Nazim Hikmət Sibirdə necə anıldı?

Nazim Hikmət Sibirdə necə anıldı?
28 aprel 2014
# 13:05

Aprelin 14-də Yuqra Muxtar dairəsinin paytaxtı Xantı-Mansiysk şəhərində keçirilən Beynəlxalq Yuqra mükafatının təltifat mərasimində məlum oldu ki, laureatların biri – yunan yazıçısı Aleksis Parnis üzürlü səbəbdən tədbirə gəlməyib. Bəs nə idi bu səbəb? Bu suala mərasimdən sonra “Yuqra-otel”də təşkil olunmuş furşetdə aydınlıq gətirildi və məlum oldu ki, 1950-ci ildə 26 yaşında yunan kommunisti kimi SSRİ-yə pənah gətirən, M.Qorki adına Dünya ədəbiyyatı institutunda təhsil görən və elə tələbəlik illərində də əqidəsindəki təbəllüatlara görə partiyadan xaric edilən Aleksis Parnisin həyatında Nazim Hikmət müstəsna rol oynayıb (A.Parnis «Dünya ədəbiyyatına töhfələrinə görə» nominasiyası üzrə beynəlxalq Yuqra mükafatına layiq görülüb).

“Həyat yolları” bədii fondunun prezidenti şair Dmitri Mizqulin bir neçə ay öncə Afinada 90 yaşlı Aleksis Parnisin dilindən eşitdiklərini furşet iştirakçılarına belə çatdırdı:

– 1944-cü ilin sentyabrından faşizmə qarşı döyüşə atılan A.Parnis dekabr ayında ağır yaralanır. 1950-ci ildə təqiblərdən xilas olmaq üçün Yunan kommunist partiyasının rəhbəri Sifis Zaxariadis ilə birlikdə SSRİ-də sığınacaq tapır. Onları Daşkənddə yerləşdirirlər. 1951-ci ildə Stalin Zaxariadisə zəng vurur: «M.Qorki institutunda boş yer var, şairlərindən birini yolla oxumağa». Zaxariadis seçimini dərhal bildirir: «Aleksis Parnisi göndərirəm». Bir il sonra tələbə A.Parnisi sərt çıxışlarına görə nəinki partiyadan, hətta ona verilmiş mənzildən də çıxarırlar. Nazim Hikmət onu bir rus qarısının yaşadığı evə aparır və deyir ki, mənzil onundu, burda nə qədər istəsə, yaşaya bilər. A.Parnisə yalnız institutu bitirəndən sonra məlum olur ki, mənzil Nazimin deyilmiş və böyük şair hər ay ev yiyəsinə kirayə haqqı verirmiş.

Bəs türk-yunan münasibətlərinin son dərəcə gərgin olduğu bir zamanda türk Nazim Hikmətin yunan Aleksisi Parnisə rəğbətinin səbəbi nə imiş? Şübhəsiz ki, istedada hörmət.

Daha sonra D.Mizqulin üzünü bizə – furşetdəki azərbaycanlılara tutaraq dedi: «Siz xoşbəxtsiniz ki, biz slavyanlardan fərqli olaraq, siz türklər, tərcüməsiz anlaşırsınız».

Bəlkə də o mənim bir xakas şairi ilə ünsiyyətimə qısqanmışdı? Nə bilim...

Furşetdən dərhal sonra internet saytlarını araşdırdım və çox maraqlı faktlarla qarşılaşdım.

A.Parnis hələ tələbə ikən istedadı ilə Boris Posternakın, Nazim Hikmətin, Konstantin Fedinin, Boris Polevoyun diqqətini çəkir. Və B.Palevoy 1960-cı ildə onun «Afinanın son gecəsi» pyesini sovet teatrlarına təqdim edir. Hər yerdən bir-birinə bənzər cavablar alınır. Partiyadan xaric edilmiş yazıçının pyesi sovet teatrında oynanıla bilməz!» B.Polevoy əsəri K.S.Stanislavski adına teatrın bədii sovetinin tanınmış üzvü Sofya Qiantsıntovaya göndərir. Sofya Vladimirovna A.Parnisi rejissor Viktor Komissarjevski ilə görüşdürür. Bu zaman Viktor Komissarjevski N.S.Xruşşovun yaxın dostu, Malı teatrın görkəmli aktrisası Vera Paşenna üçün ana rolu axtarırmış. V.Pasenna pyeslə tanış olandan sonra Xruşşovun ailəsinə zəng vurur və məsələ ali çevrədə həll olunduğundan V.Komissarjevski dərhal işə başlayır. Pyes «Novıy mir» jurnalında çap olunur. 1961-ci ildə artıq SSRİ-nin 181 teatrı bu pyesi tamaşaya qoyur. Ən maraqlısı isə afişalarda müəllifin – A.Parnisin adının yazılması idi.

O, 1962-ci ildə, «mülayimləşmə»dən sonra yenidən Afinaya qayıda bilir. Bir-birinin ardınca «Qara ada», «Korrektor», «Pasternak bulvarı», «Hər kəsin öz Praqası» kimi məşhur əsərlərini yazır.

Bu əsərlər, Sovet quruluşuna qarşı yönəlib. Əlbəttə, o SSRİ-də yaşadığı 12 il ərzində hər şeyi, hamını öz gözləriylə görmüşdü. Nazim Hikməti də həmçinin, hələ də yada salır.

Saytlarda onun haqqında müəmmalı yazılar da mövcuddur. Biz yalnız onun öz dilindən çıxanlara əsaslandıq.

Məmməd Oruc,

Yuqra, 15 aprel, 2014

# 2063 dəfə oxunub

Müəllifin son yazıları

# # #