Əli Kərim onları bu cür ifşa etmişdi

Əli Kərim onları bu cür ifşa etmişdi
3 may 2013
# 09:55

Kulis.Az böyük şair Əli Kərimin “Bir-birindən xəbərsiz dahilər” şeirini təqdim edir.

Cavandılar,

O qədər də

kəmsavad deyildilər.

Bir-birlərinə tez-tez

Yapışqanlı tərif deyirdilər:

- İstedad!

-Qəşəng!

- Bəh-bəh!

- Sağlığına bir qədəh!

Ayrılırdılar.

Hərə elə o dəqiqə

vaxtlı-vaxtında

O biri haqqında

Qaşqabaqlı,

Büzülmüş dodaqla,

Yellənən başla,

Dartılmış qaşla

Deyirdilər: - Əclaflara bir bax,

Yalançı sərraflara bir bax.

Düz adamsınızsa siz,

Niyə bilə-bilə

Mənə dahi demirsiniz?

Hamısı

bir-birlərini pislərdi.

Özlərini isə

dahi hiss edərdi.

Beləliklə,

yeddi Allah,

yeddi axmaq,

Yəni on dörd miyanə

Məclisə

Hamıdan tez gələrdilər.

Yerlərini bilərdilər.

"Keçin başa" deyiləndə

Səfərbər baxışları ilə

bərk tutduqları

stula tərəf yüyürərdilər,

bir-birinə dəyərdilər.

Sağlıq deyiləndə

Yeddisi də qız kimi qızarıb,

Göyə öyrənmiş başlarını

Yerə əyərdilər,

Gözləyərdilər.

İdman tapançasının

atəşini gözləyən

yürüşçü kimi

gözləyərdilər.

Düşünərdilər:

- Seçilməsəm, ah,

batar, gedər tamam adım.

Baş qaldıranda

görərdilər ki,

Dahi olmayan oğlunun biri

dahi olmayan

tamadadı.

Nəhayət,

günlərin dahiyanə bir günündə

Bir yerə baxıb, bir göyə

Bu onun,

o bunun işini bilməsin deyə,

Bir-birinə xəbər də vermədən

Ayrıldılar,

getdilər,

Müstəqil dahilik etdilər.

# 3843 dəfə oxunub

Müəllifin son yazıları

# # #