Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Stefan Sveyq Balzak haqqında nə düşünürdü?
20 may 2018
# 09:30

Kulis.az Stefan Sveyqin məşhur "Üç Böyük Usta: Balzak, Dikkens, Dostoyevski" kitabından bir hissəni təqdim edir.

Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon – əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı – həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi.

Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında “le petit général”ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində – Balzakın ilk gənclik illəri – çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi? Bir şəxs, hər hansı bir şəxs, mavi Aralıq dənizinin adalarının birindən durub Parisə gəlir, – nə dostları və işi, nə də şan-şöhrəti var – gedib cilovsuz iqtidarı tamamilə ələ keçirir, sərt şəkildə sağa-sola sovurur və cilovlayır; bir nəfər, bir əcnəbi, bir cüt yalın əllə Parisi tutur, ardınca isə Fransanı və sonra da bütün dünyanı. Dünya tarixinin bu macərapərəst dövrü Balzakın yaddaşına inanılması çətin əfsanələr və ya tarixi hekayətlər şəklində köçürülmür, əksinə, bütün rəngləri ilə, susamışcasına klapanları açılan duyğu orqanlarından keçərək fərdi həyatına daxil olur; hələ əl dəyməmiş daxili dünyasını örtən minlərlə rəngli real xatirəylə birlikdə.

Belə bir təcrübənin nümunəyə çevrilməsi qaçınılmaz idi. Balzak oxumağı, bəlkə də, uzaq zəfərlərdən qürurla və sərt bir tərzdə, az qala, romalı bir ehtiraslı bəhs edən yazılardan öyrənmişdi; uşaq barmaqları hər halda bacarıqsızcasına xəritənin üzərində irəliləmiş, Fransadan başlayaraq daşan bir çay kimi yavaş-yavaş Avropanın üzərində, Napoleon əsgərlərinin yürüşlərinin izinə düşərək hərəkət etmiş, bu gün Sen Dağını aşmış, sabah Siyerra Nevadanın bir tərəfindən o biri tərəfinə keçmiş, çayları ötərək Almaniyaya, qarları aşaraq Rusiyaya və oradan da ingilislərin köz kimi qızarmış top mərmiləri ilə düşmən donanmalarına atəşə açdığı Cəbəllütariq Boğazına qədər çatmışdı. Bəlkə də gündüzlər küçədə əsgərlərlə oynamışdı; üzündə kazakların qılınc izlərini gəzdirən əsgərlərlə. Gecələr də, çox güman ki, Austerlitsdəki rus süvarilərinin ayağı altındakı buz təbəqəsini yarmaq üçün Avstriyaya gedən top arabalarının sürətlə keçərkən çıxardıqları hirsli səs-küyə oyanmışdı. Onun bütün gənclik arzuları alovlu bir adda, tək bir düşüncədə, tək bir xəyalda əriyəcəkdi: Napoleonda. Parisdən dünyaya açılan böyük bağçada, az qala, dünyanın yarısını əhatə edən, ələ keçirilmiş şəhər adlarının yazıldığı bir zəfər tağı yüksəlirdi. Günlərin bir günü yad ordular marşlarla, əllərindəki bayraqlarla bu məğrur qübbənin altından keçərkən, Balzakın bu hakimiyyət duyğusu, kim bilir, necə böyük bir xəyal qırıqlığına uğramışdır! Çöldə, qaynamaqda olan dünyada baş verənlər daxilə təcrübələr şəklində girirdi. Dəyərlərin darmadağın olmasını həyatının çox erkən dövrlərində, uşaqlığında yaşadı; həm maddi, həm də mənəvi dəyərlər alt-üst olmuşdu. Balzak Respublikanın möhürünü daşıyan 100, yaxud 1000 franklık əskinasların dəyərsiz kağızlar kimi küləkdə uçuşduqlarına şahidlik etdi. Əlindən sürüşüb düşən qızılın üstündə bir an irəlidə boynu vurulacaq kralın kök profilini, bir an Yakobinlərin azadlıq beretini, bir an konsulun romalı simasını, bir an da imperator cübbəsi geymiş Napoleonu görürdü. Balzak əxlaqın, pulun, ölkənin, qanunların, iyerarxiyanın, yəni əsrlərlə pozulmaz sərhədlər daxilində buxovlanmış olan hər şeyin yavaş-yavaş çölə sızdığı, yaxud daşdığı üçün bu cür böyük dəyişikliklərin baş verdiyi zamanda, əvvəllər heç vaxt bu cür dəyişikliklərin baş vermədiyi bir əsrdə dəyərlərin nisbiliyini çox erkən yaşda dərk etmiş olmalı idi.

…Üstəlik Napoleonu öz gözləri ilə də görmüşdü, həyata vəsiqə verdiyi şəxslərlə bir yerdə: Məmlük Rustanla, İspaniyanı hədiyyə etdiyi Jozeflə, Siciliyanı verdiyi Muradla, xain Bernadotla, krallıqlar fəth edib başlarına tac qoyduğu və keçmişlərinin heçliyindən çıxarıb öz mövcudiyyətinin ziyasına yüksəltdiyi hər kəslə birlikdə bir rəsmi keçid əsnasında atla keçərkən görmüşdü Napoleonu. Bir saniyə ərzində gözlərində cap-canlı bir görüntü aydınlanmışdı, tarixdəki bütün nümunələrdən daha böyük bir görüntü. O, böyük dünya fatehini görmüşdü və bir dünya fatehini görmək hər bir yeniyetmə üçün elə onun kimi olmaq arzusu ilə eyni deyilmi? Bu ərəfədə iki fərqli yerdə, iki səssiz dünya fatehi də vardı: Keniqsberqdə yaşayan, dünyanın qarmaqarışıqlığına müəyyən tərtib və nizam gətirməyə çalışan bir filosof (Kant) və Veymarda külliyyatı ilə Napoleonun ordularıyla əldə etdiklərindən daha azına malik olmayan bir şair (Höte.) Amma onlar Balzak üçün lap uzun müddət əlçatmaz ənginliklər olaraq qalacaqdı. Hər zaman yalnız bütövə sahib olmaq, əsla hissələri deyil, dünyanın hamısını ələ keçirmək impulsunu, bu alovlu ehtirası ilk növbədə Napoleon nümunəsinə borclu idi.

Dünyanı ələ keçirmək məsələsində bu möhtəşəm iradə dərhal yolunu tapa bilmir. Balzak hələlik hansısa peşədə qərar tutmayıb. İki il əvvəl doğulmuş olsaydı, indi on səkkiz yaşında Napoleonun əsgərlərinə qoşulmuş, bəlkə də ingilis mitralezlərinin önünə çıxan hər şeyi yerlə-yeksan etdiyi Bel-Alyansda təpələrə hücum edirdi; amma dünya tarixi təkrarları sevmir. Napoleon çağının fırtınalı havasını ilıq, mülayim yaz günləri izlədi. XVIII Lüdoviqin (Lui) rəhbərliyi altında qılınc bəzək əşyasına, əsgər saray gözətçisinə, siyasətçi xətibə çevrildi; dövlətin yüksək mövqelərini artıq fəaliyyət yumruğu, təsadüfün həmin əsrarəngiz və bərəkətli buynuzu paylamırdı, əksinə, yumşaq qadın əlləri idi lütf və inayətləri bəxş edən. İctimai həyat durğunlaşmış, bayağılaşmış, hadisələrin qaynayan suları durularaq sakit bir gölə çevrilmişdi. Dünyanın silahlarla fəth edilməsi artıq mümkün deyildi. Bəziləri üçün nümunə olan Napoleon çoxları üçün artıq bir müqəvva idi. Beləliklə, geriyə yalnız bir sənət qalırdı. Balzak yazmağa başladı. Amma digərləri kimi pul qazanmaq, əylənmək, kitabxana rəflərini doldurmaq, bulvarlarda danışılmaq üçün deyil: onun ədəbiyyatda gözünü dikdiyi şey marşallıqdan çox imperatorluq tacı idi. Bir binanın ən üst mərtəbəsində işə başladı. Gücünü sınamaq istəyərmişcəsinə müxtəlif adlar altında ilk romanlarını yazdı. Bu, hələ döyüş deyil, yalnız döyüşün məşqi, manevr idi və müharibə hələ başlamamışdı. Müvəffəqiyyətindən məmnun olmadıqda, fəaliyyəti onu təmin etməyində, sənəti bir kənara atdı, üç-dörd il başqa peşələrlə məşğul oldu; bir notariusun dəftərxanasında katib işlədi, müşahidə etdi, baxdı, faydalandı, baxışı ilə dünyanın içinə sızdı və yenidən yazmağa başladı. Lakin bu səfər bütövü hədəf götürən həmin böyük itələyici güclə, təkcə böyük həlqələr şəklində fırlananı qavramaq, ilkin impulsun əsrarəngiz çarxına qulaq şəkləmək üçün, hissəni, görüntünü, fenomeni, dağınıq olana barmaqarası baxan nəhəng, fanatik ehtirasla başladı yazmağa. Hadisələrin şər qarışığından saf elementi, ədədlərin xaosundan cəmi, səs-küydən harmoniyanı, həyatın müxtəlifliyindən xüsusi olanı əldə etmək, bütün dünyanı öz süzgəcindən keçirmək, onu yenidən yaratmaq, “en raccourci” (bütöv xülasə) halında təqdim etmək və boyunduruq altına saldığı şeyə öz nəfəsi ilə ruh üfləmək, öz əlləri ilə istiqamətləndirmək: bax, onun hədəfi bu idi. Çeşidlilikdən heç bir şey itməməli idi; sonsuzluğu bir sonluluğa, əlçatmazı insan üçün mümkün olanın daxilinə yerləşdirmək üçün sadəcə bir proses var: sıxışdırmaq. Bütün gücü ilə fenomenləri bir araya sıxışdırmaq, onları süzgəcdən keçirmək və beləliklə, əhəmiyyətsiz olanları atıb yalnız saf, dəyərli formaları əldə etmək və sonra bu tək-tək dağınıq formaları əllərinin közündə sıxışdırmaq; onların həmin möhtəşəm çeşidliliyini açıq, dərk olunan sistem halına salmaq üçün çalışırdı; eynilə milyardlarla bitkini məhdud kateqoriyalara yerləşdirən Linney, saysız-hesabsız qarışıqları bir ovuc elementə çevirən kimyagər kimi – bax, onun ehtirası bu idi.

…Napoleon kimi o da Fransanı dünyanın özü, Parisi də həmin dünyanın mərkəzi halına gətirir. Bu sahə daxilində, hətta Parisdə, çoxlu sayda çevrə cızır: nəcabətlilər, rahiblər, fəhlələr, şairlər, sənətçilər, alimlər. 50 aristokrat salonunu Kadiqnan Hersoqluğunun salonuna çevirir. Yüz nəfər bankiri Baron Nusinqenə, bütün sələmçiləri Qobsekə, bütün həkimləri Qorasi Byanşona. Bu insanları bir-birlərinə reallıqdakından daha yaxın məsafələrdə yerləşdirir, onları daha intensiv şəkildə bir-birləri ilə təmasa keçirir, daha şiddətli qarşıdurmalara daxil edir. Həyat yüzlərlə oyun forması ortaya qoysa da, onunki yalnız bir dənədir. Hibrid tipləri qəbul etmir. Onun dünyası reallıqdakından daha yoxsul, amma daha intensivdir. Çünki onun insanları özləri kimidir; ehtirasları saf elementlər halında, faciələri intensivləşdirilmiş formadadır.

Napoleon kimi o da işə Parisi ələ keçirməklə başlayır. Ardınca hissə-hissə əyaləti – hər vilayət sanki öz nümayəndəsini Balzakın parlamentinə göndərir – və ən axırda Balzak müzəffər konsul Bonapart kimi ordularını bütün ölkələrə yeridir. Ən uzaq bölgələrə qədər gedir, adamlarını Norveçin körfəzlərinə, İspaniyanın günəşdən qovrulmuş qum düzənliklərinə, Misirin od rəngli səmasının altına, Berezinanın buz bağlamış körpüsünə – hər tərəfə – göndərir. Onun dünyaya hakim olmaq iradəsi də, eynilə, önündəki böyük nümunə kimi daha uzaqlara gedir… Ən dərin səfalətlərdən, kəndli daxmalarından Müqəddəs Sen-Jermen saraylarına gedir, Napoleonun xüsusi mənzillərinə sızır, hər tərəfdə dördüncü divarı və onunla birlikdə kilidli otaqların sirlərini yıxır, Bretanın çadırlarında əsgərlərlə birlikdə istirahət edir, birjada oynayır, teatrın kulislərinə baxır, alimlərin işlərinə nəzarət edir; dünyanın onun ovsunlayıcı alovları tərəfindən işıqlandırılmayan heç bir küncü yoxdur. Onun ordusu iki minlə üç min arası insandan ibarətdir, daha doğrusu, onları torpağı eşələyərək özü ortaya çıxarmış, öz ovucunun içində böyütmüşdür. Lüm-lüt, heçlikdən gəlirlər və o, bunları geyindirmiş, adlar və zənginliklər bağışlamışdır, eynilə, Napoleonun marşalları ilə davrandığı kimi; sonra isə geri almış, onlarla oyun oynamış, bir-birlərinə qarşı qızışdırmışdır.

Hadisələr çeşidi sayıla bilməyəcək qədər çoxdur, bunların arxa planında dayanan mənzərə isə möhtəşəmdir. Dünyanın "Bəşəri Məzhəkə" içində, bu formada fəthi bütün həyatın sıxlaşdırılmış şəkildə iki əl arasında möhkəmcə tutulması, eynilə Napoleonun modern tarixdə bənzərsiz olması kimi, modern ədəbiyyatda da bənzərsizdir. Amma dünyanı fəth etmək Balzakın gənclik yuxusu idi və heç bir şey reallaşan uşaqlıq xəyallarından daha möhtəşəm deyil. Onun Napoleonun şəkillərinin birinin altına bu sözləri yazması əbəs deyil: "Ce qu'il na pu achever par l'épée je l'accomplirai par la plume" (Onun qılıncla sona çatdıra bilmədiyini mən qələmlə tamamlayacağam).

Qəhrəmanları da eynilə onun kimidir. Hamısında dünyanı fəth etmək arzusu var. Bir mərkəzi qüvvə onları əyalətdən, vətənlərindən dartıb Parisə sürükləyir. Onların müharibə meydanı oradır. Əlli min gənc insan, bir ordu, oraya axın edir. Əl dəyməmiş bakir bir qüvvə, boşalmaq istəyən, qeyri-müəyyən bir enerjiylə burada, bu dar sahədə mərmilər kimi bir-birlərinə çırpılır, bir-birini yox edir, havaya tullayır, uçuruma itələyirlər. Heç birinin yeri hazır deyil. Hər biri tribunanı özü ələ keçirmək məcburiyyətindədir və bu polad kimi sərt, elastik metal – ki bunun adı gənclikdir – döyülərək bir silaha, enerjiləri intensivləşdirilərək partlayıcı bir maddəyə çevrilir. Cəmiyyət daxilindəki bu döyüşün müharibə meydanlarındakından daha az ağrılı olmadığını ilk dəfə göstərə bilmək Balzak üçün fəxrdir: "Mənim burjua romanlarım sizin tragediyalarınızdan daha faciəvidir!" – deyə səslənir romantiklərə. Çünki Balzakın kitablarındakı gənc insanların ilk öyrəndiyi şey mərhəmətsizlik qanunudur. Saylarının həddindən artıq çox olduğunu bilirlər və – bu obraz ən sevimli qəhrəmanı Votrenə aiddir – bir qaba salınmış hörümçəklər kimi, bir-birlərini yeyib məhv etmək məcburiyyətindədirlər. Öz gəncliklərini, döyərək əldə etdikləri silahı da təcrübənin yandırıcı zəhərində əritmək məcburiyyətindədirlər. Təkcə sağ qalan haqlıdır. "Böyük Ordu"nun respublikaçı qiyamçıları kimi, küləyin əsdiyi bütün istiqamətlərdən gəlirləe, Paris yolunda ayaqqabılarını dağıdırlar; çöl yollarının tozu paltarlarına hopur və boğazlarında həzzə duyduqları böyük bir susuzluqla yanır. Zərifliyin, zənginliyin və gücün bu yeni, ovsunlayıcı mühitində ətraflarına nəzər yetirdikdə, yanlarında gətirdikləri bir neçə şeyin bu sarayları, bu qadınları, bu gücləri əldə keçirmək üçün olduqca yetərsiz olduğunu hiss edirlər. Qabiliyyətlərini istifadə edə bilmək üçün əvvəl onları əridib başqa formalara salmaq, gəncliklərini dayanıqlılığa, zəkalarını hiyləgərliyə, etibarlılıqlarını saxtakarlığa, gözəlliklərini şərə, qorxusuzluqlarını hiyləgərliyə çevirmək məcburiyyətindədirlər. Çünki Balzakın qəhrəmanları ehtiras küpüdür, hər şeyin bütövünü istəyirlər. Hamısının macərası eynidir: Bir tilbüri (iki nəfərlik yüngül fayton) yanlarından vıyıltı ilə keçir, təkərlər üstlərinə palçıq sıçradır, faytonçu qırmancı yelləyir, lakin faytonda gənc bir qız oturmaqdadır, saçlarının arasında ləl-cəvahirat parlayır. Bir baxış sürətlə əsib keçir. Qadın cazibədar və gözəldir, zövq simvoludur və Balzakın bütün qəhrəmanlarının bu anda tək arzusu vardır: Bu qadın, bu araba, bu xidmətçi, bu zənginlik, Paris, dünya mənə aid olmalıdır! Napoleon nümunəsi, bütün güclərin ən aşağı təbəqədən gələn bir şəxs tərəfindən beləcə satın alına bilinəcəyi nümunəsi onları məhv edib. Əyalətdəki ataları kimi bir üzüm bağı üçün, bir komissarlıq və ya qubernatorluq mövqeyi üçün, bir miras üçün mübarizə aparmazlar, əksinə, onların səyi, bəli, simvollar üçün, güc üçün, krallıq zanbaqlarının parladığı, pulun su kimi barmaqlar arasından axdığı o parlaq çevrəyə girmək üçündür. Beləliklə, Balzakın digərlərindən daha güclü əzələlər, daha alovlu danışıq qabiliyyətləri, daha enerjili impulslar, daha sürətli və daha canlı bir həyat bəxş etdiyi o böyük ambisiozlara çevrilə biləcəklər. Onlar yuxuları çin olan insanlar, öz diliylə desək, həyatın maddəsi içində şeir yazan şairlərdir. Hücum üsulları iki cürdür: bir yol dühaya aparır, digər yol isə artıq vərdiş olunmuşa. Güc əldə etmək üçün adam özünəməxsus bir üsul tapmalıdır, yaxud digərlərinin, cəmiyyətin metodunu öyrənməlidir. Özünü top mərmisi kimi başqalarından ibarət olan kütlənin içinə öldürücü bir şəkildə atmalı, kiminləsə o şəxsin hədəfi arasına girməli, ya da onu vəba kimi hiyləgərcəsinə zəhərləməlidir – deyir Balzakın o möhtəşəm, sevimli qəhrəmanı anarxist Votren. Balzakın özünün də kiçik bir otaqda işə başladığı Latın məhəlləsində (Quartier Latin) meydana çıxır onun qəhrəmanları, ictimai həyatın ilkin formaları: tibb tələbəsi Despleyin, ehtiraslı Rastinyak, filosof Lui Lambert, rəssam Brido, jurnalist Ryubampre. Formalaşmamış elementlər olan bu gənclərdən əmələ gələn həmin mühit saf və təməl bir xarakterə malikdir. Beləcə, bütün həyat Vokenin əfsanəvi pansionatındakı masa ətrafında toplanıb. Amma sonra bu insanlar həyatın böyük süzgəcinə tökülərək, ehtirasın alovunda bişərək və xəyal qırıqlıqlarında təkrar soyuyaraq, qatılaşaraq, sosial təbiətin müxtəlif təsirlərinə, mexaniki sürtünmələrə, maqnetik cazibələrə, kimyəvi həll edilmələrə məruz qalaraq forma dəyişdirir, həqiqi mahiyyətlərini itirirlər. Paris deyilən o qorxunc turşu bəzilərini əridərkən, gəmirərkən, bir kənara atarkən və məhv edərkən, bəzilərini də kristallaşdırır, sərtləşdirir və daşlaşdırır. Çevrilmənin, rəng dəyişmənin və birləşmənin bütün təsirləri onların üzərində reallaşır; birləşən elementlərdən yeni kompleks strukturlar meydana gəlir və on il sonra yerdə qalanlar, forma dəyişdirənlər, həyatın zirvəsində mənalı təbəssümlərlə bir-birlərini salamlayırlar: məşhur həkim Despleyin, nazir Rastinyak, böyük rəssam Brido. Halbuki Lambert və Ryubampre un kimi əzilmiş halda həyatın çarxına yapışıblar…

