Sevilməyə inamını itirmiş qadın

Sevilməyə inamını itirmiş qadın
19 mart 2014
# 10:56

Kulis.Az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Balaca və adsız şeirlər

***

anlamır nə üçün cəza aldığını

tək ayağı üstündə

küncə qoyulan uşaq

çox da humanistdi

alıb qucağına ayısını

basıb bağrına

onun kimi küncdə durmasına

könlü razı olmayıb...

***

üzür atasının nəhəng ayaqqabıları içində

ayaqları

ağırdı

çəkib apara bilmir

balaca ayaqları

bu ayaqqabıları

özünü o yerə qoymur

çömbəltmə oturub

fikrə gedib

bu qədəri belə hələlik bəsidi...

***

içindən ox keçən

ürək şəkli çəkən qızlar oxuyacaq

onun şeirlərini

böyüməyəcək oxucuları

qocalmayacaq

hətta kim bilir heç ölməyəcəklər...

***

bilmir hələ yazı yazmağı

özünü divarlarda sınayır

yazmağı mağara divarlarını

cızmaqla öyrənən

əcdadı kimi

güclə halqaya oxşayan bir şey çəkir

iki nöqtə qoyur ortasına

arabir gözucu baxır

televizor izləyən atasına

sanki baxır ki, bənzəyirmi

çəkdiyi atasına?

sevinclə çəkdiyi şəkilləri

göz qırpımında silir deyingən anası

bircə buna məəttəldi...

***

əvvəllər məktub yazardı sevdiyi kişiyə

utana-utana verərdi

indi siyahı yazıb verir əlinə

yenə utana-utana

"pulu çatacaqmı, çatmayacaqmı?" - düşünə-düşünə

siyahı uzun çıxırsa

ixtisar edir

sevgi məktublarından da sözləri

çıxarıb atırdı belə

hansılar ki, incidə bilərdi.

***

nə vaxt ki

evə əliboş qayıtdı

qollarını daha geniş açdı ata

daha çox sevgi verdi uşaqlara.

***

üzü təravətli olsun deyə

"maska" yaxan qadın

güzgüdə özünü görüb diksindi qəfil

dünən gecə ərinə bu sifətlə

qapı açdığını xatırladı

səhərlər üzünü gördüyü yox

ərindən qabaq işə yollanır qadın

ərindən tez qayıdır

nə zamandı mətbəxdə belə gəlmirlər üz-üzə

kişinin zamanı yox

qadın komplekslərinin əlində əsirdi

aldı salfeti

üzünü sildi

sonra "ho" elədi güzgünün sifətinə

nəfəsindən tərləmiş güzgünü

köynəyinin qoluyla təmizlədi

qadın elə gülümsədi

güzgü də gülümsədi...

***

gecələr gec yatmağım

gündən doymadığıma görədi

səhərlər gec oyanmağım

gecədən doymadığıma görə...

***

dişlərini ağartmaqdansa

dodaq boyasının ən qırmızısını çəkir

ayaqqabının da

paltarın da qarasını seçir

tez-tez paltar yumağa da həvəsi yoxdu

köynəkləri qollu geyir

şalvara üstünlük verir

depilyasiyaya vaxt ayırmasın...

saçlarını kəsdirib

qoyub qulağının dibinə

min cür formaya salmağa gərək yoxdu

başına bit düşməsin deyə çimir artıq

sevməyə və sevilməyə inamını itirmiş qadın...

***

sevirəm tərləmiş

güzgülərin üzünü silməyi

hər dəfə başqa şəkildə bunu edirəm

ziqzaqlar cızaraq

yaxud halqalar çəkərək güzgünün sinəsinə

hər dəfə də içimdə kövrək bir inam:

başqa biri çıxacaq qarşıma

güzgüdən indi

daha nəşəli

özümdən daha işıqlı qadın...

***

səninlə danışarkən

kəlmələri redaktə eləməkdən

senzuradan keçirməkdən zəhləm gedir

amma sevgidə belə

buna məcburuqsa

başqalarının yazdığı səmimi şeirləri oxuyaq

oxuyaq və dodaq büzməyək, lütfən...

***

indi onun

kənd çolpasından

odun peçindən savayı

arzusu yoxdu bu şəhərdə...

***

xəbər izləmək üçün baxır ancaq televizora

maraq dairəsində ölümlərdi yalnız

oğlu əsgər gedəndən bəri

hər yeni xəbərə qulaq verir ürəyi əsə-əsə:

"şükür Allaha, oğlum salamatdı" deyir

inanmazdı dünyada

kiminsə ölüm xəbərini

şükürlə qarşılaya nə vaxtsa

hər gün kimsə ölməyə borcludu sanki...

***

öyrənmişdi artıq

zibil qutularına yaxınlaşarkən

qorxub diksinməməyi

qəfil yaxınlaşan addım səslərindən səksənib

sıçrayan pişiklər də

addımlarının ürkəkliyindən tanıyırlar onu

atıb qaçmırlar zibil yeşiklərini

bir qədər kənara çəkilib

yol verirlər

taleyi onlarınkı kimi

küçədə yaşamaq olan qocaya

***

insanlar kimi yorğan altında gizlənmir

sevişərkən

ağaclar, otlar, çiçəklər, bəbirlər, şirlər, suda balıqlar...

günəşə göstərirlər

sevməyin, sevilməyin, çoxalmağın, yenilənməyin

nə qədər gözəl olduğunu...

gecələr ulduzlara göstərirlər

canlı olmağın da bir zövqü olduğunu

dağları, daşları, dənizləri, günəşi, ulduzları

qısqandırırlar...

əbədidilər

amma artmaz, çoxalmaz, yenilənməzlər onlar...

güzgülərlə doldurarlar yataq otaqlarını

kənar gözlə baxarlar özlərinə sevişərkən adamlar

porno filmlər icad edərlər

yoxsa nə həzzi var

başqalarının sevişməsinə baxa-baxa qalmağın

yaşamağın

sevməyin və sevilməyin

nə qədər gözəl olduğunu

bir də öz gözləriylə görmək istəyindən doğur bu...

# 1983 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #