Elçinin “Baş” romanında postmodernizm

Elçinin “Baş” romanında postmodernizm
14 iyun 2016
# 17:39

Kulis.az Nizami Tağısoyun ““Baş” romanında postrealist və postmodernist xətlər və gedişlər” məqaləsini təqdim edir.

“Baş” romanının bir postrealist və postmodernist roman kimi başlıca xüsusiyyəti ondan ibarətdir ki, əsər özü – özlüyündə strukturuna görə yetərincə mürəkkəbdir və adi söz sənəti əsəri kimi onun məzmunu heç də asanlıqla qavranılmır. İlk baxışda romanın bəzi yerləri rahat oxunsa da, bu “rahatlıq” heç də müvafiq üstqatda dayandığı kimi düzüm və qavrayış yaratmır. Əsərin qavranılmasını çətinləşdirən heç də roman boyu öz əksini tapmış, fərqli şirftlərlə Sisianovun özü, Başı, onun qeyri-adi bir dünyadan konkret zamana və məkana, eyni zamanda baş qəhrəmanın məkandan və zamandan kənarda durub hadisələrə və faktlara verdiyi dəyər, yaxud vermədiyi dəyər kimi görünən və görünməyən, olan və olmayan bir şey deyil. Burada Sisianovun əsilindən – nəslindən – nəcabətindən, soyundan – kökündən, onun genetik bağlarından tutmuş rus atəbəəliyində yetişməsi və həmin təbəəliyin təsiri altında gürcüəsilli olmasına baxmayaraq, Qafqazda əmin – amanlığın yaranması (rusların fikrincə) və Rus imperiyasının qələbəsini təmin etmək üçün gürcü çarlarına, knyazlarına mənsub olanların nəsil – köklərinin kəsilməsi haqda düşünməsi və bundan sonra bu yerlərdə “rahatlığın” hökm sürəcəyinə inam ifadə etməsi, Qafqazda yaşayan xalqlar üçün gücdən başqa heç bir şeyin önəmli olmaması, gürcü knyazlıqları, çarlıqları, Azərbaycan xanlıqları, İran şahlığı üçün yeganə vasitənin yalnız təzyiq olmasını düşünməsi və eləcə də belə münasibətlərin alt qatında, daha doğrusu, metamətndə dayananların təhlilini aparmaqla, əsərdəki cələ kimi dolaşıq düşmüş fikir, ideya, xətt və məfkurələrin və s. incələnməsi yetərincə çətinlik yaratmaqdadır. Əsərdə ümumi şəkildə Bakı xanlığının işğalı zamanı ortaya çıxan olaylar təsvir olunsa da, burada həm kiçik zaman kəsiyi, həm də epoxal bir dövr, ondan əvvəl və ondan sonra baş vermiş və verə biləcək hadisələr, geniş tarixi fon, təhkiyə materialı, epizodları, Azərbaycanın, Cənubi Qafqazın düşdüyü ekstremal vəziyyət, hadisələr burulğanları, imperiyaların toqquşan maraqları, çarlıqların, knyazlıqların, xanlıqların vəziyyəti, mübarizələri, L. Tolstoyun “Hərb və sülh” epopeyasındakı Şenqraben və Austerlis döyüşləri, A.Tolstoyun “Əzablı yolları” trilogiyasında kimi irimiqyaslı vuruşlar əks olunmasa da, az qala əsərdə təsvirini tapan çoxsaylı ölüm – dirim səhnələrinin yaşatdığı hallar özünəməxsus boya və rənglərlə təqdim olunmaqdadır. “Baş” romanı, demək olar ki, dünya roman praktikasında mövcud olan (həm də müəyyən mənada olmayan) məqam və mənzərələri ortaya çəkmək baxımından da unikaldır. Əsər vahid nüvə əsasında qurulduğu kimi, həm də ondan parçalanaraq yaranan qollar – budaqlar, insan taleyi, sərdar taleyi, canişin taleyi, hərbçi taleyi ( Pavel Sisianov, Elizbar Eristov, İvan Petroviç Lazarev), vətəninin, xalqının düşməni olan insanın taleyi (“... gürcü şahzadələrinin ... Gürcüstandan uzaqladırılmasında, Rusiyaya köçürülməsində xüsusi xidmətləri olan Tiflis polismeysteri general mayor İvan Petroviç Lazarevin Tiflisdə yaratdığı məxfi kəşfiyyat şəbəkəsinin məlumatına əsasən” bildirilmişdi ki, “bir dəstə gürcü zadəganı Baqrationları taxtda oturtmaq üçün çevriliş hazırlayır və bu çevrilişi hazırlayanlar arasında knyaz Sisianova qohumluqları çatan bir neçə Sisiaşvili knyazları da var.” Knyaz hərtərəfli yoxlama apartdırıb Lazarevin məlumatının təsdiqini tapmasından sonra gürcü zadəganlarının satqınlığından qeyzə gəlmiş Sisianov xüsusi bir amansızlıqla həmin sui – qəsdçi gürcü zadəganlarını Sisiaşvili knyazları ilə birlikdə darmadağın etdi, qaça bilənlər canlarını qurtardı, qaça bilməyənlər Msxet həbsxanasına salındı. İmperator razılıq verdikdən sonra knyaz Sisianovun əmri ilə Gürcüstanda qalmış şahzadənin hamısı köçürülməyə başladı (s.57-58). Və, beləliklə də gürcü Sisiaşvilinin nəslinin kökünü gürcüəsilli Sisianovun özü kəsdi, imperatorlar və şahların taleyi (Pyotr, Yekaterina, Aleksandr, Sultan Səlim, Toxtamış, Əmir Teymur, Nadir şah, Ağa Məhəmməd şah Qacar, Fətəli şah), knyazlıqlar, çarlıqlar, xanlıqlar taleyi (İmeretiya, Minqreliya, Svanetiya, Kaxetiya, Bakı xanlığı, Qarabağ xanlığı, Şirvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı və s.), xanların taleyi (Hüseynqulu xan, Mustafa xan və başqaları), quvernyor taleyi (Babua Arçil), əməli – saleh insanların taleyi (Molla Müzəffər Ağa, Hacı Muxtar və başqaları), Sisianovun qatili Mahmud bəyin taleyi, Başı torbada Mahmud bəylə birgə aparan Lal Qafaroğlunun taleyi, neçə - neçə digərlərinin taleyi, Stepan Razinin və Yemelyan Puqaçovun taleyi, at oğrusu Səfərin taleyi, Xacə Əbdül Rəhmanın taleyi, Ağabəyim Ağanın və onlarca digərlərinin (İbrahim Xəlil xanın çox sevdiyi Ağabəyim ağanı yad ellərə, fitnə - fəsad yuvası olan saraya göndərməkdən başqa çarəsi qalmadı. Şuşanı və külli – Qarabağı Qacarlardan qorumaq üçün bu yola əl atmaqdan savayı bir əlacı qalmadığından Ağabəyim Ağa atasının vəziyyətini başa düşüb bu izdivacı rədd edə bilməmişdi (s.170) və başqalarının taleləri görünməkdədir. Sadaladıqlarımız romanda yer almışların hamısını çevrələməsə də, hər halda onun monumentallığı göz qabağındadır. Və burada baş verənlərin heç də düzxətt üzərində inkişaf edib getmədiyini, göstərsə də, hadisə və obrazların necə yerbəyer olduğunu sübuta yetirməkdədir.

Əsərdə yer alanlar heç də Elçinin subyektivist fikir və mülahizələrinin mənzərəsi yox, 200 il bundan öncə olanların həm də xeyli yerlərdə postrealist üslubda təqdimatı kimi dərk olunmalıdır. Eyni zamanda bu da qeyd olunmalıdır ki, əsərin bütün komponentlərindən Elçinin öz fərdi dəst – xətti boylanmaqdadır. Başqa sözlə desək, romanda həm bədii, həm də qeyri – bədii ifadələrdə Elçinin bədii canlı nitqinin başlıca elementləri özünü əks etdirməkdədir. Elçin sanki Sokrat demişkən “Danış, səni görüm”ə daha çox meyllidir. Yəni o, özünün (daha doğrusu personajlarının, qəhrəmanlarının) nitqini elə qurur, onları elə danışdırır ki, onlar əşyavi, yaxud hadisə informasiyası ilə bərabər, həm də bu məqamlarda onların hissləri, maraqları, düşüncələrinin quruluşu, hansı təbəqəyə aid olmaları və s. haqqında dürüst təsəvvürlər yaradır. “Qəssab Balarza bircə dəfə ayaq saxlayıb, uzun illər boyu ona xidmət etmiş o kötüyə tərəf arxaya baxdı və elə bil özü – özünə:

– Heyif onnan! – dedi. – Yaxçı kötüy idi, zay oldu!”.. (s.45) – deməsi ilə özü-özünü xarakterizə edir.

Digər sənət əsərlərində olduğu kimi söz sənətinin də spesifikasının məzmununda subyektin ətraf aləmə münasibəti, daha doğrusu, subyektiv məqam aparıcı rol oynayır və ən başlıcası ədəbi – bədii əsərin məzmunu nəinki subyektin təsvir predmetinə münasibətini, həm də bu predmeti ideal nöqteyi – nəzərindən, yəni qarşıya qoyduğu məqsədə çatmağın zəruriliyini vurğulamaq baxımından etdiyi görünür. Elçinin “Baş” romanında müəllif idealının (istəyinin) təsvir olunan obyektiv gerçəkliklə ziddiyət təşkil etməsi personajların şüurunda və hərəkətində yer alır. Bu hal, yəni müəllif idealı ilə obyektiv gerçəkliyin ziddiyyətlərində başlıca məqam kimi biz Elçinin şüurunda əsərdə təsvir olunmuş hadisə və proseslərin mahiyyətinə dərindən nüfuz etməni görürük.

Elçinin “Baş” romanının bədii təsvirinin mərkəzində hadisələr və insanlar tarixi-fəlsəfi-estetik-psixoloji müstəvidə nəzərdən keçirilir. Personajların (eyni zamanda həm də müəllifin) nitqində daim fikrin, mövqenin semantik hərəkəti müşahidə olunur, belə olduğu halda bu nitq əlavə, obrazlı məna əldə edir. Bununla belə personaj nitqindəki sözdə semantik yerdəyişmə baş verdikdə burada müəllifin gerçəkliyə münasibəti yox, personaj şüurunun vəziyyəti və onun ətraf aləmə, məsələn, Sisianovun aləmində Qafqazda yaşayan xalqlarla “danışmaq” üçün yeganə yolun gücə söykənilməsi ortada dayanır. Belə olduqda M.Qorkinin ifadəsi ilə desək, dil faktlarla, hadisələrlə birgə ədəbiyyatın (bizim təqdirdə “Baş” romanının) əsas alətinə, materialına çevrilir.

“Baş” romanı bir bədii mətn kimi məzmun özünəməxsusluğu, çevrələdiyi və ifadə etdiyi mürəkkəbliklə fərqlənir. Burada qeyri – bədii, adi mətnlərdən fərqli olan dil vasitələri fikrin məzmununu heç də ifadə etdiyi öz hərfi mənaları ilə ortaya çəkmir, daha doğrusu, bu fikri heç də ətraf aləmdəki əşya və hadisələr haqqında məlumatlarla yekunlaşdırmır. Elçinin bu romanında səthi müşahidə və görünənlərdən kənarda qalan, daha doğrusu, mətndəki ifadələrin alt qatında yer almış mahiyyət subyektin təhkiyəsində və müəllifin əsərdə yer verdiyi personajların fikrinin məzmununa münasibətində ortaya çıxır. Qeyd etdiklərimiz belə bir fikri vurğulamağa əsas verir ki, “Baş” romanının ideya – obrazlı məzmunu, bu əsərin mətninin spesifikası, quruluş və mahiyyət baxımından mürəkkəb olduğundan oradakı hadisələr, onlar arasında, onun tərkib hissələri haqqında mühüm əlaqələri görmək və təhlil etmək üçün onun alt qatında dayanan müəllifin məqsəd və məramını dərindən duya bilmək zəruridir. “Baş” romanının bir epik əsər kimi spesifikasını, hər şeydən öncə, Elçinin tarixi obyektiv gerçəklikdəki faktlara münasibəti nəinki birbaşa müəllif nitqində, həm də bilavasitə, daha doğrusu, personajların fikirlərinin və hisslərinin quruluşunda, onların şüurunda və bu əsərin yazılmasına təkan verən hallarda axtarmaq lazımdır. Hər bir müəkəmməl epik əsər üçün olduğu kimi “Baş” romanı üçün də aşağıdakı qanunauyğun məqamlar mütləq keyfiyyət kimi görünməkdədir: təsvir olunan obyektin gerçəkliyində yer almış faktlar (hadisələr), bu faktlara (hadisələrə) müəllifin özü tərəfindən və personajların fikir və hisslərinin köməyi vasitəsi ilə ifadə olunan, yaradılan münasibət. Elçin bacarıqlı bir sənətkar kimi, əlbəttə, personajların, obrazlarının köməyi, onların fikir və hisslərinin quruluşu vasitəsi ilə onların hadisələrə öz münasibətini xeyli hallarda obyektiv gerçəklikdəki faktlarla bərabər, həm də bu hadisələrin personajların şüurunda əks olunması arasındakı ziddiyətlərdə müşayiət olunduğu görünür. “Baş” romanında bu ziddiyyətlər, bizə belə gəlir ki, bilərəkdən yaradılır. Bununla belə bütün hallarda Elçinin personajlarının bəziləri statik görünürsə ( və bu statiklik, fikrimizcə, əsasən knyaz Sisianovun timsalında daha çox yer almaqdadır), digərləri (Hüseynqulu xan, Mahmud bəy, Abbas Mirzə, Molla Müzəffər Ağa və başqaları) hərəkiliyi ilə seçilməkdədir Hərəkətdə olan personajın davranış spesifikasının biz hər hansı müəyyən müstəvidə konkret mətn daxilində dəyişməsini görürük. “Baş” romanında iştirak edən personajlardan hər biri əsərin bütöv quruluşunda öz iştirak xarakteri və dərəcəsinə görə fərqlənir. Bundan başqa burada iştirak edən bədii obrazlarla yanaşı, müəllif obrazının da müəyyənləşdirici rolu vardır. Çünki bu obrazın özü də hərəkətdə olmaqla təsvir olunan gerçəkliyin dərin mahiyyətini açıb oxucuya çatdırmağa meyllidir.

Bütün bunlar göstərir ki, Elçinin müasir dövr nəsri, xüsusən “Baş” romanı indiyədək mövcud olan bədii model, forma və konstruksiyaları transformasiya edərək yeni bədii paradiqmaların köməyi ilə dəyişdirməyə meyllidir. Bizə belə gəlir ki, Elçin yaradıclığında bu cəhət modernizmlə yeni realizmin ( yəni postrealizmin) formalaşmasını, hər iki istiqamətlərin sintezini bir araya gətirmək və təsvir etdiyi gerçəkliyin bədii cəhətdən mənimsənilməsini ənənəvi realizimlə birləşdirməklə modernizmə xas olan dünyanın subyektiv görüntüsünə təkan vermə üstünlük təşkil edir.

Məlum olduğu kimi, müasir dövrdə yazıçılar mövzu və obrazların yeni təqdimat üsullarının intensiv axtarışındadırlar. Bu axtarışlar həm də ədəbi tənqid və ədəbiyyatünaslıqda realizimin yeni təyinlərini ortaya çıxarır. Tədqiqatçılar və estetlər ədəbi dövriyyəyə yeni terminoloji əlamətlərin çıxdığını söyləməklə “transmetarealizm”, “hiperrealizm”, “postmodernist realizm”, “ yeni realizm” və s. yanaşı, hətta “mistik realizm”, “simvolik realizm”, “romantik realizm”, “metafizik realizim” və s. kimi realist ədəbiyyatda üslub novasiyaları ( yenilikləri) təqdim edirlər.”Baş” romanının mətnində fərqli şriftlə verilmişlər həm də mistik realizm kimi nəzərdən keçirilə bilər. “Baş” – müasir Azərbaycan romanı olmaqla yanaşı, həm də müəyyən mənada nəsrimizin dönüş nöqtəsi hesab olunmalıdır. Bu romanın ortaya gəlməsi ilə ədəbiyyatımızda tam mənada bədii mətn fenomeninin özündə radikal dəyişikliklərə aparan böyük proses başlayır. Bu proses Böyük Sistemin öz təbiətində hər həlqədə “Müəllif-Mətn-Oxucu” ( eyni zamanda Tədqiqatçı) tiradasında dəyişikliyə gətirəcək məqamları özünü əks etdirməkdədir.

