Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?
13 mart 2014
# 13:00

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Dekabrın axırları idi: Yeni İl ərəfəsi...

Bir neçə gün əvvəl Türkmənistanın dövlət teatrında bizim Ənvər Məmmədxanlının “Şirvan gözəli” əsərinin ilk tamaşası olmuşdu və mənim tamaşaya yazdığım resenziya, səhv etmirəmsə, qəzetin elə o günkü nömrəsində çıxmışdı. Günortaya az qalırdı.

Şöbə müdiri də daxil olmaqla, dörd kişinin oturduğu balaca otağımızda hər kəs öz işi ilə məşğul idi. Təkcə şöbə müdiri otaqda yox idi. Onu, bir az əvvəl, redaktor öz yanına çağırmışdı. Və mənim ta o vaxtacan son dərəcə təmkinli, ağır təbiətli və hətta kifayət qədərində qaradinməz bir adam kimi tanıdığım Şəhər Borcakov birdən qapını açıb, sözün hərfi mənasında oynaya-oynaya içəri girdi.

Məlum oldu ki, mənim “Şirvan gözəli”nə yazdığım resenziyanı (kim olsa yaxşıdır!) şəxsən Mərkəzi Komitənin birinci katibi oxuyub, bərk bəyənib. Və o BİRİNCİ KATİBİN şəxsən özü bir az əvvəl bizim redaktora zəng vurub, mənim kimliyimlə maraqlanıb. Və indi bizim redaktorumuz sevincindən ona görə göyün yeddinci qatındadır ki, bu gün o Birinci Katibin şəxsən özü ilə telefonda xeyli danışa billib. O vaxtacan mən o redaktorun heç üzünü də görməmişdim.

O gün işdən sonra redaktor məni öz maşınına mindirib, evinə apardı.

Bütün türkmən evlərində olduğu kimi, o evdə də elə il tək bir adam – evin kişisi yaşayırdı. Hər halda, heç bir türkmən ailəsində mən evin xanımının və ya hər hansı bir digər ailə üzvünün qonaq qabağına çıxdığını heç vaxt görməmişdim.

Pəncərələri bərk-bərk pərdələnmiş və içinin işıqsızlığı və havasızlığı ilə türkmənin alaçıq həsrətini açıq-aşkar büruzə verən böyük otaqda yemək-içməyi əvvəlcədən nə ki var, stolun üstünə düzmüşdülər. Yerdə, xalı üstdə süfrə açılmışdı – bu da çay süfrəsi idi.

Redaktorum əvvəl məni stola dəvət elədi. Sonra, çox güman ki, mənim bir o qədər də mötəbər və mədəni qonaq olmadığımı nəzərə alıb, türkmənin stol arxasında oturmağının əzabından birdən-birə vaz keçdi və stolun üstündəki şeyləri bir-bir daşıyıb, yerdəki süfrəyə düzdü.

Arağın lap ilk piyaləsinicə içəndən sonra mən çox asanlıqla bu qərara gəldim ki, redaktorum son dərəcə saxta və çürük adamdır. İkinci, ya üçüncü piyalədən sonra baxıb gördüm ki, bu saxta və çürük adamın içində həm də yekə-yekə qara qurdlar qaynaşır. Çünki Türkmənistanda olduğum bütün vaxt ərzində mən heç zaman heç kəsdən eşitməmişdim ki, türkmənin bir düşməni varsa, o da azərbaycanlılardır. “Azərbaycanlılar Türkmənistanın yəhudiləridir”. Aşqabadın bütün mağazalarında tərəzini düz çəkməyənlər də, restoranlarda müştəriləri hər addımbaşı aldadanlar da, hətta həyalı türkmən qızlarını tovlayıb yoldan çıxaranlar da nə ki var, azərbaycanlılardır və üstəlik, türkmən ədəbiyyatını, türkmən musiqisini, türkmən teatrını öz yolundan sapdıran da məhz biz azərbaycanlılarıq...

Belə “xoş” söhbətdən sonra mənim o evdən öz redaktorumun sifətini bir piyalə araqla isladıb getməyimə inanmaq yəqin ki, çox da çətin deyil. Ancaq qorxuram heç kəs inanmaya ki, mənim “teatrşünaslıq” sahəsində bünövrəsi təzəcə qoyulan o karyerama redaktor heç vaxt mane olmadı. Birinci katibin o telefon zəngindən sonra mən az vaxtda, Türkmənistan paytaxtının bir nömrəli teatr tənqidçisi kimi, bütün Aşqabadda tanındım, çünki bütün yeni tamaşalardan və Türkmənistanın mədəni həyatında baş verən ən mühüm hadisələrdən ölkənin bir nömrəli qəzeti üçün material yazmağa indi yalnız məni göndərirdilər...

Məşhur “teatrşünas” və mədəniyyət məsələləri üzrə “baş mütəxəssis” kimi, Türkmənistanda göstərdiyim “fəaliyyətin” ikicə epizodu üzərində ötəri dayanmaq istəyirəm. Və bu əhvalatların biri məhz Nazim Hikmətlə bağlı olduğuna görə yadımda qalıb.

Bəri başdan deməliyəm ki, məndən ötrü Nazim Hikmət, məsələn, dahi Füzuli kimi, şeirdə sözün miqdarını son həddəcən azaldan və onun (sözün) çəkisini, gücünü, saflığını və sadəliyini poeziyanın – sözdən o yandakı – gözəgörünməz “əşyaları” hesabına sehrkarcasına məharətlə nümayiş etdirməyi bacaran əvəzsiz və bənzərsiz türk şairidir. Nazim Hikmətin hər kəlməsi türk səsi verir. Və bu səs 60-70-ci illərdən başlayaraq, bu günəcən şeirimizin ruhuna, canına hopmaqla, öz ana dilində fars səsi, fars təfəkkürü ilə şeir yazıb, böyük ad-san qazananları hələ də bəs deyincə çaşdırmaqdadır.

Nazim Hikmətin Türkiyəni dəlicəsinə sevdiyinə, mənə elə gəlir ki, indi az adam şübhə eləyir. Ancaq bu, necə sevgi idi? Öz vətəninin potensial düşmənini özünə dost sayan bir kəs o vətəni necə sevə bilərdi? Beynəlmiləlçilik bayrağı altında hətta rusların – hakim xalqın özünü də milli mənliyindən məhrum etməkdə olan kommunist rejiminə açıq rəğbət bəsləyə-bəsləyə Türkiyənin milli mənafeyi naminə nə iş görmək olardı?

Bu sualları, əlbəttə, məntiq tələb edir. Ancaq məntiq nə yaxşı ki, hələ hər şey deyil. Məsələn, hamımızın (heç olmasa sözdə) ən ali insani duyğu kimi qəbul etdiyimiz MƏHƏBBƏTİN məntiqi varmı? Və əgər varsa, bu dünyanın ən qədim sevgi dastanlarından biri olan “Leyli və Məcnun”da bu məntiqə niyə əməl olunmur? Nəyə görə Məcnun onu öz sevgilisi ilə qovuşdurmağa gələn Nofəlin qoşununun başına daş yağdırır? Deyə bilərsiniz ki, Nofəlin qırıb çatdığı qoşun Leyli tərəfin qoşunu olduğuna görə kövrək qəlbli Məcnun o qırğına tab gətirmir. Ancaq bu, heç şübhəsiz ki, Məcnunun hərəkətinin məntiqi izahı ola bilməz. Çünki öz atasının qoşununun qırılmağını o halda Leylinin özü də ürəkdən istəyir. Deməli, o qoşun Leyli üçün də düşmən qoşundur. Öz sevgisinə qovuşmağın ən həlledici məqamında Məcnunu bu sevgiyə birdən-birə düşmən kəsilməyə sövq eləyən nədir? Bu sualın bircə cavabı var: əlbəttə, SEVGİ! Amma indi, gəlin görək, bu cavab nə dərəcədə məntiqlidir. Məncə, heç bir dərəcədə, çünki bu “dərəcə”ni hansı “cihazla” ölçsən, nə sıfırdan aşağıda, nə də sıfırdan yuxarıda heç bir nəticə ala bilməyəcəksən...

Nazim Hikmətin Vətən sevgisi də, məncə, bütün böyük və bəşəri sevgilər kimi, adi məntiqə sığışmayan, belə bir “məcnuni” – faciəvi sevgidir. Özü ilə TÜRKİYƏNİN “Leyli və Məcnun” dastanını o, bəlkə də bilə-bilə (planlı şəkildə!) yaradıb. Bəlkə bu da Nazim Hikmət yaradıcılığının belə bir faciəvi əsəridir və bu əsərin nə dərəcədə ibrətamiz olduğunu, ola bilər ki, biz hələ dərk etməmişik.

Ancaq mən mövzudan çox uzaqlaşdım. Bu söhbəti başlamaqda mənim yeganə məqsədim Nazim Hikmətdə şəxsən müşahidə elədiyim bir-iki epizodik əhvalatı qələmə almaq idi.

...Ya 60-cı ilin lap axırları, ya da 61-ci ilin lap əvvəlləriydi. Türkmənistan Dövlət teatrında türkmən klassiki Maxtımkulinin, YUNESKO xətti ilə, təntənəli yubiley mərasimi keçirilirdi.

Mən Marı vilayətinin kəndlərinin birinə, qısamüddətli ezamiyyətdən sonra, təzəcə Aşqabada qayıtmışdım. Axşamtərəfi gəlib özümü yataqxanaya yetirən kimi, redaksiyanın telefonoqramını mənə çatdırdılar: mən gedib, həmin mərasimdən qəzet üçün təcili material hazırlamalıydım.

Mən yataqxanaya gələndə saat 7 idi və o tədbir də elə saat 7-də başlanırdı. Taksiyə minib özümü teatra yetirdim Və mən zala daxil olanda tribunada Nazim Hikmət dayanmışdı.

Nazim Hikmət deyirdi ki:

Mahmudqulunu bütün Türkiyə tanıyır!

Zaldakılar gülüşürdü, xosunlaşırdı, prezidiumda oturanların isə çoxusunun gözü bərələ qalmışdı.

Prezidiumda əyləşənlərin arasında “Mahmudqulu”ya görə bərk həyəcan keçirənlər də vardı. Onlar “Maxtımkuli”, “Maxtımkuli”, - deyib, bu sözü guya xəlvətcə Nazim Hikmətin qulağına pıçıldayırdılar. Və bu “pıçıltını” Nazim Hikmətdən savayı o zalda hamı eşidirdi.

- Mahmudqulunu bütün Türkiyə sevər. Ben de sevərim. Ben Türkiyə hapishanelerində Mahmudqulunun şeirlərindən hər zaman güc alardım.

Sonra Nazim Hikmət "Mahmudquludan" "kolxoz"a keçdi.

- Siz kolxoz qurmusunuz, biz də quracağız...

Bu sözlər deyə bilmərəm ki, məndə Nazim Hikmətə qarşı elə bir dərin nifrət oyada bildi, ancaq bundan sonra onun mənim təsəvvürümdəki müqəddəslik taxtında həmişəki kimi rahat əyləşməyinə ürək innən belə heç vaxt razı olmadı.

Mən Nazimin Türkiyədə kolxoz qurmağına necə razı ola bilərdim ki, özüm, elə “bu ayaqla” bura, “birbaşa” kolxozdan gəlmişdim və Marıda – üç gün ezamiyyətdə olduğum – kolxoz kəndinin mənzərəsi hələ gözümün qabağından çəkilib getməmişdi.

İlin doqquz ayını qızmar günün altında pambıq əkən, pambıq becərən, pambıq yığan – insanlıq sifətindən çıxmış – qarılar, qızlar, qadınlar. Əyninin paltarı ildə bir dəfə dəyişilməyən başsız-baxımsız, arıq, xəstəhal uşaqlar... Ən dəhşətlisi isə bu idi ki, türkmən kəndlərində cavanların, kişilərin, demək olar ki, hamısı ucdantutma arağa qurşanmışdı. Evində bir-iki yeşik “Ⅶ Moskovski”si olanlar kəndin ən hörmətli adamları sayılırdı.

Hər halda, Nazim Hikmətin “kolxoz qurmaq” niyyəti – o yubiley mərasimində - mənim yaddaşıma qara hərflərlə yazılan acı bir xatirə oldu. Mən sonralar gördüm ki, Nazim Hikmət real həyatdan tam təcrid olunmuş bir şəkildə yaşayır. Mən sonralar anladım ki, şeirdə sözün aliliyini həmişə qoruya bilən Nazim, həyatda, kommunist ritorikası ilə kifayət qədər möhkəm zəhərlənmiş və çıxış etdiyi auditoriyanın istəyincə, yeri düşəndə ustalıqla yalan deməyi də bacaran bəs deyincə bic və təzadlı bir insandır.

Nazim Hikmət bütün çıxışlarını kommunist partiyasının şərəfinə şüarla bitirirdi. Və rus dilini çox pis bildiyindən, “Mənim kommunist partiyam” sözlərini həmişə “Mayeva kamnistiçeskova partiya” şəklində deyirdi..

"Teatrşünaslıq fəaliyyətimin” ikinci epizodu Türkmənistanın ən böyük vilayət mərkəzlərindən olan CƏRCO şəhəri ilə bağlıdır.

Kolxoz mövzusunda yazılmış bir pyesin CƏRCO teatrında ilk tamaşasıydı. Pyes o qədər nadan bir qələmlə yazılmışdı ki, müəllifin əskikliyi, allahsızlığı hər sözbaşı adamın qulağını elə bil qamçı elə döyəcləyirdi. Tamaşanın müzakirəsində mən çox əsəbi çıxış elədim və səlahiyyətli “paytaxt nümayəndəsi” kimi, qərar verdim ki, tamaşa bağlanmalıdır. Ancaq maraqlı burası oldu ki, belə bir qəti 'hökm"dən sonra rejissorun və aktyorların sifətində mən narahatlıq, narazılıq əvəzinə bir qəribə - heyrətqarışıq sevinc və məmnunluq gördüm. Və bu sevincin, məmnunluğun səbəbi mənə Aşqabada qayıdandan da bir xeyli sonra məlum oldu. Sən demə, o pyes Türkmənistanın mədəniyyət nazirinin şəxsən öz yaradıcılığının məhsulu idi. Pyesi məcburiyyət qarşısında tamaşaya qoymuş teatr kollektivini isə mənim gözlənilməz cəsarətim razı salmışdı.

Ertəsi gün sübh-tezdən mən durub, təzə yerdə yenə öz “dərvişlik” azarımı öldürməyə getdim. Amu-Dəryanın gözdən, könüldən uzaq, kimsəsiz sahillərində bütün günü avaralanıb, axşamüstü mehmanxanaya qayıdanda mehmanxananın müdiri başının böyük bir dəstəsi ilə mənim otağıma girdi və bu işdən belə məlum oldu ki, Türkmənistanın mədəniyyət naziri bu gün burda olub, şəhərin hər yerində məni dörd-beş saat axtarıb və təcili işi olduğuna görə, lap indicə Aşqabada yola düşüb.

Nazirin belə əlimyandıda Cərcoda məni axtarmağına, əlbəttə, çox təəccüb elədim. Ancaq bu işin o tamaşa ilə əlaqədar olmağı orda mənim heç ağlıma da gəlmədi.

Aşqabada qayıdan kimi resenziyanı yazıb, redaksiyaya təqdim elədim. Bir-iki gündən sonra Ata Atacanov (Türkmənistanın xalq şairi, indi rəhmətə gedib) gəlib məni iş yerimdə tapdı. Evinə qonaq apardı və Atacanovun evində, nəhayət, mənə məlum oldu ki, o pyes kimin pyesidir.

Mənim o pyes barədəki yazımı qəzet çap etmədi. Və bundan sonra mən bir də heç vaxt teatr resenziyası yazmadım.

***

Təzə il başlanandan sonra günləri saymaq mənim üçün xeyli asan olmuşdu.

Yataqxananın tələbələri pambıqdan çoxdan qayıdıb gəlmişdilər və indi, çoxdan bəri idi ki, mən yataqxanaya da ancaq yatmağa gedirdim. Qaldığım yerdə bir stəkan normal çay içmək də məndən ötrü böyük problem idi, hələ bunun hamamını, paltar yumağını, soyuqlamağını, xəstələnməyini demirəm.

Şəhərin mərkəzindəki kitabxanaların birini özümə məskən eləmişdim. Hər gün işdən sonra redaksiyanın yerləşdiyi binanın yaxınlığındakı bufetdə ayaqüstü bir tikə çörək yeyib, özümü kitabxanaya verirdim. Moskvadan gətirdiyim proqram üzrə, cani-dildən imtahanlara hazırlaşırdım. Arabir elə o kitabxanadaca oturub, bəzən bir günün içində beş-altı şeiri birdən yazırdım.

Mən o şeirləri ona görə yazırdım ki, şeirə, məqaləyə nisbətən, daha çox qonorar verirdilər. Bir də şeir yazmaq o zaman mənim üçün məqalə yazmaqdan həm asan, həm də nisbətən maraqlı idi.

Aşqabadda apreldən o yana qalmamağı mən artıq özüm üçün yəqinləşdirmişdim. Məqsədim mayda Bakıya gedib, oradan yay imtahan sessiyası başlananacan özümü, nəyin bahasına olur-olsun, Moskvaya yetirmək idi: mən sentyabrı gözləmədən imtahanlarımı verib, bu dəhşətli nigarançılıqdan canımı bacardıqca tez qurtarmaq istəyirdim.

Pul mənə çox lazım idi: yol pulu, yemək pulu, pis-yaxşı geyim pulu... Və bir Allah bilirdi ki, mən bir də haçan stipendiya alacaqdım. İndi, siz deyin, əgər şeirə kimsə pul verirdisə, mən onu necə yazmaya bilərdim...

Aşqabadın 40-50 kilometrliyində Firuzə adlı balaca bir qəsəbə vardı, şeir yazmaqdan, imtahana hazırlaşmaqdan bezəndə və ürəyimdə “dərvüşlük” azarı baş qaldıranda – şənbə, ya bazar günləri – hərdən avtobusa minib o balaca qəsəbəyə gedirdim. Orada tək-tənha gəzib-dolanıb, axşamüstü Aşqabada qayıdırdım. Mənim bundan savayı, heç bir kefim yox idi.

Mayda Bakıya çatanda elə bildim ki, cənnətə düşmüşəm. Mən Bakını o vaxtacan heç vaxt o gözəllikdə və ondan sonra da heç zaman elə gözəl görə bilmədim.

Aşqabaddan günortaya yaxın təyyarə ilə yola düşmüşdüm. Axşam tərəfi APİ-nin yataqxanasında qardaşım Cavidlə tapışdım.

Bakıxanov küçəsindən üzüaşağı Cavidlə şəhərin mərkəzinə tərəf getdiyimiz o Bakı axşamçağısı heç vaxt yadımdan çıxmayacaq. Yad yerin yeddi aylıq ayrılığından sonra doğma yerdə doğma qardaşla yol getməyin nə demək olduğunu sözlə ifadə eləmək mümkün deyil.

Mən o axşam “Novbahar” restoranında Cavidi – həmişə doyunca yeməyə öyrənənlərdən ötrü-heç bir əlahiddə israfçılığı olmayan yaxşı bir şam yeməyinə qonaq elədim: balıq və plov yedik, bir az da araq içdik. Və mən o yeməyin pulunu ofisianta verəndə, hələ restorandaca gözləri dolmuş Cavid, oradan bayıra çıxan kimi, hönkür-hönkür ağlamağa başladı:

"Sən o qədər pulu ona niyə verdin, qardaş!.."

O axşam mən o pulu ofisianta verəndə Cavidə bəlkə də elə gəlmişdi ki, qardaşı həmişə eləcə sağa-sola pul xərcləyir. Ancaq o Aşqabadda hər dəfə qonorar alanda və hətta aylıq maaşımdan da bacardıqca qənaət eləyib, o pulu manat-manat bir yerə toplayanda, Bakıya yetirən kimi, Cavidə bir yaxşı restoran qonaqlığı verməyi, bircə Allah bilir ki, mən aylar uzunu, necə arzulamışdım!..

Sonra - sessiya imtahanları başlamazdan xeyli qabaq –mən artıq Moskvadaydım.

İmtahanları rahatca verib, kursdan kursa keçdim. Ancaq yay tətilində Bakıya qayıda bilmədim. Çünki qalan pulumu, ta stipendiya alanacan, birtəhər üzümə tutmalıydım.

ARDI VAR

Zəruri qeyd: "Əylisdən Əylisəcən" memuarının elektron yayım hüququ Kulis.Az internet dərgisinə məxsusdur.

# 3957 dəfə oxunub

Müəllifin son yazıları

# # #