Azərbaycan yazıçılarının sevimli institutu-80

Azərbaycan yazıçılarının sevimli institutu-80
6 dekabr 2013
# 13:37

İnstitut Maksim Qorkinin ədəbi fəaliyyətinin 40 illiyi ilə əlaqədar “Yazıçılara ifadə imkanlarını artırmaq, peşəkarlıqlarını yüksəltmək, hərtərəfli inkişaf etmələri üçün təhsil mərkəzi, köhnə ədəbi irsi tənqidi şəkildə mənimsəmək və SSRİ xalqlarının bədii ədəbiyyatının öyrənilməsi üçün laboratoriya kimi” yaradılıb. 1933-cü ildə Maksim Qorkinin təşəbbüsü ilə əsası qoyulan dövlət təhsil müəssisəsidir. İnstituta hazırkı adı 1936-cı ildə verilib. 1942-ci ildə əyani və qiyabi şöbələrə bölünüb.

İnstitutda K. Paustovskiy, K. Simonov, Y. Trifonov, Ç. Aytmatov, R. Həmzətov, E. Vinokurov, V. Sokolov, F. İsgəndər, Y.U. Moriyu, A. Pristavkin, B. Axmadulina, Y. Yevtuşenko, R. Rojdestvenskiy, O. Suleymanov kimi görkəmli yazıçılar oxuyub və dərs deyiblər.

SSRİ-nin digər respublikaları ilə yanaşı Azərbaycandan da Asif Əfəndiyev, İsa Hüseynov, Əkrəm Əylisli, Nəriman Həsənzadə, Fikrət Qoca, Salam Qədirzadə, Səfər Alışarlı, Natiq Rəsulzadə, Saday Budaqlı, Maarif Soltan, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Şaiq Vəli, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi yazıçı və şairlər Qorki adına Ədəbiyyat İnstitutunu bitiriblər.

1953-cü ildən institutun nəzdində ali ədəbiyyat kursları fəaliyyət göstərir. 1983-cü ildə institut Xalqlar Dostluğu Ordeni ilə təltif olunub. 1992-ci ildən Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin idarəçiliyinə keçirilib.

Artıq 70 ildir ki, institut Tver bulvarı 25 ünvanında, Moskvanın mərkəzində, Puşkin meydanının yanında yerləşir.

Bura tarixi bir yerdir. Yazıçı, filosof Aleksandr Gertsen burada doğulub, S. Xomyakov, P.Y. Çaadayev, T.N. Qranovskiy, N.V. Qoqol, K.S. Aksakov slavyanpərəst və qərbyönümlülər bu binada mübahisə edib, E.A. Boratınskiy, M.S. Şepkin və onlar kimi çoxlu artist, yazıçı, rəssamlar görüşüb.

XX əsrdə burada Yesenin, Blok, Mayakovski çıxış edib, 1928-ci ildə, İtaliyadan qayıdandan sonra Maksim Qorki ədəbiyyatşünaslarla bu məkanda görüşüb. Fligelin ərazisində A.P. Platonov (iyirmi il), O.G. Mandelştam, D. Andreyev, B. Pasternak, V. İvanov, S.N. Serqeyev-Tsenskiy, L.S. Sobolev və başqa məşhur yazıçılar yaşayıb.

XX əsrin 20-ci illərində o binada ədəbiyyat muzeyi və o dövrdə Moskvada olan onlarla yazıçı təşkilatları fəaliyyət göstərdi. Burada müxtəlif jurnalların redaksiyaları (“Ədəbi mövqedə”, “Bayraq”) və nəşriyyatlar yerləşib.

Hal-hazırda təhsil prosesi ixtisas proqramı ilə (“ədəbi işçi”, “ədəbi tərcüməçi”) əyani və qiyabi olaraq həyata keçirilir. İnstituta qəbul üçün yaradıcılıq müsabiqəsi (bədii mətnlər təqdim olunur), rus dili (mətn), rus ədəbiyyatı (test), yaradıcı etüd (yazılı), yaradıcı söhbət (şifahi) kimi imtahanlardan keçmək lazımdır.

İnstitutda tədris sistemi humanitar və ictimai fənn kurslarını, bədii ədəbiyyatın janr və bölgülərinə görə - proza, poeziya, dramaturgiya, uşaq ədəbiyyatı, ədəbi tənqid, publisistika, bədii ədəbiyyat tərcüməsi yaradıcılıq seminarları əhatə edir.

Rus klassik ədəbiyyatı və slavyanşünaslıq, yeni rus ədəbiyyatı, xarici ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, rus dili və stilistikası, xarici dillər və ictimai elmlər, ədəbi ustadlıq, bədii tərcümə kimi kafedralar işləyir.

İnstitutun aspirantura, doktorantura, namizədlik və doktorluq dissertasiyaları üzrə dissertasiya şurası var.

Həmçinin institutun nəzdində qəbul üçün litsey və hazırlıq kursları da mövcuddur.

Yazının əvvəllində də qeyd etdiyimiz kimi Azərbyacanın bir çox şair və yazıçıları Qorki adına Ədəbiyyat İnstitutunu bitirsələr də müstəqillik illərindən sonra demək olar ki, heç kəs orda təhsil almayıb.

# 2324 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #