Billurə Aslanova: “Özgə şirinlik” - Ən yeni hekayə

Billurə Aslanova: “Özgə şirinlik” - Ən yeni hekayə
21 dekabr 2013
# 16:00

Kulis.az Billurə Aslanovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Özgə şirinlik” (494 işarə) hekayəsini təqdim edir.

Gözlərini zilləyib çəhrayı donlu qızın əlinə baxırdı. Nə əynindəki bəzəkli dona, nə ayağındakı təzə ayaqqabıya... Bunları yaşıdı olan o xoşbəxt qızcığazdan ala bilməzdi. Amma əlindəki şokolad yerə düşsə, ona qismət olardı.

İstədiyi oldu. Şokoladın bir parçası qırılıb yerə düşdü. Yüyürüb onu götürdü, ovcuna alıb var gücü ilə qaçdı. Uzaq bir küncdə ləzzətlə dadına baxmaq istəyirdi.

Hər şey bir anda oldu. Sürətlə gələn maşın onu vurub uzaq bir küncə tulladı. Yerindəcə keçindi. Gözləri açıq qalmışdı. Amma balaca ovcu bərk yumulu idi. Barmaqları arasından şokolad qarışıq qan axırdı.

# 2129 dəfə oxunub

Müəllifin son yazıları

# # #