Jalə İsmayıl: “Şəhlanın nənəsi”-Ən qısa hekayə

Jalə İsmayıl: “Şəhlanın nənəsi”-Ən qısa hekayə
20 dekabr 2013
# 17:00

Kulis.az Jalə İsmayılın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şəhlanın nənəsi” (484 işarə) hekayəsini təqdim edir.

Divanın küncündə bir müddət yumağa dönəndən sonra yadına nə düşdüsə tez qalxıb televizoru açdı. Çay süzdü. Pəncərənin buxarında açıq pəncərə şəkli çəkib, oradan uzun-uzadı qar örtmüş yola baxdı. Telefon zəng çaldı. Səbinə idi.

- Neynirsən?

- Üşüyürəm.

- Qazı aç da.

- Televizoru açmışam.

- Dəlisən?

- Sən bizim Şəhlanın nənəsini tanıyırdın?

- Yox. O haradan yadına düşdü?

- Heç. Məni ancaq Şəhlanın nənəsi başa düşərdi.

- O niyə?

- Şəhlanın nənəsi yay vaxtı həmişə deyərmiş ki, televizoru söndürün, bişdik istidən.

Səbinə ürəkdən güldü. Sabah işdə danışmağa mövzusu vardı.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

# # #