Qan Turalı: “Anar məni təbrik etdi”

Qan Turalı: “Anar məni təbrik etdi”
27 yanvar 2016
# 10:53

Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları - "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları ilə bağlı mətbuatda zaman-zaman tənqidi fikirlər yer alıb. Bir müddət öncə sözügedən qəzet və jurnalda ciddi dəyişikliklərin edilməsi məsələni yenidən aktuallaşdırıb: şair Qulu Ağsəsin "Ulduz" jurnalına, ədəbiyyatşunas alim Azər Turanın isə "Ədəbiyyat qəzeti"nə baş redaktor təyin olunması bu orqanlarda nəyi dəyişib? Ümumiyyətlə, "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnallarının bugünkü vəziyyəti necədir, bu qəzet və jurnallara oxucular tərəfindən maraq, diqqət varmı?

Yazıçı Qan Turalıyla müsahibəmizdə bu suallara cavab tapmağa çalışdıq:

– Tural, söhbətimizə "Ədəbiyyat qəzeti"ndən başlayaq...

– Buyur...

– Bu qəzeti alırsanmı, oxuyursanmı?

– Hər sayını da olmasa, ümumiyyətlə izləyirəm...

– Qəzetdə vəziyyət necədi?

– Ayaz Vəfalının vaxtından bu yana xeyli müsbət dəyişikliklər var. Elçin Hüseynbəyli ilə başlayan yenilik dalğası Azər Turanla davam edir. Amma bir az başqa cürə, başqa dalğada...

– Səncə, Elçin Hüseynbəyli bu qəzetin tarixində qaldımı?

– Əlbəttə...

– Necə?

– Elçin Hüseynbəyli jurnalist idi və onun qəzetçi instintkləri qəzeti daha diri saxlamağa imkan verirdi. Ayaz Vəfalı dəhşətli səhv idi. Bu səhv bizim ədəbiyyatımızın lokomotivinin təkərinə soxulmuş çomaq idi. Təsəvvür edin ki, Anar da ondan narazılıq edirdi. Bu səhv uzun illər sonra olsa da düzəldildi.

– Bəs Elçinin getməsi qəzeti geri atdımı?

– Geri deməzdim...

– Azər Turan necədi?

– Azər bəyin yanaşması maraqlıdı. Lakin o qəzet buraxmır. Belə qəzet olmur.

– Konkret faktla danışaq...

– Tutaq ki, Çanaqqala hadisələrinin yüz illiyidir, qəzetin birinci səhifəsi buna ayrılır. Bu hadisənin Azərbaycan ədəbiyyatına nə dəxili var? Mən həqiqətən anlamaq istəyirəm. Gələn il Oktyabr inqilabının yüz ili tamam olur. Bu hadisənin ədəbiyyatımıza təsiri Çanaqqaladan dəfələrlə artıqdır. Oktyabr inqilabı yada salınacaqmı?

– İnanmıram...

– Əslində heç ehtiyac da yoxdur. Qəzet ədəbi prosesin nəbzini tutmalıdır. Lakin təəssüf ki, "Ədəbiyyat qəzet”i buna cəhd göstərmir. Lakin qəzetin əvvəlki illərdə tutduğu mühafizəkar və hətta belə deyim, konservləşdirilmiş ədəbi siyasəti dəyişilib. Bu çox müsbət bir tendensiyadır. Mənfi olan isə, avanqard ədəbiyyatın yaranmasının lokomotivi olan qəzetin avanqardın nisbi qələbəsindən sonra vaqon formasında lokomotivə qoşulmasıdır.

– "Ədəbiyyat qəzeti"nin illik büdcəsi deyilənə görə, iki yüz min manatdır? Buna inanırsanmı?

– Buna inanıb-inanmamağa ehtiyac yoxdur. Ortada rəsmi sənədlər var

– Səncə, qəzet bu büdcəyə layiqdirmi? Məsələn, sən iki yüz min manat büdcəsi olan belə bir qəzetin redaktoru olsaydın, hansı işləri görərdin?

– Düzü, mənim bu vergi işlərindən başım çıxmır. Büdcənin ciddi bir hissəsi vergiyə gedir. Üstəlik, ştatda da xeyli adam var...

– Səncə, bu qədər işçiyə ehtiyac yoxdurmu?

– Mən bu qədər böyük bir ştatı saxlamağa da ehtiyac görmürəm. Redaksiya cəmi bir neçə jurnalistlə məhdudlaşa bilər. Əsas gücü isə kənar müəlliflərə - yazıçılara, tənqidçilərə vermək gərəkdir.

– Tural, bu gün “Ədəbiyyat qəzeti”ndə çatmayan nədir?

– Mən Azər bəyin səmimi şəkildə yaxşı qəzet çıxarmaq istəyinə inanıram. Misal üçün, bilirəm ki, o tənbəl tənqidçilərdən birini maşınla redaksiyaya gətirib onu məqalə yazdırır. Bu maraqlı faktdır və bu fakta görə baş redaktoru alqışlamaq lazımdır. Qəzetdə dəhşətli bir xaos hökm sürür. Qəzet ilk növbədə baş redaktorun vizyonunu ifadə etməlidir. Mən bu vizyonu görmürəm. Baş redaktor öz düşüncələrini demokratik bir ovqatda qəzetində əks etdirməlidir. Qəzetin ideyası aydın və anlaşıqlı olmalıdır. Kulisin belə bir ideyasını hər bir oxucu hiss edir. Amma bununla belə biz müxtəlif ədəbi estetik təmayüllərə malik olan yazıçılara da hörmətlə qapımızı açırıq.

“Ədəbiyyat qəzeti”ndə materiallar bir-biri ilə qətiyyən uzlaşmır. Redaksiya mətn seçimində hansı meyarlara əsaslandığı bəlli deyil. Adicə bir fakt deyim. Mənim "Həyatı köçürtməyin gözlənilməz detalları" hekayəm çox sadə bir şeyə görə çap edilmir. Orda qızın ayaqlarına ətir vurması məqamına görə. Axı burda nə var? Mən başa düşürəm, qəzetdə açıq-saçıq material vermək olmaz, bu kitab deyil. Bu cür xırda məqamlara görə də hekayəni nəşrdən saxlamaq olmaz. Baş redaktor bu məqamlara diqqət göstərməlidir.

Burda mən Cəlal Məmmədov jurnalistikasının izlərini görürəm. Cəlal Məmmədov yaradıcı adam deyildi və baş redaktor kimi öz vəzifəsini senzuraçılıqdan başqa heç cür təsəvvür edə bilmirdi. Burda izləri qeyd edəndə bir daha Azər bəyin entuaziyazmını da qeyd etməliyəm ki, obyektivlik qorunsun.

Dövr dəyişib və zamanın rüzgarı "Ədəbiyyat qəzeti"ndə də əsməlidir...

– Səncə, hər şey Azər Turandanmı asılıdır?

– Bəlkə də bu deyəcəklərimə görə məni daşa basacaqlar. Lakin mən Anarın bu məsələdə çox demokratik olduğuna əminəm. Anar mətbu orqanların işinə müdaxilə etmir.

– Nə bilirsən?

– Misal üçün, Vaqif Nəsibin yazıları Azərbaycan jurnalında gen-bol çap edilir. Belə də lazımdır. Məncə, bu məsələdə baş redaktorun mövqeyi daha artıq rol oynayır, nəinki AYB sədrinin mövqeyi. Mən Azər bəyi birmənalı şəkildə tənqid etməkdən uzağam. Lakin belə hesab edirəm ki, o, müasir ədəbi prosesin işıqlandırılmasında daha cəsarətli və çevik olmalıdır. O yazıçı olmasa da ədəbiyyatşünasdır, ədəbiyyatı hiss edə bilir. Amma o bu hissiyyatını müsbət istiqamətə yönəltməlidir. Yoldaş Stalin də çox düzgün olaraq qeyd edirdi ki, kadrlar hər şeyi həll edir.

– Sən öz hekayənin "Ədəbiyyat qəzeti"ndə çap olunmağına doğrudanmı maraqlısan?

– Mənim "Azərbaycan", "Ulduz" jurnallarında da yazılarım çıxıb və çıxacaq. Sualındakı ironiyanı da anlayıram. Hesab edirəm ki, "Ədəbiyyat qəzeti”ndə yazılarımın çıxması ədəbiyyatımızın xeyrinədir. O da hər halda bir tribunadır. Adicə bir fakt deyim. Bu yaxınlarda Xalq yazıçısı Elçindən müsahibə alanda o mənim "Ədəbiyyat" qəzetindəki məqaləmdən sitat gətirdi. Yəni, gənc yazıçılar bütün ədəbi tribunalarda çıxış eləməlidirlər.

