Aynur Qarayeva: “Göy qurşağı”-Ən qısa hekayə

Aynur Qarayeva: “Göy qurşağı”-Ən qısa hekayə
16 dekabr 2013
# 22:00

Kulis.az Aynur Qarayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Göy qurşağı” (487 işarə) hekayəsini təqdim edir.

- Ana, göy qurşağı görmüsən?

- Hə, qızım.

- Neçə rəngi vardı?

- Yeddi deyirlər, amma ha sayırdım çox çıxırdı.

- Mən də göy qurşağı istəyirəm! - balaca qızcığaz ağladıqca isti göz yaşlarından gündən yanmış yanaqlarına yollar çəkilirdi, gözlərindən çənəsinəcən.

Ananın da gözləri doldu. Çadır evinin qabağındakı yarıçürümüş kötüyün üstə çökdü. Göz yaşlarını sıxmaq istəsə də bacarmadı. Qızcığaz peşman halda anasını qucaqladı. Günəş ananın gözlərini qamaşdırdı. Anasının yaşlı gözlərində əks olunan günəş şüasını görən qızcığaz qışqırdı:

- Ana, göy qurşağı, göy qurşağı.

# 3795 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #