Sevinc el Sevər Xoşqədəm Hidayətqızına şeir yazdı

Sevinc el Sevər Xoşqədəm Hidayətqızına şeir yazdı
3 aprel 2013
# 10:02

Səni axtarıram

cəbhədə itirib sağ ayağını atam

Xoşqədəm xanım

ayaqqabı dolabımızda

üç cüt çəkməsi var atamın

hərəsinin bir tayı təzə

bir tayı köhnə...

müharibədə sol ayağını itirmiş

adamı axtarıram

ayağının ölçüsü qırx iki olsun

sol ayağını itirmiş o adamı tap mənə

dolabda atılıb qalmasın

təp-təzə ayaqqabı tayları

anamı ağlatmasınlar

anamı aldatmasınlar

hərdən anam çaşır

elə bilir atamın qonağı var

çayı iki-iki süzür atama

elə bilir

bir tay ayaqqabı geyir

bütün kişilər...

əlimdəki şəkildəki

balaca şən qız mən özüməm

əynimdəki qırmızı güllü don

mənimlə böyümədi

götürüb qonşu qızına verdi anam

o dondan sonra

əynim bir də elə sevinmədi

yurdumuzdan mənimlə bir gündə

köçkün düşən o balaca qonşu qızını

axtarıram

ondan soruşacam

qırmızı güllü donum düşərli oldumu ona?

xoşbəxt böyüyə bildimi içində?

bizimlə daban-dabana gedən

köç maşınında

yükün üstündə oturub qarpız yeyən

o oğlanı axtarıram

əlindəki qarpız üçün sulanmış

ağlamışdım

anam boynumun ardından vurmuşdu yaman

qospitaldaydı atam

yoxmuş xəbəri

əmimin yığıb bizi aparmağından

qaçqın düşməyimizdən

sağ ayağını itirməyindən

ona vurduqları iynələrin təsiri altda

anamla qaçırmış yaşıllıqlarda

gördüyü yuxusunda

mən atamın boynunda

yükümüzün üstündəydim halbuki

əli qarpızlı o oğlan kimi...

bizi saxladılar birinci postda

əlindəki dilimi ortadan bölüb

uzatdı mənə qonşu maşından

əli qarpızlı oğlan

baxdım qorxuyla anama

gördüm etiraz eləmir daha

qarpızı özü alıb verdi mənə...

qürurun yersiz olduğunu

anlamışdı orda...

uzun yardım növbələri

olacaqdı

anamın təsəvvürü yoxsa da

hələ o barədə...

ayparaya oxşamırdı daha qarpız dilimi

əlləriylə qoparmışdı

şirindi dadlıydı

yanğımı yatırmışdı

əvvəllər qarpız fəslindən-fəslinə

xatırlayırdım

indi daha çox

həm ay elə para olmur əvvəlki kimi

o oğlanın kəsib verdiyi

qarpız diliminə

oxşadıram...

onu axtarıram, Xoşqədəm xanım

balaca

üstü cadarlı əlləri yadımdan çıxmır

təşəkkür edəcəm

təşəkkür eləməyi bilmirdim onda...

Cəbrayıldan bir ovuc torpaq gətir atama

nənəmin, babamın

atamın sağ ayağının qovuşduğu torpaqdan

deyirlər, hamının itirdiyini tapırsan

sehrli çubuğun var

istədiyi yerə aparırsan adamı

yad ölkələrə də...

itirdiklərim çox uzaqlarda deyil mənim

elə buralardadı

bu məmləkətdə

vallah, taparsan...

Bacarmadıq

bizimlə bağlı qurduqları xəyalların

yarısı

gerçək olmadı heç

bir az biz bacarmadıq

bir az onlar

dostum, bəzi şeylər var

onların üstündən keç...

amma unutmadıq heç

körpə əllərimizlə

saçlarını oxşadığımızı

anamızın –atamızın

yolub incitdiyimizi

oxşamağı düz əməlli bilməzdik axı...

gizlətdilər ağrılarını

barmaqlarımız ruhlarına toxunurdu

dübbədüz

ruhları saçlarından artıq

alırdı həzz...

əlləri başımıza sığal çəkəndə də

ötəri qızğınlıqla

toppuş yanımıza enəndə də

eyni əllərdi

yumşaq yerimizə vurardılar

ağrıtmasın deyə

sözlərinə baxmayanda

vurmaq deyildi bu heç

həyatın yumruqlarının yanında sığalmış

çəkirlərmiş...

dostum, sən onların günahından keç...

hər dəfə kövrək ayaqlarımız büdrəyib

yıxıldığımızda

ağladığımızda

qızdırma içində yatdığmız

beşiyimizin başında

səhəri oyaq açdıqlarında

nə çox qarğış eləmişdilər özlərinə

-can bala, anan ölsün!

- can bala, atan ölsün!-deyə...

bəlkə həmin qarğışlardı

gəlib onları tutdu?

daha çox yaşaya bilərdilər...

çocuqkən bizə aldıqları oyuncaqlar

rəngbərəng qutulardan çıxardılar

həmin qutulara bənzəyən

dördkünc, qara qutulara çəkildilərmi?

əsla çıxarda bilməzsən ordan

oynaya

danışa

sarılıb yata

küsüb-barışa bilməzsən onlarla

göylərdən enib də

buludların arasından

o qutuları açmaz

içindəkiləri çıxarmaz

heç bir böyük əl...

qutuların üstündəki şəkillərə

həsrətlə baxar

o şəkillərlə xəyallar qurarsan

yuxularına gələr o şəkillər...

belə boynubükük olur bütün yetimlər

yaşından asılı olmayaraq...

bizimlə bağlı qurduqları

xəyalların yarısı

gerçək olmadı heç

bir az biz bacarmadıq

bir az da atamız-anamız...

Bacım olacaqdı

nənəm öldü

gəlinliyindən bəri

göz bəbəyi kimi qoruduğu

bir dəfə də altımıza salmadığı xalçaya

büküb apardılar...

elə bildim

bitdi atamla-anamın arasındakı

dava-şavalar...

o “elə bilməyim” indi ağrıdır məni

hər xatırlayanda

nənəmlə ölümün özünü qovurdular

nəyi var evimizdən çıxardılar...

gün gələcək

ölüm olacaq bizim də adımız

quş kimi ruhlarımızdan diksinəcəklər

üzünü örtəcəklər aynaların...

təkcə həyat mənbəyi deyil

qadının bətni

həm də qətl yeridi

şahiddi bu qətllərə

qadının iç orqanları

və ürəyi...

gün gələr o ürək

satar qatil qadını Allaha

bətnində ölüm gəzdirən qadın

əvvəlki tək baxa bilməz güzgülərə

bir daha

bir səhər

anamın qarşısını kəsmiş

buz kəsmiş aynabənddə

ona belə demişdi nənəm.

bacım olacaqdı

olmadı

ağladım ona

səkkiz yaşındaydım

böyükləri sözsüz də anlayırdım

yasa batdı həmin gün nənəm

məni də sevinməyə,oynamağa, gülməyə qoymadı...

indi həyat ağladanda

incidəndə qəlbimi

qibtə edirəm bacıma o zaman

bu zalım dünyaya doğulmadı o.

mən kədər içində

yasa batanda

anamı əfv edir

nənəm də

Allah da!

Gerçək olmasa da...

uçmağın sirrini quşlardan oğurladıq

onlardan daha yüksəyə uçduq...

gördüklərimizi gəlib quşlara demədik

daha ucalara uçmağı onlara öyrətmədik...

üzməyi balıqlardan öyrəndik

ən dərinlərə dalmağı

bildiklərimizin bircəciyini

bir balığa belə açıb demədik.

bizdən daha dərinə

bizdən daha uzağa

əlçatmazlıqlara getdiniz

a doğma adamlar, əziz adamlar

arxanızca “öldü” dedirtdiniz

“bir daha gəlməz” dedirtdiniz

doğrudan da heç biriniz qayıdıb gəlmədiniz

ölmək necə olurmuş bizə öyrətmədiniz

əbədi həyat dalınca

getdiyinizə inanmışdıq...

onda ki gəlmədiniz

biz buna alışdıq

hərəmiz bacardığımız kimi öldük

kimi çətinliklə gəldi ölümün öhdəsindən

kimi asan

ölməməyi öyrənməli insan

heç ölməməyi

və bütün canlılara öyrətməli

xəsislik etmədən

sığışmaq üçün bu dar dünyaya

ayrı dünyalar kəşf etməli

bu qədərini arzulaya bilməli

gerçək olmasa da olar...

Sən sevgisən

sən sevgisən

utanmazın biri

çılım-çılpaq soyunmaqdan belə

çəkinməzsən

yad baxışlar altında

sən sevgisən

ağlamaqdan,yalvarmaqdan arlanmazsan

bir dilənçi kimi də

yapışa bilərsən birinin ətəyindən

buraxmazsan...

gecələrsən of demədən

soyuq yağışlar altında...

sən sevgisən,

şərab içər

adını unudarsan

onun adını sayıqlarsan

tanımadığın birinin

boynuna sarılarsan

ovunmaqdan ötrü

sən sevgisən,

birini gedib öldürərsən

qısqanclıq zəminində

qalarsan qarğışlar altında...

ağlın başına gələndə də

peşimanlığını etiraf etməzsən hakimə...

sən sevgisən

küfr danışar

üsyan edərsən Allaha ona görə

hazırsan cəhənnəmdə belə yanmağa

sən sevgisən

qəlbimin qapısını döyürsən

kimdi deyə soruşuram

dillənmirsən

bilirsən yanından sivişib

qaçmaq istər səni görən

özünü tanımırmış kimi göstərər

əvvəlcə səndən utanar hamı

səni üstündə tutsalar

mən onu tanımıram deyər...

girdinmi qanına adamın

döndərərsən üç yüz altmış dərəcə

adam başqa dalğalara köklənər

heç özünün görmədiyi filmlərə baxarsan onda

əcnəbi dillərdə...

sən sevgisən
bilirəm

ondan sıxılır köksümdəki bu mirət

artıq sən elə mənsən...

xoş gəlmisən

əmrindəyəm, Əlahəzrət!

# 4446 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #