Bu gün tanınmış amerikalı şair Çarlz Kennet Uilyamsın doğum günüdür.
Kulis.az onun postmodern şeirlərini təqdim edir.
1
Əgər mənim içimdə olan,
amma mən olmayan, yenə də məni mühakimə edən o kimsə
həmişə mənimlədirsə,
necə ki var, çox illər öncə o dediyim şeyi deyəndə
niyə yanımda deyildi?
Əgər indi xırda günahlarıma görə
məni belə amansız xəcalətlə didib-parçalayan o kimsə
o vaxt orada idisə,
məni bağışlanmaz təhqirimə görə indi belə məhv edəcəyi barədə
öncədən xəbərdar etməli deyildimi?
Mən onda uşaq idim,
amma artıq məni rahat buraxmayan bu vicdan bədheybətini yaratmışdım...
Kim olduğum haqda tam əminliklə deyə biləcəyim başqa bir şey varmı?
Bir bundan başqa ki, mən, yəni o,
artıq kiçicik xətalardan belə
peşmançılığın mürəkkəb akkordlarını bəstələyə
və özümün o biçarə qalan hissəsindən
heç vaxt səngiməyən bir qisas simfoniyası yarada bilirdim?
2
Valideynlərimin dostlarından birinin oğlu ölmüşdü,
başsağlığına gedəndə məni də özləri ilə apardılar,
məni ölmüş oğlanın qardaşı və bir neçə başqası ilə oynamağa göndərdilər.
Biz zarafatlaşırdıq və ağlıma sözlər gəldi, hansı ki, təəccübümə rəğmən, dilimdən çıxdı:
Biri öləndə, qardaşın öləndə nə vaxt gülə biləcəyini haradan bilirsən?
Deyildi o sözlər və başqaları susdu...
Arxa həyət sükuta qərq oldu...
Hamı gözünü mənə dikdi...
İndi bilmək istəyirəm ki, içimdəki o mən olan,
amma mən olmayan kimsə bunu deməyimə nə üçün icazə verdi?
O mənə deməli deyildimi ki,
tövbə və peşmançılıq dövrü o vaxtdan bəri heç vaxt tərk etməyəcək məni?
Əslində, sadəcə kədərin necə və nə vaxt bitdiyini bilmək istəməyimin heç bir əhəmiyyəti yox idi?
3
İçəridə oğlanın anasının hıçqıraraq ağladığını,
sonra dayandığını,
yenə hıçqırıb sonra dayandığını eşidirdim.
Onun kədərinin sonu artıq gəlmişdimi?
İçindəki o kimsə ona bunun bitəcəyini demişdimi?
Onun içindəki kimsə ona qarşı daha rəhmli idi,
mənimki kimi - kədərin bir gün bitəcəyini təxmin etdiyimə görə
məni didib-parçalamırdı ki?
Bəlkə elə buna görə onun hıçqırıqları ara-sıra kəsilirdi?
Amma o gülmürdü, ya da mən onu heç vaxt eşitmədim.
Nə vaxt gülə biləcəyini haradan bilirsən?
Niyə içimdə biri yox idi ki, məni yalnız ittiham etməsin, həm də izah etsin?
Uşaqlar yenidən oynayırdılar...
Mən də oynayırdım,
içəridən bir daha heç nə eşitmədim....
İndi bəzən içimdəki hər şeyin sükuta qərq olduğu,
bəzən heç vaxt tam olmasa da unutduğu kimi...
Rus dilindən sətri tərcümə etdi: Aydan Ağayeva