Səhər Əhmədlə açılan Gəncə səhəri

Səhər Əhmədlə açılan Gəncə səhəri
22 iyun 2015
# 09:32

Əslində, Səhər Əhmədlə Gəncədə görüşəndə gün günortaya gəlirdi. Amma biz axşamdan o səhərin açılmasını həvəslə gözləyirdik. Çünki, Səhər Əhməd Gəncəyə gəlirdi... O, hələ gəlirdi... Biz gözləyirdik... Mən onun "Ulduz" jurnalında dərc olunan "Özüylə söhbəti"ni və hekayəsini oxuyurdum... Zaman öz işindəydi... Adi-adi günlərini ötürürdü bizə verilən "ömür" adlı möhlətdən...

Mən Səhər Əhmədin hekayəsindəki obrazın - xəstəxana pəncərəsindən böyük şəhərdəki yalnızlığına baxan qadının yerinə özümü qoymuşdum... Böyük şəhərdəki kimsəsizliyim kirpiklərimi titrətmişdi... Bura böyük şəhərdi, can... Səndən, məndən, bizdən böyük... Adamları çox xoşbəxtdi, Bircə mənəm boynubükük... İyunun 8-də Səhər Əhmədi qarşılamışdıq... Elməddin Nicat demiş: "Gəncənin bir səhərini Səhər Əhmədlə açmışdıq!"

Bizə kitablarını bağışlamışdı. Həmişə nəsr əsərlərinin və publisist yazıların müəllifi kimi tanıdığım Səhər Əhmədin sirli şeirlərinin olduğunu da o gün bildim, "Görüşməyənədək" kitabını əlimə alanda... Səhər xanım bəlkə, heç Bakıya çatmamışdı, şeirlərini oxumağa başlamışdım. Vərəqləri elə tez-tez çevirirdim... Elə sürətlə oxuyurdum ki... Sanki, bu şeirləri bir dəfə oxumaqla dərk etmişdim... Amma... Ordakı sirləri ikinci dəfə oxuyanda hiss etmişdim. Bu sirlər bir qadın sehri idi...

Sevgi bir ötən yazdı,

Asdı özünü, asdı,

Yol üstündə toz basmış

Qızılgül kollarından...

Hə... Bax, belə...Hərdən kiminsə yazısında rast gəldiyim bir söz olur: "Ey oxucu!" Məncə, oxucu kimi müraciət eləmək də nə deyənə, nə eşidənə hər saat yaraşdırılası söz deyil... Odur ki, belə deyirəm: "Ey bu yazını oxuyan!" Hə... Bu yazını oxuyan... Yəqin, səninçün çox anlaşıqlı oldu, Səhər Əhməd sevginin həmişə sadəcə yaşıl xatirələrdə qalmasından danışır, o xatirələrin isə çoxdan, lap çoxdan baş verdiyini, payızın sarı pərdəsinin arxasında əlçatmaz olduğunu deyir. Və beləcə, sirr açılır... Yox! Əksinə! Burda elə bir sirr var ki! O sirr "sevgi" adını verdiyimiz hər nədirsə, onun bir ömür içimizdə səslənən nəğməsindən bəhs edir...

İndi, bu bircə bəndi oxu, sonra da düş Bakının küçələrinə... Göydələnlərin həyətində toz basmış kiçik gül kollarını gör, sonra da düşün ki, sevgi artıq yoxdu, keçib gedib. Düşünə bilirsənmi? Yox! Çünki, hələ kolu demirəm ey, o kolun yaşıl yarpağını sarıyla bozun qarışığı olan adsız bir rəngdə göstərən bir ovuc toz belə insanı elə göynədir, elə göynədir, İlahi! Sevdiyinə də qarğayırsan, özünə də: "Heç sevən günün olmasın!" Sonra da öz-özünü danlayırsan: "Adam kimi adam olmağı niyə bacarmıram, görən?!" Tez də fikrin dəyişir... Axı, insan oğlu özünə çatmamış fikir döngələrində günahlandırmağa mütləq başqa bir ad axtarır...

Məsələn, elə sevdiyi...

Vaxt susub, zaman dayanıb,

Boğur məni həyəcanım...

Bir az darıxma, ay canım,

Adamsan, çıxıb gedirəm...

Onu əzizləyə-əzizləyə, özünü "sudan quru çıxarda-çıxarda" ayrılığa tərəf bir addım atdığını göstərirsən... Amma, özün bilirsən ki, bu ayrılıq çoxdan gəlib, qapını döyüb açmamısan, bacadan girib, qovuşacağın günə olan ümidi elə oğurlayıb ki, elə bil, "sarı yağdan tük çəkib"... Sadəcə, bu da bir qadın sirridir... Ayrılığın düz qarşında, sevdiyinin baxışlarında gizlənib üzünə matdım-matdım baxmasını fürsət bilib, ondan qabaq söz tapırsan... Guya ki, elə sən ayrılıb gedirsən... Guya ki, o getməyəcəkdi... Guya ki, elə sevirdi, elə sevirdi, ayrılığın "a" hərfini belə yaxına qoymayacaqdı... Guya ki, sən də daş kimi dayanacaqsan elə bundan sonra da! Bax, bu da növbəti qadın sirri...

"Qadınlar sevgidən ölür"-deyə etiraf edəndə, bu gücü Uca Yaradan mənə niyə vermişdi, görəsən, ay Səhər xanım?! Ya da "İnsan daşdan eşq əmərmi?"-deyə soruşanda... Bəlkə də, daşı başqa cür anlamışıq, başqa cür sevmişik, ona görə?! Mən daşları məhbusa, sizsə, dünyanın azadlıq ölçüsündəki sonsuzluq işarəsinə bənzətmisiniz... Mən demişəm: "Daşlar da ürək qınağı"... Elə qınamışam, elə qınamışam, o daşları... Elə arzulamışam ki, "qınadığım başıma gəlsin"-daş olum! Sizsə, quşların göydə qanadlarını qorxa-qorxa qırpmasından danışmısınız... Və ən gözəl azadlığın daşlara nəsib olduğunu demisiniz...

Kirpiklərin ucundakı

Yaşlar kimi azadam...

Quşlar belə azad olmaz,

Daşlar kimi azadam...

Bir də mənim Gəncə adlı şəhərdəki sirrim var... Hər nə qədər darıxsa da bütün yollar böyük şəhərlərdən ötrü, bax orda, o darıxmağın mərkəzində kiçik, çox kiçik bir doğmalıq var - sevimli şəhər adında... O sevimli şəhər, əslində, "ismi-pünhan" olur aşiqlərin dilində... Nolsun ki, mən "Gəncəylə sevgiliyəm", bunu da acığa demişəm, axı, "Bakı sənlə məğrursa" şərti var ortada... Səhər Əhmədsə o şəhəri başqa cür əzizləyir, oxşayır... Ordakı xatirələri tumar edib şəhərin başına çəkir...

Mövsümlər tez-tez dəyişər,

Sən yaşayan şəhərdə...

Yaz ötüşər, payız düşər,

Sən yaşayan şəhərdə...

Hə... Səhər xanım... Əlbəttə... Cabir Novruz deyirdi ki, dünyanın ən gözəl məktəbi oğlumun oxuduğu məktəbdi... Daha deməyə nə söz olsun ki?! Sadəcə... "Hələlik! Hələlik! Görüşənədək".

# 963 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #