Mavi məhbəsdən əbədi azadlığa

Mavi məhbəsdən əbədi azadlığa
2 iyul 2014
# 12:00

Kulis.az professor Asif Hacılının tərcüməsində və təqdimatında rus şairi, tərcüməçi Valeri Bryusovun “Sirlərin açarı” yazısını təqdim edir.

Müəllif: XX əsr ədəbi prosesinin mahiyyətini anlamaq üçün ədəbi manifestlərin və konsepsiyaların mühüm rolu var. Manifestlərin əsas dəyəri ədəbi cərəyanların yarandığı şəraitin, sənətkarlar çevrəsinin təbiətini ifadə etmələrində, estetik meyarların bədii axtarışların zamanın hökmündən törədiyini aşkarlamalarındadır.

SİMVOLİZM

Simvolizm müasir terminoloji anlamda XIX əsrin sonuXX əsrin əvvəllərində ümumavropa mədəni hadisəsi, estetik konsepsiya bədii cərəyan kimi yaranıb. Ədəbi cərəyan olaraq XIX əsrin 60-70-ci illərində Fransada Ş.Bodler, T.Verlen, A.Rembo, S.Mallarmenin yaradıcılığında formalaşıb. Ədəbiyyat, teatr, rəngkarlıq, musiqini ehtiva edən simvolizm M.Meterlink, S.George, T.Hauptman, T.Qofmanstal, O.Uayld kimi yazıçı dramaturqların, A.Byöklin, E.Munk, M.Çürlenis kimi rəssamların, A.Skryabin kimi bəstəkarların yaradıcılığında intişar tapıb. Rusiyada XIX əsrin 90- illərindən ortaya çıxan simvolizm iki nəsli əhatə edib: D.Merejkovski, V.Bryusov, Z.Gippius, K.Balmont, R.Soloqub ilk, A.Blok, Andrey Belıy, Vyaçeslav İvanov digərləri ikinci nəsli təmsil ediblər. Şərq, o cümlədən Azərbaycan mədəniyyətində rəmzilik, simvollar sistemi simvolik qavrayışın böyük ənənəsi var. Poeziya, xalçaçılıq, miniatür sənəti, dini-fəlsəfi mətnlər, rəqs, memarlıq digər yaradıcılıq növlərində varlığın dərki ifadəsi, dünya modeli zəngin mürəkkəb rəmzlər sistemi ilə verilmişdir. Sufilikdə, xüsusən hürufilikdə qapalı rəmzlər sistemi olmuşdur. Bir sıra mətnlər fərqli mənalar bildirən çoxqatlı struktura malikdir. Eyni zamanda rəmzlər yalnız seçilmişlərin varid ola bildiyi xüsusi dini-fəlsəfi-ideoloji aləmin açarı kimi funksionallaşmışdır. Xalq yaradıcılığında da dərindən izlənən rəmzlər sistemi H.Cavid, M.Hadi, C.Cabbarlı, M.Müşfiq, R.Rza yaradıcılığında orijinal ifadəsini tapmışdır. Lakin bütün milli-regional təzahürlərində simvolizmin ümumi konseptual cəhətləri aşkarlanır: rəmz vasitəsilə hissi qavrayış xaricində olan ideyanın ifadəsi; real idealın dualizmi, sosial şəxsinin əksliyi; yaradıcılığın qeyri-idraki, intuitiv mahiyyəti; rəmzlərlə ərzani rəbbani arasında əlaqə yaratmaq; obyektiv təsvirin əbədi ideyaların ifadəsi ilə əvəzlənməsi s. Simvolizm poetikasına obrazların qeyri-müəyyənliyi çoxmənalılığı, yarımtonların, eyhamların, çalarların verilməsi, assosiativlik, kontekst diskurs aktuallığı, hadisədən başqa, forma, qrafika, quruluşun məna təfsiri xasdır. Rus simvolizminin yaradıcılarından olan Valeri Bryusovun təqdim olunan məqaləsi bu baxımdan maraqlı mənbələrdəndir.

Valeri Bryusov "Sirlərin açarı"

Sadəlövh adamlar incəsənətin nə olduğu sualı ilə qarşılaşdıqda onun nədən yarandığını , kainatda hansı yeri tutduğunu aydınlaşdırmağa çalışmır, onu fakt kimi qəbul edir və yalnız həyatda hansısa tətbiqini tapmağa çalışırlar. Beləliklə, yararlı sənət nəzəriyyələri, insan fikrinin sənətə münasibətində ən ibtidai mərhələ meydana çıxır. İnsanlara təbii gəlir ki, sənət, əgər mövcuddursa, onların ən kiçik ehtiyac və tələblərinə yararlı olmalıdır. Unudulur ki, dünyada insanlar üçün tamamilə yararsız olan çox şeylər, məsələn, gözəllik var və onlar özləri də həyatlarında daim tam yararsız davranışlar edirlər – sevirlər, arzulayırlar…

Eləcə də bilik və elm naminə sənətdə yalnız həyatın inikasını görmək olmaz … həyatı təkrarlayan sənət yoxdur. Zahiri aləmdə memarlıq və musiqiyə uyğun heç nə yoxdur. Nə Köln kilsəsi, nə Bethovenin simfoniyası ətraf aləmi təkrar edir… Poeziya məkani təcəssümdən məhrumdur; sonsuz hisslərdən, hadisələrin fasiləsiz axarından o yalnız ayrıca məqamları və səhnələri tutur. Dram poeziya vasitələri ilə heykəltəraşlıq və rəngkarlıq vasitələrini birləşdirir, ancaq otağın dekorasiyaları arxasında mənzilin, küçənin, şəhərin digər hissələri yoxdur; aktyor pərdə arxasına keçdikdə daha şahzadə Hamlet olmur; gerçəklikdə iyirmi il sürəni səhnədə iki saata görmək olar. Bundan əlavə, məhz gerçəkliyi xüsusi uyarlıqla təkrarlayan əsərləri biz bədii adlandırmaqdan imtina edirik. Biz panoramları, mum fiqurları sənət hesab etmirik… Düzdür, «xeyirli sənət» tərəfdarlarının bir bəraəti var. Sənət şəxsi fərdi həzzə xidmət etmir. Sənət elmi məqsədlərə də yönəlməyib. Ancaq o, cəmiyyətə, sosial quruluşa xidmət edir. Sənətin xeyri bundan ibarət ola bilər ki, o, ayrı-ayrı şəxsiyyətlərin birinin hisslərini başqalarına aşılayaraq, onlar arasında üns yaradır, cəmiyyətin siniflərini bütövləşdirir və bir-birləri ilə tarixi mübarizəsinə kömək edir. İncəsənət bu baxımdan digər vasitələr kimi, necə ki, söz, eləcə də yazı, mətbuat, teleqraf, telefon, insanlar arasında yalnız ünsiyyət vasitəsidir. Adi söz, prozaik nitq fikirləri, sənət isə hissləri ötürür…

Digər düşüncə sahibləri sənətin nəyə lazım olduğu, onun nə xeyri var haqda sualı kənara qoyaraq, başqa, metafizik sorğuda bulunurdular: incəsənət nədir? Sənəti həyatdan təcridləyərək, onlar əsərlərə özlüyündə, özünə qapanmış nəsnələr kimi baxırdılar. «Təmiz sənət» nəzəriyyələri – insan fikrinin incəsənətə münasibətində ikinci mərhələ belə yaranırdı. Tətbiqi, xeyirli sənət tərəfdarları ilə mübarizəyə aludə olaraq, bu adamlar digər ifrata varır, təsdiqləyirlər ki, sənətdən heç vaxt və heç bir xeyir olmamalıdır, sənət hər hansı bir mənfəətdən, məqsəddən uzaqdır: sənət – məqsədsizdir. Bu fikri bizim Turgenev amansız birbaşalıqla ifadə edib: «İncəsənətin məqsədi yoxdur, incəsənətin özündən başqa»

… Bu görüş tərəfdarlarından sorduqda ki, bədiiyyat kimi qəbul edilən nəsnələri bir qəbildə nə birləşdirir, nə üçün Rafaelin şəkilləri, Bayronun şerləri, Mosartın melodiyaları – bütün bunlar incəsənətdir, onlarda ortaq nə var? – onlar cavab verirdilər – Gözəllik!..

Artıq Aristotel və sonradan onun təqlidçisi Bualo məsləhət görürdü ki, eybəcərliyi təsvir edərkən ona heç olmasa bir qədər cəlbedicilik verin. Ancaq romantiklər və onların varisi olan realistlər gerçəkliyin belə bəzədilməsindən imtina etdilər. Dünyanın bütün eybəcərliyi bədii yaradıcılığa soxuldu… Hətta mənəvi gözəlliyə istinada da imkan qalmadı… deyəsən, gözəllik incəsənəti əbədi tərk etdi…

Gözəlliyin xüsusi ümumbəşəri meyarı yoxdur. Gözəllik ümumi anlayış kimi mücərrədlikdir, necə ki, insan fikrinin bir çox digər geniş ümumiləşdirmələri olan həqiqət, xeyir və sairə. Gözəllik əsrlərlə dəyişir. Gözəllik müxtəlif ölkələr üçün fərqlidir. İncəsənətdə gözəllikdə olmayan dəyişməzlik və ölməzlik var…

«Gözəllik» sözünün «tipiklik» sözü ilə əvəzlənməsi bir ara uğur qazanmışdı. Ancaq bu iki anlayışı tutuşdursan, onlar uyğun gəlməz. Gözəllik həmişə tipiklik deyil və hər bir tipiklik də gözəllik deyil… Və yeni sənət şəxsi, fərdi hisslərin, anların və məhz bu anların duyumuna getdikcə daha dərindən vararaq, tipiklik kabusundan əbədi və qəti ayrılmırmı? Eyni sözləri «sənət sənət üçündür» müddəası barədə təkrar etmək olar. Bu, sənəti həyatdan, yəni bəşərdə nəyinsə yetişə biləcəyi yeganə zəmindən qoparır. Məqsədsiz Gözəllik (böyük hərflə) uğrunda sənət – ölü sənətdir…

Elm adamları incəsənətə tamamilə başqa yöndən yanaşırdılar. Elm nəsnələrin mahiyyətinə varmağa iddia etmir. Elm yalnız hadisələrin tənasübünə bələddir, yalnız müqayisəni və tutuşdurmanı bacarır. Elm heç bir şeyi onun başqalarına münasibətindən kənarda nəzərdən keçirə bilmir. Elmi nəticələr – əşya və hadisələrin tənasübü üzərində müşahidələrdir.

Elm sənət əsərlərinə öz xüsusi metodları ilə yanaşaraq, ilk növbədə onları öz-özlərində araşdırmaqdan imtina etdi. Elm anladı ki, sənət əsəri insana – yaradıcı sənətkara və başqasının yaradıcılığını qavrayana münasibətdən kənarda yalnız boyanmış kətan, yonulmuş daş, ölçüyə salınmış sözlər və səslərdir. Misir piramidaları və Kitsin şerləri arasında memar və şairin niyyətini və tamaşaçı və oxucuların təəssüratını unutduqda ortaq heç nə tapmaq olmaz. Bunları yalnız insan ruhunda eyniləşdirmək olar. Sənət yalnız insanda mövcuddur, başqa heç yerdə …

Müasir elm hələlik incəsənətin sirrini açmaqda acizdir. Onun irəli sürdüyü nəzəriyyələr duruş gətirmir, çünki ziddiyyətlidir. Lakin əgər qəbul etsək ki, gələcəyin elmi bütün sualtı qayaları uğurla ötəcək və ehtiyatla, hər addımını yoxlayaraq, hər qarış yeri öz metodunun dimdiyilə eşələyərək bütün mümkün nəticələrə gələcək – yenə də o, incəsənətin nə olduğu barədə suala cavab verəcəkmi? Lakin elm üçün belə sualın özü mövcud ola bilməz, çünki o yenə də mahiyyəti arayır. Elm yalnız ona cavab verəcək ki, estetik həyəcan insanın digər ruhi həyəcanları sırasında hansı yeri tutur və insanı keçmiş minilliklərdə bədii yaradıcılığa nə sövq edib. Fikrimiz buna qane olacaqmı? Dəqiq biliyin belə aydın cavablarından rahatlanacaqmı? Əlbəttə yox…

Bu sualları həll etməyə ümid edə biləcək yeganə metod – intuisiyadır, ilhamlı tapıntıdır, varlığın sirrini açmağa çalışan filosofların, mütəxəssislərin əsrlərlə istifadə etdiyi metoddur. Və mən incəsənətin sirrinin məhz filosofa məxsus və fikrimcə bütün bu ziddiyyətləri aydınlaşdıran həllini göstərəcəyəm. Bu, Şopenhauerin cavabıdır. Bu filosofun estetikası onun metafizikası ilə çox bağlıdır. Lakin onun tapıntılarını fikrinin sıx qandallarından qopardıqda, onun sənət barədə təlimini təsadüfən sarmış «ideyalar» (numenlər və fenomenlər arasında vasitəçilər) təlimindən azad etdikdə, biz sadə və aydın həqiqəti alırıq: incəsənət dünyanın digər, qeyri-idraki yollarla dərkidir. İncəsənət – başqa sahələrdə vəhy adlandırdığımızdır. Sənət əsərləri – əbədiyyətə yarıaçılmış qapılardır…

Bizim hamımız əbədiyyətdə yaşayırıq. Varlığın incəsənətin həll edə bildiyi sualları heç vaxt vacibliyini itirmir. İncəsənət bəlkə də bəşəriyyətin sahib olduğu ən böyük silahdır.

Elmin bütün külünglərinin, ictimai həyatın bütün baltalarının bizi qapamış qapıları və divarları dağıtmaq iqtidarında olmadığı halda, incəsənət bütün bu divarları dağıdacaq dəhşətli dinamit daşıyır, bundan əlavə – o, bu qapıların öz-özünə açıldığı həmin sehrli sim-simdir. Qoy müasir sənətkarlar öz əsərlərini şüurlu şəkildə sirlərin açarları kimi, bəşəriyyətə onun «mavi məhbəsindən» əbədi azadlığa açılacaq qapıların mistik açarı kimi yaratsınlar.

1904

# 3216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #