Qiymətləri endirən şeir - HAYKU

Qiymətləri endirən şeir - <span style="color:red;">HAYKU
7 yanvar 2016
# 08:30

Kulis Gunel Natiqin təqdimatına “Hayku nədir və necə yazılır?” məqaləsini təqdim edir

Haykunun bir xüsusiyyəti var, oxuyana elə gəlir ki, onu özü də yaza bilər. Məsələn, belə bir fikir yarana bilər ki, bu misraları yazmaqdan asan nə ola bilər.

Payızdır, axşamdır

Mənim bütün fikrim

Valideynlərimin yanındadır.

Hayku həsəd doğurur, oxucu arzulayır ki, əlində bloknot həyat boyu dolaşsın və təəssüratlarını yazıya alsın. Həm də qələmə aldığı şeirin həcmcə qısalığı mükəmməlliyin, sadəliyi isə dərinliyin ölçüsü olsun. Hayku tamamilə başa düşüləndir, bununla belə heç bir bilgi vermir və bu iki şərtiliyin sayəsində tərbiyəli ev sahibi nəzakətiylə oxucuya özünü evində hiss etdirir.

Haykunun mənası xoşbəxt tale kimi qiymətlidir, həyatidir və arzuolunandır. Hayku metrik qaydalardan azaddır, “endirilmiş qiymətə və sifarişə görə” bizi bolluğa salır. Haykuda simvol, metafora, mənəviyyatın dəyəri yoxdur, əvəzində bir neçə sözün gücü, təsvir, duyğu var.

Hayku Qərbə onun öz ədəbiyyatının ona verməkdən imtina etdiyi hüquqları verir, özünün xəsislik etdiyi şəraiti yaradır.

Siz hayku yazarkən mənasız, banal, lakonik ola bilərsiz, sadəcə olaraq gördüyünüzü və hiss etdiyinizi sözlərin dar çərçivəsinə sığışdırın və siz aludə olacaqsız, sizin öz qanununuzu əsaslandırmaq ixtiyarınız var. Sizin deyiminiz, necə olursa-olsun, ibrət dərsi olacaq, simvolunuzu ortaya qoyub dərinliyə baş vuracaqsız və siz kiçik vasitələrlə məktub həcminə qovuşacaqsız.

Qərb dünyası xalqları özünə bağlayan avtoritar din kimi hər şeyi mənalarla doldurur. Əslində isə dilin birinci mənası ikinci mənanı apelyasiya edir, bu apelyasiya ümumi məcburiyyət mənasını daşıyır. Sizin mənasız görünmək rüsvayçılığından qaçmaq üçün iki yolunuz var – bu üsulların köməyilə biz sistematik şəkildə dediklərimizi özümüzə tabe edirik – simvol və ya mühakimə, metafora və ya sillogizm. Hayku sadə, qəbuledilən (dilçilər belə deyir) deyimləriylə bu iki məna imperiyasından birinə cəlb olunur. Bir halda ki, bu “şeirdir”, onu “lirik təbəddülatlar” adlandırdıqları emosiyaların ümumi kodunun o hissəsinə yerləşdirirlər (poeziyanı adətən “dumanlı”, “ifadə olunmayan”, “hissiyyatlı”, bir sözlə, “klassifikasiya olunmayan” duyğularla əlaqələndirirlər). Əgər kimsə (Yoko) yazırsa ki:

Neçə-neçə adam

Payız yağışı altında

Seta körpüsündən keçdilər -

Bu zaman ötüb-keçən vaxtın obrazı canlanır.

Digəri (Basyö) yazırsa:

Dağ cığırıyla gedirəm

Birdən nə görürəm -

Bənövşə!

Bu haykunu isə belə izah etməyə çalışırlar ki, guya müəllif buddaçı kahinə rast gəlib, belə ki, bənövşə “xeyirxahların çiçəyi” sayılır və s.

Beləliklə, elə bir cizgi qalmır ki, qərbli araşdırıcı ona simvolik məna yükləməsin. Araşdırıcını da başa düşmək olar, əgər o metaforalardan və sillogizmlərdən vaz keçsə, demək olar ki, şeir nümunəsini yozmaq mümkün olmayacaq, hayku haqqında danışarkən eləcə onları təkrar etməli olacaq.

Bu nümunədə Basyönün şərhçisi belə də edir:

Dörd dəfə,

Yox, doqquz dəfə qalxdı ki,

Ayı seyr etsin.

(“Ay o dərəcə gözəldir ki, şair yenə və yenə ayaqlarının ucunda qalxır ki, pəncərədən onu seyr etsin”)

Qərb incəsənəti təəssüratı təsvirə çevrilir. Hayku təsvir olunmur, o hər əşyanın vəziyyətini tədricən, geri çəkilmədən, qalibiyyətlə peyda olmanın kövrək mahiyyətinə çevririr. Bu an, hərfi mənada “ələgəlməzdir”, nə vaxt ki, yalnız dilin hadisəsi olan əşya nitqin hadisəsinə çevrilir və vaxtı qabaqlayaraq bizə bu “keçmişi” xatırladır.

Haykuya yalnız hadisələr xas deyil:

İlk qarı gördü

Və bu səhər

Üzünü yumağı unutdu.

Hayku bizə nə qeyri-adi, nə də banal təsir bağışlayır. O, hər şeyi və heç nəyi xatırladır. Rahat oxunur, bizə sadə, doğma, poetik görünür, bir sözlə, bizi qane edir. Amma məzmunsuz olduğu üçün bizə müqavimət göstərir, son nəticədə bir dəqiqə qabaq onu əhatə edən bütün keyfiyyətlərini itirib məna asılılığına düşür və artıq bizə qeyri-adi, qəribə görünür.

Məsələn, bu hayku haqqında nə demək olar:

Bədirlənmiş ay

Həsirin üstünə

Küknarın kölgəsi düşüb.

Və ya bu hayku haqqında:

Balıqçının komasında

Qurudulmuş balığın qoxusu

Və isti

Və yaxud (burda “nəhayət” sözünü deməyəcəyik, nümunələr sonsuz ola bilər)

Qış küləyi əsir

Pişiyin gözləri

Parıldayır.

Haykuda minillik klassik ədəbiyyatın iki fundamental xüsusiyyəti yoxdur:

1. Təsvir (küknarın kölgəsi balığın qoxusu burda təsvir olunmur, yəni mənalar və əxlaqla bəzədilmir).

2. Müəyyən etmə.

Haykuda dünyanın tarixçəsi yoxdur, onun coğrafi obrazı var. Haykunun tarixi ilin fəsillərinin tarixidir. Belə ki, yaponlar ilin dəyişməsini adi gözlə görülməsi mümkün olmayan qəribə bir kəskinliklə müşahidə edirlər, şeirdə adı çəkilən əşya və hadisələr hərəkətə cəlb edilir və kosmik xarakter alır. Hayku dünyasına aid olan konkret şeylər sonsuz dəyişikliklərin bir-birini əvəz etməsinə daxil edilir. Dörd fəsildən hər biri özü iki hissəyə bölünür. Yaponlar bu hissələrin bir-birindən fərqini görürlər.

Hər bir şeirdə iki plan mövcuddur - biri kosmik, digəri konkret və yaxın olan. Ümumi, kosmik plan haykunu ən geniş anlamda təbiət dünyası ilə əlaqələndirir.

# 2404 dəfə oxunub

Müəllifin son yazıları

# # #