Ana söyüşü - Azər Qismət

Ana söyüşü - <span style="color:red;">Azər Qismət
26 noyabr 2014
# 12:20

Azər Qismət

Ana söyüşü

hekayə

- Sənin ananı...

- Mənim anamı söydüz?

- Hə, sənin ananı. Əcəb elədim. Sözün var?

Psixologiya müəllimi metrodakı basabasda arxaya dönərkən, dirsəyinin bir cavan oğlanın boynuna dəyməsinə görə, səhərin gözü açılmamış anasını söydürdü. Əslində, oğlan nə əzilmişdi, nə də boynundan iri ölçülü deşik açılmışdı. Sadəcə, dirsəyi cavan oğlanın boynuna dəymişdi və buna görə arxaya çönüb yerindəcə üzr də istəmişdi.

- Siz hansı səbəbə anamı söydünüz? Axı, mən üzr istədim.

- Üzrün gözünə girsin. Ananı söydüm ki, bir də belə etməyəsən, ömürlük dərs olsun sənə.

- Axı bunu qəsdən etmədim, - deyə qarşısındakı adamları aralayıb oğlana tərəf getməyə çalışırdı ki, daha da üzbəüz söhbət etsin. Bir tərəfdənsə, oğlanın yumruq zərbəsi endirəcəyindən çəkinirdi. Yaxınlıqda olanlar əzələli oğlanı onun üstündən düşürənə qədər 5-6 yumruq alacağı dəqiq idi. Sifətinin tanınmaz hala salınacağı ondan da dəqiq idi. Əgər, atası onu da vaxtında idman məşqlərinə aparsaydı, karatedən-boksdan öyrənsəydi, yaşlı vaxtında da cavan oğlanın dərsini verərdi. Ən azından şəhadət barmağı ilə gənc oğlanın qulağının ardına zərbə endirib “ay ana, öldüm” deyə yerə sərələnən oğlanın başının üstündə saralmış bığlarını xoşluqla sığallayardı. Adamların təəccüblü baxışlarına “hələ bu nədir ki” deyib təzə siqarı cığarasından çıxarıb odlayardı.

Cavan oğlan telefonuna gələn zəngə cavab verib hündürdən danışırdı. Onun - ağsaqqal psixologiya müəlliminin anasını söyməsi vaqondakı adamların gözünü qorxutmuşdu, hündürdən danışmasını sanki eşitmirdilər.

Psixologiya müəllimi qorxa-qorxa ona yaxınlaşırdı. Uşaqlığı köhnə kişilərin məhəlləsində keçdiyindən ana söyüşünü cavabsız qoyması ürəyini yandırırdı. Bu dəqiqələrdə məhəllədə ana söyüşünə görə bağırsaqları yerə tökülən Bəhramı xatırladı. Onun yerdə çapalamasını unuda bilmirdi.

Psixologiya müəllimi birdən ayıldı ki, cavan oğlanın lap yaxınlığındadır və ona nəsə deyir. Cavan oğlan telefonla danışdığı şəxsə “bir dəqiqə gözlə” deyərək yumruqlarını düyünləyib kişinin başı üzərinə qaldırıb qışqırdı:

- Dağıdım başını? Dodağının altında nə hürürsən?

- Deyirəm ki, ana müqəddəsdir. Və anamı söydüyünüzə görə üzr istəməlisiniz.

Cavan oğlan telefondakı şəxsə bu dəfə dedi ki, beş dəqiqədən sonra zəng edərəm, burda birinin payını verməliyəm. Yenə yumruğunu düyünləyib kişinin üzərinə yeridi.

- Ə, nə istəyirsən? Ananı söydüm, əcəb elədim. Sözün var? Başını dağıdım?

- Bağışlayın, vaqonda kameralar var. Məni vursanız, metro polisi sizi tutub aparacaq.

- Nə polisdən qorxuram, nə də kameralardan.

Belə desə də cavan oğlan “kamera” sözündən sonra nəsə ehtiyat etdi. Lakin, dilini saxlamadı.

- Bir də dirsəyini ora-bura atma. Lazım gəlsə, yenə ananı söyəcəyəm.

- Məgər, bir dirsək zərbəsinə görə ananı söyərlər?

- Sən böyüksən, ona görə başını əzmirəm aaa.

Psixologiya müəllimi bir ay əvvəl eyvandan aşağı - gənclərin çəkişmələrinə baxarkən eşitdiyi cümləni yadına saldı:

- Razborkalarda böyük-kiçik söhbəti olmur. Yeri gəlsə, çaydan da stəkana baş əyir.

- Necə? Bu çaqqalın danışığına bax e... Mənə deyirsən bunu?

Ətrafdakı qadınlardan birinin oğlana “danışığına fikir ver” deməsi onun ağzını açıb çəmkirməsinə şərait yaratmadı, həm də qatar lazımı stansiyaya çatdı.

