Anardan Rüstəm Behrudiyə CAVAB

Anardan Rüstəm Behrudiyə CAVAB
15 sentyabr 2016
# 15:52

“30 ilə yaxındır sədrəm, amma indiyəcən bilmirdim ki, Birliyin hər üzvünü hər il ad günündə təbrik etmək lazım imiş”

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Yeni Müsavat”a eksklüziv olaraq bir müraciət yollayıb. Musavat.com xəbər verir ki, qəzetimizin 15 sentyabr 2016-cı il tarixində dərc edilən “Yazıçılar Birliyində Rüstəm Behrudi fırtınası qopdu” başlıqlı yazıya cavab verən Anar müəllim öncə bildirib ki, bu məsələylə bağlı Birliyimizdə heç bir fırtınadan əsər-əlamət yoxdur.

AYB sədrinin cavab məktubunda daha sonra aşağıdakılar yer alıb:

“İkincisi, bir də təkrar etmək istəyirəm ki, Rüstəm Behrudi istedadlı şairdir. Amma heç bir istedadlı şairə - özü dediyi kimi, “şeirləri türkdilli xalqlar arasında dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən” adama başqa bir istedadlı şair, “şeirləri dillər əzbəri olan, kitabları xarici dillərə çevrilən” Fikrət Qoca haqqında etikadan kənar, ədəbsiz sözlər yazmağa haqq vermir. Rüstəm Behrudi 30 il üzv olduğu və təbrik umduğu təşkilata ehtiyac olmadığını iddia edir və hələ 1996-cı ildə mərhum prezident H.Əliyevlə görüşdə bu barədə dediyini xatırlayır. Amma onu unudur ki, elə həmin görüşdə H.Əliyev Yazıçılar Birliyinin mövcudluğunu çox vacib saymış və təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Əlbəttə, mərhum prezidentimizin fikri daha əhəmiyyətlidir”.

30 ilə yaxındır Yazıçılar Birliyinin rəhbəri olduğunu xatırladan Anar ardınca isə aşağıdakıları yazıb: “Ancaq indiyəcən bilmirdim ki, Birliyin hər üzvünü hər il ad günündə təbrik etmək lazım imiş. Lap Qurban bayramında, Novruz bayramında olduğu kimi. İndiyəcən həmişə xoş münasibətlərimiz olan Rüstəm Behrudinin gələn il 60 yaşını da lazımı səviyyədə qeyd etmək istəyirdik. Amma görünür, səbri çatmayıb. “Ədəbiyyat tüccarları ya tüccarların qohum-qardaşı” haqqında sözlərinə isə qoy Rüstəm Behrudi öz vicdanı qarşısında cavab versin”.

AYB sədri bununla belə R.Behrudinin Birlikdən ayrılmaq niyyətinə təəssüf etdiyini bildirib:

Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, Birliyin üzvü olaraq qalacaq və inşallah, gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik”.

Xatırladaq ki, R.Behrudi bu günlərdə 59 yaşı münasibətilə üzvü olduğu qurumdan təbrik almadığını deyib və AYB-dən istefa verib. Onun bu addımına sərt reaksiya verənlərdən biri də AYB-nin katibi Fikrət Qoca olub və tərəflər arasında media vasitəsilə söz atışması yaşanıb.

musavat.com

# 974 dəfə oxunub

Müəllifin son yazıları

# # #