"Ədəbiyyat" qəzetinin də spesifik oxucu kütləsi var. Mən o kütləyə də müraciət etmək istəyirəm.

– Belə çıxmır ki, qəzet haqqında tənqidlərin hekayənin orda çap olunmamasına görədir...

– Yox, həm də məsələ mənimlə bağlı deyil. Beş ildir ki, mən Azərbaycanın ən tirajlı mətbu ədəbi orqanının rəhbəriyəm. Mənim çap problemim də yoxdur. Və Kulisin sayəsində gənc yazıçıların da çap problemi yoxdur. Lakin Azər bəy məndən yazı istəyəndə mən onun xahişinə yüksək hörmət hissi ilə yanaşıb onlara məqalə verirəm. Belə hesab edirəm ki, mən özüm də "Ədəbiyyat qəzeti”nə dəstək olmalıyam. Azərbaycan dövləti "Ədəbiyyat qəzeti” üçün pul ayırırsa, biz də gərək, bu xeyirxah işə kiçik də olsa öz töhfəmizi verək. Bu, bizim yazıçılıq borcumuzdur. Bu qəzet bizim qəzetidir. Bütün yazıçıların qəzetidir.

Türkiyədə məşhur yazıçılar dəstək naminə bəzən aztirajlı ədəbi jurnallar üçün yazırlar. Biz bir ailəyik. Ona görə də bir-birimizə dəstək olmalıyıq. Açıq etiraf edim ki, mən bu həmrəyliyi həm İntiqam bəyin, həm Qulu bəyin, həm də Azər bəyin simasında hiss edirəm. Və əlbəttə ki, mənim dostum Nərmin Kamalı da bu həmrəylik sırasında görürəm.

– Deyirsən ki, Azər Turan müasir ədəbi prosesin işıqlandırılmasında daha cəsarətli və çevik olmalıdır. Səncə, Azər bəy bilmirmi ki hara qədər cəsarətli olmaq mümkündür? Səncə, o, "gözü çıxmış qardaşın"dan dərs götürməli deyilmi?

– Açığı, işarə vurduğunuz məsələnin təfərrüatına bələd deyiləm. On ildən artıqdır ki, ədəbi mühitdə olsam da, Yazıçılar Birliyinə heç on dəfə də getməmişəm. Amma Sovet dövrünün qanlı-qadalı illərində Azərbaycan yazıçıları ədəbiyyatın namusunu əllərindən gəldiyi qədər qoruya bilibsə (bu konteksdə elə Əkrəm Əylislinin, Sabir Əhmədlininin redaktorluğunu xatırlamaq kifayətdir) indi də bu mümkündür. Mən bunun mümkün olduğuna inanıram.

– Tural, Yazıçılar Birliyinə, xüsusən Anara qarşı olanlar AYB orqanlarında görmək mümkün deyil. Söhbət AYB-yə və Anara radikal münasibətdə olanlardan gedir. Sən isə demək olar ki, qurumun orqanlarında çap olunursan. Düzdür, sənə təklif eləyirlər. Ancaq hiss olunur ki, özünün o tərəfə meylin var, təkliflər də ürəyincədir. Bunu necə anlayaq, AYB yumşalıb, yoxsa sən?

– Hər halda AYB-nin mətbu orqanlarında çap olunmaqda cinayət tərkibi yoxdur. Yazıçılar Birliyinin mətbu orqanlarında birliyin üzvü olmayan yazıçılar da çap oluna bilər.

Bəli, çap olunmaq ürəyimcədir. Anar müəllim, mənim "Azərbaycan" jurnalının birinci nömrəsində Mirzə Ələkbər Sabir haqqında essemə görə məni təbrik edərək təşəkkürlərini çatdırıb. Bir neçə il əvvəl də qeyd etmişdim ki, AYB ilə dava başa çatır. Bu mərhələ başa çatıb. İndi əsər yazmaq lazımdır. Əsərin harada çap olunması isə mənə elə gəlir ki, mübahisə predmeti olmamalıdır. Biz yazıçıların qarşısında böyük və uca məqsədlər dayanır. Ölkədə ədəbiyyatın daha da yüksək inkişafı üçün cəhd göstərməliyik. Klassiklərin yenidən dəyərləndirilməsi, müasir dövr üçün yenidən dərki xüsusi aktuallıq daşıyır.

Bir sözlə, bu qədər işin qarşısında ədəbi qovğalar lüzumsuz görünür.

Mən AYB-nin üzvü olmasam da, AY-nin, Azərbaycan Yazıçılarının bir üzvüyəm.

–“Ulduz” jurnalında da kadr dəyişikliyi oldu...

– Qulu Ağsəsin “Ulduz” jurnalının da fəaliyyətini canlandırıb. Mirmehdi, Könül Həsənqulu kimi yazarlar artıq sərbəst sürətdə orda dərc olunmağa başlayıb. İndi “Ulduz” jurnalını oxumağa daha çox vaxtımız gedir. Bütün bunlar müsbət addımlardır. Lakin mənə elə gəlir ki, Qulu bəyin humanizmi aşağı keyfiyyətli mətnlərin jurnala ayaq açmasına gətirib çıxarır.

– Məsələn...

– Misal üçün, orda ekspert kimi çıxış edən əksər imzaların özlərinin ədəbiyyatda təsdiq olunmalarına ehtiyac var. Lakin onlar gənclərə müdrikcəsinə məsləhət verməyi özlərinə ar bilmirlər.

– Bəlkə ad çəkəsən, dediklərin göydə qalmasın...

– Buludxan Xəlilov, Sadiq Elcanlı... Heç bir ədəbi, elmi uğuru olmayan bu şəxslərin yazdıqları sözlər də bozdur, istedaddan və elmilikdən uzaqdır. Açıq desəm, onların bizim məsləhətimizə ehtiyac var. Jurnalın həcminin də artmasına da məncə, zərurət yaranıb. Ümumiyyətlə, mən “Ulduz” jurnalının gələcəyinə inanıram.

– “Azərbaycan” jurnalında da bəzi şeylər dəyişdi...

– Əsəd Cahangirin jurnaldan getməyi yaxşı olmadı. Əsəd ədəbi prosesi diqqətlə izləyən, hər zaman rezonans yaradan, mübahisə doğuran bir tənqidçidir. Bu mənada dinamik, diri qalmaq naminə Əsəd orda olmalıydı. Onun gedişinə təəssüflənirəm... Məncə, o, geri qayıtmalıdır.

Amma “Azərbaycan” jurnalı uzun illər ərzində öz üstünlüyünü, birinciliyini və belə demək mümkündürsə öz simasını qoruyub saxlaya bilib. Buna görə bu jurnala təşəkkür etmək lazımdır. Jurnal ədəbi prosesi maksimum dərəcədə əks etdirə bilir. Gənclərin də jurnalda imzaları daha artıq görünür.

– Söhbət hansı gənclərdən gedir?

– Cavid Zeynallının “Leyla” romanının jurnalda çapı müsbət hadisədir. Jurnalın hər nömrəsində maraqlı materiallar çap olunur. “Azərbaycan” yalnız bədii mətnin səviyyəsi barəsində senzura tətbiq edir ki, bu ən ideal yoldur. Lakin “Ədəbi gənclik” adı altında zəif mətnlərin çap olunmasına mənə elə gəlir ki, son qoyulmalıdır. Gənc olmaq zəif yazmaq üçün əsas verməməlidir, üstəlik nəzərə alaq ki, yaradıcılığı təkmilləşmiş yazıçıların yanında bu cür zəif mətnlər xüsusilə miskin görünürlər. Jurnal ədəbi gəncliyi jurnala daha geniş şəkildə cəlb etsə məncə ideal mətbu orqana çevrilə və Sovet zamanındakı şöhrətinə çata biləcək.

– Tural, bayaqdan danışdıqlarına diqqətlə qulaq asıram. Məncə, sən yaxın vaxtlarda Yazıçılar Birliyinin üzvü olacaqsan...

– Belə bir fikrim yoxdur.

– Təklif olsa üzv olarsanmı?

– Təkliflər var.

– Cavab...

– Mən bu suala artıq cavab verdim.

aznews.az

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #