Diz-dizə, göz-gözə, nəfəs-nəfəsə...

Diz-dizə, göz-gözə, nəfəs-nəfəsə...
12 noyabr 2015
# 17:07

Kulis Yaradıcılıq fakültəsinin tələbəsi Elşad Baratın "Diz-dizə, göz-gözə, nəfəs-nəfəsə..." hekayəsini təqdim edir

Şəkillərdən tanıyırdım. Tanışlığımız aylar öncəyə dayanırdı. Şəkillərdən sevirdik bir-birimizi. Bəlkə də heç sevmirdik. Hər gün saatlarla söhbət edirdik yatmamışdan öncə. Onun telefondan süzülüb gələn səsi mənə lay-lay kimiydi. Bir şəklini də telefonumun ekranına yerləşdirmişdim. Bu şəklə elə bağlanmışdım ki, elə bil ona mənim xoşbəxtliyim də həkk olunmuşdu. Beləcə sevirdik bir-birimizi. Bəlkə də heç sevmirdik.

Səhərdən az keçmişdi. Payız buludları yenə günəşi gizlətməyə çalışırdı. Amma mən hisslərimi gizlədə bilmirdim. Cəsarətimi əlimə alıb yazdım:

- Salam sərt baxışlım!

Çox keçmədi cavab gəldi:

- Salam, şair.

Bu, bizim bir-birimizə qoyduğumuz adlar idi.

- Bəlkə bu gün görüşək, nə deyirsən? - sanki bu sualı çoxdan gözləyirmiş.

Cavabını da əzbərdən yazdı:

- Görüşək, şair, görüşək.

Vədələşdik. Razılaşdığımız saatda yox, razılaşdığımız yerdə dayanmışdım. Ürəyimin səsini gah sinəmdən, gah da dabanımdan eşidirdim. Siqareti siqaretə calamışdım. Hər dəfə də saqqızımı təzələyirdim ki, ağzımdan yaxşı qoxu gəlsin. Çox həyəcanlıydım. Parkda gəzişən adamlar mənə baxırdı. Həyəcanımı hiss etmişdilər deyəsən. Taksi sürücüləri də eləcə baxırdılar. Geyimimə görə yəqin düşünürdülər ki, yağlı müştəridir. Daha bilmirdilər ki, bu görüşə mən aylardır hazırlaşıram və lazım olsa aylarla da gözləyərəm burda. Bəli, elə burda. Bu parkda. Səməd Vurğunun heykəli də şahiddir ki, düz deyirəm.

Nəhayət əsl həyəcan başladı. Mənim sərt baxışlım gəlirdi, lap uzaqdan. Onu saçlarından tanıdım. Yaxınlaşmağa başladım. Ayaqlarım bir-birinə dolaşırdı. Ona yaxınlaşdıqca nəfəsim daralırdı. Saçları küləklə mübarizədəydi. Baxışları elə uzun, elə dərin idi ki, elə bil bu dəqiqə canımı alacaq. Əbəs yerə adına sərt baxışlı deməmişəm ki. Burnu bapbalaca, yanaqları toppuş, dodaqları... dodaqları çox çəkiciydi. Hələ çatma qaşlarını, ağ sinəsini demirəm.

Bir daha salamlaşdıq, çəkilib bir kənarda dayandıq. Elə bilirdim hamı bizə baxır. Hamı bilir biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik. Mənim təklifimlə oturacaqda əyləşdik. Aramızda iki adam da otura bilərdi. Sanki halımı bilmirdi, nə çəkdiyimi görmürdü. Sanki həyəcandan öləcək bir adamın qarşısında, daha doğrusu sağ tərəfində oturmamışdı. Sükutu pozdu.

- Şair, necəsən? - deyib heç cavab gözləmədən əlavə etdi. - Çox gözlətdim səni?

- Yox, yox, çox gözləmədim. Mən də təzəcə gəlmişdim. - daha demədim ki, razılaşdığımız vaxtdan üç saat öncə mən artıq burdaydım. Hərdən yalan danışmaq da olar. Nolacaq ki, biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik.

Bildirçin kimi danışırdım. Onun bəzi sözündən ürəklənmişdim. Elə danışırdım ki, elə bil beşatılanam. Aman vermirdim o uzun danışsın. Hər şeydən danışırdım. Siyasət, din, tarix, fəlsəfə. O da başıyla dediklərimi təsdiqləyirdi.

Aramızda bir adamlıq yer qalmışdı. Parkdakı adamlar da bizə baxmırdı artıq. Heç biz də onları görmürdük sanki. Gözümüz ancaq özümüzü görürdü. Eləcənə danışırdıq. Artıq mövzu sevgi ətrafında hərlənirdi. Çətini sevgiyə girişincədi. Sonrası özü gəlir. Neynəyim. Biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik.

Artıq aramızda heç kəsə yer yoxuydu. Diz-dizə, göz-gözə, nəfəs-nəfəsəydik. Saçlarının ətrini içimə aldıqca sevgini daha dərindən izah edə bilirdim. Sol əlim onum çiyninə toxunurdu biixtiyar. Sol dizim ağappaq dizlərinə yapışmışdı. İkimiz də xoşlanırdıq bundan. Çünki biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik.

Söhbətimiz erotikləşmişdi. Aylı gecədə öpüşməyin sirlərindən payız yarpaqlarının romantikliyinə qədər, noyabr sevgilərinin özəlliyindən dekabr sevişmələrinin müqəddəsliyinə qədər hər şeydən danışırdım biixtiyar. Hələ erotik şeirlərimdən bir-iki bənd də guppuldatmışdım. Hiss edirdim ki, bu söhbətlər ləzzət edir ona. Çünki artıq bir-birimizə yapışmışdıq. Ağzımız sulanırdı. Gözlərini dodaqlarıma zilləmişdi. Mən də fürsət tapanda baxırdım onun dodaqlarına. Sinəsi elə gözəl görünürdü ki. Ağlımı itirmək üzrəydim. Amma itirmirdim. Eləcə danışırdım. Daha nə danışdığımın önəmi qalmamışdı. Özüm öz dediklərimi başa düşmürdüm. Heç o da qulaq asmırdı mənə. Hə, hə, dəqiq qulaq asmırdı. İkimiz də göylərdəydik. Çünki biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik.

Artıq söhbətlərin, baxışların yeri deyildi. Hərəkətə keçməliydim. Onun nəfəsi üzümə dəydikcə coşurdum. Sinəsini irəli verib gah gözlərimə, gah da dodaqlarıma baxırdı. Baxışları "Hə tez ol, öp məni, sarıl mənə" - deyirdi. Mənasız söhbətlərimi də kəsmişdim. Baxışlarım gözlərindən qırılıb yanaqlarına, ordan dodaqlarına, sonra uzun boğazına, daha sonra sinəsinə enirdi. Ağzım sulanırdı. Cəsarət topladım özümdə. Geriyə yol yoxuydu. Yalnız tanrı ayıra bilərdi bizi bir birimizdən. Bir də dilənçi. Ayırdı da: “Qurban olum, kömək edin. Qarabağda böyrəyimi qoyub gəlmişəm. Ölüm ayağının altında, mənə bir manat pul ver.” Elə bil yuxudaydım, ayıldım. Həm də ən gözəl yuxuda. Bir manat verdim, dilənçi getdi.

Arada sükut at oynadırdı. Cınqırımız da çıxmırdı. Siqaretdən sümürüb uzaqlarda bir yerə baxırdım. Naməlum yerə. Əlimə yumşaq əl toxundu, isti bir əl. "Gedək" - dedi o əlin sahibi.

Susurduq. Susa-susa gedirdik harasa. Naməlum istiqamətlərə. Düşünülməmiş addımlar atırdıq həzin-həzin. Susaraq danışırdıq sevgidən. Susaraq yeriyirdik üstünə taleyimizin. Onsuz da bilirdik, bilirdik ki, biz bir-birimizi sevirik. Bəlkə də heç sevmirik.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

# # #