Mirzə Ələkbər Sabir bəhai idimi? - ARAŞDIRMA

Mirzə Ələkbər Sabir bəhai idimi? - ARAŞDIRMA
25 aprel 2017
# 12:56

Ramazan Əsgərli

Bizim bu böyük şairimizin taleyi bəhailərlə sıx bağlıdır. Yazıçı Qan Turalının Sabir haqqındakı məqaləsindən aşağıdakı parçada maraqlı faktlar yer alıb:

“Zəmanənin Molla Nəsrəddini”, Molla Nəsrəddinin Sabiri yaradacağı günlərə lap az qalmışdı. “Molla Nəsrəddin” jurnalının çıxması ilə Şamaxıdakı qaragüruh da şahə qalxdı. Seyid Hüseyn “İrşad” qəzetinin redaktorunun Şamaxıya gəlişinə şamaxılıların absurd münasibətini yazır. Şamaxılıları qəzet redaktorunun sünni, ya da şiə olması maraqlandırırdı, onların nəzərincə redaktor şiələrə qonaq düşürsə şiə, sünnilərdə qalacaqdısa sünni idi. Amma redaktor şəhər bələdiyyə rəisinin evinə düşəndə şiələrin də, sünnilərin də kefi pozuldu. Çünki rəis babi idi, islamın 50-60 il tarixi olan babiləri nə şiələr, nə də sünnilər sevirdilər. Mahiyyətcə babilik islam protestantizmi idi, Mirzə Fətəli də bu barədə məqalələr yazmışdı. Babilik tacir və burjuaziya sinfinin islama münasibətini ifadə edirdi. Seyid Hüseyn həmin redaktorun kimliyini demir, lakin Mahmud Nədim Qaragözovun xatirələrindən həmin şəxsin Qaragözov olduğunu bilirik. Redaktorun rəisin evinə düşməsi şamaxılılarda qəzetçilərin “babi” olması barədə qətiyyətli bir rəy yaratdı. Redaktorla görüşən Sabir də “babiliyin” yaratdığı ab-havadan nəsibini aldı, zira şamaxılıların gücü rəisə yox, şairə çatırdı. Redaktor şairlə görüşündə Sabirin bu sözlərini xatirəsində qeyd edir:

“Qeyr bir yerdə birisi aşkara dinindən dönmüş olsa mənim burda gördüyüm tənə və təhqirin yüzdə birini görməz. Halbuki mən nə dönmüşəm, nə də dönmək fikrindəyəm”.

Lakin Sabir Şamaxıda babilərlə əlaqəsinə görə təqib edilsə də, Balaxanıda yaşayıb işlədiyi zaman da ətrafında böyük bir babi (əslində bəhai) icması vardı. Bunu Səlahəddin Əyyubov “Bəhai Dini Azərbaycanda” kitabında o dövrdə yaşamış bəhailərin xatirələrinə istinad edərək təsdiq edir. Sabir özü babi məclislərinin davamlı iştirakçısı idi və hətta onlar böyük şairə maddi tərəfdən dəstək də olurdular.

Sabirin “İki həpəndin söhbəti” şeiri maraqlı məqamlara işıq salır. İlk baxışda bu şeiri oxuyanda onun babiləri ələ saldığı güman edilə bilər. Lakin düşündükdə asanlıqla görmək olur ki, iki din adamının söhbəti yeniliyə nifrətdir və Sabir burada cəhalət və xurafatı sərt tənqid edir. Qəzet oxuyanı, şlyapa qoyanı, qızını oxudanı və digər mütərəqqi düşüncəyə və əmələ sahib insanları o zaman mollalar “babi” adlandırırdılar və bunda bir həqiqət vardır, çünki babilər (o zaman əslində bəhailər) doğrudan da mütərəqqi fikirli, elmə, mədəniyyətə meylli, qadınların azadlığını və inkişafını dəstəkləyən, məktəb açan, qızlarını hamıdan qabaq oxudan insanlar idilər ki, bu da mollaları qıcıqlandırırdı və bu cür düşünən müsəlmanları da “babi” adlandırırdılar.

- Nə xəbər var, məşədi?

- Sağlığın!

- Az-çox de yenə?

- Qəzet almış Hacı Əhməd də...

- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?

- Belə nəql eylədilər!..

- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!

- Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

- Dəxi bir başqa xəbər?

- Hac Cəfərin oğlu Vəli

Qoyub uşqolaya oğlun...

- O qurumsaq da?

- Bəli!

- Sənə kim nəql elədi bu sözü?

- Bilməm kim idi.

- Oylə isə ona da min kərə lənət deməli!..

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

- Dəxi bir başqa xəbər yoxmu?

- Tanırsan? Qəfəri?

- Nə Qəfər? Hansı Qəfər?

- Mirzə Mənafın pədəri!

- Tanıram!

- Dün o da bir şübhəli kəslə danışıb...

- Kim deyirdi?

- Yedici Xansənəm arvadın əri.

- Yenə bir başqa xəbər varmı?

- Bizim qonşu Kərim...

- A... A... A?..

- Bəli, hə... hə!..

- O nə qayrıb, de görüm?

- “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.

- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!

- Mənə bir böylə xəbər çatdı: Səməd dam-daşını

Satıb, onversetə göndərmək üçün qardaşını...

- Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:

Özü də çəkmə geyib, saç da qoyubdur başına...

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

- Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır

Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!

- Bəli, düzdür bu dəxi!..

- Heyf, o dövlətdən ona!..

Dövlət azdırdı onu, dini-xudadan uzaşır...

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

- Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,

Danışır bir para sözlər ki, dəyir rövzəxana?

- Bəli, qurbanın olum, lap o çıxıb məzhəbdən!

- Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!

Bu isə pəs o ləinin də işi qullabıdır,

Dinü imanı danıb, yoldan azıbdır, babıdır!

- O qurumsaq Cəbi də gözləməyir hörmətimi,

Burda-orda, belə derlər ki, edir qiybətimi...

- Bəli, hətta bu işin üstə onun arvadına söymüşəm!

- Borcun odur, - gözləmisən qeyrətimi...

Mən də hər daim ona yağdıraram lənətimi,

Başlayıb dəvətimi, ərz edib hacətimi

Vəqfi-nifrin edərəm həm günümü, saətimi,

Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,

Siz də lənət oxuyun, çünki bu məlun babıdır!.

Məlum olduğu kimi, Balaxanı icması o zaman Azərbaycanda olan ən böyük bəhai icmalarından biri idi. Yeri gəlmişkən, Balaxanıda sovet dövrünün sonlarına qədər qalmış məktəb binası da bəhailər tərəfindən tikilmişdi.

Sabirin Şamaxı həyatından epizod

“Sabir təkcə qələm ustası kimi deyil, həm də ziyalı bir şəxs kimi öz dövründə xalq içində böyük hörmət sahibi olmuşdur. Atamın (Hacı Cəfərqulu) Sabirlə dostluğunun nə vaxtdan başladığını deməyə çətinlik çəkirəm, bir onu bilirəm ki, o, bizim evin ən yaxın adamı olmuş, atamla səmimi dostluq etmişdir. Hacı şer yazmasa da, sənətə çox böyük ehtiramla yanaşır, evimizdə tez-tez şer məclisləri düzəldərdi. Mən də qonaqları yemək və çayla təmin etmək üçün nökər və qulluqçulara lazımi sərəncam verərdim. Bu məclislərdə qadınların iştirakı qəti qadağan idi. Söhbətləri qadınlar yığışan evdən eşidilərdi. Onlar dəhlizdə bardaş qurub süfrə arxasında, döşəklərin üstündə oturub bir-birinin sözünü kəsmədən aramla danışır, şer söyləyərdilər (öz yazdıqlarından və yaxud Sabirdən).

Sabir dindar olmasa da, dinə çox böyük hörmətlə yanaşar, hətta nöhələr də yazardı. Sonralar bu nöhələri, eşitdiyimə görə, onun şagirdləri məsciddə oxuyarmışlar.

Sabir xalq içində böyük nüfuza malik idi. Şamaxıda şiələrlə birgə sünnilər də yaşayırdı. Bir dəfə necə olursa, onların arasında böyük çaxnaşma düşür. Çoxlu adam yaralanır, hətta ölənlər də olur. Bu qardaş qırğınının qarşısını almağı Sabirin boynuna qoyurlar. O da bu işin öhdəsindən çox böyük məharətlə gəlir. Şamaxıda bu barışıq böyük bayrama çevrilir. Lap Novruz bayramındakı kimi. Hamı sevinir. Çalıb-oynayırlar. Bax, Sabir belə kişi idi.

Bir gün Hacı evə bərk hirsli gəlir, hamının üstünə qışqırır, suallara cavab vermir, elə bil nəsə qiymətli bir şey itirib.

Deyilənlərə görə, Sabir Şamaxıda olan Babilərin məclisində tez-tez olarmış. Demə, Hacını qəzəbləndirən də bu imiş. Bir dəfə Hacı küçədə təsadüfən Sabirlə üz-üzə gəlir. Sabir heç nədən xəbərsiz halda Hacı ilə salamlaşır. Hacı onun salamını çox soyuq alır. Sabir Hacını saxlayıb deyir:

Baxıram, Hacı, sənə çox da pərişan görürəm,

Sifətində ləkə var, mərd Əli nişan görürəm,

Verdiyin haqq-salamı yerə salmaq nə üçün,

Cəngi-cəngalə çəkib, mənlə vuruşan görürəm.

Hacı qalın qaşlarını çatıb hirslə deyir: "Səni babilərin məclisində görüblər". Sabir məsələnin nə yerdə olduğunu başa düşüb deyir: "Doğru deyirsən, Hacı, mən dünən onların məclisində olmuşam. Amma bu, o demək deyil ki, mən də babi olmuşam. Mən öz din və məzhəbimə sadiqəm, həmişə də sadiq olacam". Hacı bir az sakitləşir və soruşur ki, bəs nə üçün o kafirlərin məclisinə getmisən? Sabir belə cavab verir: "Hacı, sən səhv edirsən! Babini də, sünnini də, şiəni də, yeri də, göyü də Xuda yaradıb, qoy, özü də ayırd etsin. Biz isə aciz bəndələrik, onun yaratdığını poza bilmərik!". Hacı "Sən heç bilirsən, sənin hərəkətin Şamaxı əhli arasında necə böyük dedi-qoduya səbəb olub?", - deyə soruşanda Sabir təmkinlə: "Hacı, mən onların məclisindən çox şeylər görüb-götürmüşəm, yaxşısını saxlayıb, pisini atmışam" cavabını verir. Bu söhbətdən sonra onlar xudahafizləşib ayrılırlar.

Şamaxıda baş vermiş zəlzələ nəticəsində evimiz tamam sökülür. Ancaq iki qara tut ağacı qalır. Hacı yenə ev tikdirir. Köhnə həyətimiz isə tabağa bənzər bir meydançaya çevrilir. Qış vaxtı uşaqlar burada kirşə sürər, əylənərdilər. Yay günlərində isə Şamaxının yaşlı kişiləri burda yığışıb əvvəl imamlardan, sonra isə böhtanlardan danışardılar. Günlərin bir günü Hacı da bu kişilərə qoşulub söhbət edirmiş. Birdən kimsə Sabirin gəldiyini xəbər verir. Sabir onlara yaxınlaşıb salam verəndə, hamı birdən ayağa qalxıb onun salamını alır. Hacı Sabiri təzə evinə dəvət edir. Evdə süfrə açılır. Hörmətli qonağa böyük ehtiramla süfrənin başında yer ayırırlar. Əvvəl süfrəyə çay gətirilir. Sabir çay içə-içə nə barədəsə fikirləşirdi. Yaman fikirli görünürdü. Hacı bunu dərhal hiss edir və soruşur ki, Mirzə, xeyir ola, yaman fikirlisən? Sabir üzünü Hacıya tutub deyir: "Məni düşündürən sənin dünən mənə qarşı etdiyin hərəkətdir. Nə etmək olar, şəhərimizin Hacısısan da! Amma onu da deyim ki, sənin hərəkətin məni yeni bir şer yazmağa vadar etdi". Hacı şer kəlməsini eşidən kimi uşaq kimi sevinir və ondan oxumasını xahiş edir.

Mirzə etiraz etmir.

Əşhəd-ü billah-i əliykül əzim,

Sahib-i imanəm, a Şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə Müsəlmanəm, a Şirvanlılar!

Şiəyəm, amma nə bu əşkaldən,

Sünnüyəm, amma nə bu əmsaldən,

Sufiyəm, amma nə bu əbdaldən,

Haqq sevən insanəm, a Şirvanlılar!

Ümmət-i mərhumə vü məğfur ilə,

Əmrdəyəm taət-i məzbur ilə,

Küfrümə hökm eyləməyin dur ilə,

Qail-i Quranəm, a Şirvanlılar!

Hacı şeri dinlədikdən sonra Sabirə mənalı-mənalı baxaraq deyir: "Mirzə, mənim sənə böyük bir ehtiyacım var". Sabir təəccüblə soruşur: "Hacı, bu nə sözdür? Sən şəhərimizin varlı sakinlərindən birisən, sənin mənə nə ehtiyacın ola bilər!?". Hacı gülümsəyərək, "Ay Mirzə, bu maddi ehtiyac yox, mənəvi ehtiyacdır, mənim sənin şerlərinə, şirin-şirin söhbətlərinə çox böyük ehtiyacım var!" cavabını verir.”

Həmin Hacı bir neçə ildən sonra kiçik yaşlı bir qızla evlənir!

Bu idi Sabirin mühiti, bu idi babilik və bəhailik barədə hədyanlar danışan və yazan din xadimlərinin xisləti və bu gün də böyük bir kütlə bu böhtanlara istinad edirlər....

1890-cı illər. Bakıda bəhailik geniş yayılmaqdadır. Bir qarodovoyun hesabatına görə 800 nəfərdən çoxdurlar. Ciddi təbliğ işi aparırlar. Belə getsə, müsəlmanlar rahat durmayacaqlar. Bəhailər çox natiqdirlər. Asanlıqla söhbətə girirlər və insanların ürəyini ələ alırlar. Mollalar bundan bərk narahatdırlar. Qan tökülmə ehtimalı var. Müsəlmanlar onsuz da təhsil dalınca gedən deyillər. Bir məktəbdə 80 erməni, 45 rus, 2 tatar (müsəlman, türk) 2 gürcü, 2 yəhudi oxuyur. Bakıda və Yelizavetpolda bir neçə nəfər ifrat düşüncəli mollalar peyda olublar. Biri bütün günü müsəlmanların beynini zəhərləyir. "Uşaqlarınızı xristianların açdıqları məktəblərə qoymayın. Bizim mədrəsələrdə öz təhsilimiz var." Yeni meydana çıxmış novatorlar onlardan çəkinirlər. Lakin mollaların arasında bəzilərini ələ ala biliblər. Pişnamazzadə də etiraz etmir. Bəhailər qızlarını da oxutdururlar. Öz evlərində məktəblər açıblar. Müsəlman balalarını da tovlayıb dərs oxutdurmaq istəyirlər. Yəqin ki, onları da öz tərəflərinə çəkəcəklər.

"Yenə də bir polismeysterin qubernatora məxfi hesabatlarında (16 avqust - 4 noyabr 1890) bildirilir ki, bəhailər fəal iş aparırlar. Hətta xaricdən bir nəfər agent də gəlib və Xalıq Kərbəlayı oğlunun evində qalır. Oraya gedib onu həbs etmək istədilər, yığışanların hamısının kitab oxuduqlarını gördülər. Dərhal kitabları götürdülər və sübut kimi idarəyə apardılar. Bir neçə mollanı dəvət etdilər ki, kitablarda yazılanları oxuyub izah etsinlər. Mollalar kitabları oxumaqdan imtina etdilər və məsləhət gördülər ki, onları məclisin müzakirəsinə göndərsinlər."

Bu sətirlərdən aydın olur ki, istər rəsmi orqanlar, istərsə də mollalar bəhailiklə nə dərəcədə tanış idilər. Polismeysterin hesabatı dəqiq “dom Feyzulla bomba rabatay” effektindədir. O dövrdə ictimai şüurda çox hərc-mərclik vardı. Bir tərəfdən bolşeviklər, bir tərəfdən Çar rejimini qorumaq və buna görə də ciddi senzura siyasəti, mollaların insanları geri çəkməsi, inkişafa və dəyişikliyə hər cür əngəl törətmələri, digər tərəfdən isə novatorlar, millətçilər, farmazonlar və bəhailər. Kütlə isə savadsızdır.

Felyetonçular da bu vəziyyəti təsvir edir, satira atəşinə tuturdular. Yüz illərin dini ehkamları ilə qəlbləri donmuş, təəssübkeşlik zindanında ürəkləri qaralmış və mövhumatla dolu zehniyyətlə yaşayan böyük sayda insanlar vardı. Bu vəziyyət bu milləti sevənləri narahat edirdi, onların ürəkləri qan ağlayırdı. Onlar bəhailiklə az-çox tanış idilər, amma təəssüflər olsun ki, din öz adını onların yanında mollaların simasında elə hörmətdən salmışdı ki, bu onların ağıl və qavrayışlarını yeni dinə qarşı tam kütləşdirmişdi, gözlərinə isə bir pərdə olmuşdu. Lakin bununla belə bu insanlar hər şey edirdilər ki, bu sevgili millətə, özündən oğurlanmış, qədim mədəniyyət və azad təfəkkürə malik bu ruhu yenidən oyatsınlar. Heyhat...

Belə bir mühitdə yenə də insanlar vardı ki, yenilik həsrətində idilər, heç olmasa ürəklərinə sakitlik gətirəcək bir söz, ideya, xəbər....olardı. O Xəbərin isə daşıyıcıları bəhailər idilər və ona görə də həm sadə insanlar, həm də ziyalı zümrəsinin nümayəndələri bəhailiyi qəbul edirdilər. Digərləri isə növbəti şarlatanlıq adlandırıb tənqid atəşinə tutur, hətta daha da irəli gedib ələ salırdılar. Lakin Həzrət Bəhaullahın təlimləri təsirsiz qala bilməzdi, böyük zəkaları məftun edirdi... Cavid, Üzeyir Bəy, Qaspıralı, Sabir və başqaları...

# 3446 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #