Kuba səfiri Tərcümə Mərkəzində olub

Kuba səfiri Tərcümə Mərkəzində olub
22 iyun 2017
# 09:50

İyunun 21-də Kuba Respublikasının Azərbaycandakı səfiri cənab Alfredo Nieves Portuondo ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı səfir Mərkəzin fəaliyyətini hələ Kubada olarkən izlədiyini, qurumun xalqlararası anlaşma, dostluq və qardaşlıq ənənələrinə xidmət edən bütün layihələrini yüksək dəyərləndirdiyini bildirib:

“Mən altı aydır ki, Azərbaycandayam. Buna qədər bir çox ölkələrdə – Rusiyada, Ukraynada, Macarıstanda diplomatik fəaliyyət göstərmişəm. Lakin Azərbaycan mənim üçün tamamilə fərqli bir ölkədir. Kuba ilə Azərbaycan arasında olan dostluğun, doğmalığın zəngin tarixi var. Biz sizinlə çox oxşar xalqlarıq – həm əhali sayı etibarı ilə, həm azadlıq uğrunda mübarizəmizlə, həm milli mənəvi dəyərlərimizi, simamızı qoruyub saxlamaq əzmimizlə. Mərkəzimizin fəaliyyəti ilə mən hələ Havanada olarkən tanış idim. Sizin müxtəlif dillərdə yayımlanan saytınızı böyük maraqla izləyirdim. Gördüyünüz işlər xalqlararası anlaşma üçün, həqiqətən, zəruri və əhəmiyyətlidir”.

Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyətinə verilən bu dəyərə görə qonağa minnətdarlığını bildirib, Kuba ilə Azərbaycan arasında birliyin, qardaşlığın dərinləşməsinə xidmət edəcək qarşılıqlı layihələrdən söz açıb:

“Biz əksər hallarda ədəbiyyatların qarşılıqlı mübadiləsi istiqamətində layihələr qurur və onları həyata keçiririk. Bir çox dillərə tərcümə və nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyi hazırda ispan dilinə tərcümə olunur. Kuba ilə qarşılıqlı layihələrimizin ilki olaraq, hər iki ölkənin milli liderinin – Heydər Əliyevin və Fidel Kastronun həyatı haqqında kitabların tərcümə və nəşr edilməsi, düşünürəm, hər iki tarixi şəxsiyyətin fəaliyyətinin beynəlxalq müstəvidə öyrənilməsi istiqamətində əhəmiyyətli örnək olacaq. Dünya tarixində çoxlu sayda dövlət rəhbəri olub. Lakin Fidel Kastro və Heydər Əliyev xalqları uğrunda misilsiz işlər görmüş, əməlləri, xalq və vətən sevgiləri ilə salnamələr yaratmış nadir şəxsiyyətlərdir ki, onların həyatı hamıya, xüsusən gənc nəslə böyük təsir bağışlayacaq, həyat, vətəndaşlıq və mübarizlik örnəyinə çevriləcək”.

Görüşdə Azərbaycan milli lideri Heydər Əliyevin həyatı haqqında kitabın ispan dilində Kubada, Kuba milli lideri Fidel Kastronun kitabının Azərbaycan dilində ölkədə nəşri ilə bağlı razılığa gəlinib.

Sonda Fidel Kastronun silahdaşı – məşhur inqilabçı Çe Qevaranın kitabı qonağa hədiyyə edilib.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #