Səməd Vurğundan gözəl bir şeir

Səməd Vurğundan gözəl bir şeir
30 iyun 2019
# 14:01

Kulis.az “Bazar oxusu” layihəsindən Səməd Vurğunun “Muğan” poemasın daxil olan məşhur şeirini ixtisarla təqdim edir.

Yenə də yam-yaşıl geyinir dağlar,

Göz kimi durulur qaynar bulaqlar.

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni,

Təbiət ilhama çağırır məni!

Ürək dil acır ki, sönməmiş odum,

Hücuma başlayır mənim söz ordum…

Könüllər mülkündə min yuva qurdum,

Unutmaz aləmdə sevən sevəni,

Məhəbbət ilhama çağırır məni!

Görürəm, dan yeri yenə sökülür,

Göydən yer üzünə nurlar tökülür.

Zəmiləri, tarlalar üzümə gülür,

Gözümdə saralır sünbülün dəni…

Bu nemət ilhama çağırır məni!

Mən yaranmamışam göylər övladı,

Əzəl şöhrətimdir torpağın adı…

Bu eşqim çoxuna qismət olmadı,

Şairəm! Aç, payla söz xəzinəni,

Şeriyyət ilhama çağırır məni!

…Aynabənd evlərin eyvanı sərin,

Yuyunur qoynunda al şəfəqlərin.

Hər batan axşamın, doğan səhərin

Hüsnü salamlayır al pəncərəni,

Səadət ilhama çağırır məni!

Şirvanda sayrışır bağlar-bağatlar?,

Şənliklər yanında kişnəşir atlar,

Axır qoşun-qoşun ellər, elatlar,

Əlilə kəşf edir hər dəfinəni,

Bu sənət ilhama çağırır məni!

Muğana su gəlir, Milə su gəlir,

Axışıb öz eli, ulusu gəlir…

Torpağa insanın arzusu gəlir,

Bağrıma basıram ana Vətəni,

Bu ülfət ilhama çağırır məni!

Ürək dil acır ki, sönməmiş odum,

Hücuma başlayır mənim söz ordum…

Könüllər mülkündə min yuva qurdum.

Unutmaz aləmdə sevən sevəni,

Məhəbbət ilhama çağırır məni!..

# 12070 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #