Görünən bağın gözəgörünməz bağbanı

Görünən bağın gözəgörünməz bağbanı
10 may 2017
# 12:58

Kulis.az Sadıq Zamanın “Görünən bağın gözəgörünməz bağbanı” məqaləsini təqdim edir.

Ədəbiyyata səksəninci illərin sonlarında gələn Mübariz Cəfərli kifayət qədər məhsuldar yazsa da, oxucular tərəfindən az tanınır. Amma ciddi ədəbiyyatdan söz düşəndə ilk xatırlananlar sırasında onun adı çəkilir. Xalq yazıçısı Elçin “Axtarışların uğurlu bəhrəsi” məqaləsində yazır: “Mən Mübariz Cəfərlini şəxsən tanımasam da, artıq neçə ildir ki, mətbuatda bu müəllifin hekayələrini, povestlərini izləyirəm və doğrusu, təəccüb edirəm ki, nə üçün ədəbi tənqid onun yaradıcılığına layiq olduğu diqqətlə yanaşmır”. Elə həmin məqalədə Xalq yazıçısı ortaya qoyduğu sualın cavabını belə açıqlayır: “Görünür, bunun bir səbəbi də ondadır ki, Mübariz müəllim özünüreklamdan, ədəbiyyatkənarı ajiotajdan uzaq bir adamdır (hər halda mənə belə gəlir) və bir küll halında, yəni ümumiləşdirərək götürsək, bugünkü Azərbaycan ədəbi prosesindəki bəsitlik yalnız öz yazı-pozu işi ilə məşğul olan bu yazıçını ümuminin arasından seçməyə imkan vermir”.

İndiyə qədər “Dünyanın ikinci üzü”, “Olanlar və olmayanlar”, “Trio, kvartet və s.”, “Cangüdən”, “Adamlar”, “Fəlsəfi oyunlar” və s. kitabları nəşr olunan yazıçının son illər “Azərbaycan” jurnalında üç irihəcmli əsəri - “Bərpaçı”, “Bənna”, “Bağban” romanları dərc olunub. Bu əsərlər bir-birinin ardınca işıq üzü görsə də, əslində uzun illərin gərgin axtarışlarının bəhrəsidir. İstər struktur, istərsə də süjet və ideya-məzmun baxımından hər üç əsər M.Cəfərli yaradıcılığında yeni mərhələ təşkil edir.

Yazıçının digər nəsr əsərləri kimi, roman yaradıcılığı da ədəbi tənqidin diqqətindən yayınmayıb.

Mübariz Cəfərlinin “son illər qələmə aldığı “Bərpaçı”, “Bənna”, “Bağban” romanlarından ibarət trilogiyasında müəllif ideyası və təfəkkürünün önəmli dərəcədə durulduğu da, istər təsvir, istərsə də dialoqların maksimum cilalandığı da qabarıq hiss olunur. Bu romanlarla Məmməd Səid Ordubadi və İsa Muğannadan sonra Azərbaycan nasiri üçüncü dəfə Nizami ilə dialoqa girir, amma bu dəfə tamamilə fərqli rakursda”.

Tanınmış tənqidçi Cavanşir Yusifli isə Mübariz Cəfərlinin romanlarını belə təhlil edir: “Ən önəmli cəhətlərdən biri odur ki, bizim çağdaş nəsr təcrübələrindən fərqli olaraq bu mətnlərdə rəngbərəng hadisə selini deyil, hadisəni tədqiq edən yazıçı düşüncəsini görürük”.

Mübariz Cəfərlinin nəsr yaradıcılığı Xalq yazıçısı Elçinin də təhlil süzgəcindən keçib. O yazır ki, M.Cəfərlinin əsərlərində “ənənəvi süjet xətti yoxdur, yəni süjet xətti boyunca inkişaf edən vaqeə, hadisə yox, vəziyyət, psixoloji durumdur və bu, əlbəttə, nasir fəhmi, səriştəsi tələb edir. Mübariz Cəfərlidə belə bir fəhm və səriştə var”.

M.Cəfərli hər üç əsərində fərqli ədəbi üsullardan istifadə etməyə çalışıb. Onun romanlarında ümumi bağlılıq hiss olunsa da, struktur oxşarlığı, demək olar ki, müşahidə edilmir. Bununla da yazıçı eyni üsluba sadiq qalmadığını, daim yeni strukturlar təqdim etməyi müasir yazıçının vacib xüsusiyyəti kimi sərgiləyir.

Təhkiyə və kompozisiya poetikası çox orijinal və mükəmməl olan bu mətnlərdə bədii mətləb incə ustalıqla açılır. Hər üç romanda yer alan ayrı-ayrı ibrətamiz əhvalatlar süjet xəttini şaxələndirməklə yanaşı, oxucunu həyatın dərin qatlarına baş vurmasına, bu dünyanın hüdudlarını aşmasına kömək edir. Beləliklə, mövcud qaydalar, mənalar sərhədi arxada qalır. Bu ali məqamdan boylanıb geri baxmaq isə yeni bir dünyanı kəşf etməyə bərabər olur. Bu üç əsərdə “hadisələr adi axarla, adidən adi ritmlə təsvir edilir, onların dinamikasında üst qatda gözlənilməz heç nə baş vermir, ancaq müvəqqəti olaraq. Oxucu “oyuna daxil edildikdən sonra” başa düşür ki, həmin hadisələr əsas fon olmaqla bərabər, həm də sırf təsadüfdür, bu hadisələr baş verməyə də bilərdi, əsas məsələ sənin onların təsadüfiliyinə baş qoşman və beləcə hadisələr sıxlaşdıqca, mətləbin (yaxud mətləblərin), ipəkdən süzülürmüş kimi üzə çıxması, insana bildiyi həqiqətləri başqa rakursdan görükdürməkdir. Bu romanların hər birində adıçəkilən xüsusiyyət - sənətkarlıq manerası müxtəlif doza və biçimdə meydana çıxır, ona görə oxucular bu romanları fərqləndirərkən (kimisi Bənnaya, kimisi Bərpaçıya, kimisi də ola bilər ki, Bağbana üstünlük versin) onlara bir hadisənin ayrı-ayrı halları, fərqli situasiyalarda meydana çıxa bilən görüntüləri kimi baxa bilərlər”.

Yazıçının əsərlərində zaman anlayışı qabarıq planda verilmir, ümumi fonda əriyir və onu yalnız müəyyən cizgilərlə müəyyən etmək olur. Beləliklə, zaman anlayışını həmişə ikinci planda saxlayan yazıçı demək istədiklərini əsərin içinə çox sadə yolla yerləşdirməyə çalışır, ideyanın açılması üçün maraqlı, yeni üsullar axtarıb tapır.

Bu baxımdan, “Bənna” romanı struktur yeniliyi baxımından diqqəti cəlb edir. Burada heç vəchlə gözə soxulmayan, məişət xarakterli qrafik cizgilərlə canlı, inandırıcı surətlər yaradılıb. Bənna obrazı əsərə daxil olandan sonra özündən əvvəlki səpələnmiş, qırıq hadisələri bir yerə cəmləyir və onları “bərpa edir”. Lakin axırda o da hadisələri tamamlayıb sona çatdıra bilmir, həm də öz həqiqəti içində azır, hətta yaşadığını belə həqiqət hesab edə bilmir. Beləliklə, mətn açıq qalsa da, əsər bitib tamamlanmasa da, “Bənna”da mətləbin oxucuya düzgün çatdırılması əsərin ideyasını aydınlaşdırır.

“Bərpaçı” romanında da süjet mahiyyətə çatana qədər hadisələr sadəcə, oxucunu müəmmaya, sirrə aparan oyuna bənzəyir. Mahiyyətə varanda isə oyun bitir və mahiyyət süjetlə birləşir. Romanın strukturunda isə bir növ “Min bir gecə” nağıllarının motivlərinə bir bənzərlik duyulmaqdadır: burada hadisələr ümumi kökdən ayrılmasa da, bir-birinin içindən çıxır.

“Bərpaçı” əsərini daxili plan, mükəmməl süjet strukturu və kompozisiya həlli baxımından maraqlı mətn kimi dəyərləndirən Cavanşir Yusifli yazır: “Əsərin poetik strukturu, gözümüzün aldığı mətləblərin bədii həlli onu son illər dünyada çap edilən ən mükəmməl əsərlərlə müqayisə etməyə imkan verir”.

M.Cəfərlinin digər nəsr əsərlərində olduğu kimi, burada da yazıçının hadisələrə münasibəti nəzərə çarpmır, müəllif hər addımda bədii surətlərin arxasından boylanmır, əksinə özünü obrazların arxasında məharətlə gizlədə bilir. Yazıçını obrazlarda da tapmaq olmur, ona görə də bütövlükdə roman kimi, müəllifin özü də oxucu üçün maraqlı və müəmmalı qalır.

“Bərpaçı” romanında “az qala mövhümi dünyanın olayları müəllif tərəfindən ciddi və real şəkildə, bəlkə də, bütün çılpaqlığı ilə, həm də bu günün, bəlkə, elə bütün zamanların insan mənzərələri ilə təmasda rəsm edilib. Ən xəyali, yaxud, belə deyək, təxəyyülün belə çatmadığı olaylar görürsən ki, həyatın dibindən güclə sızıb gələn səslə təsvir edilir, sözün səslə göstərilməsi mətnə xüsusi kolorit aşılayır, bu kontrast - əhvalatın qeyri-reallığı və təsvirin inandırıcılığı səni məcbur edir ki, müəllifə özün kimi inanasan, yaxud ömrünü onun cızdığı hadisə trayektoriyasında yaşayasan”.

“Bağban” romanı onun trilogiyasının sonuncu əsəridir, demək, eyni zamanda tamamlayıcı həlqə rolunu oynayır”. Bu əsərdə mistik-fəlsəfi mahiyyət bədii detal və ştrixlərlə, bəzən də istehza, ironiya ilə verilir. Bütün bu zahiri görüntülərin içindən həyatın əsl mənası, bu mənanın içindən isə saysız suallar doğur. Ümumiyyətlə, M.Cəfərli yaradıcılığına açar-mətnlərin xas olması yazıçını fərqləndirən xüsusiyyətlərdəndir. Belə əlamətlərə sonuncu romanda da açıq və ya üstüörtülü şəkildə, bəzən də istehza və ironiya ilə rast gəlinir: “Nəfəsini güclə al”an Kür çayının sahilindəki şəhərdə (Tbilisidə - Q.S.) gəzərkən təsadüfən baş qəhrəmanın gözünə zibil qabının üzərindəki qəribə məntiq doğuran yazı sataşır. Ayrı vaxt olsaydı, Famil buna məhəl qoymaz, saymazyana ötüb keçərdi. Amma indi rastlaşdığı yazı onun ovqatı ilə həmahəng olduğu üçün bunu təkrar-təkrar oxuyur, sanki oxuduqlarını ömrünün sonunadək qəlbinə, şüuruna həkk etmək istəyir. Birdən hardansa ağlına gəlir ki, küçədəki başqa zibil qabılarda da belə yazılar var və bunlar indi onun oxuduğu sözlərə açar ola bilər. Bu istək təkcə ayaqlarına deyil, bütün bədəninə qeyri-adi güc verir, addımlarını yeyinlədir… Nəticə isə gözlənilməz məyusluqla sonuclanır. Qəhrəman (oxucu ilə birlikdə) böyük təəssüflə anlayır ki, “zibilqabıların üstünü yazan, həqiqətən, başdan xarabdı axı? Amma əsl gicgici o yazılara baş qoşandı…”

Xalq yazıçısı Elçin, M.Cəfərlinin “Əl” povesti haqqında yazdığı “Axtarışların uğurlu bəhrəsi” adlı məqaləsində yazır: “Ölüm mövzusu bu povestdə aparıcı xətlərdən biri, bəlkə də, birincisidir və Mübariz Cəfərli, ümumilikdə, ədəbiyyatın bu əbədi mövzusunda öz fərdi yazıçı sözünü deməyi bacarmışdır, bu da, əlbəttə, istedaddan və professionallıqdan xəbər verir”.

Bu ştrixlər “Bağban” romanında da özünü qabarıq göstərir. Ümumiyyətlə, romanda obrazların emosional-psixoloji vəziyyəti çox dəyişkən və gözlənilməzdir. Burada “Qorxaqlıqdan qəhrəmanlığa keçid bircə anlıqmış...” Dayanıb nəfəsini dərmədən pay-piyada dünyanın axırınacan yol getməyə, yolları ayağı altında yorğun-arğın inildədərək əldən salmağa hazır olan qəhrəman bir az keçməmiş öz düşkün halını belə ifadə edir: “Bütün bədənimi yenə də yorğunluq bürüdü. Təkcə bədənim yox, ruhum-canım da əldən düşmüşdü. Güc-bəla ilə, az qala yıxıla-dura özümü yaxındakı skamyaya çatdırdım”.

Bir az əvvəl quş kimi qanadlanıb uçmaq istəyən rəhrəman bir anın içindəcə “ağrının, sızıltının, giziltinin içində” ölmək məqamının yetişdiyini hiss edir. Lakin ölüm baş qəhrəmanı zərrə qədər də qorxutmur, çünki o, bütün varlığı, ruhu ilə hər zaman “böyük ayrılığa hazır idi”. Bəlkə, buna görə də “kiçik ayrılıqlar məkanı” olan vağzalda onun da digər sərnişinlər kimi “əsl ayrılığa hazırlaş”masına lüzum yox imiş. Beləcə, baş qəhrəman ölümü “yolunu çoxdan gözlədiyin əziz qonağın gəlişi kimi”, “əbədiyyəti, çevrilməni, ağır, mənzilbaşı, sonu naməlum səfəri maraq qarışıq xəfif sevinclə gözləyirdi...”. Çünki o başa düşür ki, həyatda “əsas az, yaxud çox yaşamaq deyilmiş...” Əsas məsələ əcəl məqamını ötürüb özünü gözdən salmamaqdır. Əgər “Əsl köç məqamını ötürüb bərilərdən dördəlli yapışdınsa, sonra dünyanı başında tac dəyişsən də orda, getdiyin, mənzilbaşına çatdığın yerdə qədir qiymətin olmayacaq”.

Əsərin ən maraqlı, dramatik və mətləb düyününün açılmağa başladığı sonuncu hissəsi öz dinamizmi ilə fərqlənir. Bu hissə həmçinin bənzərsiz obrazlar və onların maraqlı xarakterik xüsusiyyətləri ilə də yadda qalır. Müəllif əsərdə bir dəfə də olsun görünməyən Bağbanı elə canlı, parlaq, ən əsası isə elə inandırıcı boyalarla təqdim edir ki, oxucu onun varlığına, təsvir edilən qeyri-adi xarici əlamətlərinə, daxili aləminə inanır. Bağbanın təqdim olunma səhnəsi də əsərin yaddaqalan epizodlarındandır. Familə “çalışın bu bağın bağbanı ilə görüşəsiniz...”, - deyən gözətçi (qapıçı və yaxud doqquzbarmaq) bu görüşün son dərəcə vacib olduğunu izah edərkən maraqlı detallar üzə çıxır. Məlum olur ki, Famil (hamı) dünyanın gərdişindən yalnız oxuyub öyrəndiklərinin köməyi ilə baş çıxara bilir. Amma “Ona, bağbanasa hər şey hazır göndərilib. Eləsinə oxumamış müdrik deyirlər, anadan müdrik doğulan deyirlər”.

Beləliklə, gözətçi, dayısına oxşatdığı Familə bir “bacıoğlu” kimi ürək qızdıraraq bağbanla görüşməyi israrla məsləhət görür: “Çünki bağbanla görüşsəniz, illərlə axtardığınız bütün suallara cavab alacaqsınız. Bəndələrə məxsus bütün sualların cavabı ondadı... Allah kömək olsa, bəxtiniz gətirər, siz bağbanla görüşərsiniz. Bax onda siz bu bağdan tamam başqa adam kimi çıxacaqsınız...”.

Familə də elə bu lazım deyildimi, bura, xarici ölkəyə (müəllif əsərdə ad çəkməsə də, süjet xətti açıldıqca qəhrəmanın gəldiyi ölkənin Gürcüstan, gəzdiyi bağın isə böyük mütəfəkkir M.F.Axundzadənin dəfn edildiyi məşhur Nəbatət bağı olduğu başa düşülür) başqa adam olmaq üçün gəlməmişdimi?! Fəhmən anlayır ki, dərdinin əlacı, qəlbinin sirli-sehrli suallarının cavabı “yerlilərinin məzarları”nın (M.F.Axundzadənin məzarının) yanında deyil, Bağbandadır. Bəs Bağbanı haradan tapsın, axı o, “işdən çıxmır, gecə-gündüz, yay-qış bağdadı...” . Hələ heç kim onu bir dəfə də olsun görməyib, hətta bağda işləyənlər də Bağbanı axırıncı dəfə nə vaxt gördüyünü xatırlamır. Amma heç kimi onu görməsə də “o, sağ-salamatdı, o, bağdadı, o, bu bağla nəfəs alır...” və hamı onu axtarır...

Yol boyu rastına çıxan adamlar Bağban haqqında elə “sirli-sehrli” danışırlar ki, Famil, sanki, bura nə məqsədlə gəldiyini unudur, “yerlilərinin qəbrini” ziyarət ikinci plana keçir. Qəhrəman başa düşür ki, “əsas onu tapmaqdı” və bütün varlığı ilə Bağbanı tapacağına inanır, çünki onun bu müəmmalı, sirli adama veriləsi sualı hamıdan çox idi. Elə bu suallara cavab tapmaq eşqi ilə onu arayır. Bağbanın oxucu da inanır, çünki, “Adam nəyi ürəklə axtarırsa, gec-tez tapır”. Bu inam əsərin sonuna qədər beləcə davam edir.

Bəs Bağbanı bu böyüklükdə Nəbatat bağında necə tapmaq olar? Familə (hamıya) təkcə o məlumdur ki, bağbanın “ən gözəgəlimli əlaməti” boyunun son dərəcə qısa olmasıdır. Bəs görəsən niyə müdrik boyca belə balacadır? Halbuki, bağda işləyənlərin hamısı çox ucaboylu, hətta “Ginnesin rekordlar kitabına düşməyə əməlli-başlı şansı” olan nəhəng adamlar idi. Amma əvvəllər Bağban da hamı kimi idi və heç kəsdən seçilmirdi. “...öz işinin ustası idi. Hansı ağacın, hansı kolun yarpaqları saralırdı, ən hündür, gözdən iraq, nəzərə çarpmaz budağı quruyurdusa, birinci o xəbər tutardı. O əvvəldən ağacların, otların, kolların dilini bilirdi, onların naləsini, harayını eşidib köməyə cumurdu”. Lakin oğul itkisi sonradan Bağbanı tamamilə dəyişdirir, özünə qapadır. O, bağdakı tənha küknar ağacını oğluna bənzədərək onunla təsəlli tapır. “Elə həmin vaxtdan da “o cür qədd-qamətli adam dərddən, qəm-qüssədən gözümüzün qabağındaca gün-gündən əriyib-əriyib liliputa çevrildi”.

Daha sonra Bağban“dünyadan köçmüş saysız-hesabsız qohum-əqrəbasını, dost-tanışını bu bağda tapdı. Əlbəttə ki, öz aləmində, dırnaqarası... Beləcə, get-gedə insanlara yadlaşıb mehrini bu bağdakı “doğmalarına” saldı”. İndi “O, bu bağla nəfəs alır...” və daha “bu dünyada heç nəyə ehtiyacı yoxdu”. “O, indi adamlara yox, otlara, kollara, ağaclara yaxındır. O, indi, həqiqətən, təbiətin bir parçasına çevrilib. Bəlkə də düz eləyib, bizim eləyə bilmədiyimizi eləyib... Biz isə iş, ev-eşik, ailə qayğılarına təslim ola-ola onsuz da get-gedə, istər-istəməz, bəlkə, özümüz də xəbər tutmadan adamlıqdan çıxmışıq...”. Əsərdə ortalıqda görünməyən maraqlı obrazlardan biri də “Əbə”dir. “Əbə”lallıq bədii mətn boyu fırlanan bir metaforadır, ancaq həm də ayrı-ayrı sifətlərdə peyda olan gizlinlərin üzə çıxmasıdır”. Famil ürəyində “Əbə” çağırdığı bu lal adamın “qorxu-ürkü(sün)dən birdəfəlik xilas ol”maq üçün ömrü boyu onu axtarır. Nəhayət, axtardığı adam yuxusuna girir. Əslində “Bağban” romanının “alt janrı yuxudur, yuxunun sirli-sehrli metaforaları, ilk baxışdan anlaşılmaz, amma əslində həyat qədər müəmmalı gedişlərlə süslənib”.

Yuxugörmələr yazıçının digər romanlarında da ümumi süjetinmahiyyətini açan əsas ştrixlərdən birinə çevrilir. Bu mənada, yuxunu həyatın davamı kimi qəbul edən yazıçı röyaları hansısa uzaq, kənar ünsür kimi deyil, ciddi həyat həqiqəti sayaraq yuxugörmələrdən əsərin ideyasının açılması üçün bir vasitə kimi istifadə edir. Yuxuda özünün qatil olduğunu bildirən “Əbə” Familin qorxusunu belə izah edir: “Bəlkə, qatil olduğumu fəhmən, uşaq hissiyyatınla duyduğuna görə bağrın yarılıb, məni görəndə qorxub çəkinmisən?”. “...adamlar bəzən öz fikirlərini - hamıdan gizli saxlamağa çalışdıqları düşüncələrini - röyada özlərindən xəbərsiz, özlərindən asılı olmadan faş eləyirlər, amma bəxtləri onda gətirir ki, bundan heç kəs xəbər tutmur, çünki o yuxulara heç kəs girə bilmir”. Lakin bu, təkcə “Əbə”yə aid deyil. Yaradan onun dilini alsa da, əvəzində hələ Yer üzündə heç kimə vermədiyi - özgə yuxularını gəzib dolaşmaq qabiliyyətini (seyrçi qismində) vermişdi. Danışa bilməyən adam yuxuda bu dünyanın alt qatındakı, insanların ürəklərindəki çirkin niyyəti görür və cinayət törədir. Gəzib gördüklərindən istifadə etdiyinə görə cəzalandırılır...

Baxmayaraq ki, ““Əbə” dirilərlə də danışa bilmirdi, Mehman yüz ilin ölüsünə namə yazır”dı. Konya universitetinə dərs deməyə gedən yol-yoldaşı isə ilahiyyatçı olsa da içki düşkünü idi... Bir-birinə həm də zahiri görkəmcə bənzəyən bu üç nəfərin eyni günaha batması və eyni cəzanı alması mətnin dərinliklərindən gələn oxşarlıq işarələrindəndir.

“Mən əsərlərimin çoxunu birnəfəsə yazmışam”, - deyən yazıçının “Bağban” romanı da birnəfəsə oxunan əsərlərdəndir. Təhkiyənin bu roman üçün uğurlu formasını tapan müəllifin dili canlı, təbii və axıcıdır. Yazıçı hətta ən mürəkkəb və fəlsəfi yükə malik fikirlərini elə sadə, adi dildə anladır ki, oxucu müəllifin məramını bütün aydınlığı ilə hiss edə bilir. Sadəlik və səmimiyyət bu romanların ana xəttini təşkil etsə də, burada sadəlik bəsitlik anlamına gəlmir. Yalançı mürəkkəblikdən qaçan müəllif obrazlı yazmağa da can atır, romanlarında çoxlu sayda atalar sözləri və zərb-məsəllərdən məharətlə istifadə edir. “Bu cəhət onun təhkiyəsini obrazlılıq mənasında milliləşdirir və mühümü odur ki, bu zaman belə bir mətn milliliyi məhdudiyyətə yox, əksinə, söylənən fikirlərin, təsvir edilən situasiyaların alt mətnini (sözaltı mənasını) dərinləşdirir, söz ilə deyilməyənlərin miqyasını genişləndirir”. Mübariz Cəfərlinin bütünlükdə nəsr yaradıcılığında yer alan belə saysız-hesabsız xalq deyimləri bədii ifratçılıqdan, primitivlikdən yan ötərək, mətnlə təbii şəkildə uyuşur, təhkiyənin canlı tərkib hissəsinə çevrilir.

Mübariz Cəfərlinin digər nəsr əsərləri kimi, “Bağban” romanı da öz bədii məziyyətləri ilə çağdaş ədəbiyyat tariximizə öz möhürünü vurub. Bədii-estetik axtarışlar üçün geniş potensial imkanları olan bu yazıçıdan oxucu hələ neçə-neçə belə uğurlu bədii nümunələr gözləyir.

# 1858 dəfə oxunub

Müəllifin son yazıları

# # #