Gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib

<span style="color:red;">Gecə öz kəfən pulunu qaranlığın döş cibində gizlədib
24 fevral 2019
# 13:41

Kulis.az tanınmış şair Fərid Hüseynin “Pəncərədən baxıram” adlı yeni şeirini təqdim edir.

Pəncərədən baxıram;

keçmişi qoxusuyla xatırlayan biri keçir,

üzündəki dünənin təbəssümü

“əlini uzadır” bu günə

və sonra xatırlayır:

“əlləri yoxdu”

və o, keçmişin salamını almır.

Bilir ki,

vaxt olanları unutduracaq,

hər şey ötüb keçəcək,

bilir ki,

gec-tez həqiqətin cəlladı

əllərinin qanını

onun yaddaşına sürtəcək.

***

Pəncərədən baxıram;

uzun bir əyləc səsi eşidilir,

kimsə özünü saxlayır

əbədi günah qəzasından,

yaddaşın qanı axır durmadan,

xatirələrin yarasından.

***

Pəncərədən baxıram;

qadının gözlərinə dolub deyəcəkləri,

əllərinə dolub sığalı,

görəcəkli günləri qabaqdaymış

onlu günlərin təqvimini

düzəldəndən sonra bilir

illərdə nə az gün varmış.

***

Pəncərədən baxıram;

qum saatını küçəyə boşaldır bir qadın –

vaxtı çölə tökür.

Daha o bundan sonrakı ömrünü

heç kəsi gözləmədən yaşayacaq,

qum saatının bu gözündən

o biri gözünə müddətsiz

tənhalıq axacaq.

***

Pəncərədən baxıram;

həyat dolu,

sevgiylə ləbaləb

bir qadın nəsə danışır,

maykalı bir yekəqarınsa,

ona dinləmədən,

dilinin altında deyinir,

və eyvanda çəkdiyi

siqaret kötüyünü

otağa gətirib

qadının həyat eşqində söndürür.

***

Pəncərədən baxıram;

uşaq atasından pul istəyir,

ata əlini cibinə salır, –

uşaq sevinə-sevinə qaçır –

və onun ömrünün

istədiyini alandan sonra

uzaqlaşmaq dövrü başlanır.

***

Pəncərədən baxıram;

dünya gözümə

qəbiristanlıq qarovulçusu kimi görünür,

o, kimin harada basdırıldığını

gözəl bilir

və onun gözlərində daim

yolların axırı görünür.

***

Pəncərədən baxıram;

Gecə öz kəfən pulunu

qaranlığın döş cibində gizlədib,

istəmir əcəl ayağında

ondan ötəri kimsə

səhərin qapısına minnətçi düşsün.

Hər gün ölənlər gərək

yaşamağın bu yolunu seçsin.

# 1193 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #