Bəs deyirdiniz Tanrı balalara qıymaz? - FOTOLAR

Bəs deyirdiniz Tanrı balalara qıymaz? - <span style="color:red;">FOTOLAR
3 sentyabr 2015
# 16:59

Səbuhi Məmmədli çəkir və yazır…

Nə olsun ki, zibillikdə eşələnir. Yoox, bu qızcığaz çox şanslı… Əlindəki zibil qutusunu da təzə tapıb. İndi qapağını açıb, girəcək içinə. Bəlkə də maşın kimi sürəcək. Bəlkə də altına uzadıb mışıl-mışıl yatacaq bir azdan. Siz bir onun gözlərinə baxın! Qorxma, atəş deyil qızım, fotoaparatın işığıdı…

Bu balaca isə gündə 12 saat əlindəki sinidə çay daşıyır müştərilərə. Bircə gözləri yorğundu. Dünya bəlkə də bu uşağın gözlərindən keçib durulur. Elə ondandı...

Bu isə onun qardaşıdı. Düz böyründə işləyir, siqaret satır. Amma o da şanslıdı, atəş altında deyil. Siqareti də mənə utana-utana uzadır. Bu dəfə mən gözlərimi qaçırıram, utanmasın.

Bunlar isə gözləri acıya-acıya acı bibər təmizləyirlər. Gözləri də görmür bibər acısından. Şanslıdırlar amma - kəndlərini, evlərini zəhərləyən bibər qazından qaça bildikləri üçün.

Bax, heç veclərinə də deyil. Əsil uşaq əyləncəsi, qarpızların arasında bunları kim tapacaq ki?)))

Bunun adını isə özüm soruşdum. “Əsma” dedi. Anası danışmadı, əllərini uzatdı. Əlini boş qaytarmadıq. Əsma da şanslıdı, Qaziantepin küçələrində anasının qucağında...

***

Deyirlər, Tanrının ən sevimli bəndələridi uşaqlar. Hə, bir də deyirlər ki, balalara Tanrı qıymaz. Bəs cəsədi Bodrum sahillərinə çıxan o uşağa kim qıydı? Onun kimi onlarla uşağa lap ac qalsalar belə, nəfəs alacağı yer tapılmadımı bu dünyada?

Başqa heç nə...

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə...

Fotolar müəllifindi, keçən həftə Suriyanın Kilis, Nizip, Qaziantep şəhərlərində çəkilib

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #