Qucaqlaşaq sizinlə, cənab Lorka

Qucaqlaşaq sizinlə, cənab Lorka
19 avqust 2013
# 10:35

Bu gün ispaniyalı şair, dramaturq, həmçinin rəssam və musiqiçi Federiko Qarsia Lorkanın (1898-1936) anım günüdür. O, XX əsr ispan mədəniyyətinin inkişafında ən mühüm rol oynayan şəxslərdən biri olmuşdur. İspaniya mədəniyyətinin qabaqcıl simalarından olan Lorka, ölkədə vətəndaş müharibəsi başlanmazdan əvvəl, 1936-cı ildə, böyüdüyü Qranada vilayətinə gedərkən orada frankistlər tərəfindən həbs edilir.

18 avqustda həbs edilən 38 yaşlı şair səhəri gün çöllükdə güllələnir. Sağ ikən onun bir neçə şeir kitabı çap olunmuşdu. Lorka güllələndikdən sonra Frankonun vəfatına qədər İspaniyada kitablarının çap edilməsinə qadağa qoyulmuşdur.

Kulis.Az Könül Həsənqulunun Federiko Qarsia Lorkanın xatirəsinə həsr olunmuş şeirini təqdim edir.


19 avqust və qara günəş

(Federiko Qarsia Lorkanın əziz xatirəsinə)

Ayaqlarından budağa düyünləndilər sərçələr o səhər!

Üzlərini doğan günəşə tutur

Azacıq ümidlənirdilər

Yerlərindəcə vurnuxur-vurnuxur

Qəhərin boğduğu səslərlə ciyildəşir-ciyildəşirdilər

Hiss edirdilər yaxın on beş saniyənin faciəsini

Kövrək sübh nəğmələri sinələrində

Tir-tir titrəyirdilər

Günəşin görünməyən tərəfindəsə hüzur vardı

Günəş

Bizə görünməyən tərəfində batmaqdaydı...

Ordakı ölkələrdə şər qarışırdı

Orda silahlar əlləri tanımırdı

Orda yadelli sərçələr

Hüzur içində mürgüləyirdilər

Nika da yatırdı günəşin batan tərəfində

Sinəsi buğda dolu qızıl zəmidə

Saçları sünbüllərin üstə

Areslə qol-boyun

Hüzur içində

Günəşin doğan tərəfindəsə

Hər şey tam başqaydı

Burda qarğalar da çəkilmişdi göy üzünə

Sükutda bir atəş qorxusu vardı...

İlk güllə sınaq üçün havaya açıldı

Silah köhnə silahıydı

Silah hələ yararlıydı

Silah

Şairləri yaxşı tanıyırdı –

Alnından

Sinəsindən

Dizlərindən

Və əllərindən...

Ən çox əllərindən alınırdı onların həyatı!

Silah onların

Bircə kürəyinə yol tapmamışdı

Atəş açıldıqca

Açdılar onlar da

Çilli qanadlarını darlığa

Sonra

Budaqdan yıxılıb ayaqlarından asıldılar havaya

Avqustun yandırdığı səkini boyadılar qırmızıya –

Şüarlar yazdılar öz kölgələrinə

Axan qanlarıyla

Sinələrində parça-parça oldu söylənməmiş neçə nəğmələr

O səhər solçuları

Şairlərlə birgə güllələdilər...

Limonluqlar arasında

İndi hardasa bir qadın açdığı pəncərədən

Xırıltılı səsilə

Evə yığır oğlunun ayaqlarını

Uşaqların top oynadığı

Toz-torpaqlı döngədən

Biri baxışlarıyla öpür sildiyi pəncərə şüşəsində

Döşəmənin üstə uzanıb

Uzun sarı saçlarını

Günəş kimi səpələyən

Balaca qızının əksindən

Qadın ömrünün

Ər dodaqlarından yorulub uzaqlaşan

Oğul alnını öpüb

Qız saçlarını hörən yaşlarındayam…

Mənimsə əllərim hələ də Uzaq Qərb limonluğunda

Sizin gur saçlarınızda dolaşıb-qalıb

Cənab Lorka!..

Buraxın evə qayıdım

Ömrümdə şər qarışır...

Baxın

Hətta qarğalar da uçuşurlar ağaclara bu saatlarda

Ac-yalavac körpə dolu

Dimdiklərilə qurduqları yuvalarına...

Günəş batar-batmaz yollayacaq məni uzaqlara

Bütün yarımçıq şeirlərinizi

Qulaqlarıma pıçıldayın

Qərb küləyilə köçün ruhuma

Mənimlə birgə qocalın!

Qucaqlaşaq Sizinlə bu tərzdə

Qırmızı buludlar altında

Ətirli görüş yeri –

Sapsarı limonluqlar arasında...

2012

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

# # #