Gözü hamilə qadınlar axtarır hər yerdə

Gözü hamilə qadınlar axtarır hər yerdə
20 noyabr 2013
# 08:30

Kulis.az şairə Sevinc El Sevər yeni, “Yarımçıq şeirlər”ini təqdim edir.

gecənin bir aləmi

uşaq ağlayıb alma istəyir

elə təəccüblənir ana

elə bil

bilmir almanın nə olduğunu...

***

sevmir üzüklü əlini

sabuna batırmağı

barmağında deyil

cibində gəzdirir

qırxillik nişan üzüyünü

kafedə qabyuyan qadın

azacıq boş zaman buldumu

bir köşəyə çəkilir

cibindən çıxarıb baxır

can yoldaşı çoxdan

torpağın altında

***

ayaqqabısı su keçirir

amma sevir yağışı

atasına babasından qalma evin

dam örtüyü islanır

seçilmir

qonşuda sevdiyi qızın atasının

keçən yaz tikdirdiyi

ikiqatlı evin dam örtüyündən

***

hansı marketdə oyuncaq satılır

yan keçir

yanındakı uşaqla

girməkdən qorxur

"çörək satılan yerdə

oyuncağın işi nə?"-deyinir ürəyində

yolu uzanmış ya...

***

avtobusda bir kişinin başı üstündə

ayaq üstə dayanan qadın:

"qarnım hələ balacadı

ondan bilmədi bəlkə

hamilə olduğumu..."

başı üstündə ayaq üstə qadın dayanan kişi:

"iki dayanacaq o yanda

düşəcəm

görəcək oturacağın altından

qoltuqağacı çıxardığımı..."

***

qırılmış bir qanadını

yanında gəzdirən quş sayaq

gəzdirir

qoltuğunda portfelini

içində satılmayan kitabları

harda bir dostuna rast gəlir

portfeli qoltuğundan çıxarıb yerə qoyur

əyilib içindən bir kitab alır

qanadlanır...

***

stolun başında oturmamışdan da

dadına baxmışdı

qənddandakı qəndlərin

milçəklər

indi hansına birinin qonduğunu görsə

götürüb kənara atır

"sofu adam"

***

vərəm xəstəsi Cəfər

demir anasına xəstə olduğunu

səhərlər balıncındakı qan ləkəsini

bilmir necə gizləsin

gah üzünü çərtir lezvayla

gah barmaqlarını

anasını azdırır

göstərib yaralarını

siqaret çəkən deyildi

siqaret çəkir

fabrikə işə tələsir

"öskürdür səni

çəkmə o zəhrimarı"- sözlərinə gülümsəyir

qutudan çıxardığı siqaretlərin

arxasını üç dəfə qutuya döyməklə

ölüm hökmünü kəsir...

***

səhərlər çayına

şəkəri az salmağından

qol düymələrini və

ayaqqabılarını cütləməməyindən bilir

arvadının narazı olduğunu...

***

hər axşam divanın altına

atdığın corablarını

çarpayının başına asdığın

şalvarının ağını

stulun kürəyinə saldığın

köynəyinin yaxalığını

kirlidi

kirli deyil deyə

hər səhər iyləyən qadını

anan qədər əziz tut...

***

bir anlıq fikrə gedərək

unutdu ütünü əlində ütülədiyi köynəyin sinəsində

ütünün açdığı deşiyi görüb

elə qışqırdı ki

sanki

güllə deşik açmışdı

ərinin ürəyinin başında...

***

anası öldü

yığışdırdı ortadan

anasıyla baş-başa çəkdirdiyi şəkilləri

ölümlə bu qədər yaxın dayanmaqdan üşəndi...

***

bəzən qışın ortasında da

qadının eynək taxmağı

yaşmalanmağıdı

baxışlarını gizləməkdi amacı

naməhrəm gözlərdən

gözlərdən qəlbə yol var...

***

tələyə düşən siçanla

cizgi filmindəki pişikdən də

amansız davranan

atasına

dördgözlə

ağzıayrıq baxan uşaq

ağzından çənəsinə

çənəsindən sinəsinə axan

bir damcı sudan diksinir...

***

keçən ilki çantasına

ağır gəlir

bu ilki kitabları

təkərli çanta arzusundadı balaca

müəllimə də gedib-gəlib

təpinir uşaqların arasında

"əymə belini, düz otur" deyə...

***

gözü hamilə qadınlar axtarır hər yerdə

qarınlarındakı bəbələrin

çəkisini

uzunluğunu ölçür gözəyarı

müqayisə edir öz qarnıyla

üzündəki ləkələri

üzlərindəki ləkələrlə

əl barmaqlarındakı şişləri

onlardakı şişlərlə

ən çox da

yanındakı kişini

onların yanındakı kişilərlə

kiminki daha qayğıkeş

kiminki diqqətli

kiminki çox sevir deyə...

# 2612 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #