Burax eyş-işrəti, məmur balası...

Burax eyş-işrəti, məmur balası...
6 avqust 2014
# 10:05

Kulis.Az tanınmış şair Əvəz Qurbanlının yeni yazdığı “Savaş şeiri”ni təqdim edir.

Odur! Üçrəngli Vətən bayrağı qalxıb havaya,

Ruhumu orda şəhid ruhları səslər davaya!

Bizə sülhün sorağın vermədi, verməz bu barış,

Bu barış torpağı qaytardımı heç bircə qarış?

Bu rəzillik yolunu burda dayandırmalıyıq,

Vətən uğrunda Savaş məşəli yandırmalıyıq!

Yetər artıq Xocalı dəhşəti dondurdu qarı,

Getməsəm, çatladacaq qəlbimi qeyrət damarı!

Yurddaşım, bəsdi, məzar qazma mənə, səngər qaz!

Yazmaq istərsən əgər başdaşıma - Tarix yaz!

Burax eyş-işrəti, məmur balası, qardaşım ol!

Mən olum yurd qalası, sən də mənim bir daşım ol!

Aramızda uzun illər yaranan fərqi unut,

Bu Vətən adlı yükün bir tərəfindən sən tut!

“İqtidarsan, ya müxalif?” sualı bitməzmi?

Bu bərabərlik içində belə fərq itməzmi?

Hazır ol - haqqı nahaqdan seçəcək bir savaşa,

Yolu tək Milli barışdan keçəcək bir savaşa!

Biz biz olsaq, gözünə göz yaşı yığmaz bu Vətən

Cızılan gülməli sərhədlərə sığmaz bu Vətən!

Qarabağ – tarixi fürsətdə dönüş nöqtəsidir,

İrəvan – bayrağımın sancılacaq zirvəsidir!

Növbədə Urmiya, Təbriz, Dərbənd, Kərkük var!

Ölməyin vaxtı deyil, qaldıracaq çox yük var!

Yurddaşım, bəsdi, məzar qazma mənə, səngər qaz!

Yazmaq istərsən əgər başdaşıma - Tarix yaz!

Əvəz Qurbanlı

Bakı, 4 avqust 2014

# 1924 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #