Yazıçılar nə oxuyur?-YENİ SORĞU

Yazıçılar nə oxuyur?-YENİ SORĞU
2 oktyabr 2013
# 12:59

Kulis.az yazıçı və şairlərə “Nə oxuyursunuz?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Nəriman Əbdülrəhmanlı: “Hazırda Yusif Vəzir Çəmənzəminlini təzədən oxuyuram. Qəfildən ehtiyac duydum. Bir də Xorxe Luis Borxesin tərtib elədiyi antologiyadan hekayələr oxuyuram arada. Qəribə duyğu yaradır. Elə bil bir dəryanın iki tərəfinə baş çəkirsən”.

İlqar Fəhmi: “İndi əlimdə Joze Saramaqonun “Monastr xatirələri” romanı var. “Baburnamə” Azərbaycan dilinə tərcümə olunub, onu da gözdən keçirmişəm”.

Azad Yaşar: “Son vaxtlar paralel olaraq oxuduğum bəzi kitablar var. Bunlar Pol Osterin “Sanset park” romanı, Oşonun “Boş qayıq” kitabı (Çin filosofu Cjuan Szı barədə - red), fransız yazıçı Erik – Emmanuel Smittin yeni hekayələri, pakistanlı Məhəmməd İqbalın “Dini düşüncənin rekonstruksiyası” kitablarıdır”.

Salam Sarvan: “Con Qolsuorsinin hekayələrini oxuyuram”.

Musa Urud: “Əfqan yazıçı Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini oxudum. İndi də Elçin Hüseynbəylinin “Don Juan” əsərini oxuyuram. Mənim “Min möhtəşəm günəşi” oxumağa vaxtım olmamışdı. Hesab edirəm ki, biz onlardan da yaxşı yaza bilərik. Bizdə də eyni problemlər var - Qarabağ müharibəsi, qaçqın problemi. Bunlar barədə fundamental əsərlər yazsaq onlardan da gözəl əsərlər ortaya qoya bilərik. Amma hər halda əfqan xalqının başına gələnləri, qadın hüquqlarının pozulmasını, əfqan xalqının çəkdiyi zülmün yazılması əfqan xalqı üçün böyük xidmətdir”.

Orxan Fikrətoğlu: “Hazırda XVII əsrdə yaşamış ispan yazıçısı, filosof Qrasian Baltasarın “Cib orakulu”unu və Montenin esselərini oxuyuram”.

Azad Qaradərəli: “Ceyms Coysun "Dublinlilər"ini təzə bitirmişəm. Deyim ki, mənə ağır təsir bağışladı. Yəni adda-budda oxumuşdum ondan. Amma bu kitabdakı hekayələr təmiz başqa məsələ idi. Moemin "Zero" nəşriyyatında buraxılan cib kitabını oxuyuram. Paralel olaraq Xalid Hüseyninin "Çərpələng uçuran" əsərini oxuyuram. Qismətin "Meqapolis hüzünləri"ni yenidən oxumağa başlamışam. Eyvaz Əlləzoğlunun kitabını da başlamışam”.

Aqil Abbas: “Seçki ilə əlaqədar son vaxtlar tez-tez rayonlara səfər edirəm. Ona görə mütaliəyə vaxt ayıra bilmirəm, internetdən uzaq düşmüşəm. Amma onu deyim ki, bu yaxınlarda gənclərin - Şərif Ağayarın, Seymur Baycanın, Qan Turalının kitablarını oxumuşam. Bir də mənim yataq otağımda həmişə klassiklərin əsərləri olur. Mütəmadi onları oxuyuram. Bu yaxınlarda Dostoyevski və Hüqonu yenidən oxudum”.

Mahir N. Qarayev: “Hazırda Ernest Heminqueyin “Afrikanın yaşıl təpələri” əsərini oxuyuram. Onu tərcümə etmək istəyirəm. Ona görə havasına girmək üçün bir daha oxumaq istədim. Ümumiyyətlə, pis çıxmasın mən müasir yazıçıları istər Rusiya olsun, istər Azərbaycan, istər Avropa, Amerika, oxuya bilmirəm. Nəsə bir əsər oxumaq istəyəndə yenidən Folknerə, Floberə, Dostoyevskiyə qayıdıram. İri həcmli əsərlər oxumağa vaxtım olmayanda isə Çexovun bir hekayəsini götürüb oxuyuram”.

Etimad Başkeçid: “Hazırda stolumda üç kitab var - Umberto Ekonun "Praqa qəbiristanlığı", Emil Çoranın "Etiraflar və lənətlər" və Sinkler Lüisin "Kinqsblad, kralların varisi". Sinkler Lüis keçən əsrin 20-ci illərində Mark Tvendən sonra ən populyar yazıçı olub, ondan heç də əskik yazıçı deyil. İlk iki kitabı dostum Mehdi Abdullayev verib. Sənətkar sağ olsun, məni kitabsız qoymur”.

Səlim Babullaoğlu: “Son dövrlər tərcümə elədiyim mətnləri nəzərə almasaq və eyni zamanda vaxtın darlığını nəzərə alsaq, daha çox böyük olmayan mətnləri oxuyuram. İngilis yazıçıları və redaktorları Diana Etxil, Norman Meyler və Mordexay Rixlerin təcrübəsindən bəhs edən "Yazıçılar və naşirlər"i oxuyuram. Vatslav Havelin "Qorbaçovla görüş" essesini, rus şairi Aleksey Parşıkovun şeirlərini oxudum. Bir-iki ay əvvəl Adolfo Byoy Kesaresin "Borxesin gündəlikləri"ni oxumuşam. Daim və tez-tez qayıtdığım, təkrar oxuduğum şairlər var. Məsələn, Çeslav Miloşdan həftədə bir neçə dəfə bir –iki şeir oxuyuram. Tomas Tranströmerin esse və şeirlərini oxumuşam. Bizim bir çox məşhur şairlərin və yazıçıların əsərlərini, köşələrini daim oxuyuram. Son olaraq Zəka Vilayətoğlunun "Milena" povest və hekayələr toplusundan üç hekayə və Aqil Kəngərlinin şeirlərini oxumuşam.”

Elçin Hüseynbəyli: “Bu saat mənim stolüstü kitabım Cəlil Məmmədquluzadədir. Onu zaman-zaman oxuyuram. Bir də yəhudi yazıçısı Şalom Alexovu oxuyuram. Son zamanlar onu da tez-tez oxuyuram. Kitab gətirəndə onları oxuyuram, fikrimi bildirirəm. Lap sonuncu oxuduğum əsərlərdən biri də Novruz Nəcəfoğlunun “Keçən cavan çağım ola” povesti idi. Ondan da bir yazı yazmışdım”.

Səfər Alışarlı: “Heç kimi oxumuram indi, vaxtım yoxdur, çünki hekayələr yazıram”.

Əjdər Ol: “Son günlər Renessans dövrünün məşhur əsəri olan “Rotterdamlı Erazm. Səfehlərin tərifi” kitabını oxuyub bitirmişəm. Çox maraqlı kitabdır. Renessans dövrü ədəbiyyatının ən maraqlı, bu günə gəlib çıxmış, eyni zamanda bu gün də oxunan ən maraqlı əsəridir. Bu günlərdə bitirdim. Daha sonra dünya ədəbiyyatından Fitsçeraldın və Artur Millerin hekayələrini oxumuşam. İtaliyalı Randi Taraborrellinin Merlin Monro haqda yazdığı kitabı da oxumuşam. Hazırda isə bir yazı üzərində işləyirəm. Mövzu ilə əlaqədar 20 Yanvar dövrü ilə bağlı materiallar, o xronika ilə bağlı xeyli əsərlər oxumuşam”.

Yaşar: “Uilyam Folknerə sual verirlər ki, son vaxtlar nə oxuyursan? Deyir, mən 15 ildir heç nə oxumuram. Ancaq maraqlı adamlarla söhbət edirəm. Çünki kitabda yazılanları, yazıçıların priyomlarını, üslublarını çoxdan bilirəm. Mənə yazıçılar maraqlı deyil, mənə adi adamlarla söhbət etmək maraqlıdır. Bu mənada mən vaxtilə daha çox oxumuşam. Mənə görə insanlarla görüşmək, insan talelərini öyrənmək, onların söhbətlərinə qulaq asmaq dünyanın dərki üçün o kitablarda yazılanlardan daha maraqlıdır. Bundan əlavə, mənim işim yazmaqdır da. Yazmaq yazıçının işidir, oxumaq da hər halda oxucunun işidir. Bir xeyli tərcümələrim var. Onların üzərində işləyirəm. İşimlə əlaqədar redaktə etmək üçün yazıları oxuyuram. Dincəlmək üçün daha çox tarixi əsərlər, sənədli əsərlər mütaliə edirəm. Bədii əsərlərdən konkret deyə bilmərəm kimi oxuyuram. Özümü ifadə etmək üçün oxuduqlarım hələ ki, mənə kifayət edir”.

Qulu Ağsəs: “Hazırda yazıçı Eyvaz Zeynalovun “Bələdçi” romanını oxuyub bitirmişəm. Bu kitabı Azərbaycanda vaxtilə “provadnik” deyilən, özü də məhz yük qatarının bələdçisi deyilən peşə sahibi haqda ilk əsər kimi oxudum. Çünki buna qədər bu mövzuda çox az sayda publisistik yazılara, reportajlara rast gəlsəm də ilk dəfə belə bir əsər oxudum və mənim çox xoşuma gəldi. Ardınca həmin kitabdan Eyvazın ikinci romanı “Qisas”ı oxumağa başlamışam. Hər ikisi haqda qeydlərim var, yazmaq istəyirəm. Eyvazın əsərində mənim üçün maraqlı yerlər var idi. Eyvazın kitabı ötən ay ən çox satılan kitablar siyahısındadır. Bu da onunla bağlıdır ki, Eyvaz təhkiyədə oxucunu incitmir. Rəvan dildə yazır və istər-istəməz oxuyursan. Bir də diqqətimi çəkən metafora və təşbehləri qədərində işlədə bilmək məharətidir. Bir də şair Vaqif Bəhmənlin mənə bağışladığı “İşartı” kitabını oxumağa hazırlaşıram. Bu günlərdə Natiq Məmmədlinin “Kişilər ağlamasın” hekayəsini də gözdən keçirmişəm”.

Bəs gəncləri kimləri oxuyur?

# 3380 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #