Gənc şairimiz Nobelli yazarların qatıldığı tədbirdə

Gənc şairimiz Nobelli yazarların qatıldığı tədbirdə
22 sentyabr 2016
# 09:53

Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 53-cü Beynəlxalq Belqrad görüşündə (18-23 sentyabr) iştirak edir.

Amerika, Fransa, Almaniya, Rumıniya, İtaliya və başqa ölkələrinin yazıçı və şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngindir. Belə ki, dünyanın ədəbi gündəmində olan aparıcı məsələlər - nəşriyyat, poliqrafiya, poeziya, yayım hüquqları, tanıtım, ədəbi inteqrasiya, sürət əsrində bədii sözün imkanları və s - mövzularda görüşlər, kitab təqdimatları, şeir gecələri keçirilir.

Tədbirlə bağlı çap olunan topluda F.Hüseynin bioqrafiyası və şeirləri işıq üzü görüb, eyni zamanda nəşri planlaşdırılan müstəqil toplu üçün gənc şairin başqa şeirləri serb dilinə tərcümə edilərək yayımlanacaq.

Gündəlik tədbirlərdən birində F.Hüseyn “Azərbaycan poeziyasının səsi” adlı məruzə ilə çıxış edib, yeni dövr Azərbaycan poeziyasının özəllikləri və parlaq ədəbi imzaların yaradıcılığı haqqında danışıb. Həmçinin, gənc şairin “Poeziya – hamının qədəri kimi” adlı kiçik həcmli essesi isə Serbiyanın Kladovo şəhərində keçiriləcək poeziya gecəsində oxunacaq. Tədbirin 3-cü günü şairlər Serbiyanın müxtəlif şəhərlərinə (2 günlük) göndəriliblər, F.Hüseyn serb və fransız şairlərinin daxil olduğu qrupda ölkəmizi təmsil edir.

Qeyd edək ki, F.Hüseyn bu mötəbər tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti, şair-tərcüməçi Səlim Babullaoğlunun tövsiyəsi və təqdimatıyla qatılıb.

# 1154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #