“Anlamadım” deməkdən qorxmayın

“Anlamadım” deməkdən qorxmayın
16 iyun 2015
# 16:02

Özünü ağıllı göstərmək, həmişə ağıllı sözlər deməyə çalışmaq, sanki hər bir şeydən xəbərdar olduğunu nümayiş etdirmək bir çox insanların həyat tərzinə çevrilib. Təbii ki, müstəqil həyatda hamının başqasının hüququnu tapdalamadan, qanunları pozmadan istədiyi əməlləri etmək ixtiyarı var.

Bu barədə kimisə sərt ittiham etmək olmaz. Bəs onda mən niyə fikrimi belə insanlardan nümunə gətirərək başladım? Çünki, bəzi insanların bu hərəkəri heç də düşündüyümüz qədər məsum olmur. Onlar birbaşa mənə olmasa da, mənim məşğul olduğun sənət növünə, yəni teatra, ümumilikdə götürdükdə isə incəsənət sahələrinə (kino, rəssamlıq, heykəltəraşlıq, musiqi və s.) öz zərbəsini kifayət qədər vurur. Bəzilərmizdə sual yarana bilər: "Necə?” İndi cavab verərəm.

Ən başlıca səbəblərdə biri budur ki, bu tip insanlar avantüristlərə, əllaməçilərə, "cırıq fəlsəfə" (bu fikri mənim sənət yoldaşım Əflatun demişdi), Tovstonoqovun təəbirincə desək, "pseydonovatorlara" çox böyük təkan verir və onların özlərini bir zad hesab etməklərinə şərait yaradır. Bəs bu tip insanların, yəni hər zada əla deyib əl vuranların (yəni alqışlayanların) problemi nədir? Onlar niyə belə edirlər? Bəlkə bunlar bizim sənəti məhv etmək üçün toplanmış bir cəmiyyətdir? Yox! Onlar nə xüsusi qruplaşma, nə incəsənət əleyhinə sekta, nə də başqadırlar. Onlar sadəcə olaraq qorxaqlardı.

İndi isə gələk ən vacib suallardan birinə və onun cavabına - "Bəs nədən qorxurlar?" sualına "Anlamadım" cavabı verməyə... Elə bu da bizim ən böyük bəlamızdı. Ay balam, axı anlamadım desən dünyan dağılmaz ki! Bu proses əsasında xarici qonaqların gəldiyi zaman daha çox baş verir. Çünki bilmirəm nədəndi özümüzünkülərə çatanda hamı hər bir şeyi anlamağa, incə-incə araşdırmağa, qaşınmayan yerdən qan çıxartmağa həvəslənirik. Əcnəbinin qarşısında isə hamı bir-birinə baxıb yalandan əl çalır. Yəqin hamı düşünür ki, əşi yanımdakı başa düşüb, mən desəm, bu nədi mənə gülərlər. Qoy mən də yalandan özümü elə göstərim ki, hər şeyi anlayıram. Ay qardaş, ay bacı, anlamadım de, vəssalam. Əgər anlamalı bir şey var idisə qarşındakı sənə bunu anladacaq, yox əgər məsələ yalandan gopa basmaqdırsa o özü anlayacaq ki, bu ölkədə yalançı əllaməçilik, cızma-qaraçılıq keçmir.

Məsələn, mən bir neçə il bundan əvvəl Gənc Tamaşaçılar Teatrında xaricilərin "Qurbağa ayağı" adlı tamaşasına (ya da truppanın adı belə idi) baxdım. Həmin vaxtları deyəsən hələ 2-ci kursda, rejissorluq fakültəsində təhsil alırdım. Bütün tələbələr kimi mən də özümü sənət aləmində bir zad sayırdım. Nə isə mətləbdən çox uzaqlaşmayaq, gedib bu tamaşaya baxdım. Həmin zamanlarda Azərbaycanda yeni teatr istiqaməti, modern teatr, postmodern terminləri hər addım başı qabağımıza çıxırdı. Mənim ozamankı fikrimcə, bu tamaşa da elə onlardan idi, mən də müasir, gənc rejissor kimi bunu anlamalı və alqışlamalı idim. Amma dərd ondadır ki, heç nə anlamadım. Bir sağa keçdim, bir sola, gördüm, yanımdakılar əllərin çənələrinin altına qoyum diqqətlə baxırlar. Dedim: “Vay, vay, vay! Əgər bilsələr ki, mən anlamadım, biabır oldum”. Sözün qısası fasilədə qızğın söhbət edən bir qrup gənc görüb yaxınlaşdım onlara və qulaq asdım. Belə başa düşdüm ki, bu tamaşanı izah eləmək olmaz, onu hərə özü kimi başa düşür, hərə öz aləmində öz tamaşasını qurur. Dərindən nəfəs alıb dedim, hə... Çox asandı deməli, hələ mən başa düşmürəm, amma mənası var. Birdən hardansa bir yaşlı rus qadını mənə yaxınlaşdı, soruşdu ki, xoşuna gəldi. Dedim, hə, əla. Dedi, nə başa düşdün, izah elə, mən anlamadım. Yalandan alimcəsinə poza alıb başladım ki, nə bilim, hərə özü kimi anlayır, bu izah olunmur, burda nə bilim nə var? Elə bunu demişdim ki, qadın mənə sərt cavab verdi: "Bəsdir yalandan özüvüzü ağıllı göstərdiz! Heç bir zibil də anlamamısız! Ağızlarına gələni eləyirlər, siz də qoyun kimi gözünüzü döyə-döyə baxırsız. Bir dəfə deyin ki, anlamadıq, bu nə əllaməçilikdi?! Onlar da bilsinlər ki, sənət adı altında hər hoqqa bizdə keçmir. Bizdə də teatrın nə olduğunu azdan-çoxdan bilənlər var.

Bunu dedi və getdi. Mən də qaldım suyu süzülə-süzülə.

Bu hadisədən sonra çalışıram ki, bacardıqca hər cızma-qaraya rəsm əsəri, hər dəmir-dümür, şüşə qırıntılarının yığınına, hər yonulmuş daşa heykəltəraşlıq nümunəsi, hər atılıb düşməyə rəqs, hər mənasız söz və hərəkətlər toplusuna tamaşa, bir sözlə (yenə də qayıdıram dostumuz Əflatunun sözünə) hər cırıq fəlsəfəyə müasir sənət, modern düşüncə deməyim.

Başa düşmədiyin şeyə yalandan əla deyib özünü ağıllı göstərib sonda pərt olmaqdansa, "Anlamıram" de. Əgər anlamalı bir şey varsa, həqiqətən kimsə anladar, sən də başa düşərsən, əgər yoxdursa, qarşındakı əllaməçi sənə deməsə də öz içində deyəcək: “Hə, deyəsən bu hoqqa burda keçmədi”.

"Anlamıram" demək o qədərdə qorxulu deyil.

# 985 dəfə oxunub

Müəllifin son yazıları

# # #