Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" işıq üzü görüb

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam"  işıq üzü görüb
19 avqust 2025
# 14:24

Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin 60 illik yubileyi münasibətilə "Qala adam" kitabı işıq üzü görüb.

Kulis.az "525-ci qəzet"ə istinadən xəbər verir ki, əməkdar jurnalist Yusif Rzayevin redaktoru olduğu kitabda, əsasən, Rəşad Məcidin bədii-publisistik yaradıcılığının son beş illik mənzərəsi əhatə olunub.

"Qala adam"da 2019-2024-cü illərdə müəllifin qələmə aldığı esse, məqalə və təəssürat yazıları ilə yanaşı, tanınmış elm xadimlərinin, qələm adamlarının onun müxtəlif səpkili mətnləri barədə düşüncələri, ciddi elmi-bədii yanaşmaları öz əksini tapıb.

"Qala adam" kitabının tərtibatçısı yazıçı, publisist Nadir Yalçın "Adam necə qalaya çevrilir?" adlı "Ön söz"də kitabın ərsəyə gəlməsi və nəşrdə toplanan mətnlər barədə ümumi fikirlərini bölüşüb:

"Rəşad müəllim üçün "beş" ölçü vahididir. O, sevgi şeirlərindən birində xoşbəxtliyi təcəssüm etmək üçün belə bir misra işlədir: "Biri beş eylər..." Digər bir şeirində də Şuşanı tərənnüm edəndə yazır: "Biri beş edəndir, güc artırandır..." Elə bil, beş rəqəmi onun alın yazısında qərar tutub. "525"dəki "5"lər də bunu təsdiq edər... 60 illik yubileyi münasibətilə son beş ilin Rəşad Məcidini "Qala adam"da oxuculara təqdim etməyin zəruri olduğunu düşündük".

Kitabın ilk bölümündə "Qələmsiz yazılanlar" yer alıb. Rəşad Məcidin illər əvvəl "Facebook" hesabında paylaşdığı status-esselərindən ibarət "Qələmsiz yazılanlar" adlı kitabı işıq üzü görmüşdü. Həmin kitabın əməli davamı kimi müəllifin 2019-2024-cü illərdəki status-esselərindən seçmələr "Qala adam"ın ilk bölümündə cəmləşib.

İkinci bölümdə isə "Qələmsiz yazılanlar"dan yazılanlar" başlığı altında Rəşad Məcidin status-esseləri barədə təəssüratlar cəmlənib. Akademik İsa Həbibbəyli, professor Asif Hacılı, şair, tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Qismət Rüstəmov, türkiyəli yazıçı-şair, tərcüməçi İmdat Avşar və türkiyəli ədəbiyyatşünas Bəxtiyar Aslan bu status-esselərin kitab halında çap olunması təşəbbüsünün publisistik fikir tarixindəki yeri və rolu barədə fikirlərini bölüşüblər.

Akademik İsa Həbibbəyli "Rəşad Məcidin statusları və SMS dünyası, yaxud sosial şəbəkə ədəbiyyatına giriş" adlı məqaləsində yazır: "Qələmsiz yazılanlar"dakı mülahizələrindən görünür ki, Rəşad Məcid bədii-publisist yaradıcılığı ilə birlikdə elektron mediaya da yüksək tələbkarlıqla yanaşır. Rəşad Məcidin "qəzetini göstər, sənin kim olduğunu deyim" aforizmi mətbuat sahəsində öz məktəbini yaratmış baş redaktorun jurnalistikada özünəinamını ifadə edirsə, "saytını göstər, sənin kim olduğunu deyim" qənaəti də onun eyni dərəcədə müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə çarpdırır. "Qələmsiz yazılanlar" məkanının əsas ünvanları olan feysbuk və instaqram haqqındakı qənaətləri onun artıq sadəcə "istifadəçi" qismində deyil, yaradıcı statusunda elektron mətbuatın və ədəbiyyatın içində olduğunu, özünü həmin mühitdən kənarda təsəvvür etməsinin mümkünsüzlüyünü göstərir. Yazıçı öz əsərini çap etdirmək üçün münasib qəzet, jurnal və nəşriyyat seçdiyi kimi, Rəşad Məcid də statuslarını və SMS-lərini yerləşdirmək məqsədilə elektron medianı süzgəcdən keçirib, özünə uyğun olan məkanı müəyyənləşdirir".

Digər iki bölmə Rəşad Məcidin işğaldan azad olunandan sonra Qarabağın dilbər guşəsi olan, böyük mədəniyyəti özündə ehtiva edən Şuşaya səfəri ilə bağlıdır. "Şuşa gör nələr eylər" bölümündə eyniadlı təəssürat yazısı öz əksini tapıb. "Şuşa dəftəri" adlanan digər bölmədə isə daha çox şair Rəşad Məcidlə tanış olmaq mümkündür. O, "Şuşa dəftəri" adı altında Şuşanın bəxş etdiyi müxtəlif ovqatları özündə əks etdirən silsilə şeirlər qələmə alıb.

"Oğul Rəşad Məcid, nəvə Rəşad Məcid" bölməsi şair, publisist Şahanə Müşfiqin qələmə aldığı maraqlı bir söhbəti yenidən oxucuların yadına salmaq üçündür. "Qala adam"ın bu bölümündə şair, publisist Rəşad Məcidi onu öz ailəsinin - nənəsinin, xalasının və anasının gözü ilə bir oğul, nəvə kimi qismən tanımaq mümkün olur.

Rəşad Məcidin publisistik mətnlərinin yer aldığı "Ürəkdən gələn yazılar" bölməsinin adı da təsadüfi deyil. Yazıçı-publisist Loğman Rəşidzadənin Rəşad Məcidin yaradıcılığı ilə bağlı "Ürəklə yazılanlar" adlı məqaləsi var. Odur ki, müəllifin yazıları da "Ürəkdən gələn yazılar" adı altında cəmlənib. Bu yazıların əsas mövzusunu qocaman qələm adamları ilə bağlı xatirələr, onların yaradıcılığı ilə bağlı müxtəlif qənaətlərlə yanaşı, işğaldan sonra Qarabağın müxtəlif yerlərinə səfər edən müəllifin təəssüratları təşkil edir.

"60 yaşa yazı hədiyyələri" bölməsi yubiley yazılarından ibarətdir. Akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, yazıçı, esseist Fəxri Uğurlu, şair Vaqif Bəhmənli, esseist Sevinc Mürvətqızının 60 illiyə həsr olunmuş yazılarında Rəşad Məcidin portret cizgiləri ilə tanış olmaq mümkündür.

"Rəşad Məcidin sözü haqqında" son beş ildə qələmə alınmış məqalə, esselər də "Qala adam"da yayımlanıb. Professor Cahangir Məmmədli, yazıçı-publisist Loğman Rəşidzadə, Əməkdar jurnalist Əflatun Amaşov, türkiyəli yazıçı İmdat Avşar, şair, publisist Şahanə Müşfiq, yazıçı-esseist Türkan Turan, şair Şəfa Vəlinin qələmə aldığı yazılarda Rəşad Məcidin bədii yaradıcılığındakı müxtəlif cəhətlər, onun şeirlərinin poetik məziyyətləri və bu istiqamətlərin onun publisistik yaradıcılığına təsirləri barədə fikirlər öz əksini tapıb.

"Qala adam"ın son bölməsi "60 ilin söhbəti"dir. "Bir il Ağdam-Bakı qatarında gecələmişəm" sərlövhəli müsahibədə işğaldan azad olunandan sonra Laçına və Ağdama ilk dəfə səfər edən Rəşad Məcid ötən illərin yada düşən xatirələrini və Zəfərdən sonrakı hisslərini dilə gətirib.

# 135 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər