Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi

Qırmızı paltarlı gəlincik - Gülyaz Əliyevanın hekayəsi
9 aprel 2024
# 16:00

Kulis.az Gülyaz Əliyevanın "Qırmızı paltarlı gəlincik və ya zaman qatarı" hekayəsini təqdim edir.

Qarabağ tərəflərdə yaşlı adamlardan tez-tez eşidərdim ki, özün gözəl olunca bəxtin gözəl olsun. O zamanlar bu ifadə mənə çatmırdı, mənasını düz-əməlli dərk etmirdim. Deyirdilər, bəxt də qarpız kimidir, bilinmir, kimin bəxtına nə çıxacaq? Kiminə ağ, kimininkinə qara çıxır. Hardasa da oxumuşdum ki, insanın baxtına çıxan ən vacib şey vaxtdır. İndi hərdən düşünürəm ki, biz bu dünyaya vaxtında gəlmədik. Kiminin uşaqlığı, kiminin gəncliyi ilk baharda ikən qəfil şaxtaya, çovğuna düşdü!.. Mənim gəncliyimə düşən qəfil şaxta bəzilərinin uşaqlığına düşdü, neçə gülü vaxtsız soldurdu...Uşaqlığımı xatırlayıram. Uşaq vaxtı qatarları çox sevirdim. Çünki atam tez-tez qatarla Bakıya gedər, vaqondan düşəndə mütləq mənə gəlincik və o zamanlar çox dəbdə olan “Skazka” (“Nağıl”-G.Ə.) tortu alıb gətirərdi. Nərildəyə-nərildəyə, taqqıldaya-taqqıldaya gələn, çoxlu vaqonları olan bu qatarı mən sehrli nağıllar aləmindən gələn xeyirxah əjdaha hesab edirdim. Elə bilirdim ki, atamı mənə gətirən bu vaqonlar nağıllar aləmindən gəlib və atam da “Nağıl” tortunu elə o aləmdən alıb gətirir mənimçün…

Çoxlu vaqonları olan qatar oyuncağım da vardı və mən: “Qatar gəlir uzaqdan, Taq-taq, taq-taq, taq-taq, taq”, – oxuya-oxuya onlarla oynayardım. Daim hərəkətdə olardı mənim qatarımın vaqonları. O vaqonlardan əlində gəlincik və “Nağıl” tortu olan atalar düşüb gəlirdilər evlərinə, uşaqlarının yanına… Mənim qatarımın vaqonları bir yerdə düşüb qalmaz, onlardan adamlar ev kimi istifadə etmək məcburiyyətində olmazdılar!.. Atalar uşaqlarının yanına – evlərinə (məhz öz doğma ata-babalarından qalma evlərinə), hədiyyələrlə gələrdilər!.. İndi isə vaqonlara nifrət edirəm. Onlar mənə daim acı bir xatirəni xatırladır!..


Ev-eşiyimizdən, şəhərimizdən didərgin düşmüşdük. Müvəqqəti olaraq Ağcabədidə yaşayan bir qohumun evinə sığınmışdıq. Şosse yoldan bir qədər aralı üç köhnə vaqon var idi. Burada Xocalıdan didərgin düşmüş 3 ailə özlərinə müvəqqəti sığınacaq tapmışdı. Yolun kənarında, günün çıxandan batana kimi döyəclədiyi, bircə ağacın, yaşıllığın olmadığı ilanmələyən çöldə atılıb qalmışdı bu köhnə, çox yeri çürümüş vaqonlar. Yolun üstündə olduqlarından, həm də eyni bölgədən olduğumuzdan gedib-gələrkən bu ailənin üzvləri ilə salamlaşar, hal-əhval tutar, ermənilərdən, vəziyyətdən danışardı anam. Məni məktəbə həmişə anam yola salar, anam da mütləq özü gətirərdi. Odur ki, həmişə məni anamın yanında gördüklərindən ailədəki uşaqlar məni tanıyır, özlərinə yaxın hesab edirdilər. Görəndə tez yanıma qaçardılar.

Orada onların bizdən başqa tanıdıqları yox idi …

Vaqonlarda yaşayanlar qohum idilər: yaşlı bir kişi və qadın, onların oğlunun və qızının ailəsi. Qoca kişi və arvadı oğullarını itirmişdi. Gəlini və uşaqları ilə bir vaqonda, bir oğlunun və qızının ailəsi də başqa vaqonlarda məskunlaşmışdı. Burada 9 uşaq böyüyürdü. Əgər bunu böyümək hesab etsək!..Yaşca bir-birlərindən çox az fərqlənən bu uşaqların hamısı oğlan, biri qız idi. Sakıtliliyi və gözəlliyi ilə diqqətimi çəkmişdi, balaca olmasına baxmayaraq daim kədərli görünən bu qız. Adı Ceyran idi. İri qapqara ceyran gözlərinə oxşar gözləri (görünür, ona görə adını Ceyran qoymuşdular), qara uzun saçları, fındıq burnu, yumru sifəti vardı. Güləndə yanağı batar, çökək - qəmzə əmələ gələrdi. O çökəkdən - qəmzədən çənəsində də vardı ki, bunlar gülərkən onun sifətinə məxsusi gözəllik verirdi…Doğma ev-eşiyindən, kəndindən didərgin düşmək bu uşaqları sanki vaxtından əvvəl qocaltmış, üzlırindəki uşaq təbəssümünü müharibə adll qart dişli bir qarı bir gecədəcə oğurlayıb aparmışdı. Əvəzində dünyanın bütün qəm və kıdərini onların aydın və mənalı dərin baxışlarına, gözlərinin dərinliyinə yükləmişdi. Uşaqlara baxanda adama elə gəlirdi ki, onlar doğulandan bəri bir dəfə də olsun, gülməyiblər. Ümumiyyətlə, bu ailənin bütün üzvləri gülməyi yadırğayıb, onun nə olduğunu bilmirlər...

Mənim tələbəliyim də belə bir vaxta düşmüşdü. Vəziyyət çox qarışıq olduğundan məskunlaşdığımız evə tətildən-tətilə gəlirdi. İnstitutda oxuduğuma, xarici görkəmimdə, geyim-gecimimdə nisbətən ətrafındakılardan fərqləndiyimə görə (tələbəydim axı) uşaqların mənə xüsusi rəğbəti və marağı var idi. İnstitutdan əlimdə iri yol çantaları ilə evə gələndə sifətləri öyrəşmədikləri yandırıcı günün şüasından qaralıb- çatlamış bu uşaqların hamısı məni qarşılamaq üçün yüyürər, görüşər, mənə gücləri çatandan kömək etməyə çalışardılar…

Ceyran da həmişə bu uşaqların içində olardı. Mən də mütləq bu uşaqlara nə isə hədiyyə alıb gətirərdim, şokaladmı, lakmı, nə isə xırda, çox pul tutmayan tələbə hədiyyəsi. Uşaqların üzünü güldürməyə çalışardım...

Günlər səksəkə içində gəlib keçirdi. Ağdama atılan "qrad"ların səsi artıq Ağcabədidə də eşidilməyə başlamışdı. Bu gün-sabah evimizə qayıdarıq düşüncəsi ilə artıq qışı da salmışdıq...

Qış tətilində evə gələndə Ceyranı bu uşaqların arasında görmədim. Öyrəndim ki, uşağın kürəyində vitaminsizlikdən və kalsium çatışmazlığından nə isə bir şiş əmələ gəlib. Əlımdə "plitka" şokaladla onlara keçdim. Uşaq yorğan-döşəkdə idi. Ailə namuslu, zəhmətkeş, amma çox kasıb idi… Ata Qarabağ müharibəsində itkin düşmüşdü. Uşaqlar üzlərinə əbədi qəm kölgəsi çəkilmiş, ürəyi nisgilli qoca baba-nənə ümidində idilər. Dolanışıqları çox çətin idi.

Məni görəndə Ceyranın anası tez ayağa qalxdı. Hal-əhval tutduqdan sonra məni kənara çəkib yalvardı ki, nə qədər edirik, Cryran həkimə getmir, bərk qorxur. Sənə inanır, bəlkə, sən deyəsən, sənin sözünə baxıb həkimə gedə…

Ceyran yuxulamışdı. Anasının çay tədarükü görərkən içəridəki səssizliyi pozan qab-qacaq cingiltisinə oyandı. Məni görüb sevindi, dikəlib oturdu. Qapqara saçları kürəyinə səpələnmişdi. Saçlarını topalamaq ustədikdə əlim qəfil kürəyindəki şişə toxundu. Bu qəfil toxunuşdan qız da, elə mən də diksindik! Kürəyindəki şiş əməllicə böyümüşdü. Özümü bilməməzliyə vurdum:

- Nə qəşəng saçların var,- dedim, - gələn dəfə Bakıdan sənə qəşəng saç sancağı alıb gətirəcəm.

Uşaq maraqlandı:
- Necə səninki kimi?
- Hə, mənim sancağım qaradı, sənə qırmızısını alacam, - dedim.

Uşaq “alacam”sözündən ürəkləndi:
– Sancaq istəmirəm, mənə qırmızı paltarlı gəlincik ala bilərsən, xala? Aytəninki kimi, amma paltarı qırmızı olsun, sənə oxşasın, - deyə mənə heyranlıqa, yalvarışlı baxışlarla baxdı. O qədər səmimi, yalvarıcı səslə dedi ki, mənim gözlərim yaşardı.
– Alacam, amma gərək əvvəlcə həkimə gedəsən, - dedim.

Həkim sözünü eşidəndə uşağın sifətini qara buludlar örtdü, qaş -qabağı sallandı, yüngülcə təbəssümdən çöhrəsini gözəlləşdirən yanağındakı qəmzədən əsər–əlamət qalmadı…

Getmək istəmədiyini bildirdi. Sən demə, keçən dəfə onu həkimə aparanda həkim deyibmiş ki, kürəyini "tok"a vermək lazımdır. Qız da “tok” sözündən qorxubmuş. Mənim onu çox dilə tutduğumu görüb, bildirdi ki, həkim məni "tok"la öldürmək istəyir.
- Həkimlər qəddardı, - dedi.
– Niyə? Həkimlər xeyirxahdı, adamları sağaldır, - dedim.
– Bəs niyə onda hər dəfə həkim bizə gəlib-gedəndən sonra anam bizim dərman almağa pulumuz olmadığına görə ağlayır? Mən həkimə getməyəcəm, həkimlər zalımdı.

Qız bunu o qədər qətiyyətlə dedi ki, düzü, qorxdum və sözümün arxasını gətirmədim…

Qışı da Ağcabədidə yola saldlq. Evimizə qayıtmaqdan əsər-əlamət görünmürdü. Əksinə, ermənilər cəbhədə irəliləmiş, bir az sa azğınlaşmışdılar. Artıq Ağcabədi üçün də təhlükə yaratmışdılar...

Yaz tətilinə çıxmışdıq. Evə gələndə yenə uşaqlar qarşıma yüyürdülər. Ceyranı aralarında görmədim. Ətrafa göz gəzdirəndə Ceyranı vaqonun bir küncünə qısılıb oturmuş gördüm. Mənə tərəf boylanır, məni gözləyirdi. Rəngi soluxmuş, kürəyindəki şiş bir az da böyüyüb qəddin əymişdi. Odur ki, uşaqların içinə çıxmır, məni elə vaqonun küncündəcə gözləyirdi. Özüm onun yanına getdim.

Çantamdan ona "plitka" şokalad çıxarıb verdimsə də, qızın qaş-qabağı açılmadı. Yol çantama diqqətlə baxırdı. Düzü, bunu sezdimsə də, bir şey anlamadım…

Yay tətilində evə gələndə uşaqlar yenə qarşıma yüyürdülər:

“Hə, nədi pulun qurtarıb, ya yeməyin", – deyə mənlə zarafat etdilər. Belə deyəndə gülürdüm deyə onların xoşuna gəlir, tez-tez təkrar edirdilər.
– Ceyran hanı? - deyə soruşdum.
– Odey, orda, - əlləri ilə vaqonu göstərdilər.

Yenə onu vaqonun küncücdə boynubükük vəziyyətdə gördüm, Ceyranın mənə tərəf boylandığını görüb tez yanına getdim:
– Hə, Ceyran necəsən? - deyib ona şokalad uzatdım.

Qız: “İstəmirəm”,- dedisə də, mən əl çəkmədim, axırda utana-utana:
– Bəs, sən mənə qırmızı paltarlı gəlincik alacaqdın, niyə almadın? Hər dəfə sən gələndə oturub yolunu gözləyirəm, barmağımla gələcəyin günləri hesablayıram, - dedi. Bax yenə də almamısan...

Qız doluxsundu və sözünün arxasını gətirmədi. Başını aşağı saldı. Qapqara gözlərində bir cüt briliyant kimi parlayan gilələnmiş iki damla yaşı gizlətmək üçün gözlərini məndən qaçırıb, yerə dikdi...

"Aha", - dodağımı dişlədim… Demək, qız hər dəfə mən ona şokalad verəndə o üzdən qanadı qırılmış quş kimi könülsüz-könülsüz alırmış…

Mənimsə, düzü, tamam yadımdan çıxmışdı…

Dövlət imtahanını vermişdim. Bir həftəyə diplomumu alıb qayıdacağımı və mütləq ona qırmızı paltarlı gəlincik alacağımı dedim.
– Paltarı qırmızı olsun haa, yoox, qıpqırmızı, - dedi.

Mən də bu dəfə mütləq alacağımı söylədim.

Gələn bazar günü həmişə gəldiyim vaxtda məni gözləyərsən, sənə gələncik alıb gətirəcəm. Bax, bu dəfə söz verirəm, qətiyyətlə dedim.

Ceyran:
– Burda gözləyəcəm, qırmızı paltarlı gəlinciyimi alarsan! Xala, o həmişəlik mənimki olacaq? Mən onu öz yanımda yatıra bilərəm?

Mən çox istəyirəm, mənim gəlinciyim olsun! Nə olar, bu dəfə yadından çıxmasın da, xala, nə olar, - deyə ağzından sözü kəlbətinlə aldığım qız dil qəfəsə qoymurdu.
– Söz verirəm, bu dəfə mütləq alacam, - dedim.

Bu sözləri eşidən qızın çöhrəsində yanağının batıq yerlərində sanki çiçəklər açdı, gözlərinin qarşısına qırmızı paltarlı gəlinciyi gətirdikcə uşağın üz-gözündən sevinc tökülürdü.
- Gələn bazar gününə qədər,- deyib ondan aralandım. Ceyran məni arxadan səsləyib, “yadından çıxmasın haa", - deyə bir də tapşırdı.

Mən də:
– Mütləq, - deyə bu dəfə əminliklə söz verdim…

3 gün qalıb yenidən Bakıya qayıtdım. Bir həftəyə bütün sənədlərimizi qaydaya salıb, kitabxanaya olan kitab borcumu, ev kirayəsini verib, diplomumu da alıb gəlməyə hazırlaşdım. Çox az pulum qalmışdı… Ayaqqabılarım da köhnəlmişdi. Mağazaya gedərkən yolda ayaqqabım qəfil cırıldı, məyus oldum, ayaqqabı almaq məcburiyyətində idim. Pulumun yox vaxtı bu mənə lazım idi? Mağazadan özümə bir ucuzvari ayaqqabı aldım , sonra gəlinciklər olan mağazaya gəldim. Burada qıpqırmızı paltarlı gəlincik vitrindən üzümə gülürdü. Onu görəndə çox sevindim, əsl mən istəyəndən, Ceyrana təsvir etdiyimdən idi. Qiymətini soruşdum. Satıcı 25 manat dedi.
Bir əlimdəki pula, bir də gəlinciyə baxdım, 12 manatım qalmışdı.Tamam qurtarıb gedirdim deyə kimdənsə borc da ala bilməzdim. Vitrinləri gəzib nisbətən ucuz, amma qırmızı paltarlı gəlinçik axtardım. Olanlar balaca idi və heç birinin paltarı qırmızı deyildi… Nə edəcəyimi bilmədim, uşağın ümid, sevinc dolu gözlərini, bir də həsrətlə əllərimə baxarkən şokalad verdiyimdə məyus, ümidi öləzimiş çöhrəsinin xəyalı gəlib gözlərimin qarşısında durdu…

Çıxılmaz vəziyyətdə qalmışdım!..

Nəhayət, qərara aldım ki, aparıb ayaqqabıları qaytarım, onun puluna bu qırmızı paltarlı gəlinciyi alım.

Vaxta az qalmışdı, tələm-tələsik evə qayıdıb, köhnə ayaqqabıları özüm iynə ilə tikib geyindim. Təzə aldığım ayaqqabını güc-bəla, 2 saat çənə vurandan sonra qaytardım, 3 manatımı da kəsib vermədilər . Az qala qaça-qaça, hövləng gəlib özümü gəlincik olan mağazaya çatdırdım. Geciksəm, avtobusa çatmayacaqdım. Odur ki tez-tələsik qırmızı paltarlı gəlinciyi alıb, ayağımda cırıq ayaqqabı, amma bir küp qızıl tapmış kimi sevinə -sevinə vağzala gəldim…

Avtobusda tez-tez xəyalıma gəlinciyi necə təqdim edəcəyimi, alarkən Ceyranın necə sevinəcəyini, yanağındakı gözəl qəmzəsini gətirirdim. Mənə elə gəlirdi ki, avtobus həmişəkindən daha ləng gedir. Evə çatmağa çox tələsirdim. Mən, həqiqətən, o uşağı sevindirməyi ürəkdən istəyirdim!

Avtobusdan düşüb evə gələrkən uşaqlardan heç birinin məni qarşılamağa çıxmamaqlarına heyrətləndim. Bu, birinci dəfə idi ki, baş verirdi. Yaxınlaşdıqca adamların topa-topa vaqonlar olan tərəfə getdiyini görüb addımlarımı yeyinlətdim. Qarşımda gördüyüm səhnədən dəhşətə gəldim! Vaqonun ağzında babasının qucağında olan Ceyran can üstə idi!.. Bütün vücudumu buz sardı. Ayağımda tonluq daşlar varmış kimi ağır-ağır irəli getdim. Qız mənim əlimdəki qırmızı paltarlı gəlinciyi gördükdə heyrət və sevgi dolu baxışlarla baxdı, yanağındakı o gözəl çuxurlar yüngülcə əmələ gəldi, qupquru dodaqları titrədi, gözlərinə sanki işıq gəldi, bütün gücünü toplayıb əllərin gəlinciyə tərəf uzadanda canını tapşırdı!

Donub qalmışdım, tam bir daş heykəl! Heç nəfəsim də gəlib-getmirdi… Əlimdən qırmızı paltarlı gəlinciyin nə vaxt düşdüyündən xəbərim olmamışdı!...

Həmin yay çox isti keçirdi, istidən ilanlar da yatdıqları yerdən çıxıb kölgəlik axtarırmışar.

Ceyran günün qızmarında istidən qızmış vaqonun bir küncünə qısılıb gəlinciyinin gəlməsin gözləyirmiş. Anası neçə dəfə çağııbsa da qız:
– Xala mənə gəlincik gətirəcək, gəlmirəm, onu gözləyirəm, - deyibmiş…

Sən demə, Ceyran vaqonun küncündə oturarkən bilmədən oradakı bir ilanı tapdalamış, ilan da onu sancıbmış.

Bunları eşidəndə peşmançılıqdan, vicdan əzabından yoğrulmuş bir daş heykələ döndüm!

Ananın tükürpədici səsi qulağımda cingildədikcə bütün var gücümü toplayıb oradan mümkün qədər tez, vahiməli şəkilldə uzaqlaşmağa çalışırdım ki, birdən sanki ayağımın birinin qırıldığın, axsadığımı hiss etdim. Dəhşətli qorxu içərisində ayağıma baxarkən, ayaqqabımın birinin tamamilə cırılıb ayağımdan çıxdığının və bir ayağımın bayaqdan bəri yalın qaldığının şahidi oldum. Yayın cırhacırında torpaq yolla, ayağım, ürəyim yana-yana, mümkün qədər tez oradan uzaqlaşmağa çalışırdım. Nə qədər sürətlə oradan uzaqlaşmağa çalışdımsa da, ananın: "Sən qırmızı paltarlı gəlincik gözləyirdin, aç gözlərini, mənim balam, gəinciyin gəlib! Mənim qaragöz balam, evcik qurmalıykən mən səni qara torpaqlara necə qoyum?! Atanın qəbri də yoxdur ki, səni ona tapşırım. Mən ona nə cavab verəcəm, ay Allah?! Səni qoruya bilmədim. Səni ilanlar çaldı, bəs məni? Məni də erməni ilanı çaldı. Axı, bizim burda nə işimiz vardı, ay Allah?!" – deyən tükürpədici səsi hələ də qulaqlarımdadır!

Hərdən üzü Arana tərəf rayona gedirəm. Bızən yol kənarına atılıb qalmış vaqonlar olur. Sanki o vaqonun kənarında Ceyranın oturub məni gözlədiyini görürəm. Sonra Ceyranın anasının səsi yenə də qulağıma gəlir! Üstündən neçə illər keçməsinə baxmayaraq bu səsi yenə eşidirəm:
– Ay Allah! Bu nə baxt idi mənə yazdın? İlahi, bu nə vaxt idi mənim baxtıma düşdü?!

Daha qatarları sevmirəm. Qatarları insanları öz amansız cənginə alıb vaqonlara doldurub aparan Zaman, Vaxt adlı qorxunc əjdahalara bənzədirəm! Onlar mənə daim o qəmli hadisəni - Xocalı faciəsinin amansız cəngindən qurtarıb gəlib bir vaqona sığınmış ailənin nisgilli taleyini xatırladır. Bu Zaman qatarının vaqonları neçə Ceyranların uşaq ömrünü uf demədən əzib-keçdi

# 1825 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #