İnan mənə, doktor... - Amildən Yeni Şeirlər

İnan mənə, doktor... - <span style="color:red;">Amildən Yeni Şeirlər
15 may 2018
# 15:31

Kulis.az gənc şair Amil Məmiyevin yeni şeirlərini təqdim edir.

Kişilər cib dəsmalı deyərlər,qadınlar əl.

Bəzən burun dəsmalı da deyərlər.

Hamı ağlamağını gizlədər

Heç kəs göz dəsmalı deməz.

***

Döyüş meydanında

helikopter vurdular.

Bir cırcırama

gülün üstünə enərkən.

***

İçinə atıb dərdləri

Udsan,birtəhər keçinərsən.

Ovucuna töküb dərmanları isə

Udsan,keçinərsən.

***

Bəlkələri çox olan adamın
kaşları az olar.

***

Ən maraqlı olanı odur ki,

insanlar bir-birinə bu qədər yadikən

Yadplanatlilərin varlığı ilə maraqlanarlar.

***

Qorxunc insanları yuxuda görüb

isladardım altımı.

İndi böyümüşəm.

Qorxunc insanları həyatda görüb

isladıram balışımı.

***

Göydən düşən meteroitlər

Allahın bizi şeytan sanıb

bizə atdığı böyük daşlar idi,

bizsə onların ətrafına yığışıb bütləşirdik.

***

Onu bil ki, əsas,

pilləkanı olan adamlar bir yerə,

nərdivanı olanlarsa hər yerə qalxa bilər

amma onu da bil ki,

qalxmaq üçün

nərdivana arxa lazımdı,

dayaq.

***

İnan mənə, doktor,

bir gün hər şey tərsinə çönəcək

və bir gün sizə də deyəcəklər -

dərindən nəfəs al, nəfəsini saxla.

***

Dəcəllik elədiyinə görə,dərsini oxumadığına görə

müəllimlərimizin xətrinə dəymədiyi,

bir ayağı üstdə küncdə saxlamadığı

təkcə bir uşaq vardı sinifimizdə.

Hamımız qısqanardıq onu,paxıllığını çəkərdik.

Adı yadımdan deyil,bircə o yadımdadır ki,

bir ayağı olmadığı üçün “Şikəst” çağırardıq adını.

Futbol oynayanda qoltuqaltılarını qapı dirəklərinə,

özünü qapıya qoyardıq.

Heç vaxt ayaqlarının arasından

top keçirə bilməzlər deyə tez-tez öyünərdi.

***

Sözümün altında mina gizlədib,
dedim yaxşı durum qoy sözümün üstdə.

# 1674 dəfə oxunub

Müəllifin son yazıları

# # #