Özündən ər uyduran qadının hekayəsi 

Özündən ər uyduran qadının hekayəsi 
16 avqust 2016
# 12:45

Kulis.Az Elnaz Eyvazın “Yorğansız qadın” hekayəsini təqdim edir.

İşdən gəlib bir az dincəldi. Şam yeməyindən sonra evdə otura bilməyib həyətə düşdü. Ağacların altındakı skamyalardan birində oturdu. Hava hələ qaralmamışdı. Özü ilə götürdüyü kitabı oxumağa başladı.

Həyətdə oynayan uşaqların topu gəlib ayağının altına düşdü. Ayağa qalxıb topu uşaqlara atdı. Sonra yenə oturub kitab oxumağa başladı.

Qadın başındakı yaylığı açıb təzədən bağlaya-bağlaya gəlib Zemanın yanında oturdu.

- Göydən od tökülür. - dedi.

İkisindən başqa heç kim yox idi deyə, Zema cavab vemək zorunda qaldı.

- Həə, elədir.

- Səhər gəlinə deyirəm ki, nə var oturmusuz dörd divarın arasında?! Özün də bişirsən, uşaqlar da. Ərün çıxsın otpuskaya, gedün rayona. Atongilin o boyda həyəti, bağ-bağçası var. İpişgə qutusuna oxşıyir, evdü bular?

Zema gülümsədi. Arvad susan kimi başını aşağı salıb yenə oxumağa başladı.

“ Bəli, əlbəttə, bura cənnət deyildir, - deyə Aqil dilləndi, özün görürsən: su, çılpaq sahillər, hər tərəf gil-palçıq, vəssalam! Müqəddəs Troitsa bayramı çoxdan keçmişdir, ancaq çayda hələ də buz vardır, bu gün səhər isə qar da yağmışdır”.

- Rayon cənnətdi indi. Günorta isti olsa da, cəhənnəm, gecəni ki rahat yatırsan, elə döyül?

- Elədir.

- Bu gecə səhərə kimi gözümü də yummamışam. O zəhrimarı da qoşursan ki, sərinniyəsən, sür-sümüyün quruyur.

Yenə susdu.

“ Öyrəşərsən! – deyə, Aqil güldü. – Hələ sən gəncsən, cahilsən, ağzından süd iyi gəlir və axmaqlıqdan elə bilirsən ki, dünyada səndən bədbəxt adam yoxdur. Ancaq vaxt gələr deyərsən ki, hamıya belə həyat qismət eləsin. Sən bir mənə bax. Bir həftəyə su çəkilər, buraya bərə qoyarıq, ondan siz hamınız Sibiri gəzməyə gedəcəksiniz, mən isə burada qalacaq və yenə də sahildən-sahilə getməyə başlayacağam. Düz iyirmi iki ildir ki, gecə-gündüz beləcə gedib-gəlirəm. Allaha çox şükür. Mənə heç bir şey lazım deyildir. Allah hamıya belə həyat qismət eləsin”.

- Uşağı həyətə düşürmüsən?

- Nə?

- Uşağı da, deyirəm, həyətə düşürmüsən? Yaxşı eliyirsən, qoy qarışsın uşaxlara, evdə bağrı çatdıyar.

- Yox... uşağım yoxdur.

- Niyəə? Olmur, yoxsa özün istəmirsən?

- Olmur, - qeyri-ixtiyari dedi.

- Hmmm... Allah xeyirri payuvu versün.

- Çox sağ olun.

- Süzdən qabaq bu evdə yaşayan arvadın da bircə qızı vardı. İndikilərin doğmaxnan arası yoxdu ki. Bir-ikisini doğdular, vəssalam, qıfıllanıllar. A balam, doğginan bunnan beş-altısın, sabah qocalanda axırı biri pis olsa, biri yaxşı olub baxar da sənə. Düz demirəm, a gəliin?

Zema “gəlin” sözündən diksindi. Bir an duruxdu:

- Düz deyirsiz, - deyib oxumağa davam elədi.

“Ancaq, hər kəs ki, şeytana inandı, hətta bir dəfə belə onun sözünə qulaq asdı, - vay onun halına, daha ona çarə yoxdur, o, təpəsinədək palçığa batacaq və bir daha çıxa bilməyəcəkdir”.

- Şeytan Allahın lənətinə gələsən haa, ay uşaq, ay uşaq, yoldan çıx, – arvad topla oynayan uşaqlara acıqlandı, - baxmır ki, bura məhlədü, uşax-muşax var. Necə gəldi sürüllər. Göy maşın ərüvündü? – həyətdə dayanan maşınlardan birini göstərdi.

- Hə...yox.

- Hansıdu bəs süzünki?

- Yoxdur.

- Həə, deyirəm axı, görməmişəm. Düzü, ərüvü də görməmişəm. Yəqin işdən gec gəlir. Neynəsün ee, indi ev-eşik saxlamaq asandu bəgəm? Səhər də tez gedir, həə?

- Hə? Həə...lap tez, sübhdən. Gecə də hamı yatandan sonra gəlir. Elə vaxt olur gecə də gəlmir, yolu uzaqdır. İşdə qalır. - uydurduqlarına özünün də gülməyi tutdu.

- Qorxmursan bəs gəlin xeylağı, təkcə?

- Yox...qorxmuram, öyrəşmişəm. Çarəm nədir? – köksünü ötürdü.

- Həə dəə... Neyniyəsən?

Arvad susdu.

“Belə arvadın başı batsın!.. Xanım onunla çox yaşamadı. Necə yaşasın? Hər tərəf gil, su, soyuq; nə bir göyərti, nə bir meyvə. Hər yan savadsız, sərxoş adamlarla dolu: bir nəfər də xoşrəftar insan yox. O isə nazlı xanım idi, paytaxt qadını idi. Məlum işdir ki, darıxdı. Axı əri də necə olsa əvvəlki kimi ağa deyildi, indi adi sakinlərdən biri idi, daha qabaqkı şan-şövkət yox idi. Yadımdadır, üç il sonra, mövlud bayramında qarşı sahildən qışqırtı eşidildi. Mən bərə ilə oraya getdim, baxıram, xanım bərk bürünmüş halda, cavan bir çinoviklə üçatlı arabada oturub. Mən onları buraya gətirdim. Bərəyə əyləşdilər. Bir-birinə necə qulluq göstərmələri yadımdadır. Sonra daha onları görən olmadı”.

- Cavan gəlinsən, o qədər anasının əmcəyini kəsən var ki. Ərüvə tapşır gecələr səni tək qoymasun. Dalınca düşəllər, güdəllər, qapuvu döyəllər, qorxarsan. Kim nə bilir kimsən? Camaat qapıbir qonşusunu tanımır. Ərüvü əlində möhkəm saxla. Ər ki var, yorğan kimi şeydü, arvadın ayıbını örtür. Ərün varsa, nə ayıbun olsa, ağzına alıb danışan olmaz, ərün ki olmadiyaa, ayağun büdrəsə, söz eliyəllər. Deyirəm, a gəlin...

- Zema, adım Zemadır. Sizinlə söhbət eləmək xoşdur. Amma getməliyəm...

- Yəqin bu gecə gələcey, həə? – arvad bic-bic güldü.

- Hə? Həəə, hə, əlbəttə... - deyib güldü.

- Get, get. Allah mehriban eləsün. Darıxanda düş gəl, mən elə səhər açılandan otururam burda, arada qalxıb evə dəyirəm, gəlirəm. Evdə adamın bağrı çatdıyır...

Zema kitabı götürüb yuxarı qalxdı.

***

Səhər yeməyini yeyib pəncərədən həyətə baxdı. Qonşu arvad yenə dünənki yerdə oturmuşdu. Hazırlaşıb çantasını götürdü. Qapıya çatanda dayandı. Nə düşündüsə, geri qayıdıb paltar dolabını açdı.

***

- Sabahınız xeyir.

- Sabahun xeyir, a qızım. Gecikmisən, deyəsən.

- Həə...yoldaşımı yola salınca... - gülümsədi.

- Həə... elədü də. Kişi xeylağı evdən çıxınca uzun çəkir.

- Sağ olun.

- Yaxçı yol.

Zema gözdən itincə arvad baxdı. Sonra yenə adəti üzrə altdan-yuxarı balkonları nəzərdən keçirdi. Birdən gözləri Zemanın balkonundakı paltar ipindən asılan gecə köynəyinə və qara rəngli alt paltarlarına ilişib qaldı.

- Abrun tökülsün elə həə... - deyib ayağa qalxdı. Tumanının ətəyini darta-darta bloka girdi.

Qeyd: Çexovun “Sürgündə” hekayəsindən istifadə edilib.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #