Əylislini Nobelə təqdim edənlər kimdir? - ARAŞDIRMA

Əylislini Nobelə təqdim edənlər kimdir? - ARAŞDIRMA
12 mart 2014
# 17:43

Xəbər verdiyimiz kimi, dünyanın bir sıra ictimai xadimləri yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel Sülh Mükafatına namizəd göstərib. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə.Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır.

Kulis.Az Ə.Əylisnin namizədliyinə imza atan şəxslər barədə qısa məlumatları təqdim edir.

Abaşin Sergey Nikolayeviç – Tarix elmləri doktoru, Sankt-Peterburq Avropa Universitetinin antropologiya fakültəsinin professoru.

Araşdırma sahəsi: miqrasiyanın antropologiyası, millətçilik və etnik indentiklik, islam, postkolonial araşdırmalar və imperiyanın öyrənilməsi, Orta Asiya.

Bioqrafiya: 1987-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. SSRİ Elmlər Akademiyası etnoqrafiya İnstitutunda aspiranturaya daxil olub və Orta Asiya üzrə ixtisaslaşıb. Özbəkistan, Tacikistan və Qırğızıstanda aktiv şəkildə araşdırmalar aparıb. 2009-cu ildə xarici əməkdaş kimi Yaponiyanın Hokkaydo Universitetində çalışıb. 150 dən çox elmi işin, monoqrafiyaların müəllifidir.

Bitov Andrey Qeorqeviç - Sovet və rus yazıçısı. 1937-ci ildə ovaxtkı Leninqrad şəhərində anadan olub. Onun “Puşkin evi” Sovetlərdə ilk postmodernist əsər hesab olunur. “Puşkin evi” əsərinin ABŞ-da nəşrindən sonra 1986-cı ilə qədər SSRİ-də çapına qadağa qoyulub.

1967-69-cu illərdə yazdığı “Ermənistan dərsləri” əsərində genosid sözünü işlədən ilk rus yazıçılarındandır.

1988-ci ildə rus PEN-klubunun yaradılmasında iştirak edib. 1991-ci ildən isə oranın prezidentidir.

1993-cü ildə Fransanın “İncəsənətdə və ədəbiyyatda xidmətlərinə görə” mükafatını alıb.

1997-ci ildən İrəvan Dövlət Universitetinin fəxri professoru və İrəvan şəhərinin fəxri vətəndaşıdır.

Kreyq Kalhun - 1952-ci ildə anadan olub. ABŞ sosioloqudur. 2012-ci ildən London İqtisadi və Siyasi Elmlər məktəbinin direktorudur. 1999-2012-ci illərdə Beynəlxalq Sosial Elmlər Araşdırmalar Mərkəzinin rəhbəri olub.

Kalhunun həyat yoldaşı Pamela De Largy Birləşmiş Millətlər Demoqrafiya Təşkilatının Sudan bölməsinin nümayəndəsidir.

Aleksandr Dobroxotov - Rus filosof, kulturolouq, 1950-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub. Moskva İqtisad Məktəbinin professorudur. Dünyada müasir kulturologiyanın əsaslarını qoyan alim kimi tanınır.

Həsən Hüseynov - Filologiya elmləri doktoru. Yazıçı Çingiz Hüseynovun oğlu. 1953-cü ildə Bakıda anadan olub. Klassik filologiya və mədəniyyət tarixi, müasir tarix və ədəbiyyat haqqında bir neçə kitab, məqalələr müəllifidir. Moskva Dövlət Universiteti, Moskva Ali İqtisad Məktəbi, Bazel (İsveçrə) Universitetinin əməkdaşdır.

Kevan Harris - ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşıdır. İnqilabdan sonrakı İran dövləti və cəmiyyəti haqqında əsərlərin müəllifidir.

Xestanov Ruslan Zaurbekoviç - Filosof, jurnalist, Ali İqtisad Məktəbinin professorudur. 1963-cü ildə Vladiqafqazda anadan olub. Doktorluq dissertasiyasını 2001-ci ildə İsveçrənin Friburs universitetində müdafiə edib.

Mixail Mayatski - Fəlsəfə doktoru, kulturologiya professoru, Moskva Ali İqtisad Məktəbi, İsveçrə Friburq Universitetinin əməkdaşıdır.


1960-cı ildə Stavropol şəhərində anadan olub. Rostov Dövlət Universitetində təhsil alıb. Hal-hazırda Parisdə yaşayır. “İkincisi”, “Platon - vizuallıq mütəfəkkiri” (fransızca) və başqa əsərlərin müəllifidir.

Malaxov Vladimir Sergeyeviç - 1958-ci ildə anadan olub. Sosial tədqiqatlar professoru, Rusiya Təsərrüfat və Dövlət Xidməti Akademiyasının prezidentidir.


1987-ci ildə fəlsəfə elmləri namizədi, 2007-ci ildə siyasi elmlər doktoru dərəcələrini alıb. Araşdırma sahələri nasionalizm, multikulturalizmdir.

Teodor Şanin - Britaniya tarixçisi, Mançestr Universitetinin sosiologiya professoru, Moskva Ali Sosial və İqtisad elmləri məktəbinin prezidentidir. 1930-cu ildə Polşada anadan olub. 2002-ci ildə Britaniya İmperiyası ordeni ilə təltif olunub.


T.Şaninin iqtisadiyyat, Rusiya inqilabı və Afrikanın inkişaf ilə bağlı tədqiqatlar aparır.

Emmanuel Vallerşteyn - 1930-cu ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında anadan olub. Sosioloqdur, dünya - sistemli analizinin yaradıcısı hesab olunur. Kapitalizmlə bağlı çox sayda elmi araşdırmanın müəllifidir. Sol ictimai fikrin nümayəndələrindən hesab olunur.

Georgi Derluqyan - İlk təhsilini Afrika dilləri və tarixi üzrə Moskva Dövlət Universitetində alıb. 1990-cı ildən sonra G.Derluqyan keçmiş Sovet İttifaqında etnik münaqişələrlə bağlı araşdırmalar aparıb və Sovet İttifaqının dağılması ilə bağlı “Bordonun gizli pərəstişkarı Qafqaz” adlı monoqrafiyası çap olunub.


G.Derluqyan Northwestern Universitetində Sosiologiya və Beynəlxalq Araşdırmalar üzrə dosent olub. G.Derluqyan Fransada Bordo Universitetinin, eləcə də Estoniyada Tallin Texnologiya Universitetinin və Ukraynada Kiyev Dövlət Universitetinin professorudur.

G. Derluqyan hazırda müasir ərəb cəmiyyətlərinin tədqiqi ilə məşğul olur.

# 4344 dəfə oxunub

Müəllifin son yazıları

# # #