Əsərin unikallığı, hər şeydən öncə, onun məzmununda və kompozisiyasında daha yaxşı müşahidə olunmaqdadır. Romanda əslində Qafqaz canişini Pavel Sisianovun qətli ( daha doğrusu, Başı) ilə bağlı hadisələr çevrələnilsə də, əsər daxilinə müəllifin sığışdırdığı böyük və faciəvi tarixi dövrdə - Azərbaycan, xalq, tarix, həyat, türklər və s. bağlı sığışdırdığı tarix daha monumental görünməkdədir. Elçin əsəri elə qurmuşdur ki, Başın “epopeyası” zaman daxilində və ondan kənarda (Sisianovun özü tərəfindən həm görünməkdə, həm də görünməməkdədir) ortaya qoyulmaqdadır. Əsərin arxitektorinikasının digər maraq doğuran məqamı, fikrimizcə, real tarixiliyin, modernist antitarixiliklə dəyişdirilməsidir. Romanda müəllif indiyə qədər həmin tarixi dövrə yanaşma xətlərindən əl çəkib, ənənələrdən imtina edib öz yanaşmasını sərgiləyir. Ənənəvi təsvir əvəzinə müəllif tanınmış tarixi nüfuzlu simalara üz çevirməklə, onların bəzilərindən iqtibaslar gətirir, bəziləri ilə mübahisə edir, gözlənilməz analogiyalar aparır, eyni zamanda nəzərdə tutulmayan, eyndən keçməyən assosiasiyalar kaleydoskopu yaradır ki, belə gəzişmələri yalnız nəhəng modernist mənzərə, yaxud mozaika və şəbəkə ilə müqayisə etmək olar ki, burada hər bir hissə, hər bir rəng kiçik hissəciklərdən ibarət klassik həll kimi də nəzərdə tutula bilir ki, bütün bunlar bədii xülyaya müvafiq olaraq müəllif təfəkküründə bir yerə yığılıb sistemləşdirilmişdir.

Şüurun fasiləsiz axını getdiyi müstəvidə Elçin qavrayışında ətraf aləmin dərki XIX əsrin lap əvvəllərinin sonrakı dövrün həlqələri ilə sıx əlaqədə olduğunu göstərir. Lakin bu əlaqələrdə real tarixi faktların, həyatın realist təsviri Elçində assosiativ məqam kimi görməklə sonuclanır. Romanda Onun (başın) gözlənilməz keçmiş “xatirələrə” dalması, tamamilə yersiz assosiasiya olsa da, yazıçı onları əsərin strukturunda uğurla yerləşdirmişdir. Elçinə görə bu dünyada gedən proseslər, baş verən hadisələr, bir-birilə qarşılıqlı əlaqədədir. Elə buna görə də romanda baş verənlər möcüzəli dərəcədə bir-biri ilə əlaqədədir: xülya və reallıq, müəllif fantaziyası və roman infrastrukturunda ustalıqla quraşdırılıb montaj edilmiş bütün nə varsa, qeyri-ədəbi personajların əlaqələri sıxdır, lokaldır. Romandakı assosiativ qavrayışlar gözlənilmədən nəinki xatirələrə, həm də müxtəlif xalqların-azərbaycanlıların, gürcülərin, rusların, farsların tarixi keçmişi ilə birgə dünyəvi problemlər, dünya və həyat üzərində düşüncələr, fəlsəfi və mənəvi məsələlər, ən müxtəlif insan instinktlərinin xüsusiyyətləri üzərinə keçirilir. Əsərin belə yeni forması, yazıçının dünyanı belə qeyri-adi üsulla modelləşdirməsini, Umberto Ekonun tədbirincə desək, elə bir labirintlə müqayisə etmək olar ki, orada müxtəlif istiqamətlərdə hərəkət etməklə, əsərin daxilində saysız-hesabsız cərgələr seçmək imkanı əldə edilə bilər. Bu keyfiyyətinə görə “Baş” romanını ədəbiyyatımızda yeni nəsr nümunəsi, yeni bədii qəlib və qanunların kəşfi və tapıntısı hesab etmək olar ki, bu səmtdə də ədəbiyyatımız bundan sonra irəliləyişlər etməyə borcludur. Elə bunun özü də yeni realizmi ifadə etmək üçün “postrealizm”ə üztutma, köklənmədir. Eyni zamanda bu da qeyd olunmalıdır ki, bu termin əsasən postmodernizm mərhələsində realizmin mövcudluğunu inikas etdirməklə, həm də dünyanın realist görüntüsünün xüsusiyyətlərini verməyə can atan bir yazı tərzidir. Çünki dünyanın özü daim dəyişkənliyə məruz qaldığı kimi, həmin dəyişkənliyə bədii baxışların özünün də məruz qalması qaçılmaz olur və bu da qanunauyğun bədii-estetik münasibət kimi ədəbi əsərlərdə özünə yer tutmalıdır.

Postrealizm estetikasına və strategiyasına müraciət Elçinin son illərdə qələmə aldığı əsərlərində özünü daha çox büruzə verməkdədir. Bu tipli əsərləri ilə Elçin sanki klassik realizmlə müasir yazı-roman texnikası arasında dialoq – mükalimə münasibətləri qurmağa çalışır. Bununla belə Elçin bəzi postmodernist yazıçılar kimi sosial-psixoloji-ictimai problemlərdən üz döndərib diqqətini bugünkü həyatın ekzistensial interpretasiyası üzərində qurmur. “ Baş” romanında müəllifin 200 ildən bəri rus fitvası, diqtəsi və göstərişi ilə ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, Azərbaycan xanlıqlarının (ilk növbədə Bakı xanlığının, digər xanlıqlar da istisna olunmamaq şərti ilə) işğalına, bu işğalın sonrakı dövrlərdə günümüzə qədər müharibə ocağı kimi közərən faciələrinə özünəməxsus bir üslub və eyhamla münasibət sərgiləməsi özəldir. Elçin bu romanda dünyanın dərkin (bizim təqdirdə Azərbaycanın işğalının) Azərbaycana uzanan xain əllərin nəticədə ona vurduğu ziyanı, ortaya gətirdiyi fəlakəti göstərməyi qarşısına məqsəd qoymuşdur. Bu yöndə Elçinin, heç şübhəsiz ki, özünəməxsus maraqlı bədii-estetik axtarışlarla məşğul olduğunu, bu əsəri ilə müasir ədəbiyatımızın inkişafını və onun transformasiya modelini mükkəmməl fərdi bədii forma ilə əldə etdiyini söyləyə bilərik. Digər realist məzmunlu əsərlərində olduğu estetik baxışları ilə yanaşı, Elçin öz yaradıcılığını nəinki realist, postrealist, həm də modernist və postmodernist məzmunlu əsərləri ilə zənginləşdirməyə səy göstərir. “ Baş” romanında Elçin manerasını xarakterizə edən cəhət təsvir edilən dövrdəki “həyat həqiqətləri”ni, “özünəməxsus sənədliliyi” saxlamaqla yanaşı, realist yazı dəst - xətti, üslub səciyyəviliyini qorumaqla bu roman fərqli və danılmaz keyfiyyətləri özündə əks etdirməkdədir... Bizə belə gəlir ki, oxucuların ixtiyarına yenicə verilmiş Elçinin “Baş” romanı baş, yüksək nəsr nümunəsi kimi çağdaş Azərbaycan nəsrinin nəbzini tutub kompas rolu oynaya biləcək bir örnək kimi ədəbi tənqidin prioriet problemləri sırasında uzun müddət təhlil və müzakirə predmeti və obyekti kimi diqqət mərkəzinə çəkiləcək, önun fərqli, özəl məqamları ilə fikirlər səsləndiriləcəkdir.

# 7392 dəfə oxunub

Müəllifin son yazıları

# # #