… Hər şey iç-içə keçir, bütün güclər nisbidir və heç biri azad deyil. Bu cür sərhədsiz nisbilik hər cür davamlılığı, hətta xarakterin davamlılığını belə inkar edir. Balzak öz insanlarını daim proseslər tərəfindən yoğurulmağa, taleyin əlində gil kimi formalaşdırılmağa buraxır. İnsanlarının adları belə müəyyən birliyi yox, dəyişikliyi ehtiva edir. Balzakın iyirmi kitabında Fransa Əyan Məclisinin üzvü Baron Rastinyakın adı var. Bizə elə gəlir ki, bu hörmətsiz görməmişliyi, Parisdəki vəhşi, mərhəmətsiz yüksəlmə ehtirasının bu prototipini, qanunun boşluqlarından ankvil balığı kimi üzüb keçən və pozğunlaşmış cəmiyyətin əxlaqını ustacasına təmsil edən bu adamı tanıyırıq; onu küçədə, hər hansı bir salonda, yaxud qəzetdə görmüşük elə bil. Amma ortada bir kitab var və bu kitabda Rastinyak yaşayır; ana-atasının böyük ümidlər və az məbləğ pulla Parisə göndərdiyi kasıb, nəcabətli bir gəncdir, mülayim, itaətkar, təvazökar, həssas bir xarakterə malikdir. Bu kitab onun Vokenin pansionatına, müxtəlif xarakterlərin qaynadığı bu cadugər qazanına, Balzakın iyrənc kağızlarla örtülmüş dörd divar arasına hər cür temperamenti, xarakteri sıxışdırdığı bu dahiyanə xülasənin içinə necə düşdüyünü izah edir; o burada heç kəsin tanımadığı Kral Lirin, yəni Qorio Atanın faciəsini görür, Sen-Jermen məhəlləsinin bər-bəzəkli və bayağı şahzadələrinin şövqlə yaşlı atalarını soyduqlarını görür, cəmiyyətin bütün çirkinliklərini görür; bütün bunlar bir faciəyə çevrilib. Burada, nəhayət bu yaxşılıq timsalının tabutu arxasınca yalnız bir xidmətçi kişi və qaravaş qızla birlikdə gedərkən, bu hirsli anda, Parisin çirkli, sarı, bədxassəli şiş kimi ayaqlarının altında dayanan sirli Per Laşez təpələrinə baxır; bax, burada həyatın bütün müdrikliyini görür. Bu anda Votrenin, o məhkumun səsi qulaqlarında əks-səda verir; onun insanlarla poçt atı kimi rəftar etmək, arabaya çataraq qamçılamaq və hədəfə yetincə də, gəbərmək üçün tərk etmək gərəkdiyini söyləyən təlimini eşidir. Bu anda digər kitablardakı Baron Rastinyak, o hörmətsiz və mərhəmətsiz adam, qəfildən Əyan Məclisinin həmin ambisiya dolu üzvünə çevrilir. Bax, həyatın dönüş nöqtəsini ifadə edən bu anı Balzakın bütün qəhrəmanları yaşayır. Hamının hamıya qarşı apardığı müharibədə əsgərə çevrilirlər; hər kəs irəliyə doğru atılır, birinin yolu digərinin cəsədi üzərindən keçir. Hər birisinin öz Rubikonu, öz Vaterlosu olduğunu, eyni döyüşün saraylarda, daxmalarda və meyxanələrdə davam etdiyini göstərir Balzak; eyni zamanda, həmin cırıq-sökük paltarın altında rahiblərin, həkimlərin, əsgərlərin, vəkillərin də eyni impulslarla hərəkət etdiklərini göstərir. Bunu hər kəsin rolunu oynayan, Balzakın kitablarında on dəyişik qılıqda, hər vaxt eyni adam kimi, qəsdən eyni adam kimi qarşımıza çıxarılan qəhrəmanı anarxist Votren anlayır. Müasir həyatın dümdüz səthi altında mübarizələr altdan-altdan davam edir. Çünki xarici laqeydliklə daxili ehtiras tərs mütənasibdir. Heç kimə, bir vaxtlar krala, nəcabətliyə, rahiblərə ayrıldığı kimi, müəyyən bir yer ayrılmadığından, hər kəsin hər şeyə haqqı çatdığından bu vəziyyət onların güclərini on qat artırır. İmkanların azalması həyatda enerjinin iki qat artması şəklində təzahür edir.

Balzakı cəzb edən şey enerjilərin həm xaricə, həm də özünə qarşı olan bu öldürücü mübarizəsidir. Onun ehtirası şüurlu bir həyat iradəsinin ifadəsi kimi meydana çıxan hədəfə tərəf istiqamətlənmiş enerjini nəticələri baxımından yox, mahiyyəti baxımından müəyyənləşdirməkdir. Yaxşı, yaxud pis, təsirli, yaxud boş yerə xərclənməsi onun vecinə deyil, yetər ki, intensiv olsun. Sıxlıq, iradə hər şeydir, çünki bu insana aiddir; halbuki uğur və şöhrət heç bir şeyə aid deyil, çünki onu təsadüf müəyyənləşdirir. Pencəyinin qollarında gizlədərək sobadan çörək oğurlayan qorxu içindəki kiçik oğru darıxdırıcıdır, amma professional olan, istifadə etmək üçün yox, ehtirasa görə oğurlayan, bütün varlığı dartıb almağa hesablanmış adam isə möhtəşəmdir. Faktları və təsirləri ölçmək tarixçilərin vəzifəsidir, səbəbləri və şiddəti üzə çıxarmaqsa, Balzaka görə sənətçinin. Çünki faciəvi olan təkcə hədəfə çata bilməyən qüvvədir. Balzak “héros oubliés”i (unudulan qəhrəmanlar) təsvir edir; onun fikrincə, hər çağda təkcə 1796-cı illə 1815-ci il arasında dünyanı fəth edən, tarixçilərin Napoleonu yoxdur, əksinə, o bunlardan dörd, yaxud beşini tanıyır. Biri bəlkə Marenqoda vurulub öldürülüb və adı Desaikdir. İkincisi bəlkə də həqiqi Napoleon tərəfindən Misirə göndərilmiş, böyük hadisələrdən uzaq qalıb. Üçüncüsü də bəlkə ən qorxunc faciəni yaşayıb: Bu əsl Napoleondur və heç vaxt hər hansı bir döyüş meydanında olmayıb, sel olub axacağı yerdə əyalətin bir küncündə saralıb-solub, amma digərlərindən daha az enerji xərcləməyib, kiçik şeylər üçün olsa da. Gözəllik və vəfaları ilə kraliçalar arasında şöhrət tapa biləcək, adları Pompadurun, yaxud Diana de Puatyeninki qədər ehtişamlı ola biləcək qadınlardan danışır; zamanənin uyğunsuzluğuna görə itib-batan, şöhrətin adlarının yanından ötüb keçdiyi, bu şöhrəti onlara yenə də bir şairin vermək məcburiyyətində qaldığı şairlərdən danışır; həyatın hər anında müdhiş bir enerjinin istifadə edilmədən israf edildiyini bilir; Yevqeniya Qrandenin, həssas əyalət qızının, həris atasının qarşısında titrəyərək pul çantasını əmi uşaqlarına hədiyyə edəndə mərmər heykəli Fransanın bazar meydanlarında parlayan Janna Darkdan daha az cəsur olmadığını dərk edir. Uğur saysız-hesabsız kariyeranın bioqrafiyasını yazan sənətçinin gözlərini qamaşdırmaz, ictimai rəyin bütün bəzəklərini və qarışıqlarını bir kimyagər dəqiqliyi ilə təhlil etmiş adamı yanıltmaz. Balzakın güzəştə getməyən, yalnız enerjiyə dikilmiş gözü faktların qarışıqlığı içində yalnız canlı çırpınışları görür. Napoleonun təxribata uğramış ordusu bütün gücüylə körpüyə çatmağa çalışarkən, Berezinada meydana gələn qarışıqlıqda, yüz dəfələrlə canlandırılmış və bir saniyəyə sıxışdırılmış çarəsizlik, xainlik, qəhrəmanlıq səhnələrinin içindən ən böyük həqiqi qəhrəmanları tapıb çıxarır: üstündən ordunun qaçdığı asma körpünü inşa etmək üçün sinələrinə qədər qalxan suyun içində üç gün boyunca işləyən, adlarını heç kəsin bilmədiyi qırx qabaqcıl adam. Parisin pərdələri endirilmiş pəncərələrinin hər birinin arxasında Culiyettanın ölümündən, Vallenşteynin sonundan, Lirin çarəsizliyindən heç də kiçik olmayan faciələrin yaşandığını bilir və bu cümləni təkrar-təkrar qürurla söyləyir: "Mənim burjua romanlarım sizin tragediyalarınızdan daha faciəvidir…"

…Balzakın özü də əsərlərində əbədiləşdirdiyi həmin böyük düşkünlüklərdən biri idi. Xəyal qırıqlığına düçar olmuş şəkildə naşılardan və acizlərdən xoşu gəlməyən mərhəmətsiz dünyanın bütün yuxularından qovulmuş biri kimi, öz süktuna çəkildi və özü üçün dünyanın simvolunu yaratdı. Özünə aid olan, hakim olduğu və onunla birlikdə məhv olub gedəcək bir dünya. Reallıq yanından axıb getməkdədir, özünü otağına qapatmış, masanın başına dikilmiş, orada, kolleksiyaçı Eli Maq öz şəkillərinin arasında yaşadığı kimi, qəhrəmanlarından ibarət olan meşədə yaşamaqdadır. İyirmi altı yaşından etibarən həqiqəti demək olar ki, – hər dəfəsində böyük faciələrə çevrilən istisnaları çıxmaq şərtilə – xammaldan, öz kainatının çarxını hərəkətə gətirəcək yanacaqdan başqa bir formada görməmişdi. Demək olar ki, şüurlu şəkildə həyatın kənarında yaşayırdı, sanki bu iki dünyanın, özününki ilə başqalarınınkının arasında yaranacaq təmasın həmişə ağrılı olacağından qorxurdu. Axşam saat səkkizdə əldən düşmüş bir vəziyyətdə yatağa girir, dörd saat yatır, gecə yarısı oyanırdı; Paris, o gurultulu mühit qızdırmalı gözlərini yumanda, küçələrin uğultusunun üstünə qaranlıq çöküb dünya gözdən itəndə, onun dünyası üzə çıxmağa başlayır və o öz dünyasını digərinin yanında qurur, onun dağınıq elementlərini bir araya gətirir, saatlarla qızdırmalı bir sərxoşluq halında yaşayır, əldən düşən duyğu orqanlarını daim qəhvə ilə qırmanclayırdı. Bu vəziyyətdə on, on iki, bəzən də on səkkiz saat işləyirdi, ta ki hər hansı bir şey onu bu dünyadan qoparıb öz reallığına qaytarana qədər. Bu oyanış anlarında çox güman ki, Rodinin heykəlindəki baxışı daşıyırdı: göyün min qat yuxarısındakı o ani oyanış, unutduğu həqiqətə qayıdış, həmin qorxunc, böyük, az qala, qışqıran baxış, soyuqdan donmuş çiyininə paltar keçirən o əl, yuxudan oyadılan bir adamın, qışqıraraq adının deyildiyini eşidən bir lunatikin üz ifadəsi. Heç bir şairin əsərində itməyin sıxlığı, öz xəyallarına olan inanc bu qədər güclü olmayıb, şizofrenlər də özünü aldatmağın sərhədinə bu qədər yaxınlaşmayıblar. Ehtiraslarının qarşısını almağı, bir maşın kimi möhtəşəm şəkildə fırlanan çarxı qəfil dayandırmağı, aynadakı xəyalla həqiqini bir-birindən ayrıd etməyi, bu dünya ilə digər dünya arasında iti bir xətt çəkməyi həmişə bacarmırdı. Onun iş sərxoşluğu ilə qəhrəmanlarının həqiqətən mövcud olduğuna nə qədər inanması ilə bağlı bir kitab yazıldı. Ümumiyyətlə, əyləndirici, əksəriyyəti də bir az ürpərti yaradan anekdotlardan biri belədir: Yoldaşlarından biri otağına girir. Balzak dəhşət içində ona doğru atılır: "Təsəvvür edirsən? O bədbəxt qadın özünü öldürdü!" və ancaq yoldaşının qorxaraq geri sıçrayışından sonra, o qəhrəmanın, Yevqeniya Qrandenin, yalnız öz səmasında yaşadığını başa düşür. Belə uzun sürən, belə intensiv, belə əsl şizofrenik xəstəni patoloji dəlilikdən ayıran şey bəlkə də yalnız həqiqi həyatı ilə bu yeni reallığın qanunlarının eyni olmasıdır: mövcudiyyətin eyni səbəb-nəticə əlaqəsi; buna səbəb olan onun həyat tərzi deyil, sanki sadəcə iş otağının qapısından keçib əsərinə girirmiş kimi canlı olan qəhrəmanlarıdır. Amma bu təktərəfli düşkünlüyün mükəmməlliyə çatmasının səbəbi dəliliyin davamlılığı, möhkəmliyi və mütləqliyi idi; onun işi artıq tər deyil, əksinə, yalnız alov, sərxoşluq, xəyal və ehtirasdır. Bu, müvəqqəti bir cadu vasitəsi idi, həyatın aclığını ona unutduracaq bir yuxu dərmanı idi. Zövq dalınca qaçmağa, israf etməyə hər kəsdən daha uyğun gələn Balzak, bu qızdırmalı işin onun üçün həzz vasitəsindən başqa bir şey olmadığını özü də etiraf edib. Çünki bu cür cilovsuz arzuları olan Balzak da, kitablarındakı düşkün qəhrəmanlar kimi, təkcə onların yerinə başqa bir şey qoyaraq ehtiraslarından imtina edə bilib. Həyat duyğusunu qırmanclayan hər şeydən, eşq, ehtiras, oyun, zənginlik, səyahət, şöhrət və zəfərlərdən yaradıcılığı vasitəsilə yeddi qat daha artıq kompensasiya əldə edə bildiyi üçün əl çəkə bilib.

Tərcümə: Misir Məmmədli

Mənbə: sim-sim.az

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #