Kuklaçılar Gəncədə

Kuklaçılar Gəncədə
30 sentyabr 2023
# 18:21

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri təşkil olunub.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində Azərbatcan Dövlət Kukla Teatrının təmsilçiləri sentyabrın 28-də Gəncə şəhərində çıxış ediblər. Kuklaçılar gəncəli teatrsevərlərə son premyeraları olan "Melisa" adlı uşaq tamaşasını təqdim ediblər.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.

Səhnə əsərində obrazları teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Ülviyyə Əliyeva, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırıblar.

Rəngarəng səhnə həlli - dörd fəsli, daha doğrusu, tamaşadakı dörd məkan və zaman fərqini ehtiva edən konstruksiyalı tərtibatın hakim olduğu uşaq tamaşası 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt öləziməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağına inanır. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı, Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. Bizi dəfələrlə görüb keçdiklərimizə yenidən baxmağa çağırır. Çünki Melisa həyatı anladır. Yaxşısı-pisi ilə, sevinci-kədəri ilə. O, sadəcə gəlincik deyil, o, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. O, əmin edir, inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər.

Tamaşanı ərsəyə gətirənlər də uşaqlara məhz bu sevgi və inamı göstərməyə, onların dünyasına bir də bu yolla daxil olmağa çalışıblar.

Səhnə işi balacalar tərəfindən maraqla qarşılanıb.

# 1077 dəfə oxunub

Müəllifin son yazıları

# # #