***

...Ertəsi gün liftlə 7-ci mərtəbədəki evinə qalxan oğlan qulaqcıqla musiqi dinləyirdi. Lift açıldı və o, qarşısında psixologiya müəllimini görəndə təəccübü ancaq qulaqcığı çıxarmağa çatdı:

- Kazyol, sən burda nə gəzirsən?

- Dünən metrodan çıxanda ardınızca düşdüm və qarabaqara izləyəndən sonra bu binada yaşadığınızı bildim.

- Sən məni izləmisən?, - deyə oğlan yumruqlarını düyünləyib kişini vurmaq istəyəndə lift yenidən açıldı və oğlanın anası çıxdı.

- Ma, nə tez gəldin?

- Bu kişi kimdir?, - anası aldığı kartofun ağırlığını sol əlindən sağ əlinə saldı.

- Mən universitetdə psixologiya müəllimiyəm.

Oğlunuzla dünən tanış olduq. Yaxşı oğlandır.

Anası kişi ilə görüşüb, onu evə dəvət etdi.

- Yox-yox, siz gedin evə, mən də oğlunuzla insani münasibətlər barədəki yeni monoqrafiyamdan danışacağam.

- Aaaa, necə bilirsiz.

Qadın mənzilə girəndən sonra psixologiya müəllimi pıçıldadı:

- Mən sizi sata bilməzdim. Biz satqın deyilik.

- Çaqqal, sən məni bezdirdin a... nə istəyirsən?

- Xatırlayırsınızsa, siz dünən anamı söymüşdünüz. Üzr istəməyinizi gözləyirəm.

- Üzr? İndi səni pilləkənlərdən aşağı buraxaram, ağlın başına gələr.

- Aşağı buraxsanız qabırğalarım sınacaq, kəlləm dağılacaq, bununla da, sizi həbs edəcəklər və ananız gözüyaşlı qalacaq. Sadəcə, üzr istəməyiniz kifayətdir, mən də günahınızdan keçərəm.

Psixologiya müəlliminin aldığı zərbədən gözünün altının qaraltısı 6 günə çəkildi. O, işdən icazə alıb evdə qaldı, xəstə anasına dedi ki, sifəti qapı tininə dəyib.

Uzanalı halda ürək ağrılarından əziyyət çəkən anasına baxıb köks ötürür, onu nahaq yerə söydürdüyünə peşmanlıq çəkirdi. Kərgədan buynuzuna qarışqa otuzdurmaq qədər cürətinin olmaması qovururdu içini. Həyatda süləyən itlərin arxadan hücum edəcəyinə qədər hələ hissiyatını itirməyən qoca, oğlanın zərbə vuracağını gözləməmişdi. Oğlan bütün amansızlığını yumruğuna yığıb gözünün altını dəqiqliklə nişan almağı bacarmışdı.

***

...Oğlan Rabitə-Biznes İnstitutunun palıd ağacından düzəldilən qapısından içəri təpilib gecikməsinə haqq qazandırmaq üçün müəlliməsinin qarşısında yazıq görkəm aldı. Müəllimə içəridə - ona tanış gələn kişi ilə danışırdı. Qoca - üzünü çevirib oğlana gülümsədi: bu, anasını söydüyü və blokda sifətindən zərblə ilişdirdiyi psixologiya müəllimi idi. Oğlan yerində əyləşmək istəyəndə qoca ona yaxınlaşıb qulağına pıçıldadı:

- Sizi sata bilərdim. Amma biz satqın deyilik, - deyə üzünü müəlliməyə tutdu və yenə gülümsədi:

- Müəllimə, icazə versəydiz, tələbənizlə dəhlizdə 5 dəqiqə söhbət edərdik.

Dəhlizdə psixologiya müəllimi cavan oğlanın qışqırmasına ona görə imkan vermədi ki, digər auditoriyanın tələbələri bu səsə başlarını çölə çıxarardılar. O isə məsələni mədəni formada aydınlaşdırmaq istəyirdi:

- Ogünkü yumruqdan yenə vurum mürdəşir sifətinə?

Ə, sən nə həyasız adamsan?! Mənim oxuduğum məktəbi hardan tapdın?

- Şəhərimiz çox balacadır. Xatırlayırsınızsa, siz metroda heç bir səbəb olmadan anamı söymüşdünüz. Üzr istəməyinizi gözləyirəm.

Oğlan yenə də yumruğunu düyünləyib onun üstünə şığıdı.

- Ananı söymüşəm, əcəb eləmişəm. Sənin kimi “kazyol”dan ömür boyu üzr istəmərəm, - deyə kişini itələyib auditoriyaya girdi. Bir azdan onun tələbə yoldaşları ilə nə barədəsə danışa-danışa gülüşü eşidildi.

...Oğlanın gülüşü pilləkənləri ağır-ağır enən psixologiya müəlliminin qulağına uşaq vaxtı atası ilə qalxa-qalxa qışqırdıqları dağın əks-sədası təki gəlirdi. Gəncliyində qonşu məhəllələrə haqq-hesab çəkməyə gedənlərə o da qoşulsaydı. Burnunun sınmasından, gözünün altının qaralmasından, böyrəyinə dəyəcək təpiklərin xofundan getmədi dava-dalaşlara o illər. Kaş gedəydi.

Avtobusa minib köhnə məhəlləsinə gəlib çatdı. Bəhramın ana söyüşü üstündə bağırsaqlarının töküldüyü yerə baxdı. Ora daha çala-çuxur deyildi, asfalt döşənmişdi. Yaxınlıqda Çay Evi tikmişdilər. Ağır-ağır addımlarla o yönə addımladı. Divara pərçimlənən menyudakı qiymətlərin bahalığına fikir verməyib içəri girdi, çaydan əvvəl qəlyan istədi. Heç vaxt qəlyan çəkməmişdi. Masa üzərinə mürəbbələri, ləbləbini, xırda doğranmış şokoladları düzən ofisiantın “hansını götürüm, hansı qalsın” sual dolu baxışlarına başını razılıqla yellətdi. Bu “hamısı qalsın” demək idi.

Qəlyandan qullab tüstünü boğazından qaytaranda – gözlərini 3 masa aralıda oturub nəyisə müzakirə edən gənclərə zillədi. Armudu stəkandakı çayının soyuyacağını düşünməyib onlara yaxınlaşdı.

- Sizinlə oturmaq olar?

Gənclərin ikisinin narazılığı qaşlarını çatmalarından bilinsə də, o birilər “buyur, ağsaqqal” deyib qonşu masadan əlavə stul gətirdilər.

- Mənə haqq-hesab çəkməyi öyrədə bilərsiz?

Gənclərdən pıqqıldaşan olsa da, daha hündürü siqaretini sümürüb soyuqqanlılıqla soruşdu:

- Konkret nə haqq-hesab?

- Ana söyüşünün haqq-hesabı.

Bir saatdan sonra oranı gülümsəyərək tərk edəndə gənclərdən biri pıçıldadı:

- Köhnə kişilərdəndir. Qabağından yeməyi özünə sığışdırmır.

***

Professor anasını söyən oğlanı gecə barında tapdı. Üç gün əvvəl oğlanı güdəndə məhz bu bara girdiyini görmüşdü. Tüstülü və musiqili zirzəmiyə ağsaqqalın girişini görən gənc qızlar gülməklərini saxlaya bilmirdilər. Onu gördü. Bir qızla portağal şirəsi içir, arada onun qulağına nəsə pıçıldayıb qəhqəhə çəkirdi.

- Siznən çöldə danışmaq olar?

Oğlan səsə tərəf dönüb professoru görəndə stulu qaldırdı ki, təpəsinə ilişdirsin. Mühafizəçini görüb dayandı.

- Deyirəm, siznən çöldə danışmaq olar?

Oğlan qışqırdı:

- Sözünü burda de!

- Qızın yanında eyib olar axı?

- Dedim ki, burda de, - deyə elə bağırdı ki, barın inzibatçısı musiqinin səsinin kəsdi.

- Bəlkə, çıxaq çöldə danışaq?

- Dedim ki, burda de, - deyə budəfəki bağırtısı qısa ətəkli qızlardan birini lap qorxutdu.

- Yaxşı, burda deyərəm. Yadınıza gəlirsə, siz mənim anamı söymüşdünüz?!

- İndi də söyə bilərəm. Sənin ananı....

Qoca gülümsədi və bütün qəlbini o deyəcəyi sözlərə toparladı.

- Bir də söy!

- Sənin ananı...

Qoca o ifadəni işlətdi. O ifadəni ki, gənc oğlan və oturanlar bunu gözləmirdilər:

- Mənim anam - sənin anan.

O anda barda yaranan 3 saniyəlik sükut və ardınca ucalan qəhqəhə, bəlkə, divarları da aşırardı. Oğlan bir az əvvəl ayaqyolunda atdığı narkotik həbin yaratdığı sərsəmliyi qaçırmaq üçün gözlərini ovxaladı. Qocaya hücum çəkmək istədi. Qəhqəhə kəsildi. Oğlan yumruqlarını düyünləyib qəzəbli görkəmi ilə qoca professora yaxınlaşdı. Yaxınlaşmadı, şığıdı. Ona çatanda hərəkətində süstlük yarandı. Və qocanın gözlərinə baxdı. Gülənlərə də baxdı. Sonra öz başına yumruq ilişdirib dizlərini yerə qoydu:

- Ölüb-ölənlərimlə qələt etmişəm. Məni bağışlayın.

Professor ordan çıxıb evə quş qanadı ilə uçurdu. İstəyirdi evə tez çatsın və xəstə anasının ağaran saçlarından öpüb qışqırsın:

- Səni sevirəm, anacan.

SON

# 2389 dəfə oxunub

Müəllifin son yazıları

# # #