Anar Mirzə Cəlili qorumağa çağırdı

Anar Mirzə Cəlili qorumağa çağırdı
12 mart 2019
# 15:34

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor Yeganə İsmayılovanın xalq yazıçısı Anara həsr olunmuş “Anarın Dədə Qorqud yaradıcılığı” kitabının təqdimatı keçirilib.

ONA xəbər verir ki, tədbirdə millət vəkilləri, akademik ictimaiyyət, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.

AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli yazıçının yaradıcılığından, onun ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də kinomuza gətirdiyi yeniliklərdən danışıb. Bildirib ki, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladı olan Anar ədəbiyyatımızın inkişafında yüksək əməyi olan yazıçı, ziyalı və dəyərli insandır. Onun əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir: “O, yalnız yazıçı deyil, həm də ssenaristdir. Onun ədəbiyyatımıza bəxş etdiyi bir çox dəyərli əsərləri əsasında məşhur filmlərimiz ərsəyə gəlib. Bütün bunlar Anar yaradıcılığının yüksək dəyərindən xəbər verir”.

Anarı təpədən-dırnağa yazıçı adlandıran akademik onun yaradıcılığını, şəxsiyyətini C.Məmmədquluzadə, Ə.Haqverdiyev yaradıcılığı ilə eyni sırada gördüyünü bildirib. Akademik çıxışında sovet vaxtı Anarın yazdığı əsərlərdə dövrə qarşı, sovet ideologiyasına qarşı gizli etiraz və tənqidlə mübarizə aparmağın mümkünlüyünü isbat etdiyini qeyd edib.

İ.Həbibbəyli kitab haqqında danışaraq, onun müsbət məziyyətlərini diqqətə çatdırıb və məhz Anar haqqında belə bir dəyərli əsər yazdığına görə Yeganə İsmayılovaya təşəkkür edib. “Anar təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının önəmli yazıçısıdır” deyən Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Cihan Özdemir yazıçının Türkiyədə də tanındığını, sevildiyini, əsərlərinin oxunduğunu bildirib.

Professor Cahangir Məmmədli Anar haqqında belə bir dəyərli kitabın ərsəyə gəlməsini alqışlayıb və kitabın müəllifi Yeganə İsmayılovaya təşəkkürünü bildirib. Anarın Mirzə Cəlilə həsr etdiyi “Anlamaq dərdi” əsərindən söz açan C.Məmmədli bu əsəri XX əsrin böyük dramaturqu Mirzə Cəlil haqqında yazılmış ən sanballı əsər adlandırıb.

ADPU-nun kafedra müdiri, professor Himalay Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Salidə Şərifova, BDU-nun professoru Anar İsgəndərov, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli və digər çıxışçılar ədəbiyyatımızda xüsusi rola malik olan Anar yaracılığının böyüklüyü haqqında söz açıblar.

BDU-nun professoru, kitabın müəllifi Yeganə İsmayılova Anarın Dədə Qorqud yaradıcılığı haqqında geniş məlumat verib və tədbirdə iştirak edən qonaqlara, eləcə də kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonda çıxış edən Anar tədbir iştirakçılarına, tədbirin təşkilatçısı olan Mərkəzi Elmi Kitabxanaya təşəkkürünü bildirib. Yazıçı qeyd edib ki, Dədə Qorqudun bizim üçün əhəmiyyəti onun bütün türk dünyasının abidəsi olmasıdır. Yazıçı Dədə Qorqud dastanını folklor nümunəsi kimi deyil, Azərbaycanın yazılı ədəbiyyat nümunəsi kimi qiymətləndirmək təklifi ilə AMEA Ədəbiyyat İnstitutunun rəhbərliyinə müraciət edib. O, həm də milləti olduğu kimi göstərən və qüsurlarını aradan qaldırmağa çalışan Mirzə Cəlilin, Sabirin Azərbaycan ədəbiyyatındakı önəmli yerindən söz açıb və onları “nadan” tənqidlərdən qorumağa çağırıb.

# 2054 dəfə oxunub

Müəllifin son yazıları

# # #