Xalq Yazıçısı: “Suyu yalnız yuxuda görə bilərdik”

Xalq Yazıçısı: “Suyu yalnız yuxuda görə bilərdik”
25 fevral 2014
# 11:17

Bu gün Novruzun dörd çərşənbəsindən ilki - Su çərşənbəsidir.

Kulis.az Xalq Yazıçısı Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısından “Su çərşənbəsi” hissəsini təqdim edir.

Su, Torpaq, Od, Hava...

Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım dörd ünsürdən ibarətdir. Yəni, mən bu fikirdəyəm ki, su da tərkibcə həmin ardıcıllıqla özündən-yəni sudan, sonra torpaqdan, oddan, havadan başqa bir şey deyil. Eləcə də torpaq; sudan, özündən, oddan və havadan doğulub. Sözümün canı yaxşı anlaşılsın deyə, yazıya belə başlamağı lazım bildim. Ona görə ki, Novruz (İl-Ay) bayramının bu ilki çərşənbə axşamlarını da düzgün keçirtmədik; su çərşənbəsindən sonra yalnış olaraq od çərşənbəsini qarşıladıq. Gəlin düşünək, sudan sonra od gələrmi heç?! Belə bir şey mümkün olsaydı, yəni sudan sonra od gəlsəydi yer üzündə canlı qalmazdı. Yəni yer üzünün özü də olmazdı...

Düşündüklərimə görə kosmik aləmdə həyat işartısı ona görə yoxdu ki, dediyim ardıcıllıq orda bu sırayla gəlmir. Ola bilsin ki, hava birinci sıradadır, “Yalnış da bir naxışdır” deyək... Kosmik aləmdə xaosun- qarışıqlığın yaşanması da ona görədir. Başlığa çıxartdığım dörd ünsürün su, torpaq, od, hava ardıcıllığının bu düzəni orda yoxdur. Bu səbəbdən də kosmik aləmi xaos-qarışıqlıq adlandırırıq; baxmayaraq, kosmik aləmdə də düzən-sahman var, orda da hərəkət “zərgər dəqiqliyiylədir”... təbii olaraq bu “qarışıqlıqda” da ilk öncə su axtarırıq. Niyə ? Çünki su varsa torpaq da olmalıdır...torpaq varsa od mütləq var və havasız bunların heç birinin olmağı mümkün deyil... Beləliklə, bu dörd ünsürü, yalnız bu ardıcıllıqla, canlı aləmin kodu, açarı, yaşayış-yaşam daşıyıcısı hesab etməliyik. Kosmik aləmdə indiki halında ola bilsin, hava birinci sıradadır. Ola bilsin su da var, amma öz yerində, sırasında deyil. Çox mümkündür ki, havadan yaxud sudan sonra od gəldiyi üçün hər şey yanıb kül olur, torpağın nişanəsi olaraq burulğan halında toz var, su bulud şəkilindədir. Ona görə də tanıdığımız planetlərdə həyat əlaməti yoxdur. Bir sözlə, başlığa çıxartdığım ardıcıllıq pozulan yerdə həyatın, canlı aləmin olması mümkün deyil, fikrindəyəm. İnsanın özü də dörd ünsürün bu ardıcıllığından ibarətdir. Əgər insanda da, bizim Novruz bayramında çərşənbə axşamlarını, sudan sonra od çərşənbəsini qeyd etdiyimiz kimi, birinci su, sonra od gələrsə düşünürəm ki, fəlakət olar.

Əlbəttə, hər birinə hörmətim olsa da deyə bilərəm ki, yanlışlıq bizim bəzi elm adamlarından, etnoqraflarımızdan, folklorçularımızdan, tarixçilərimizdən gəlir: “Qurani- Kərim”də də deyilir: sudan torpaq, gil götürdüm, yoğurdum, yapdım, odda bişirdim, üfürüb ruh verdim, gözlərini açdı. Indi bu gedişə-prosesə kiçicik bir dəyişiklik etsək nəyinsə alınacağına ümid etmək mümkündürmü? Bu da gerçəkdir ki, bu bayramla bağlı çox tarixi ağrılar-acılar çəkmişik, qadağalar-yasaqlar yaşamışıq...

Düşünək, bu yasaqlar-qadağalar nəyə görəydi? Sovetlər Birliyinin dinsizlik dönəmində belə, sonacan din yığışdırılmadı, amma Novruz bayramı elə yığışdırıldı ki, yaddaşımızda bu cür kosmik xaos-qarışıqlıq yarandı... Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki, bizim varlığımızı qəbul etmək istəməyənlər Novruz bayramının dahiyanə gerçəkliyini bizdən yaxşı bilirdilər. Bilirdilər ki, harda daha güclü olarıq, bizim gücümüz harda daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün bir başa varlığımıza bağlı olan Novruz bayramını sıradan çıxartmaq, daha doğrusu, bununla da bizim özümüzü sıradan çıxartmaq istəyirdilər.

Hər halda biz öz doğma dilimizdə İlin-Ayın axır (son) bayramı, qısaca olaraq İl-Ay bayramı dediyimiz Novruz bayramını ürəklərimizdə, evimizdə-köşəmizdə gizlədə-gizlədə də olsa yaşatdıq. Çox Şükür! Eli var olsun! Xalqı çox yaşasın! Beləliklə...

Su çərşənbəsi...

Su çərşənbəsində deyərlər: “su damar gətirdi”, “su haqdan gəlir”. İslam dinini qəbul edəndən sonra onu da dedi ki, bu günün suyu “zəmzəm suyudu”. İnamını dəyişmədi, ifadəsini dəyişdi. İlin-ayın sonu olduğunu bilirdi... Bütün zamanlarda Son, daha doğrusu, qurtaracaqlar özündə həm də başlanğıcları yaşadır. Xalq bilirdi ki, hər şeyin yenidən doğulan, başlanğıc çağıdır: “Su ilkdi,-dedi- hər şeyi suya çəkin”. Hər şey suya, başlanğıca çəkildi, yuyulub yaxandı. Qocalar, yaşlılar dirçəlib canlandılar, soyuq suya girə bilməsələr də “çilək altdan” keçdilər, yəni üstlərinə başlarına su çilədilər. Qundaqda olanların qundağına su çiləndi. Hansı qundaq çilək altda gülümsədisə : “ Suyun əli dəydi uşağa, su uşağa toxundu” dedilər, sevindilər, güldülər. Qapı-bacalar süpürülüb sulandı. Bacalar təmizləndi, pəncərələr silindi. El diliylə desək: “Evlərin içi eşiyə töküldü”. “Olanlar olmalıdır yenə, amma olanların-qalanların ağırlığını-yağırlığını yuyun”, dedilər. Belə də deyim var: “Suyu çıxacaqdan qoy (axıt), odu girəcəkdən (qala)”. Yəni, pis niyyətlə yurda ayaq basan olursa Od yusun, pis niyyətlə çıxan varsa su yusun...

Yalnız su çərşənbəsində işlənən belə bir deyim də var: “Suyun bu gün qapısı açıqdı, məni yu, deməsən də yuyacaq”.

Yadımdadı, nənəm deyərdi ki, sudan izin almasan su səni yumaz. Deyərdi, su duaların getdiyi yerə axır. De, ey su, məni yu. Su səni yuyub ruhuna damacaq, təmizlik, sərinlik, sağlamlıq gətirəcək. Hər şeyin doğrudan da yenidən doğulduğunu bilirdilər, dedilər,: “Su açıqdı, sən də açıq ol, qapanıb basaratını bağlama.” (“Basarat” sözü burda qapı- yurd- ərazi mənasındadır.

Gəncəbasar, Basarkeçər yer adları da bu mənada yaranıb). İl də yenidən doğulur, başlanğıcda pis söz danışma, könülə dəymə, “göz namərddi, əl comərd”, əlini boş saxlama, həmişə bir işin qulpundan yapış, çünki əl boş olanda küyə gedər, ayaq boş olanda iyə gedər. Bil ki, hər şeyin, daha doğrusu, hərəkətdə olan hər nə varsa hamısının başlanğıcı, yəni ilk addımı, ikinci addımı, ortası və sonu var...”

Demək istədiyim odur ki, elə bu gündən, İlin-Ayın son günündən sabahını sahmana sal, nə eləyəcəyini bil, birinci addımı atmamış ikincini düşün. Bunu özün daha yaxşı demisən: “Çay gəlməmiş çırmanma”, “Son sözünü üzə demə”... Bil ki, Yeni ilin gəlməsi hər şeyin yeniləşməsi, yenidən qurulması, yalanın, yanlışın, səhvin doğrulması deməkdir. Biz də səhvimizi doğruldaq, bilək və düşünək ki, yerini səhv salsaq da keçirtdiyimiz bu bayram çərşənbələri yalnız çalıb-oynamaq üçün yox, həm də düşünmək üçündür: işlədiyimiz günahları səmimi qəlbdən anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf etməyi bacaraq ki, il boyu dinc, rahat yaşaya bilək. Belə olmasaydı bu byramımız, indi baş-ayaq da olsa keçirtdiyimiz, hətta bəzi telekanallarımızda ələ salıb, düşmənin belə etmədiyi tərzdə sataşdığımız bu çərşənbə axşamları istilalara, qadağalara, yasaqlara dözüb minilliklərlə içimizdə- çölümüzdə yaşamazdı. Hər şeydən öncə ona görədir ki, İlin- Ayın son gecəsində baş verən bu böyük Doğuş-Yaranış bayramı daha çox elmi əsaslara söykənən, yaşadığımız fəsillərin-mövsümlərin gəlib getməyi kimi, gecənin –gündüzün açılmağı kimi var olan, öz dəqiqliyi, düzəni-sahmanıyla yaşayan, yerindən tərpənmədiyi üçün minillik ərəb əlyazmalarının “topal bayram” dediyi bir təbii proses, Varlığın bir doğal gedişatıdır.

İl-Ay gecələrinin, yəni ilin –ayın son çərşənbələrinin, bütövlükdə Novruz bayramının dərk edilən elmi əsaslarıyla yanaşı anlaşılmaz, sirli, daha çox yuxulara yaxın məqamları, anları da çoxdur. Dediyim kimi yarandığı gündən dini-siyasi istilalara, qadağalara, yasaqlara baxmadan bu bayramı qeyd edən Xalq bu məqamları, sirləri dərindən anlamasa da bilir; nağıla, yuxuya bənzəsə də bilir ki, bu ərəfədə hərəkətdə-yaşamaqda olan hər şeydə talelərimiz haqda qeydə rast gəlmək mümkündür; bilir ki, “qapı pusmağa” gələn də ona görə o qapıya gəlir ki, o qapıda onun haqqında söz var, hər an rastına çıxa bilər. “Tanrı rastına çıxartsın” ifadəsi demək istədiyim fikri daha yaxşı anladır. İnanır ki, “su çərşənbəsi”ndə axar sular damar gətirir, yəni daha da canlanır, duaların olduğu yerə can atır. Bir qab su bəlkə də başına yığışıb qaba üzük atan, iynə atan qızların duyğularına çevrilir. Bəlkə də...bu hər halda bizlik deyil, müasir dünya elminin də əlinin çatmadığı yerdi. Amma gerçəklərlə doludu. Minlərlə insandan soruş, doğru olduğunu söyləyəcək...

***

Kəndimiz irili-xırdalı dağ çaylarının arasında “dəvə beli” iki dağın üstündə yerləşirdi. Bütün qeydlərimdə o kənddə gördüklərimə, yaşadıqlarıma əsaslanıram...Su çərşənbəsində “o başdan”, yəni dan sökülməmişdən demək olar ki, böyüklü-kiçikli hamını su üstündə görmək olardı. Hamı alaqaranlıqda çığırışa-çığırışa yuyunub-yaxanmaqda olardı. Hər bayram ərəfəsində çay yanı, yəni suya yaxın torpaqda “Dəlmə keçid” deyilən keçid düzəldərdilər, hər ev həyətinə gedən yolun girəcəyində öz od-tonqalını qalayardı, suda yuyunub, ağırlanıb-uğurlananlar: “Sudan keçdim, ağırlandım-uğurlandım, anam torpaq, sənnən də keçirəm, sən də ağırlığımı-yağırlığımı al, ağırla-uğurla məni!” deyib həmin “dəlmə keçid”dən, deşmədən keçərdilər, keçib də hərə öz tonqalına tərəf qaçardı, tonqalın üstündən atdanıb özünü oda verərdi. İstər qar olsun, istər yağış olsun, mənim təmsil olunduğum nəsil ilin-ayın son (axır) bayramını belə keçirən görmüşük, belə keçirmişik...

Bir çox elm adamları fikrini, su çərşənbəsindən sonra od çərşənbəsinin gəldiyini sübut etmək üçün ustad aşıq Ələsgərin məşhur şeirindən misal çəkir: “abı, atəş, xaki, bad”... Gəlin, ustad Ələsgəri, özü demiş, “qannı tutmayaq”, bədahətən deyilən şeirin düzəni-sahmanı bunu tələb edib. Hecanın, bölgünün, vəznin pozulmaması üçün belə lazım olub. Özü də farsca, heç nəyə də əsaslanmadan deyilib... Belə olmasaydı, dava-dalaş salan adamlara, ailələrə deyilən “biriniz od olanda, biriniz su olun” kimi ifadələr yaranmazdı.

***

Yeddi-səkkiz yaşımız vardı. İlin-Ayın son çərşənbə gecəsində bizim evə yığışdıq, analarımız bizə “duzlu kömbə” yedirtdi. Kömbənin, dedilər, duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa o qədər də duz tökdük, analarımız demiş, kömbə oldu duzbora. Yəni hədən artıq duzlu. Biz gözlərimiz yaşara-yaşara duzlu kömbəni axıracan yeyib yatdıq... Su istəsəydik də içə bilməzdik. Otaqdan su yığışdırılmışdı... Suyu yalnız yuxuda görə bilərdik. Mən doğrudan da suyu yuxuda gördüm. Həyətimizdə iri söyüd ağacları vardı, ağacların arasından bulaq qaynayırdı. Gördüm, bir qız həmin bulaqdan su doldurub mənə sarı gəldi. Suyu öz bulağımızdan doldursa da niyəsə uzaqdan gəlməyə başladı. Mən gözləyirdim, bilirdim ki , mənə su gətirəcək, gətirdi, suyu mənə uzadıb gülümsədi. Şəvə kimi qara saçları, yoğun, tək hörüyü vardı, arxaya atmışdı, gümüşü rəngdə saç bağıyla da bağlamışdı. Gözümü açanda başımın üstündə anamı gördüm: -Su içdinmi yuxuda? -hə,-dedim,- Bir qız qarşı dağdan enib mənə su gətirdi.

Özüm də dikəlib pəncərədən qonşu kəndin yoluna baxdım. Anam gülüb: -Boy,- dedi,- uzaqdan evlənəcəksən.

Elə də oldu, iyirmi ildən sonra Bakı Dövlət Universitetinə sənədlərimi verəndə qızı tanıdım, növbəyə durmuşduq, yuxuda gördüyüm gümüşü rəngdə saç bağı da hörüyündə, iyirmi ildən sonra öz növbəsini yox, məni gözləyirdi...

***

Orta məktəbi qonşu kənddə bitirmişik, o vaxtlar məktəbin yataqxanası olmadığı üçün məktəbin özü bizə kənd evlərindən otaq kirələmişdi. Biz ağır daşlardan “ştanq” düzəltmişdik, elə torpaq döşəməli evin içində vaxt tapan kimi daş qaldırırdıq...Hansı çərşənbə axşamıydısa ev yiyəsi dedi: -Bala, daşı evdə saxlamayın, ağırlıqdı, il boyu ağırlığınnan çıxa bilmərik, üstümüzdə qalar, atın bayıra...

Daşı bayıra daşıdıq, qaranlıq çökmüşdü. Qızlar, qadınlar qulaq falına çıxıblarmış. Mən qucağımda qara daş qapını açdım, qapımızı pusmağa gəlmiş qonşu qızla üz-üzə çıxdım...Aradan əlli il keçib o gözəl yaraşıqlı qızın daşa dönmüş üzünü hələ də unuda bilmirəm. Ağlaya-ağlaya dediyi sözlər də qulaqlarımdan getmir: -Bəxtimə gəlmişdim, üzümə daş çıxdı...

***

Ola bilsin, çox şeylər təsadüflərə bağlıdır, çox ola bilər, amma xalq yaratdıqlarını yaşadır, yaşadıqlarını da təsadüfi hesab etmir...Bu məqamları, sirləri yaşamağa can atması da ona görədi. Xalqın bu sirlər haqda düşündüklərini bir-iki kəlməylə belə ifadə edə bilərəm: “bizlik olmayan yerin elmi...”

# 1935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #