Tanınmış rus yazıçısı vəfat etdi

Tanınmış rus yazıçısı vəfat etdi
15 mart 2015
# 23:06

Martın 14-də rus-sovet “kənd nəsrinin” ən tanınmış nümayəndəsi Valentin Rasputin dünyasını dəyişib.

Rasputin cəmi bir neçə saat da yaşasaydı martın 15-də 78 yaşı tamam olacaqdı. O, xəstəxanada komadan ayılmadan vəfat edib.

Valentin Rasputin həyatının böyük hissəsini doğulduğu İrkutskda yaşayıb, İrkutsk və Krasnoyarsk qəzetlərində çalışıb.

Yazıçı həm də ictimayi fəaliyyətlə məşğul olub, Baykal gölünün qorunmasıyla bağlı kampaniyalar təşkil edib. Ədəbiyyatda isə o ilk əsərlərindən olan “Mariyaya pul lazımdır” povesti ilə məşhurlaşıb. Onun ən məşhur əsərləri “Yaşa və xatırla", “Anayla vidalaşma”,“Yanğın”, “Fransız dili”, “Sonuncu müddət”dir.

O, rus xalqının öz dəyərlərinə əsaslanıb yenidən mənən dirçəlməsini təbliğ edirdi.

Tənqidçiləri Rasputini kənd həyatını ideallaşdırmaqda, onu müasirliyə qarşı qoymaqda qınayırdılar.

Yenidənqurma dövründəki islahatları tənqid edən Rasputin bunun Rusiyada çalxalanmalara yol açdığını düşünürdü. O? hətta millətçi-pravoslav "Pamyat" hərəkatına da qoşulmuşdu. Həmin hərəkat həm də anti-semitizmi ilə seçilirdi. Amma Rasputin yəhudilərə qarşı nifrət etməsi haqda fikirləri rədd edirdi.

Rasputin onu 2006-cı ildə avtomobil qəzasında həlak olan qızının və 3 il əvvəl itirdiyi həyat yoldaşının yanında basdırmağı vəsiyyət edib.

Rasputinin əsərləri Azərbaycan dilinə hələ 80-ci illərdə Vidadi Babanlı, Kamil Quliyev, Aydın Uluxanlı tərəfindən çevrilib./oxuzali.az/

# 958 dəfə oxunub

Müəllifin son yazıları

# # #