxta kimi insanlardan gizlənəcəkdi?

Məşədə quşların ciggildəmələrindən, uzaqdan eşidilən çaqqal və it hürüşmələrinin fonunda ağcaqayın, küknar, çinar, qovaq ağaclarının pıçıltıları oğlanı daha da depresiv edirdi.

Payız. Zalım payız. Tənha payız.

Odun da yığa bilmirdi, qoca kötüyün üstündə oturub siqaret çəkirdi. Qocalmışdı. Beli bükülmüşdü. Siqareti ağsaqqallar kimi çəkirdi .Yaşlı kişilər kimi öz-özüylə danışırdı.

Qızsa bu iki həftənin əsəbinə, fikirinə, qayğısına baxmayaraq yenə gözəl və şux idi. Qız necə onu izləmişdisə oğlan heç xəbər tutmamışdı. Şübhələnməmişdi də.

Qız bir müddət qoca çinar ağacının arxasında gizlənib oğlanın nə ilə məşğul olduğunu izlədi, amma səbri çatmadı, ona yaxınlaşdı, çünki nişanlısı siqareti bir-birinə calamaqdan başqa heç bir iş görmürdü.

Oğlan başını qaldırıb nişanlısını gördü. Ayağa qalxdı. Nə edəcəyini bilmədi. Getsinmi, qalsınmı? Baxışlarını qarşısında məğrur dayanmış qızdan qaçırdı. İkisi də susurdu. Qız oğlandan fərqli olaraq onun gözlərinin içinə baxırdı, səbəb axtarırdı. Səbəbisə tək oğlan bilirdi.

Sükut. Meşə də susmuşdu, heç pıçıldamırdı da.

Birdən oğlan onu dəlicəsinə qucaqladı. Öpməyə başladı. Saçlarını, gözlərini, burnunu, qulaqlarını. Dodaqlarından başqa hər yerini. Ayaqlarına yıxıldı qızın. Ağlayırdı. Nə isə aydın olmayan sözlər deyirdi, yalvarırdı. Qız məğrur dayanmışdı, nə baş verdiyini başa düşməyə çalışırdı. Qız oğlanı ayağa qaldırıb onu bərk-bərk qucaqladı və elə bu an onun da gözlərindən bir damcı yaş çıxdı.

İndi hər şey aydın idi. Oğlan qıza hər şeyi danışdı.

İndi qoca kötüyün üstündə ikisi oturmuşdu. İkisi də susurdu. Arxaları bir-birlərinə oturub fikirləşirdilər. Çarə. Çarə vardımı?

Payız. Zalım payız. Gözü yaşlı payız.

Jacques Loussier Trio ifasında - Erik Satinin - Gnossienne N1

Bir neçə gün görüşmədilər. Qərar anı idi, qərar verməliydilər gələcəkləri haqda. Oğlan bu haqda heç düşünmürdü. Qıza bu qərar və düşüncələr lazım idi. Nəhayət yuxusuz gecələrin birində qız qərar çıxardı.

Bu qərara görə onlar kənddən bir həftəliyə çıxmalıydılar və ətrafda olan bütün pirləri, ziyarətgahları ziyarət etməliydilər. Qız oğlanı inandırdı ki, şəfa bundadır. İnandırmaqdan da əlavə axı başqa bir yol yox idi. Oğlan bu qərara iki əlli razılıq verdi. Və onlar günlərin bir gün alatoranlıqda bir-birlərinə qoşulub qaçdılar.

Şəhərdə bir otaqlı ev tutdular. Yeddi gün boyu hər səhər tezdən yuxudan qalxıb müxtəlif pirlərə, səcdəgahlara, ziyarətgahlara getdilər. Hər səhər yeni bir ümid. Axşamsa islanmış yastıqlar. Siqaret kötüyüylə dolmuş kül qabı.

Hər səhər başqa bir pir, başqa bir ocaq. Hər yeni açılan səhər qaranlıq bir gecəylə sonuclanır. Onlar hər ziyarətgahda bir ayin həyata keçirirlər, müxtəlif dualar oxuyurlar, rituallar edirlər, axşamın nəticəsi haqda yalvarırdılar yaradana ziyarətgah vasitəsiylə. Bu bir həftədə onlar ətrafdakı yeddi ziyarətgahın yeddisini də gəzdilər. Yalvardılar, ağladılar, sevinc və ümiddən güldükləri də oldu.

Hər dəfə avtobusda ya taksidə gördükləri insanlara həsrətlə baxırdılar. Qibtəylə az yaşlı uşaqların gülüşlərinə tamaşa edirdilər. Üzləri gülmürdü bu iki nişanlı gəncin. Qaşları çatılmış, əlacsız yol yoldaşları idilər bir-birlərinə, çarəsizlər. Heç kəlmə də kəsmirdilər bir-biriləriylə.

Bu gün nəzərdə tutduqları pirlərin sonuncusunu ziyarət etdilər, yalvardılar və kirayə tutduqları evə axşam qayıtdılar.

Gecə düşmüşdü.

Hər ikisi lüt, çarpayının önündə qarşı-qarşıya dayanmışdılar. Seks alınmırdı. Bütün yalvarışlara, dualara, səcdələrə, göz yaşlarına rəğmən seks alınmırdı. Oğlan hərbi xidmətdə necə döyülmüşdüsə kişilikdən düşmüşdü. Bu yeddi gündə səhər yalvarışlarından sonra iki sevgilinin gecə vüsalı heç cür alınmırdı. Bu seks deyildi, bu başqa bir şey idi. Bu həyatın bitdiyi demək idi hər iki gəncə. Düşünürdülər ki, həkimə getmək olmaz, ilahi kömək edər. Həm də həkimə getmək böyük həriflərlə ayıbdı.

İkisi də lüt, anadangəlmə taxta çarpayıya söykənib çöməldilər. Fədakar qadın, axtalanmış kişi. Susurdular. Gözlərindən çıxan yaşı özləri və yalvardıqları yaradan görürdü. Allah onları görmürdü. Ümumiyyətlə, onları görən yox idi.

Səhəri gün rayon mərkəzindən bir maşın kirayələdilər. Maşını “gəlin maşını” kimi süni çiçəklərlə, rəngli lentlərlə və gəlin-bəy kuklasıyla bəzəyib kəndlərinə yola düşdülər. Kəndin içindən oyun havalarına maqnitofondan güclü səs verərək o baş bu başa sürdülər maşını. Oğlanla Qız xoşbəxt idilər. Qıza kirayələdiyi gəlinlik paltarı çox yaraşırdı. Oğlan da təzə aldığı bəylik kostyumunu ilk dəfə idi geyinirdi. Allah şahid idi ki, onlara bəylə gəlin olmaq çox yaraşırdı. Gözəl görünürdülər. Maşının pəncərələrini açmışdılar.

Gülüşləri musiqidən də çox eşidilirdi. Onları görənlərin hamısına əl edirdilər, salam verirdilər. İnsanlar çaşbaş qalmışdı. Axı kənd camaatına toy dəvətnamələri paylanmamışdı. Oğlangilin qapısında toy mağarı qurulmamışdı.

Kəndi bir neçə dövrə vurduqdan sonra maşını oğlanın sevdiyi meşəyə sürdürdülər. Meşədə sürücünü buraxdılar. Süfrə açdılar. Toy süfrəsi. Yedilər içdilər. Uzun müddət öpüşdülər. Bir-birlərini yaladılar. Bir-birlərindən ayrılmaq istəmədilər. Göz yaşları öpüşlərinə qarışdı. And içdilər yenidən, əhd-peman qıldılar ki, bir daha bir birlərindən ayrılmayacaqlar. Sevindilər ağlamaqlarına, bir yerdə olmaqlarına. Allah, sən özün gördün ki, onlar necə xoşbəxt idilər.

Payız. Zalım payız. Lüt payız.

Səhəri gün kəndə xəbər yayıldı ki, qızla oğlan meşədə özlərini asıblar. Adamlar buna inanmadılar. Getdilər və öz gözləriylə gördülər. İkisi də boğazlarında qalın kəndir havada salanaraq, üzlərində təbəssüm bir-birlərinə baxırdılar. Əhd-peyman bu imiş.

Siz təsəvvür etmədiyinizdən də gənc idilər.

P.S. Əhvalatı bir az bədiiləşdirdiyimə görə mərhumların ruhlarından və yaxınlarından üzr istəyirəm.

# 8322 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #